Şair təfəkkürünün qızıl
açarı
ZƏLİMXAN YAQUBUN “PEYĞƏMBƏR” POEMASI BARƏDƏ DÜŞÜNCƏLƏR
Ustadlıq titulunu cəmiyyətdən gənc vaxtlarından qazanmış Zəlimxan Yaqub özünün hələlik son poemasını – “Peyğəmbər”i ömrünün mənən ustadlıq çağına, yaşının altmışına qədəm qoyduğu bir vaxtda cəmiyyətə təqdim etdi. Azərbaycan ədəbiyyatında Məhəmməd Peyğəmbər haqqında yazılmış əsərlər çoxdur. Lakin Peyğəmbərimiz haqqında deyiləsi sözlər bitib-tükənmək bilmir. Etiraf etməliyik ki, bu cür mövzuya girişmək asan iş deyil, çünki özü ayrıca bir elm olan Peyğəmbərin həyatı və İslam dini mövzusu son dərəcə cəlbedici olsa da, onun sanbalı daha ağır, məsuliyyəti daha böyükdür. Peyğəmbərimiz islam əhlinin və dünya elm adamlarının düşüncəsində, təfəkküründə elə bir mərtəbədə dayanır ki, yeni yazılan əsər ən azı buna layiq olmalıdır. Bir sözlə, müəllif bu mövzuda açılmamış sirlərin qapısına öz yüksək bədii təfəkkürünün “qızıl açar”ını salmalıdır. Zəlimxan Yaqubun “Peyğəmbər” poeması məhz bu qəbil əsərlərdəndir.
Şair
poemaya “Sənə salamlar olsun, ya Məhəmməd Mustafa!” fəsli
ilə başlayır. Ustad
şair bu bölümdə Allah kəlamlarını insanlara
çatdıran Rəsulullahı özünəməxsus bədii
ifadələrlə salamlayır. Şair haqlı olaraq, qəhrəmanının
qüdsiyyət yolunda rastlaşdığı əzabları,
məşəqqətləri, çətin məqamları
misra-misra qələmə alaraq onların hər birini müqəddəs
an hesab edir. Təbii ki, böyük nailiyyətlərin yolu dərin
mənəvi təbəddülatlardan, davamlı zəhmətdən,
daxili mənəvi iztirabdan keçir.
Müəllif bu əsərində Məhəmməd Peyğəmbərin həyat fəlsəfəsinin dərin qatlarına baş vurmaqla yanaşı, onun ancaq yüksək keyfiyyətlərlə bütövləşmiş xarakterindəki əlamətləri dilə gətirərək, oxucusunu da bu pak yola səsləyir.
Əsərindən də göründüyü kimi, Peyğəmbərin dünyaya gəlişini zamanın tələbi, dövrün ehtiyacı kimi qiymətləndirən Zəlimxan Yaqub, eləcə də, bütün yaranışların təsadüfi olmadığını, müqəddəs kitaba istinadən, Məhəmməd Peyğəmbərin dünyaya gələcəyinin Adəm ata vaxtından bəlli olduğunu qeyd edir.
Əsəri oxuduqca müəllifin təkcə islam dininə və Peyğəmbərin həyatına həsr olunmuş kitabları mütaliə etməklə kifayətlənməyərək, o dövrün tarixini də mükəmməl öyrəndiyi aydınca sezilir. Təbii ki, İslam dininin meydana gəlməsi o dövr insanlarının, xüsusilə də bədəvi ərəblərin, ümumiyyətlə, ağlasığmaz, məşum ənənələrinin mövcudluğuna, cahilliyinə son qoymuşdu. Bu dini qəbul eləmək insanlığa varmaq, varlığı dərk etmək, insanların digər canlılardan şüuru ilə seçilməsinin fərqində olmaq, Allahın insanlara bəxş etdiyi ömrü düzgün yaşamaq kimi həyatın ən ümdə və gərəkli aksiomalarını anlamaq idi. Doğrudan da, biz tarixi oxuduqca İslam dininin meydana gəlməsiylə bəşəriyyətdə yeni düşüncə tərzinin formalaşdığını və o dövr insanları üçün müasir sayılan düşüncə tərzinin xeyli yüksəldiyinin şahidi oluruq. Bu dediklərimizi şair əsərində belə ifadə edir:
Bütə tapınanlar, haqdan sapanlar,
Ağacdan, taxtadan illah yapanlar,
Körpə sinəsinə köz basdıranlar,
Yerə diri-diri qız basdıranlar,
Şeytanla dost olub şərə varanlar,
Cansız əşyalarda can axtaranlar,
Zülmü biləklərdə zəncir edənlər,
Əxlaqı, vicdanı təhqir edənlər,
Günaha bələnib küfrə batanlar,
Kölə insanları alıb-satanlar,
Ona zaman-zaman əzab verirdi...
Zəlimxan Yaqub əsər boyu, Allahın yaratdığı möcüzələri misra-misra oxucusuna təlqin edərək onu yenidən ulu Yaradanın dərkinə səsləyir. Oxucu da öz növbəsində kökü “Tövrat”ın, “Zəbur”un, “İncil”in və “Quran”ın dərinliklərində olan bu ilahi möcüzələri heyranlıqla bir daha xatırlayır, Allahın qüdrətinə təkrarən baş endirir.
Əsərin “And olsun qələmə” sərlövhəli fəslində “Nun və ya əl-Qələm” surəsinin qüdrətindən söhbət açan şair eyni zamanda qələmin müqəddəsliyindən də yetərincə bəhs edir:
O qələm ki, tarixlərə şərəf yazıb, şan yazıb,
O qələm ki, gözəlliyin eşqinə fərman yazıb,
O qələm ki, naxış vurub yaddaşına dünyanın,
O qələm ki, göydə mələk, yerdə də insan yazıb...
– deyən şair, eyni zamanda, qələmin yazdığı ədəbiyyat nümunələrinin şumerlərdə belə mövcudluğunu qeyd edərək, həm də qələmin dünyanı, bəşəriyyəti tərəqqiyə səslədiyini, onu inkişaf etdirdiyini, buna paralel olaraq tarixi də yaradıb-yaşatdığını vurğulayır. Elə həmin bölmədə Zəlimxan Yaqub ədəbiyyatın öz təkamülünü Şərqdə tapmasına da ustalıqla eyham vurur:
...Dünya aydın görəndə oyanan intibahı,
Hələ açılmamışdı Avropanın sabahı!..
Qərb şirin yuxudaydı Şərq ayağa duranda,
Qərb rəngi tanımırdı
Şərq naxışlar yaradıb, kaşanələr quranda...
Poemanın “O, baqidi, biz faniyik” bölməsində Zəlimxan Yaqub “Məhəmməd” adının kultundan söhbət açır və ona özünün hüsni-təvəccöhü olduğunu bildirir. “Özünə bağlamısan səndən sonra doğulan bütün Məhəmmədləri!” deyən Şair bu bölümdə İstanbulun fatehi Sultan Məhəmmədin (Mehmet) və poeziya zirvəsinin fatehi Məhəmməd Füzulinin bu ada layiq olmalarından, peyğəmbərin adını doğrultmalarından danışır.
“Peyğəmbər” poemasının çox gözəl tərtib olunmuş islam dini səciyyəli dizaynı kimi, əsərin strukturu da müəllifin yüksək professionallığından xəbər verir. Oxucunu bütövlüklə qapsayan bu əsəri oxumaq adama bir dini ritual təsiri bağışlayır.
Sona qədər öz dinamikliyini qoruya bilən əsərdə Zəlimxan Yaqub təfəkkürünün polifoniyası da aydınca görünür. Zaman-zaman islam dini və Məhəmməd peyğəmbər haqqında əsərlərin yazılacağı şübhə doğurmasa da, xalq şairi Zəlimxan Yaqubun bu unikal “Peyğəmbər” əsərinin tarix boyu seviləcəyinə və ona istinad olunacağı da şəksizdir.
Bu yazımı Tanrının, Peyğəmbərin və Quran ayələrinin könüllərdə bərqərar olmasının qüdsiyyətini oxucusuna təlqin edən ürfan şairinin həmin əsərindən aşağıdakı misralarla bitirirəm:
...Quranın hər ayəsində diri,
canlı bir həyat var,
Ona baxın, Məhəmmədi
həmişə həyatda görün.
Göy üzündən yer üzünə enib gələn ağ yolları
Cəbrayılın çiynimizdə çaldığı
qanadda görün.
İslam nədi, iman nədi,
nə deməkdi müsəlmanlıq? –
Rəsulullah yer üzünə gəldiyi saatda görün...
Elbəyi CƏLALOĞLU
525-ci qəzet.- 2009.- 6 noyabr.- S.7.