Göylər buludların dolan yeridir,

 

Buludlar göylərin boşalan yeri...

 

Ah, bu görüş yerləri

 

Hayıf o sevgilərdən,

Çevrildi yaddaşlara.

 

Musa Yaqub

 

Süsən-sünbüllər kimi,

Təzə qılçıqlayırdıq.

Eşqin mehi vuranda.

Nəsə pıçıldayırdıq.

O yerlər de, aranda,

Yoxsa ki, dağda qaldı?

Ah, bu görüş yerləri,

Nə tez uzaqda qaldı?

 

Keçir vaxt üstümüzdən.

Xırmandakı vəl kimi.

Qoşa etdik hər şeyi,

Qoşa edən əl kimi.

İçildi eşqin meyi,

Dadı damaqda qaldı.

Ah, bu görüş yerləri,

Nə tez uzaqda qaldı?

 

Ömür dartılmış kaman,

Eşq də ki, hazır oxdur.

Eşq yolunun geriyə,

Dönən yolçusu yoxdur.

Bulud deyil yeriyə,

Şimşəkdi çaxdı qaldı.

Ah, bu görüş yerləri,

Nə tez uzaqda qaldı?

 

Atıb-tutur dalğalar,

Yoxsa saman çöpüyük?

Ya dalğanın sahilə,

Çırpdığı ağ köpüyük?

Ömrü vermədik yelə,

Közü ocaqda qaldı.

Ah, bu görüş yerləri,

Nə tez uzaqda qaldı?

Günəş saçan şəfəqdir,

Sanardım ki, tellərin.

Coşardı ümman kimi,

Dalğasında əllərin.

İndi hanı o tellər,

Xəzandı saldı yellər?

Töküldü xəzan kimi,

Yoxsa daraqda qaldı?

Ah, bu görüş yerləri,

Nə tez uzaqda qaldı?

Niyə belə tələsib,

Tez yetişdik xırmana.

Bilmədik bəs, oradan,

Az qalır dəyirmana?

Ələndikcə unumuz,

Çıxdı kəpək donumuz.

Çox keçmədi aradan,

O da tabağda qaldı.

Ah, bu görüş yerləri,

Nə tez uzaqda qaldı?

Qaymağını kim yığıb,

Südümüz üzsüz qalıb?

İllər elə yalayıb,

Ömrümüz duzsuz qalıb.

Bir bax, necə dalayıb,

Kəsilmir göynərtisi.

Göy kimi kişnərtisi,

Düşüb qulaqda qaldı.

Ah, bu görüş yerləri,

Nə tez uzaqda qaldı?

Həm kövrək, həm də ürkək,

Bəs o görüşlər hanı?

Quzuları mələşən,

Doğma örüşlər hanı?

Yerlə, göylə əlləşən,

Eşq də o çağda qaldı?

Ah, bu görüş yerləri,

Nə tez uzaqda qaldı?

Bəlkə həmin adamıq,

Bəlkə həmin adam yox?

İllər nə yaman bizi,

Uzaqlara atıb çox!

Yaxşı ki, eşqin izi,

Bar olub bağda qaldı,

Ah, bu görüş yerləri,

Nə tez uzaqda qaldı?

Bəs deyil?

Nə vaxt gül açıram, tutub yolursan,

Sonra soruşursan niyə solursan?

Külək sovurmamış gözə dolursan,

Ayaqlar altında qalan toz kimi.

Gedirəm, sən məni ötüb, gedirsən,

Elə bil yol boyu bitib, gedirsən.

Nə çən, duman kimi itib, gedirsən,

Nə də əriyirsən barı buz kimi.

Kim salıb, itirib, sən tapa-tapa,

Hələ ki, gedirsən yol çapa-çapa.

Nə ipə yatırsan, nə də ki, sapa,

Yel vurub, saldığı çürük qoz kimi.

Halal sümüyü var, haram tikənin,

Bitib, boğazında qalır əkənin.

Qaradır, bəs niyə düşür ləkənin,

Gözün qarasına rəngi boz kimi?

Dağ başından qalxan ahdır, sis deyil,

Taladığın eldir, başqa kəs deyil.

Ürəyinə yara vurdun bəs deyil,

Daha niyə göynədirsən duz kimi?

 

 

Bəzə sən

 

Hər gün doğan səhər kimi,

Sən necə də tər-təzəsən!

Mən külçəyəm, zərgər kimi,

Varlığımı gəl, bəzə sən.

Təbriz kimi gözəl olmaz,

Göz yaşları xəzəl olmaz.

Heç nə eşqdən əzəl olmaz,

Təbrizim ol, bax Bəzzə sən.

Göz-qaş atdım naza döndü.

Qol-qanadım saza döndü

Ömrüm, günüm yaza döndü,

Havasında sən gəzəsən.

 

Dələduz

 

Yarı gündüzdəsən, yarı gecədə,

Pozulub dünyanın rəngi necə də.

Dünən yumurtadan çıxan cücə də,

Bilir yalançısan sağsağan kimi,

Sən ki, can alansan çalağan kimi.

Haqqın qapısına qıfıl vurmusan,

Keçib yerində də özün durmusan.

Günah sayğacını elə yormusan,

Daha günahını saymağı gəlmir,

Çürümüş süd kimi qaymağı gəlmir.

Hələ kef də sənin, damaq da sənin,

Görəcək günlərin qabaqda sənin.

Gönünə bələdəm dabbaqda sənin,

Nə belə baxırsan gic quzu kimi,

İlbizin gizlənmiş buynuzu kimi.

Divar qurtarandan sonra qadası,

Bir şey qalacaqmı əlin çatası.

Qalıbmı bir dənə ümid adası?

Əl atıb quruya çıxa biləsən,

Yuyunub duruya çıxa biləsən.

Hardasa xalısan, hardasa palaz,

Dayazda dərinsən, dərində dayaz.

Sənin bildiklərin hər şeydən bir az,

Qoca qarıların baxçası kimi,

Kasıbın bayramlıq xonçası kimi.

 

 

Dönməz

 

Lələk dönər qələmə,

Qələm lələyə dönməz.

Göydən alma gözləmə,

Nağıl gerçəyə dönməz.

Ay tutular gün sönər,

Yandırmağa yox hünər.

Mələk şeytana dönər,

Şeytan Mələyə dönməz.

Çoxu gedər kəpəyə,

Bir gün düşsə ələyə.

Kələk dönər küləyə,

Külək kələyə dönməz.

Dərd, qəm azara dönər,

Həyat bazara dönər.

Bələk məzara dönər,

Məzar bələyə dönməz.

Qəlb atına qəm minər,

Halına dağ, daş dinər.

Ürəklər daşa dönər,

Daşlar ürəyə dönməz.

 

 

Şəlalə

 

Şəlalətək ağ bələkli körpəsi,

Var ki, dağ da ucalıqda anadır.

Nə zərifdir gülüşünün ləpəsi,

Elə bil ki, dağ döşündə cunadır.

Hey baxiram, əl gözdədir, göz əldə,

Olanda da belə olar gözəl də.

Avaza bax, sular yazan qəzəldə,

Sanırsan ki, qaqqıldaşan sonadır.

Sarı gəlin cin atına mindirib,

Sarı aşıq sarı simi dindirib?

İnadının zirvəsindən endirib,

Yoxsa onu tərs aşığın inadı?

Gəlindir ki, başındadır duvağı,

Dərə hansı bəxtəvərin qucağı?

Ya açılıb ağ kələfin dolağı,

Sal qaya da özü boyda hanadır.

Heyrətindən göz danışır, susur dil,

Necə dinsin sular sapdır, qaya mil.

Qaya döşlü uca dağ da elə bil,

Göyərçindir, çırpınır ağ qanadı.

İlişibdir saçağına telinin,

Kəmərimi açılıbdır belinin?

Toy gönündə həyasından gəlinin,

Qulağında rəqs eləyən tanadır.

Göy enibdir dağ başına, taca bax,

Tac, gör necə başı edir uca, bax!

Tac altında saçaqlanmış saça bax,

Günəş saçan şəfəqlər də şanadır.

 

 

Təzad

 

Torpaq tum bitirir, aləm yaradır,

Su da damla-damla dənə döndərir.

Sonra dəyirmanda çarxı fırladır,

Sünbülün dənini una döndərir.

Təbiət özüdür haqqın yazanı,

Hər fəsil yazılan bir xoş arzudur.

Gələcək keçmişin qaynar qazanı,

Keçmiş gələcəyin dadı, duzudur.

Hər dağ bir dərənin güman yeridir,

Hər dərə bir dağın boş qalan yeri.

Göylər buludların dolan yeridir,

Buludlar göylərin boşalan yeri.

Fikir ver həyatın sən bağbanına,

Həvəsi həyatı bağa döndərir.

Özünü döndərib yaz dumanına,

Sevən ömürləri dağa döndərir.

Nə vaxt təbiətə yalan satırıq,

Bizi düzdə qoyan düzə qaytarır.

Biz onun qoynuna zibil atırıq,

O da gül bitirib bizə qaytarır.

 

 

Türk oğlu

 

Ulu Cəfər Cabbarlıya

 

Türk oğluna, Türk qızına, Türk adı,

Verən zaman nə gözəldi niyyətin.

Ana yurdun güləcəkdir muradı,

Qeyrətimiz olan zaman qeyrətin.

Doğulanda el gəlmişdi müjdəyə,

"Ana" dedin, necə gəldi vəcdəyə!

Yeri, göyü gətirmişdi səcdəyə,

Yerə, göyə sığışmayan qüdrətin.

Hər nə yazdın el içində sevildi,

"Od gəlini" oda dönmüş "Sevil"di.

Dövran zalım, millət də ki, səfildi,

Dözəmmirdi sən verəndə qiymətin.

Fikir "Aydın", məna

"Almaz", söz "Yaşar",

İlhamından ilhamlanıb göy daşar.

Zaman, məkan bilən deyil o, aşar,

Dünya dönər adasına hörmətin.

Gətirən kim idi, aldı küləklər,

"Oqtay Eloğlu"na

"Solğun çiçəklər"?

O vaxt daş idisə, necə ürəklər,

Bu gün də daşdır yox, sonu zillətin.

Aləm bilir, ər oğlusan ər ki, sən,

Bu Torpağın Bəzzi sənsən, Ərki sən.

Söz mülkünün yenilməyən Türkü sən,

Gecəni də "Gündüz" edib hikmətin.

Dəniz elə sən gördüyün dənizdir,

Solub ancaq bir az solğun bənizdir.

Göy suları onda necə təmizdi,

İndi yaman bulandırıb həsrətin.

Ucalıq... dərinlik...

Qəlb ocaq, gözlər də baca olsa da,

Hələ bacası var, bacaların da.

Eşqi, dərinlərin uca olsa da,

Eşqi dərin olur ucaların da.

Qartal ucalıqdan dərinə baxıb,

Nə yazır zirvədə ağ varaqlara?

Dalğalar dəryanın dibindən çıxıb,

Dönür sinəsində sıra dağlara.

Sevsən üfüq kimi yanar dodaqlar,

Sevməsən sözlərin sərindən gələr.

Ucalıq sevsə də dağda bulaqlar,

Çağlayan suları dərindən gələr.

Ağıl ucalıqda, başda olsa da,

O, elə dərinlik marağındadır.

Ürək sinələrdə yuva salsa da,

Həmişə ucalıq sorağındadır.

Payız dərinlikdir, bahar ucalıq,

Ucalıq şah olsun, dərinlik vəzir.

Göylərə qalxanda sular ucalıq,

Yerlərə düşəndə dərinlik gəzir.

 

 

Zirvəsi taxtdır

 

Gecə şum yeridir, Ay da xış, kotan,

Ulduzlar dənmidir,

Gün sarı sünbül?

Göz baxıb bəs necə olmasın heyran,

Üfüq şah budaqdır, dan yeri bülbül.

Qayalar dişmidir, şəlalələr dil,

Məqamı ucadır, axarı avand

Gecə dalğalanan dəniz elə bil,

Qartaldır, lələkli dalğalar qanad.

Döyünür dağların bulaq ürəyi,

Axan qan damarı dərədir, arxdır

Hamıya yer verər gendir ətəyi,

Hamıya yer verməz zirvəsi taxtdır.

 

 

Dördlüklər

 

Arayatı, Aslanduz,

Yolu bağlayıbdır buz.

Taleh mənə dağ çəkib,

Üstündən də səpib duz.

 

Nə kəlim var, nə vəlim

Xırmana necə gəlim?

Yaxındır gözüm görür,

Uzaqdır çatmır əlim.

 

Kim elədi dayaz zənd,

Xan Araza vurdu bənd.

Hər kimə bel bağladım,

Fürsət tapıb, gəldi fənd.

 

Al sinənə çal tarı,

Dillənsin Arazbarı.

Dayanmayır göz yaşım,

Dayansın Araz barı.

 

Nə sərhəddir, həddir bu,

Uçsa qanad salar qu.

Araz, kimin yerinə,

Utanırsan aldır su?

 

Bəllidir ki, mayadan,

Qaya doğar qayadan.

Namərd kimdir, nə bilsin,

Mərdi soruş həyadan.

 

Qəlbə yol gözdən keçir,

Ər yolu Bəzzdən keçir.

Keç Arazdan bir iz sal,

Yol özü izdən keçir.

 

Dərs aldıq neçəsindən,

Özü də necəsindən!

Qəlb üzümdür, Araz mey,

Süzülür cecəsindən.

 

Araz içimdən keçir,

Bölüb gücümdən keçir,

Bəlkə suçum çat verib,

Axıb suçumdan keçir.

 

Araz boyda arası,

Var, bitişmir yarası.

Gözlərimin ağından

Ayrı düşüb qarası.

 

Dağ başında qara bax,

Dörd yanında sara bax.

Araz nələr çəkirdi,

İndi çəkir Qarabağ.

 

 

Babək ARUSLU

 

525-ci qəzet.- 2009.- 7 noyabr.- S.30.