Səslərin rəngini duyduran radio

 

6 noyabr Azərbaycan televiziya və radiosu günüdür  

 

Radioya ilk gəlişim heç yadımdan çıxmır. Tələbə idik, iki kursu arxada qoymuşduq, artıq yazmaq-pozmaq bilirdik. Hətta bir neçə qəzetdə babat yazılarım da çıxmışdı. Hər dəfə qəzet səhifəsində məqaləsini görən bütün tələbələr kimi, mən də yazılarım dərc olunanda əməlli-başlı sevinir, hamının bu yazını oxuduğunu zənn edirdim. Bu sevinclə bərabər içimə jurnalistika havasının daha gur axdığını, məni irəliyə çəkən, süstləşməyə qoymayan sirli bir qüvvənin, xoş bir enerjinin dolduğunu aydınca hiss edirdim...

Yaşadığımız universitet yataqxanasında otaqların çoxunda radio vardı, kimində xırda əl radiosu, kimində iri “VEF”lər. Tələbələr radionu çox dinləyirdilər, xüsusən 70-ci illərin ortalarında xeyli populyar olan “Bulaq”, “Lirika dəftərindən”, “Şəbəkə” kimi bədii-publisistik verilişlərə, həmçinin gənclik proqramlarına – “Tələbə klubu”, “Gəncliyin səsi”, “Natəvan” qızlar klubu kimi verilişlərə maraqla qulaq asırdılar. Bəzən qırıq-qırıq dalğalarda tamamilə başqa intonasiyada danışan, “antisovet” məlumatları verən “Azadlığ”ın da səsi eşidilirdi. Bu dalğaların o tayında başqa bir dünyanın da olduğunu düşünə-düşünə radionun sehrli gücünə heyran kəsilirdik. Həmin vaxtlarda radio, xüsusən televiziya bizə çox əlçatmaz görünürdü.

Tələbə yoldaşlarımdan birinin dayısı universitetin professoru, tanınmış filoloq idi və tez-tez radio televiziya ilə də çıxışları olurdu. O, bacısı oğlunu radio ilə əməkdaşlığa həvəsləndirsə də tələbə dostum oralara getməyə çəkinirdi. Onu mən ürəkləndirdim, “istəyirsən radioya birgə gedək” dedim. Əlüstü razılaşdı və qayıdan kimi yanına gedəcəyimizi dəqiqləşdirdik biz artıq ertəsi gün, dərsdən sonra qarlı-çovğunlu bir havada dərsdən çıxıb piyada radiokomitəyə tərəf irəliləyirdik. Polislərin zəhmli baxışları altında giriş qapısından keçib radionun “Gənclik” baş redaksiyasının şöbə müdiri Dəmir Gədəbəylinin yanında olduq. 1976-cı il dekabrın 15-i idi...

Təbii ki, bir az sıxılırdıq, utanırdıq, adamlardan çəkinirdik, amma Dəmir müəllimin mehribanlığı, istiqanlılığı bu sıxıntını aradan tez götürdü. Bizə böyük etimad göstərib 30 dəqiqəlik “Gəncliyin səsi” proqramının bir buraxılışını hazırlamağı etibar etdilər. Neft və Kimya İnstitutundan bir neçə reportaj, söhbət və müsahibələr hazırlamalı idik.

Biz tələblərin qış imtahan sessiyasına necə hazırlaşması ilə bağlı veriliş hazırlamaq üçün 1-2 dəfə həmin institutda olduq, müəllimlərlə görüşdük, tələbələrlə söhbətləşdik, studiyaya kimlərin gələcəyini və kimin nə danışacağını müəyyənləşdirdik. Tələbə coşqusunu əks etdirən bir az poetik, bir az da pafoslu mətn yazıb redaksiyaya verdik, insafən çox düzəliş etmədilər, hələ desəm bizi ürəkləndirmək üçün bir az da təriflədilər. Ertəsi gün studiyada səslər yazıldı. Üç gündən sonra veriliş efirə getməli idi və biz deyilən gün axşam saat doqquzun yarısınıda efirdə səslənəcək verilişimizi həyəcanla gözləyirdik. Görünür, çox da təvazökar deyilmişik, yataqxanadakı qonşu otaqlardan bir neçə “dinləyici”ni də otağımıza dəvət etmişdik.

Veriliş başladı və çağırış musiqisinin səsləndiyi ilk saniyələrdən mən özümü başqa bir dünyada hiss etdim. İlahi, bir neçə səhifəlik mətn hara, indi efirdə canlandırılan bu fərqli, əsrarəngiz dünya hara? Diktorun şirin səsi, cazibəli diksiyası, institut dəhlizlərinin ab-havasını və yataqxana mühitini yaradaraq məkanı dəqiq “göstərən” səs effektləri, səmimi və bir az da qayğılı çıxışlar, mətni və çıxışları dadlandıran, keçidləri bilinməz edən, epizodları bir-birinə calayaraq bütöv bir dünya duyğusu oyadan musiqi necə təsirli idi! Efirdən səslənən canlı söz, radionun bənzərsiz sənət gücü məni, sözün həqiqi mənasında, sehirləmişdi... Axırda verilişin müəllifləri kimi bizim adlarımız efirdə deyiləndə, düzü qanadlandığımı duydum. Artıq bu xəbər bütün mərtəbəyə yayılmışdı və biz tezliklə “ümumyataqxana” şöhrəti də qazana bildik. 

Sonralar radio ilə 3-4 il sıx əməkdaşlıq elədim. Efirə çoxsaylı reportajlarım, müsahibələrim, tanınmış alimlər, həkimlər, müharibə və əmək qəhrəmanları haqqında 25-30 dəqiqəlik oçerklərim getdi. Verilişlərim yaxşı qarşılanırdı, oçerklərim toplantılarda təriflənirdi, hərçənd ki, bəziləri bu oçerkləri hansısa bir tələbənin yazdığına inanmırdılar. Məsələn, görkəmli alim-cərrah, Moskva şəhərinin baş ortopedi, həmyerlimiz Aydın İmaməliyev haqqında oçerk (indi bu janrı “fiçe” adlındırırıq) efirə gedəndən sonra böyük rezonans doğurmuşdu, amma müəllifinin hələ universitet tələbəsi olduğuna heç kəsi inandıra bilməmişdilər.

Radio mənim qarşımda gələcəyə kiçik bir cığır açdı. Bu, ciddi jurnalistika yolunun başlanğıcı, qəzetdən fərqli bir yaradıcılıq dünyasına gedən cığır idi. Hiss edirdim ki, bu cığır məni irəli, işığa doğru aparır. İşlərim çoxalmışdı. Mənə çox ciddi verilişlər etibar edirdilər, 4-5 kiloluq səsyazma aparatı ilə obyektlərə gedir, müsahibələr alır, söhbət və süjetlər yazır, hətta rus dilindən elmi mövzuda tərcümələr edirdim. Təbii ki, aldığım yaxşı qonorar da məni az həvəsləndirmirdi. Dünyanın mənim üçün xeyli genişləndiyini hiss edirdim. Getdiyim obyektlərdə çox maraqlı, fərqli düşüncəli insanlarla tanış olurdum, təkcə radionu, jurnalistikanı yox, həyatı, münasibətləri, adamlarla davranışı öyrənmək fürsəti qazanırdım.

70-ci illərin radiosu bir məktəb idi. Bilikli, işgüzar adamlarla ünsiyyətdən zövq alırdım. Adlarını kitablardan oxuduğumuz şəxsiyyətlərlə, fikir və düşüncə adamları ilə görüşürdüm. Məsələn, Mirzə İbrahimovu və Rəsul Rzanı, Niyazi və Mehdi Məmmədovu ilk dəfə məhz radioda yaxından görüb tanımışdım. O vaxt ustad jurnalistlər bildiklərini adama həvəslə öyrədirdilər. Xüsusən daha çox əməkdaşlıq etdiyim “Elmi-kütləvi verilişlər” redaksiyasında unudulmaz Əhməd Xaspoladovdan çox şeyləri incə-redaktəni, tələbkarlığı prinsipiallığı, işgüzarlı əks etdiyinə görə çox məmnunam. Məryəm Zöhrabovadan çevikliyi və təşkilatçılığı, Qəmbər Ağayevdən dəqiqliyi, Almaz Cəfərova və Sədaqət Turabovadan, eləcə də qocaman jurnalist Qulam Zeynalovdan insanlara sevgi və həssaslıqla yanaşmağı öyrənməyim AzTV-də 30 il duruş gətirməyimə kömək etdi.

Yazdığım materialları efirə oxumaq üçün Aydın Qaradağlı, Soltan Nəcəfov, Sabutay Quliyev, Fatma Cabbarova, Züleyxa Hacıyeva, Ramiz Mustafayev, Sevda Məmmədzadə kimi diktorlara təqdim edəndə keçirdiyim həyəcanı indiyəcən unutmuram. O vaxtlar radioda həqiqi söz sahibi olan tanınmış jurnalistlər ? Mailə Muradxanlı, Vaqif Əlixanov, Valid Sənani, Rafiq Savalan, Qaçay Köçərli, Fəridə Aslanbəyova, İnqilab Həsənzadədən yazdığım verilişlər haqqında xoş bir kəlmə eşitmək əsl hadisə idi. Nazim Yüzbaşov, Mehriban Bəşirzadə, Ədilə Bünyadova kimi rejissorlar, Kamil Rzaquliyev, Tofiq Manafov kimi səs mühəndisləri də o cümlədən. Mən bu insanları həmişə xatırlayıram. Eləcə də hələ tələbəykən mənim radiodakı “zəfər yürüşü”mü diqqətlə izləyən, hər addımda dəstək olan, ümidləndirən və ruhlandıran sevimli müəllimlərim Tofiq Rüstəmov və Yalçın Əlizadənin etdiyi yaxşılıqlar da yaddaşımdan silinmir.

Mən hər halda bir az fərqli hesab etdiyim jurnalistika həyatım və elmi fəaliyyətim üçün radioya borcluyam. Sonralar bu borcun bir qismini qaytarmağa çalışdım. BDU-nu bitirərkən Azərbaycanda radioteatrın təşəkkülü və inkişafı ilə bağlı diplom işi yazdım. Bir neçə ildən sonra bu mövzuda namizədlik dissertasiyası müdafiə etdim, sonra onu “Radiodramaturgiya dili” (1990) adlı monoqrafiyaya çevirdim. Radionun keşməkeşli tarixini araşdırıb “Radio dalğalarında” (1999) adlı kitab buraxdım. Cənubi Azərbaycanda milli hərəkatın gur səsinə çevrilmiş radionun qəmgin hekayəti olan “Danışır Təbriz”i (2004) qələmə aldım. Yalçın Əlizadə ilə birlikdə arxivlərdən əldə etdiyimiz yeni sənədlər əsasında “Azərbaycan efiri: tarix və müasirlik” (2006) adlı monoqrafiya çap etdirdik. Və nəhayət AzTv sədrinin mənə qəflətən süngü hücumuna keçdiyi 2007-ci ilin oktyabrında artıq “Radio dərsləri” adlı kitabımı tamamlaıyb çapa vermişdim. Bütün bu yazdıqlarım təxminən 35 il əvvəl mənə qucaq açmış Azərbaycan radiosuna borcumun ifadəsidir...

Belə bir təsəvvür formalaşıb ki, televiziyaya və qəzetə nisbətən radioda işləmək asandır. Mən də həmin fikrə qatılıram, o şərtlə ki, gərək radionun ecazkar səslər dünyasını duyasan, onun “tikinti materiallarını” və yaradıcılıq sirlərini yaxşı mənimsəyə biləsən. Radio haqqında dəyərli kitablar bizləri məhz bunlardan agah etmək üçün yazılıb. Hər şeyi əhatə etmək iddiasında olmasa da, bu kitabları oxuyub, efiri dinləməklə radio yaradıcılığı ilə bağlı çox bilgi almaq mümkündür. Önəmli olan öyrəndiklərimiz, intuisiyamız və radionun əsrarəngiz səslər dünyasını duymamızdır.

Radiodan bəhs edən kitabların biri ana ilə uşağın aşağıdakı dialoqu ilə bitir:

A n a: Oğlum, sən tamaşaya teatrda baxanda xoşun gəlir, yoxsa televiziyada?

U ş a q: Yox, ana! Mənə radioda teatra baxmaq daha xoş gəlir.

A n a:   Nəyə görə?

U ş a q: Çünki radioda rənglər elə gözəl, elə parlaq olur ki...

Mənim üçün radio haqqında bilgiləri yayan kitablar bu rəngləri “göstərmək”, bizləri efirin əsrarəngiz səslər dünyasından agah etmək, buradakı cazibədar yaradıcılığın incəliklərini anlatmaq üçün yazılıb. Amma ömrünü bu işə sərf edənlər, zəngin yaradıcılıq bioqrafiyası yaradanlar daha zəngin kitablardır və bizlər həmin insanlardan sevgi və ehtiramımızı əsirgəməməliyik.

 

 

 Qulu MƏHƏRRƏMLİ

 

525-ci qəzet.- 2009.- 6 noyabr.- S. 5.