Möhtəşəm tıxac
Bu ilin yazında bitirdiyim “Möhtəşəm
tıxac” adlı romanımda Azərbaycan cəmiyyətindəki
çağdaş ictimai ovqatın psixoloji, əxlaqi və mənəvi
köklərini araşdırmağa
çalışmışam. Əsərdə təsvir edilən hadisələrin konkret
məkanı yoxdur. Mənəvi mutantların hər şeyə
hakim olduğu bu – ünvansız, coğrafiyasız – şərti
məkanda vaxt ölüb, zaman dayanıb. Personajların uzaq və
yaxın keçmişdəki əməlləri onların
bugünkü əməllərindən mahiyyətcə fərqlənmir.
Buna görə də əsərdə baş verən əhvalatlar
real məzmunundan çıxıb, mifik olaylara, mistik vaqiələrə
çevrilir.
Nəşrə hazırladığım yeni kitabıma salınacaq romanımın bir parçası ilə ilk dəfə “525-ci qəzet”in oxucularını tanış edirəm.
Müəllif
Güllükəndə (kəndin öz dililə desək) “vur-çatdasın” yaz gəlmişdi. Ancaq bu yaz Pülük Pirinin yuxuda xoruzla əlləşdiyi o qarlı yanvarın yazı deyildi, ondan çox-çox sonranın gözəl bahar fəsillərindən biriydi.
Dünyanın
uca-uca yerlərindən axa-axa gəlib Kəlləkəndə
yetişən və oradan, üzüaşağı,
Güllükəndin sıldırım qayalarının və
yaşıl yamaclarının arası ilə nərildəyə-nərildəyə
baş alıb getdikcə gedən dağ çayı yenə
öz işində-gücündəydi. Çayın gur səsi yerdəki
yamyaşıl ot-alafın ürəyinin sözünü
göydəki Günəşə çatdırırdı.
Uşaqları, quşları, qulunları, quzuları, saz
çalıb, qaval çalıb oynadırdı. Badamın,
alçanın, albalının ağappaq çiçəyini
səsləyib-sevindirirdi. Ərlik vaxtı
ötüb-keçmiş qızların ürəyinə
qara qanlar axıdırdı, ərlik vaxtı təzəcə
yetişən qızlar üçün – gah pəsdən, gah
ucadan – “Uzundərə” havası çalırdı.
Dağ çayı uca
dağlarda əriyən qarın, yaşıl yamaclarda bitən
yarpızın, kəklikotunun, baldırğanın, bənövşənin
bir də – Güllükənddən Kəlləkəndəcən
– çay boyunca düzülən salxım söyüdlərin
təzəcə açmaqda olan sütül
yarpaqlarının ətrini dünyaya yayırdı. Bu mənada
– bəlkə lap Nuh əyyamından üzübəri –
Güllükənddə heç bir əsaslı dəyişiklik
baş verməmişdi. Lakin “Güllükənd” və “Kəlləkənd”
deyilən bu güllü, gözəl məkan yalnız
çay-çeşmədən, dağ-dərədən,
qarğa-quşdan, bir sözlə, faunadan və floradan ibarət
deyildi. Burada insanlar da yaşayırdı. Və belə
şey heç mümkündürmü ki, bir yerdə insan
yaşayaydı və orada heç bir hadisə baş verməyəydi.
Əslinə qalsa, bir vaxt Pülük Pirinin – o xoruz və
beşguşəli ulduzla bağlı – gördüyü
yuxunun özü də, öz zəmanəsinə görə,
kiçik hadisə deyildi. Pülüyün o əməlgir
xoruzu yuxuda görməyinin Sadıqovun sonrakı aqibəti ilə
hansı mistik tellərlə bağlı olduğunu, hələ
ki, bilən yox idi. Ancaq fakt bu idi ki, o qovurmalı qara noxud
şorbasının dadlı-ləzzətli iyi Güllükənd
Sovetliyinin həndəvərindən çoxdan çəkilib
getmişdi. İki kənddən vur-tut 11 nəfər
“ziyanlı ünsür” tapmaqla sinfi düşmənə
qarşı mübarizəni bitmiş hesab eləyən Kəfən
Sadıqovu siyasi maymaqlıqda günahlandırıb, dəyirmançı
Süleymanın çoxdan məskunlaşdığı
qarlı Sibir torpağında kəfənsiz ölməyə
göndərmişdilər. Və hələ bununla da kifayətlənməyib,
onun – hər kəsin öz əyin paltarında qəbrə
qoyulması barədəki – məlum qərarına “volyuntarist
qərar” və “utopik xəyal” adı qoyub, Sadıqovun
“liçni delo”suna (özü Sibirdə ikən!) bir
yağlı partiya töhməti də yazıb-yapışdırmışdılar.
Burası bir o qədər ağlabatan söhbət olmasa da, hər halda, bu da belə bir spesifik həqiqət idi ki, Kəlləkəndlə Güllükəndin ən maraqlı hadisələri, nədənsə, qəbiristanlıqda baş verirdi. Ancaq o Xeybərin xortlamağından bu yana, Allahabad mahalının heç bir qəbiristanlığında, hələ ki, belə bir hadisə olmamışdı. Bu qəbildən sonuncu hadisə, deyilənə görə, Kəlləkənddə baş vermişdi. Guya kolxozun gecə qarovulçusu Quduz Qəzənfər bir dəfə qəbiristanlıqdan keçəndə rəhmətlik Pülük Pirinin (lül-atəş dəm vəziyyətdə!) öz qəbrinin üstündə oturub, için-için ağladığını görmüşdü. Və guya Pülük Piri eləcə ağlaya-ağlaya Quduz Qəzənfərə bərk-bərk yalvarmışdı ki, getsin, belə bir vacib xəbəri mamaça Raziyəyə çatdırsın. Desin: “Kəs o xoruzun başın, sal qazana, bir ovuc qara noxud at içinə, bişir, ver ərin Tosu Məhəmməd yesin. Yoxsa o xoruz bu dünyanın başına hələ çox işlər gətirəcək...” Ancaq bu söhbət, məlum məsələdir ki, köhnə söhbət idi. Çünki, hər şey bir yana dursun, əgər bu, təzə söhbət olsaydı, onda Pülük Pirinin mamaça Raziyəyə peşkeş elədiyi o xoruzun indi gərək ən azı 20 yaşı olaydı...
Ən
mühüm hadisələri qəbiristanlıqlarda baş verən
Məsələ
burasındaydı ki, əslən bu kənddən olan, indi
rayon mərkəzində notarius vəzifəsinə düzəlib,
elə orada da “Fərəhli Allahabad” qəzetinin redaktoru
şair Hətəm Hafizə ərə gedən Siddiqə həmin
o “Qılınc və qələm”i hələ iki ay bundan
qabaq Güllükəndin kitabxanasından götürüb, 3
günlüyə, oxumağa aparmışdı və
kitabı nəinki kitabxanaya qaytarmamışdı, hətta bu
qiymətli ictimai əmlakın geri qaytarılmasını tələb
etməklə öz qanuni vəzifə borcunu yerinə yetirən
Firaqəni bəlkə Allahabaddakı Şah Abbas hamamında
da bu çağacan heç kəsin eşitmədiyi ən ədəbsiz
sözlərlə söyüb, abır-ismətdən
salmışdı. Vəzifəyə
təzəliklə təyin edilsə də, söhbəti
dil-ağızda çoxdan gəzən hökumət nümayəndəsinin
Güllükəndə gəlmək planından dünən
axşam xəbər tutan Firaqə, elə dünən
axşamdan da işə girişib, kitabxanada ideal səliqə-sahman
yaratmaq üçün əlindən gələni eləmişdi.
Kitabxananı sulayıb-süpürəndən sonra rəflərdəki
bütün kitabların birbəbir tozunu almışdı. Pəncərə
şüşələrini iki dəfə tərtəmiz
yumuşdu. Evdən iki dibçək ətirşah, iki
dibçək də qəşəng sırğagülü
gətirib, kitabxananın hər iki pəncərəsinin
qabağını gözəlcə bəzəmişdi.
İndi isə – səhərin gözü açılandan –
keçmiş sinif yoldaşı, rəfiqəsi və
yaxın qonşusu Cin Cəmilə ilə kitabxanada oturub,
şirin söhbət eləyirdi.
İnişil
Allahabadda halva bişirib satan, özündən
çox-çox yaşlı Əbdül adlı bir kişiyə
ərə gedən Cəmilə ər evində heç 10
gün də qərar tuta bilməmişdi. Dünyanın zil qaranlıq gecələrinin
birində Allahabaddan pay-piyada yola düzələn Cəmilə,
neçə-neçə qorxunc dərə-təpədən
keçib, səhərə yaxın özünü
Güllükəndə yetirmişdi. Allahabadla Güllükəndin
arasındakı o dərə-təpədə gecələr
cinin sayı-hesabı olmur və bunu Güllükənddə
bilməyən adam yoxdur. Ancaq Cəmilənin adının
qabağında “cin” sözünü buna görə
qoymamışdılar. Ona görə qoymuşdular ki, əsas
iş-peşəsi İran saqqızı satmaqdan ibarət olan
Cəmilə vaxtaşırı kənddən ilim-ilim itirdi.
Haralardasa, cinsayağı, gözə görünmədən
gəzib-dolanıb, elə cin kimi də qəfildən, kənddə
peyda olurdu. Hətta Cəmilənin
yalnız cinlərə məlum olan hansısa gözəgörünməz
yollarla gecələr İrana gedib-gəldiyini deyənlər də
vardı.
Farmazon
Firaqənin sevimli rəfiqəsinin ikinci sənəti eşqə
düşən oğlanların adından qızlara,
qızların adından oğlanlara atəşin sevgi məktubları
yazmaq idi. Güllükənd
çayının qaval çalıb, zəngulə vuran,
ot-alafı dilləndirən və həşəratı,
quşu, heyvanı bir-birinin belinə dırmaşdıran
vaxtlarında Cəmiləyə eşq məktubu yazdırmaq
istəyənlərin sayı, təbii ki, həddən
çox olurdu və o “Qılınc və qələm”i –
Siddiqədən qabaq – aparıb, 1 ay evində saxlayan Cəmilə
builki “eşqnamə” mövsümündə özünü
çox da əziyyətə salmamışdı. Bu işdə
“Qılınc və qələm” Cəmilənin zəhmətini
xeyli yüngülləşdirmişdi. Çünki bu kitabda
olan mənalı, hikmətli, şəhvətli sözlər
yer üzünün heç bir kitabında yox idi. Və
Güllükənddə belə sözün qədrini bilənlərin
sayı İran saqqızının ləzzətini
qananların sayından bəlkə çox idi ki, az deyildi.
Sözə bax: “Mən ürəyimin qiymətli incilərini
sənə olan sevgi duyğularımın nəhayətsiz dənizindən
əldə edirəm”. “Sənin məhəbbətindən
aldığım ilhamlar zəngin bir kitabxanadır”. “Sən mənim
həyatımın baharında bitən ilk çiçəksən”.
“Məhəbbət bir ağacın tumurcuğu kimidir. Onun çiçəklənməsi
və meyvə şəklinə düşüb, yetişməsi
lazımdır”.
Hələ bu harasıdır ki!
Cəmilənin öz evində 1 ay saxladığı o kitabdan köçürdüyü 5 dəftər, qızıldan qiymətli sözün, hələ əl dəyməmiş, ən bahalı inciləri bundan sonrakı çox-çox bəxtəvər illərdə də Güllükənddə eşqə düşənlərin neçə-neçə yeni nəsillərin dərdini ovudacaqdı, ruhunu oxşayacaqdı: “Mənim qəlbimdən götürdüyün cəvahirləri başqalarının başına səpmə”, “Qəlbini sənə açan bir qız öz üzünü günəşə belə açmamışdır”, “Sevmirəm sözü dəlicəsinə sevən bir qıza zəhər içirmək qədər qorxulu deyilmi?!” və sair və ilaxır. (Allahabad mahalında yaşayan insanların təkcə qəbiristanlıq mistikasının aşiqi olmadığına indi siz də inandınızmı?)
– Bilsəydim ki, bu işin axırı belə olacaq, heç səndən almazdım o kitabı. Qoyardım lap bir ay da yenə səndə qalsın. Vallah, heyfim gəlir o kitaba. Ürəyim götürmür ki, elə qiymətli kitab o cür ifritəyə qismət olsun. – Firaqə “Qılınc və qələm” və “Notarius Siddiqə” mövzusunda çoxdan başladığı söhbəti bu sözlərlə, deyəsən, yekunlaşdırmaq istəyirdi. Ancaq Cəmilənin bu mövzuda deyiləsi sözü hələ qurtarmamışdı.
– Əsərdəki
o Səba xanım ki var ha, bax o Səba xanım Siddiqənin
toçnu qopiyasıdı. Görürsən
də, o arvad orda nə oyunlardan çıxır. Onun-bunun
adından ona-buna məktub yazıb, Əmirin sarayında
hamını bir-biriynən vuruşdurur. Bu saat o Siddiqə də,
deyirlər, Alahhabadda bir qarmaqarışıqlıq salıb
ki, raykomda oturanlar da çaşıb qalıb.
Firaqə əsəri
oxumamışdı. Buna görə də söhbətin
istiqamətini tezcə dəyişməyi lazım bildi:
– Onun o şair ərin yayda kəndə gələndə gördün də? Pencəyini salıb çiyninə, bir əlin də soxub şalvarının cibinə, çayın qırağında elə qozu-qozu gəzirdi ki, elə bil bu da Səməd Vurğundu. Görən deyərdi ki, ətin tökülsün, Siddiqə, bu da gedib ər tapıb özünə...
Və Farmazon Firaqə elə bu
sözləricə demişdi ki, kitabxananın qabağında
– bir qəşəng qumral atın belində – qamətli,
qartal baxışlı bir igid göründü. Hələ
heç vaxt heç yerdə görünməmiş bir cəldliklə
yəhərdən yerə sıçradı və atın
yüyənini qoca əbrişim ağacının qurumuş
budağına bağlayıb, bir göz qırpımında
kitabxanaya daxil oldu.
Salam verdi, ya vermədi – bunun mətləbə
dəxli yoxdur. Ancaq bircə qartal baxışı ilə bir
cüt “Qılınc və qələm” aşiqinin
bağrının başına od sala bildi.
Firaqə evdə termos
çayı hazırlayıb, kitabxanaya gətirmişdi.
Qonağa çay süzmək üçün indi ürəyi
gedirdi. Ancaq qonaq onun nəcib ürəyinin bu xoş niyyətini
heç vecinə də almadı. Əlini termosun
ağzına qoyub:
– Mən bura çay içməyə gəlməmişəm, – dedi. – Firaqə hansınızdı?
– Mənəm. – Firaqə qonağın çay içməməyinin pərtliyindən az qala ağlaya-ağlaya cavab verdi.
– Bəs bu kimdi? – Hökumət nümayəndəsi yuxarıdan aşağı tərs-tərs Cəmiləyə baxdı.
– Rəfiqəmdi, Rəis. Kitabxanamızın fəal oxucularındandı.
Uçastkovunun bu “rəis” sözündən, aşkar xoşu gəldi. Hətta bir azca yumşaldı da, deyəsən.
– Qoy olsun fəal oxucu. Fəal
oxucu yaxşı şeydi. – “Rəis” sözündən
xoşu gələn uçastkovu kitab rəflərinin
arasında gəzinməyə başladı. – Bəs sən
niyə belə yaramaz əməllərlə məşğul
olursan? Bu nə yazhayazdı belə? Məktub
yazmadığın yer qalmayıb. Hələ bilinmir ki, o
qılınc kimin qılıncıdı, o qələm nə
qələmdi. Sən burda qələminə qaz verib, aləmi
qarışdırmısan.
– Elə söz deməyin, Rəis. Mən burda nə pis iş görmüşəm ki? Kitab da dövlət əmlakıdır, xalqın mədəni sərvətidir. Mən bəyəm mədəniyyətsizlik eləmişəm?
– Düz deyir də, Rəis, yalan demir ki! Mədəniyyətsiz o adamdı ki, hökumətin kitabın aparıb qoyur evinə, elə bilir, dədəsinin malıdı. Day demir ki, o kitabı ondan savayı da oxumaq istəyən yüz adam var. – Cəmilə can-başla rəfiqəsinin hüquqlarının müdafiəsinə qalxmışdı.
– Gündə
10 adam gəlib o kitabı soruşur. Qiymətli əsərdi, hamı istəyir ki, oxusun. Yanvar
ayından bu yana o kitabın növbəsinə düz 75 adam
yazılıb. Kitab da cəmi bir dənədi. İki də
deyil ki, oxucunu birtəhər ötüşdürəsən.
Bəs mən nə cavab verim oxucuya? Deyim ki, Siddiqə
xanımın kefi belə istəyir? – Firaqə
danışdıqca qızışırdı.
Qumral atın belindən düşən qartal baxışlı hakimiyyət nümayəndəsi, kitab rəflərinin arasında gəzə-gəzə, rəflərdən kitab götürüb, kinayəli, soyuq təbəssümlə, tələsmədən vərəqləyirdi və götürdüyü hər kitabın arxadakı qiymətinə baxıb, qaytarıb əvvəlki yerinə qoyurdu.
– Yəni sən demək istəyirsən ki, burda bu qədər kitab ola-ola, oxucular oxumağa kitab tapmır? – Uçastkovu, bir qədər heyrətqarışıq, səmimi maraqla soruşdu.
– Nə deyim, Rəis. Özüm də
mat-məəttəl qalmışam. Bu kitab çıxandan
sonra day camaat ayrı kitab oxumaq istəmir. – Kitabxanaçı
haqsız incidilən küsülü uşaq kimi qəhərlənib,
başını aşağı saldı.
Hökumət nümayəndəsinin üzündə bayaqdan donub qalmış soyuq kinayə birdən-birə şaqraq qəhqəhəyə çevrildi və az sonra bu qəhqəhə qəddar qəzəblə əvəz olundu:
–
Çünki sənin ağlın çatmır buna:
kitabı təbliğ etməyi bacarmırsan. Ora-bura məktub yazıb, vaxtını
faydasız işlərə sərf eləyirsən. Kitabı
təbliğ etmək əvəzinə, yaramaz hərəkətlərə
yol verib, rayon rəhbərliyinin gərgin iş qrafikinə
lüzumsuz əngəl törədirsən. – Rəis
sözündən xoşu gələn sahə müvəkkili
gözünün biri ilə əlindəki kitaba, o biri ilə
(sözlərinin yeni tipli dövlət əmlakı təəssübkeşlərinə
nə kimi təsir göstərdiyini bilmək
üçün) bir cüt “Qılınc və qələm”
aşiqinə baxırdı. Bu saat kitabxanada əgər
milçək uçsaydı, ən azı vertolyot səsi
verərdi. Bundan razı qalmış hakimiyyət nümayəndəsinin
zəhmli vücudunda bu dəfə rəhmlə mərhəmət
eyni vaxtda öz təcəssümünü tapdı.
Uçastkovu əlindəki kitabı yerinə qoyub, başqa
bir kitab götürdü və olduqca mülayim bir səslə
sözünə davam etdi: – Mən burdakı kitabların 90
faizini oxumuşam. O “Qılınc və qələm”i hələ
oxumamışam. Vaxt olmayıb. Boynuma alıram. Ancaq
“Dumanlı Təbriz”i oxumuşam, “Gizli Bakı”nı
oxumuşam, “Bədbəxt milyonçu”nu oxumuşam. Bu əsərlərin
hamısı eyni sənətkarın qələmindən
çıxıb – bunu siz də bilirsiniz. Ancaq gərək
xalq da bilsin ki, bu xırdaca otaqda nə boyda xəzinə
yatır. Bayaqdan burdakı kitablara baxıram. Ürəyim
qürurla dolur. – Qürur dolu qartal baxışları ilə
bir müddət əlindəki kitabın üz
qabığına baxandan sonra bu dəfə birbaşa Cin Cəmiləyə
müraciət elədi. – Sən oxumusan bu kitabı?
Hökumət adamının əlindəki
kitabın “Bir gəncin manifesti” olduğunu görəndə
sanki Cəmilə, Allahabaddakı, çoxdan görmədiyi
halva bişirən ərinin sevimli surətini gördü.
– Oxumuşam! Oxumuşam! – dedi və möhkəm həyəcan keçirdiyindən, deməyə ayrı söz tapa bilmədi.
– Belə kitabları da oxucular arasında təbliğ edib, yaymaq lazımdır. Çünki belə kitablar təkcə bu günün yox, bütün zamanların kitablarıdır. Bu günün gəncliyi şanlı Lenin komsomolunun hansı çətin yollardan keçdiyini həmişə yadda saxlamalıdır.
– İngilis imperialistlərinin hiyləgər simasını da! – Cəmilə hökumət nümayəndəsinin sözlərinə fəal oxucu mövqeyindən qüvvət verdi.
Firaqəninsə fikri-zikri
termosunun yanındaydı. Qumral atdan düşən gənc
hökumət adamının ağlına, savadına heyran
qalmış biçarə kitabxanaçının qonağa
çay süzmək üçün yenə ürəyi əsirdi.
Və Firaqənin bu nəcib istəyi bu dəfə də
hakimiyyət elçisinin nəzərindən yayınmadı:
– Kitabxanada
oturub, çay içib laqqırtı vurmaq, hətta İran
saqqızını çeynəyə-çeynəyə,
eşqi dombalanların adından namə yazıb, gəncliyin
sağlam mənəviyyatını ziyanlı mikroblarla zibillətmək
də olar. Ancaq o kitabın
adı “Qılınc və qələm” yox, lap “Hərb və
sülh” olsaydı belə, buna görə götürüb Rəhbərin
mavzoleyinə məktub yazmağı heç bir şüurlu
insan özünə rəva bilməzdi. – Sahə müvəkkili
“Bir gəncin manifesti”ni əlində hirsli-hirsli oynadıb,
qaytarıb yerinə qoydu. – Raykoma yazmısan, tutaq ki,
qanmamısan. “Fərəhli Allahaabad”a yazmısan, lap əlinin
içindən gəlib. Bəs o məktubu Mavzoleyə
göndərəndə, de görüm, ağlın
hardaydı sənin? Bəlkə rayon rəhbərliyini
hörmətdən salmaq istəyirdin?
Firaqə:
– Rə... – deyib, başını aşağı saldı. Dili tutulduğuna görə, sözünün dalını gətirə bilmədi.
“İran saqqızı” söhbətindən sonra cinlərin həqiqətən böyük qüvvə olduğuna inanıb, reallıq hissi ilə birgə, olan-qalan ağlını da itirmiş Cəmilə birdən sayıqlamağa başladığını, deyəsən, heç fikrinə də gətirmədi:
– Elədi. Siz deyəndi. Sizin
fikrinizlə mən də şərikəm. Mavzoleyə məktub
yazmağın nə mənası var. Ölünün...- Ya
“ölü” sözündən bərk qorxduğundan, ya da bu
sözü yerində işlətməməyin məsuliyyətini
yaxşı anladığından Cəmilənin rəngi
ağappaq ağardı. Və bir xeyli fasilədən sonra
biçarə saqqızsatan, nəhayət, özünə gələ
bildi. – Yəqin eşitmiş olarsız, sizə qurban olum, Rəis.
Bizim kənddə bir yaxşı çoban varmış.
Ucaboy, bığıburma cavan oğlanmış. Bir gecə
ağlına nə yerləşirsə, səhər durub
Kremlin Beşguşəli Ulduzuna məktub yazıb göndərir
ki, bəs mən bu il hər qoyundan 7 bala almağı öhdəmə
götürürəm. Yazığı ora-bura
çağırıb o qədər
danışdırdılar ki, axırda artist oldu.
Gənc milsəner təcrübəli saqqızsatanın ağlından şübhələnsə də, özünü o yerə qoymadı.
– Yaxşı, yekunlaşdıraq məsələni. – Gələcək rəis buyurdu. Cibindən bir uzunsov kağız çıxarıb, stolun üstünə qoydu. – Buna qol çək.
– Nədi ki, Rəis. Mən nəyə qol çəkirəm?
– Qol çəkirsən ki, belə yaramaz əməllərlə bir də heç vaxt məşğul olmayacaqsan.
Firaqə:
– Baş üstə, gözüm üstə! – dedi və kağıza elə sevinə-sevinə qol çəkdi ki, elə bil çoxdan arzusunda olduğu kəbin kağızına qol çəkirdi.
Elə bu vaxt – uzun qış aylarından sonra – bu gün, sübh-tezdən, Allahabada birinci dəfə kino gətirməyə gedən “Bezbilet” ləqəbli kinoçu Şırşırəli, hər əlində bir ağır kitab bağlaması, kitabxananın qapısından hıqqına-hıqqına içəri girdi.
– “Qılınc
və qələm”di! – deyə kinoçu fəxrlə bəyan
elədi. – Pramoy raykomdan göndəriblər. Kitabın biri zakonnu mənə
düşür, bax indidən deyirəm! – Barmaq boyda,
xırdaca bükülü bıçağını cibindən
çıxarıb, bircə saniyənin içində, hər
iki bağlamanın ipini kəsdi. Hərəsində 10 dənə
“Qılınc və qələm” olan bağlamaların birindən,
öz “zakonnu” kitabını götürüb, sevinə-sevinə
qoltuğuna dürtdü və daha heç kəsin
üzünə baxmadan və heç kəsə heç nə
demədən, kirimişcə aradan çıxdı.
O 20 kitabdan birini də fərəhli Allahabad mahalının gələcək Baş Polisi götürdü.
– Oxuyub,
uzağı 9 günə mütləq qaytaracağam! – dedi. –
Ancaq siz də bekar durmayın. Elə bu gündən hazırlaşın. Bu şənbə
maşın yolunun kənarında möhtəşəm iməclik
keçirəcəyik. Böyük abadlıq işləri
aparacağıq. Çayın qırağındakı
söyüdləri köklü-yarpaqlı yerindən
çıxarıb, avtomobil yollarının kənarında əkəcəyik.
Vacib işdi. Çox ciddi məsələdi. Qoy bizim
yollarımız jurnalistlərin, yaxın-uzaq, hər yerdən
gəlib-gedən hörmətli insanların həmişə
gözünü oxşasın. Mehriban qonşularımız –
erməni və gürcü qardaşlarımız da o asfalt
yoldan keçəndə o salxım söyüdləri
görüb, bizim qədim mədəniyyətimizin canlı
şahidi olsunlar.
Və o qamətli, qartal baxışlı igid o qəşəng, qumral atın belinə sıçrayıb, yoluna düzələndə kitabxananın pəncərəsi önündə donub qalmış bir cüt “Qılınc və qələm” aşiqinə gülə-gülə əl elədi.
Hakimiyyət
nümayəndəsi Güllükəndin torpaq yollarında
toz qoparıb, gözdən itəndən sonra Farmazon Firaqə
ilə Cin Cəmilə bir müddət dinib-danışmadan,
mənalı-mənalı baxışdılar. Bizim mülahizəmizə görə,
bu baxışmanın 3 mühüm mənası ola bilərdi.
Əvvəla, Gülləkəndin – qış uzunu – tənbəl-tənbəl
yatıb qalmış qoca dağlarının arasında,
baharın ilkin çağında, şimşək kimi
çaxıb keçən bu, yeni tipli hökumət
adamının boyuna-buxununa, ağlına-zəkasına rəfiqələrin
hər ikisi valeh olmuşdu (bunu artıq demişik).
İkincisi, bu yeni hakimiyyət təmsilçisinin iməclik barədəki təşəbbüsü Güllükənddə yenilik yaratmaq həvəsi ilə həmişə ürəyi şam kimi alışıb yanan bu bir cüt “Qılınc və qələm” aşiqinin qəlbində yeni ümidlər doğurmuşdu, arzular oyatmışdı. Üçüncüsü, o vaxtkı Güllükənddə “iməclik” sözünün adicə mənası da, Firaqədən və Cəmilədən savayı, olsa-olsa 4-5 savadlı müəllimə məlum idi. Bu sözün ikinci adının “Lenin şənbəsi” olduğunu isə bəlkə heç o savadlı müəllimlər də bilmirdilər. Rəfiqələr bunu bilirdilər və onların bu təhər mənalı-mənalı baxışmağında elə bu məsələnin bəlkə az-çox rolu vardı.
Baxışlarının sehrli fəlsəfəsi
yalnız özlərinə məlum olan rəfiqələr
kitabxanadan birbaşa məktəbə cumdular. Məlum oldu ki,
“iməclik” sözündən xəbərsiz olanların “ən
yekəsi” elə məktəbin qocaman direktoru Dürdanə
müəllimənin şəxsən özüdür. Rəfiqələr
“Lenin şənbəsi” sözlərilə direktoru birtəhər
başa sala bildilər. Ancaq dərs hissə müdirinə
heç bir təzyiq vasitəsi təsir eləmədi. “Kəndin
uçaskovusunun Lenin olmağına hələ çox
qalır, – dedi, – gedin iş tapın özünüzə”.
O gün rəfiqələr kəndin
ayağından vurub, başından çıxdılar.
Qapıları döydülər. Həyətlərə
dürtüldülər. Evlərə soxuldular. Divarların
dalından, hasarların yanından adamları hayladılar,
harayladılar. Di gəl ki, heç yerdən, heç kəsdən
səs çıxmadı. Elə bil kənd
ölmüşdü, camaat qırılıb
qurtarmışdı. Amma əslində belə deyildi.
Güllükənddə, hələ ki, ölüm-itim yox
idi. Adamlar – hərə bir tərəfdə – kimisi zirzəmidə,
kimisi tövlədə, kimisi ayaqyolunda gizlənmişdi.
Çünki camaat bu iki arvadın dilindən hələ bir dəfə
də xoş xəbər eşitməmişdi və onlar hər
dəfə bu təhər fəallaşanda Güllükəndin
başına, gec-tez, bir iş gəlirdi.
Kəndin camaatı artıq
yaxşı bilirdi ki, hökumətdən gələn hər
hansı göstəriş də Şeytan kələyi kimi
bir şeydir və bu kələkdən baş
çıxarmaq, hələ əyyami-qədimdən, bəni-insanın
qüvvəsi xaricindədir. Camaat belə göstərişləri
çarəsiz bəla kimi qəbul eləyirdi və ona
qarşı hər hansı müqavimət göstərməyin
faydasız və mənasız bir iş olduğunu bilirdi.
Hökumətin göstərişinə könüllü qoşulanların adı Şeytanın, bilavasitə, qohum-əqrəbası siyahısında gedirdi. Belələrinin bütün nəsil-nəcabəti də həmin siyahıda, avtomatik olaraq, özünə əbədi yer alırdı və kənddə hamı bilirdi ki, belə adamlarla mütləq ehtiyatlı davranmaq lazımdır. Bu ehtiyatı əldən verənlər, camaatın yekdil rəyinə görə, ağıldan səy adamlar idi. Çünki (elə həmin yekdil rəyə görə) Şeytan ki, bir yerdə peyda oldu, orda öz işini hökmən görəcəkdi. Ağılsa məhz ondan ötrü idi ki, belə yerdə adam öz başını salamat saxlaya bilsin. Bu qədim “başsaxlama” fəlsəfəsinin son nəticədə məhz öz ziyanına olacağını fikirləşməyə xalqın nə vaxtı, nə də həvəsi vardı. Ancaq Şeytan, gözünə döndüyüm, elə ona görə Şeytan idi ki, öz xeyrini fikirləşməyə həmişə vaxt da, həvəs də tapırdı.
Əkrəm ƏYLİSLİ
525-ci qəzet.- 2009.- 7 noyabr.- S.28-29.