Oralarda kimlər var: İRADƏ TUNCAY

 

Xanım əfəndilərin yaşı soruşulmaz.Nədən bilmirəm? Kim və nə vaxt bu sorunu qeyri-təvazökar sayıb bunu da bilmirəm.Amma bu xanım əfəndi bir telefon söhbətimizdə şappadan dedi: bax ha, mənim də filan yaşım tamam olacaq noyabr ayının 8-də.Nə deyə bilərdim.Sözgəlişi dedi və çox sevdiyim,sayğı duyduğum, yazılarından yüksək intellektuallıq öyrəndiyim bu xanım əfəndinin müxtəlif vaxtlarda haqqında yazdığım yazılardan bir dəmət hazırlayıb, oxuculara təqdim etməyi vacib bildim.

 

“VARİSMİ... yoxsa...” yazısından  “Alma” qəzeti

 

Bir dəfə necə oldusa “Ədalət” qəzetinin baş redaktoru,yazıçı Aqil Abbasdan soruşdum: Allah eləməmiş, sənin başına bir iş gəlsə, bu qəzetin fəaliyyətini davam etdirəcək kimsə haqqında düşünmüsənmi? Sual bir az tərs və bəzilərinə görə bir az köntöy olsa da Aqil bəy   bu suala cavab verə bilmədi.Təbii ki,indiki məqamda onu bu qəzetdə əvəz edəcək kimsəni düşünmürdüm və “əvəz edəcək” məsələsində də məni ən çox narahat edən QƏZETİN MADDİ VƏZİYYƏTİ İDİ Kİ,bu yaradıcı kollektivdə bunu eləyəcək kimsə yox idi.Və günün birində Aqil Abbasın xanımı,gözəl publisist-yazıçı İradə Tuncay işsiz qaldığı günlərdə bu qəzetə gəldi və... çox hızlı bir gəlişlə başladı işə. Ən çox da gənc qələm sahiblərinin imzası oxuculara təqdim olundu.Bu gəlişmə məni sevindirdi və mən uzun bir zaman İradə xanımla bu sorğunun üzə çıxmasını gözlədim.

Şübhəsiz, Sizin qəzetin bir yazarı olaraq, mənim bu sorğum birmənalı qarşılanmaz, amma neyləyəsən buna da dözmək olar.Ona görə də suallara cavab verməniz lazım.

Bəzi şeyləri açıqmı danışaq, yoxsa üstü örtülü?

Əslində bəzi şeylərin üstü örtlü qalması mənə də əl verir,ona görə ki cəmiyyətimizin son günlərdəki hadisələri bunu göstərdi.Yazar Aqil Abbasla APA-nın sorğusu millət vəkili Aqil Abbas üçün heç də xoşagəlməz oldu, bəzi təbəqələr üçün. Siz necə düşünürsünüz?

– Abi, mənim mütəvazi personama bu maraq nədən? İndi ki, məndən şikayətlənirsiz (İradə xanım uzun müddət suallarıma cavab vermədi) çoxdan yazdığım cavabları sizə göndərirəm.

Baxır nəyi açıq, nəyi örtülü danışacağıq. Elə şeylər var ki, çox özəldi, o konulara girmək nə sizə, nə də mənə gərək deyil. Heç cəmiyyətə də gərək deyil. Qaldı ki, Aqil Abbasın müsahibəsinə – bəlkə kuluarlarda nəsə, hansısa bir fikir eşitmədim. Nə isə müzakirə edirlər. İş yoldaşlarımı çıxmaq şərtilə, kimsədən bir fikir eşitmədim. Mənim fikrimi soruşursunuzsa, o müsahibəni redaktə edərdim. Amma təbii, mən Aqil Abbasın ağzının sahibi deyiləm və səmimi görünmək naminə səmimi olmağı da qəbul etmirəm.

– Nə işdi bu qəzet işi.Alışa bildinizmi bəzi işləri görmək üçün?

Alışmağa başladım. Mən universiteti bitirəndən sonra Radio və Televiziyada çalışmışam uzun müddət. Düzdür, arada özüm istəmədən fasilələr olub. Radio və Televiziyada saniyələr və dəqiqələrlə ölçülən həcm, qəzetdə çap işarələrinin sayı və səhifələrlə ölçülür. Televiziyanın auditoriyası böyükdü. Xitab edəcəyin kimsələrin sayı çoxdu. Burda səs və görüntü effektlərinin də təsiri böyükdü. Başqa tərəfdən yazılı mətbuat qalıcıdı. Deyək ki, kimsə yazını oxuyub bəyənibsə, ya da bəyənməyibsə, qəzeti kiməsə göstərə bilər, ya da deyə bilər ki, filan tarixli filan qəzeti oxu. Başqa bir fərq görmürəm. İkisinin də məqsədi eyni olmalıdır – informasiya, maarifçilik və əyləncə. Sadəcə bəzən nisbət doğru-düzgün götürülmür. Televiziyalarda çal-çağır həddini aşıb, elə bir görüntü yaradılır ki, sanki məmləkət böyük bir səhnədi. Yaxşı, tutalım səhnədi, səhnədə faciə də oynanılmalıdır axı. Nə isə... Mən işdən qorxan adam deyiləm, qəzet də Kosmik Tədqiqatlar Mərkəzi deyil ki, bilmədiyim bir şey olsun. Öyrənirəm.

- Üzr istəyirəm,mən sizi heç bu qədər erudisiyalı bilməzdim, Siz bir ev sahibi ola-ola hardan zaman tapıb bu qədər ədəbiyyat oxumusunuz və mənim kimi bir oxucunun bilmədiyi çox şeylərdən xəbərdarsınız?

Mən bu sualda bir kişi yekəxanalığı duyuram. Yəni qadınların ağlı o qədər ola bilməz ki, oxuduğunu da anlasın? Qadın-kişi ayrımı nəyə lazım? Sovet hökuməti hər kəsə savadlı olmaq imkanı vermişdi. Kim həmin imkandan istifadə edə bilmədisə bu onun problemidi. Hər yerdə kitab da vardı, kitabxana da. Satılan kitablar da ucuz idi. Bir də ki, mən rus dilini mükəmməl bildiyimdən oxuya biləcəklərimin miqyası böyük idi. Qadınlara niyə belə yuxarıdan baxırsınız ki? Guya kişilərin ağlı aşıb-daşır, savadı fontan vurur, istedadı fışqırır? Çox eqoist yanaşmadı. Elə bu yanaşmadı da milləti geri qoyan. Anası savadsız millətin sabahı çox böyük sualdı. Diplom demirəm, savad deyirəm. Biz qızlarımıza diplom satın alırıq, ancaq savadı haqqında düşünmürük. Mənə gələndə isə oxumaq, öyrənmək yaşam tərzimdi. Hərfləri tanıyandan kitab əlimdən düşməyib. Çoxlarının bəlkə heç adını da eşitmədiyi kitabları mən 15 yaşıma qədər su kimi içmişdim. Əvvəl-əvvəl deyək ki, hər şeyi içimdən keçirə bilmirdim. Amma hər halda məlumatlanırdım. Müxtəlif xalqların həyat tərziylə, tarixiylə tanış olurdum. Sonralar oxuduqlarımın fəlsəfəsinə varırdım, alt qatlarına enirdim. Uşaqlarım körpə olanda təbii ki, vaxt azlığından ancaq gecələr nə isə oxuyurdum. Hər gün nəsə oxumuramsa “ac” qalıram. Gündəlik nəzər saldığım dövrü mətbuatı bura qatmıram. Bu mənim həyat normamdır, yaşam tərzimdir. Təəccüblənməyə səbəb görmürəm.

 

İRADƏ xanım TUNCAY təqdim edir yazısından “525-ci qəzet”

 

...Və məhz çox hörmət etdiyim kinopublisist və SPACE kanalında özünün dəsti-xətti ilə ilə seçilən,çəkimləri və ifadə tərzi ilə diqqəti çəkən kinopublisist İradə xanım Tuncay mənə bir neçə gün qabaq deyəndə ki, bəs şairlər haqqında bir filmim göstəriləcək, ona baxsan yaxşı olar və inanın heç düşünməmişdim ki, onun haqqında yazı yazmaq içimdən keçəcək, baxmayaraq ki, bu yazını da mən o filmin tam ifadəsi olaraq yazmıram.Amma Danüzü kompyuterin arxasına oturan kimi içimdən bir qımıltı keçdi ki, bəs dost sevincini bölmək bir o qədər də pis şey deyil. Hərçənd ki,filmdəki notlar heç də sevinc, xoşbəxtlik fonunda və gözəllik üstündə qurulmamışdı.Bunu da bəri başdan deyim.

...İçində həmişə bir kədər saxlayan,bütün çəkdiklərində siz deyən bir o qədər də optimist olmayan bu xanım əfəndi bu dəfəki filmində də yenə də kədərli yaradıcı işini notlar üstündə qurmuş və daha doğrusu temanın özünün belə deyək, qəhrəmanı da məhz elə bu cür bir taleyin insanı olan BÖYÜK BİR ŞAİR və o şairin dünyasına ekran baxımı kədərli ovqatın dumanında saxlayırdı tamaşaçını.Filmdə o YARADICININ VƏ İNSANIN adının çəkilmədiyini də düşünün, o zaman bəzi məqamların, bəzi şeylərin nədən qurban getdiyini də mən sonradan anlamağa başladım və ya ola bilər mən bunları tuta bilmədim.

Məsələn: bizim bildiyimiz İradə xanım Məmməd Arazın qızı və filmin çox ifadəli kadlarından olan sona doğru çəkilişdə Məmməd Araza yaxınlaşıb gözləri nəmli onu qucaqlaması başqa ölkələrdə necə qarşılanar, bilmirəm, yəni mənim tutduğum bu ki, İradə xanım bu filmdə aparıcı yaradıcıdır və film boyu özü də bir iştirakçı kimi elə ekrandadır və mətni oxuyur.Detallar axıb gedir,mən İradə xanımı bu filmdə bir avtor kimi gördüyümdən Məmməd Arazın qızı olmadan onun boynunu qucaqlıyab nəmli gözlərlə iri plana gəlməsinin mənasına vara bilmədim.Yox, məqamı anlamaq zor deyil, amma başqa bir müəllif, məsələn: Nərgiz xanım Cəlilova çəkdiyi bir qəhrəmanın lap yaxın olmasına baxmayaraq nəmli gözlərlə qucaqlamasını necə yansıdardı ekrana bu mənim üçün maraqlıdır.Bir şey mənə aydın deyil: bəlkə filmin əvvəlində “bu film atam, şair Məmməd Araza” həsr olunur kimi bir titr keçib, mən bunu görmədiyim üçün bu qənatə gəlirəm və həmin ifadəli, çox ifadəli kadrlar həqiqətən insanın içini ağrıdır və İradə xanım da müəlliflərdən biri olaraq bu cür sentimental kadrlardan qaçaraq,bəzən keçmişə qayıdıb tamaşaçını da “aman... gəncliyində nə yaraşıqlı kişi olub” demək məcburiyyətini yaradır və bütün bunları müəlliflər təbii ki, ekrana gətirmək üçün az iş görməmişlər.Və İradə xanımın uzun müddətdən bəri üzərində işlədiyi bu filmdə bir keyfiyyəti də açıqlamaq istəyirəm: nə yaxşı ki, İradə xanım şairlər ordusundan rəylər almamış, dedim-dedi priyomunu rədd etmiş, tam yeni üslubda bir əsər ortaya qoymuşdur ki, mən bunu da filmin uğurlarından sayıram.Trafaretdən qaçmaq kimi dəyərləndirirəm.

 

 YAZAR İRADƏ XANIM TUNCAY NƏDƏN İŞSİZDİR? yazısından  “525-ci qəzet”

 

“525-ci qəzet”in internet variantında yazar İradə xanım Tuncayın növbəti yazısını oxuyub, tez ordan çıxıram və o yazıdan aldığım abi-havanı uda-uda əllərim klavyenin üstündə tələsir və hərfləri dəyişik sala-sala yenə də onun yazısının ovqatında yazıya başlayıram...

...Bilmirəm, nədənsə mən İradə xanım haqqında hər zaman yazı yazmaq istəmişəm, yazmamışam.Elə hər dəfə onun özünə zəng etmişəm, son vaxtlarda yazdığı son dərəcə cürətli yazılarını (bunlara yazı demək bir az insafsızlıqdır,həqiqətən dəyərli bədii publisistika nümunələridir) oxuyuram və çox zaman evinə telefon açıram və bir neçə dəqiqə danışırıq. Hər halda onun haqqında yazı yazmasam da, əlimə imkan keçən kimi onun haqqında yazı sifariş etmişəm: məsələn, “Qobustan” jurnalında bir zamanlar işlərkən onunla çox mənalı bir intervyü keçirdik, son dərəcə maraqlı cavablar verdi və sonra “Mədəniyyət” qəzetində əlimə fürsət düşən kimi redaksiyaya dəvət etdik və çox gözəl bir sorğu alındı, sağ olsun Nemət Veysəlli də heç etiraz etmədi. Nəinki etiraz etdi, hətta bir neçə gün öncə yeni yazısını diqtə eləmək üçün “Azərbaycan” nəşriyyatına gəlib ordan ayrılanda təsadüfən yenə də İradə xanımla üz-üzə gəldik və Nemətə dedim ki,bəs İradə xanım Tuncay idi o xanım.Nemət çox təəssüflə mənə dedi ki,niyə bəs məni tanış eləmədin,ona yazıları üçün təşəkkür edərdim və tanış da olardıq.

İradə xanım xanım-xatun bir xanım əfəndi, son dərəcə çağdaş və son dərəcə layiqli, özündən razı (baxın : bu müştəbehlik deyil, məhz özünə güvənən, özündən razı bir yazar və xanım əfəndi) bir yazar olaraq artıq ömrünün bir çox çətinliklərini arxada qoymuş, istər mənəvi, istərsə də maddi baxımdanradə xanım Tuncay şair Məmməd Arazın qızı, dost-doğma qızı və bu gün Azərbaycan ədəbiyatında adı-sanı olan və bu boyda ölkənin Milli Məclisinin millət Vəkili olan Aqil Abbasın ömür-gün yoldaşı və qələm həmkarı.Bütün bunları bir çoxu bilir və məni də vahiməyə salan budu ki, bu xanım əfəndi artıq uzun bir zamandır ki, İŞSİZDİR!!!!!

Bəli, bəli heç o yanı, bu yanı yoxdur, Məmməd Arazın qızı, gözəl yazar və son dərəcə gözəl televizyon yazarı, İradə Tuncay işsizdir.Son iş yeri SPACE kanalından məcburi ayrıldıqdan sonra uzun bir zamandır ki,işsizdir və məni də dəhşətli dərəcədə qorxudan odur ki,bu ölkədə insanın heç bir şeydən qorunmaq haqqı yoxdur, yəni bu qədər müsibət olarmı ki, İradə xanımın bütün keyfiyyətlərini bir qırağa qoyaq, axı bu adamın son dərəcə gözəl qələmi var və son dərəcə gözəl bir tərbiyəsi var,son dərəcə gözəl bir zövq sahibi, o zaman nədən İRADƏ TUNCAY kimi bir qələm sahibi İŞSİZDİR?

Axı nədən?

Bu cəmiyyətdə, BU MƏMLƏKƏTDƏ içi də mən daxil hər bir şəxsin və lap olsun ali bir yaradıcının günün birində bax beləcə işsiz qalması və unudulması hər an baş verə bilər.Və mən də bir gün işsiz qalsam, kim mənə sahib çıxar və İradə xanımın bütün keyfiyyətləri və onun hörmətini düşünüb daşınanda canımı üşütmə alır: demək insan unudulur və son dərəcə ağılalmaz bir dəhşətlə unudulur.

Təbii ki,İradə xanım yaradıcılığının və ömrünün elə çağını yaşayır ki,18-20 yaşında bir gənc deyil ki,gedib kimlərdənsə intervyü alsın və onların qapısının ağzında oturub saatlarla gözləsin.Onun belə vaxtları da olub.Məmməd Arazın qızı və Aqil Abbasın xanımı olmasına baxmayaraq, onun da belə vaxtları olub, amma indi artıq o elə bir mərhələyə gəlib çıxıb ki, onun qələmindən çıxan hər yazı son dərəcə gərəkli və bugünkü jurnalistikamızda və publisistikamızda öyrədici bir rol oynaya bilər.

İradə xanımın SAKİT MÖVSÜM publisistik yazısından: “Mənə deyirlər ki, yazırsan, ünvan göstərmirsən. Qardaşım, ünvan necə olur? Günahkarın biri mən – yazan, biri sən – oxuyan, biri də heç nə oxumayan. Hərənin öz siyahısı var, kimi istəyir yazsın ora. Mən ünvan bürosu deyiləm. Daha vacib işlərim var. Yaza-yaza mən “Sakit mövsüm” (“Myortvıy sezon”) filmindən iqtibas edərək çəkəcəyimiz “Azdırma” serialı üçün gözəl bir sonluq da fikirləşdim. Özü də israr edirəm ki, rejissorluğunu mütləq və mütləq reytinq cədvəllərini alt-üst eləmiş “Yoxlama” serialının dahi müəllifinə tapşırsınlar”.

Baxın, onun yazıları hirsli və amansız, nə qədər istəsəniz sitat gətirmək mümkündür və bunları düşünən bir xanım əfəndidir bunu da nəzərə alın, bu xanım əfəndi də artıq uzun zamandır işsizdir və mən demirəm ki, ona bir iş verilsə onun qələminin axarı dəyişəcək yox, bu mümkünsüz, amma bu monotonluqda, loru dildə desək, bu qurbağalar gölünün içində bir qulaq oxşayan,iç sevindirən səsin diqqət çəkməsi necədirsə İradə xanımın da yazıları bu cəmiyyət üçün bir ayna və çox sərt görünən bir mənzərədir.Çox heyif, lap çox heyif diqqətdən uzaqda bir vaqeədir...

 

 

Tofiq ABDİN

 

525-ci qəzet.- 2009.- 7 noyabr.- S.27.