İradə
Elə bilirdim onun haqda yazmaq asan olacaq. Asan olmadı. Onunla elə bir vaxtda işbirliyinə başladıq ki, əgər yazılarıma ağız büzsəydi, hansınasa mız qoysaydı, kiçik bir ehtiyatsızlıqla yanaşsaydı, tamamilə sınardım. Əlim hər şeydən üzülmüşdü çünki...
Nə
yazım, necə yazım ki, onu düşündüyümdə
anladığım, hiss elədiyim hər şey bu
kağız parçasına köçürülsün. Biz 10 ilə yaxındır
tanışıq. Böyük şair haqda veriliş çəkməyə
getmişdim. Hamıyla tanış oldum. Hamı
danışdı. Kədərli idi. Şair nə
danışa, nə dinə, nə də hərəkət edə
bilirdi. Şair, böyük şair. Şeirlərini hər
gecə lay-lay kimi özüm özümə oxuyub
yatardım. Poeziyanı onun şeirləri ilə sevdim. Sərbəst
vəzni də.
Hamı danışdı. O isə... Bir neçə il əvvəl onunla müsahibə hazırlamışdım. Belə başlayırdı:
“Gözlərindəki öldürücü kədər o qədər yorğun və tənhadır ki, söz deməkdən, baxış atmaqdan ehtiyat edirsən. Hər an yersiz, ya yöndəmsiz bir kəlmə, hərəkət onu təəssüfləndirə, incidə bilər, deyə düşünməli, qarşısında məsuliyyət daşımalı olursan. Və ona nəyisə anlatmaq üçün danışmağa ehtiyac duymursan. O, elə baxışından anlayır adamı və baxışıyla anlayır. O qədər sərt görünür və əslində o qədər həssasdır ki... Tez-tez nəmlənən gözlərində dünya dərkindən yaranan, içini dəlmə-deşik edən kədəri xarakterindəki qürur, ruhundakı qəhərə qarışıb ömrü boyu gizləməyə çalışar, amma alınmaz, elə üzündə qalar... Tanısan üzündən tanıyarsan onu...”
Ən
ağrılı mövzusu və ən ağrılı yeri
atasıdır. Atasından
söz düşəndə elə bir dəhşətli
ağrı boylanır ki, gözlərindən qorxursan. Nə
mövzunu dəyişə, nə davam etdirə bilirsən.
Aqil müəllim məni keçən yazısında
qabaqladı. Amma olsun. Onun haqda yazıda bunu ötürə
bilmərəm. Məmməd Arazın taleyi onun içində
çox böyük kədər yaradır. O, heç vaxt
ürəkdən gülmür. Hədsiz sevincli olmur. Toylara
getməyi xoşlamır və gedəndə də əl
qaldırıb oynamır. Düzdür, belə olmasını
istəməzdim. İstərdim gülsün, lap ürəkdən
gülsün. Hər sevinc, hər gülüş bizi də ətrafımızı
da müsbət enerji ilə yükləyir. Kədəri
ömrü boyu daşımaq ağırdır. Onsuz da
yaşadığımız ortam elə də rahat deyil. Ancaq
nə etmək olar ki? O, özüylə çox səmimidir.
İnsanların çoxu bir cür görünüb başqa
cür yaşayır. Bir cür düşünüb başqa
cür danışır. O isə necə görünürsə
elə də yaşayır. Nə düşünürsə,
onu da danışır... Onu sevincdən uzaq salan səbəb
təkcə atasının taleyi deyil...
Yazar həyatımda 3 insan dəstəyim oldu. Arxamda
anam, sağ çiynimdə o, sol çiynimdə baş
redaktorumuz Rəşad. “Yaz!” deyirdi hər üçü. Bu
yazıdan əvvəl Rəşad müəllimlə
danışıb onun haqda kimin yazacağını
götür-qoy edirdik. Yubileyidir bu ay. Baş redaktor dedi ki,
ondan deməyə sözüm çoxdur. Amma mənim
yubileyimdə o “5” adlı yazı yazdığı
üçün mən də onun yubileyində yazsam, bir az
evcik-evcik oyununa oxşayacaq. Bir tərəfdən anam da işə
qarışdı: Sən elə qurusan. Ona demək istədiklərini
içində saxlayırsan həmişə. Bu da imkan.
Götür ürəyində nə var yaz. Sonda
hamımız belə qərara gəldik ki, bu işin öhdəsindən
gələcəm. İşə başladım və
gördüm ki, ürəkdə olan hər şeyi də
yazmaq olmur.
Sevdiyin insan haqda nə yazsan, çox şəxsi olacaq. Hardan yanaşsan, yenə ona öz obyektivindən baxacaqsan. Əlbəttə, haqqında başqalarının da bildikləri var.
İstedadlıdır. Elə yazılar yazır ki, hərəsi bir monoqrafiyadır. Adamı ən çox heyrətləndirən onun tarixçi təfəkkürüdür. Hadisələrə onun süzgəcindən keçərək baxmaq olduqca maraqlıdır. Qəribə yaddaşı var. Tarixləri elə xatırlayır, elə bil hamısını özü yaşayıb. Yazarkən təkrar ədəbiyyata baxmır. Televiziyada işlədiyi zamanda dəyərli və gərəkli filmlərin, verilişlərin müəllifi olub. Karyeramızda oxşarlıq çoxdur. O da TV-dən bezib qəzetə çəkilib. Adətən qəzetçilər axırda televizyonçu olurlar. Bizdə tərsinə baş verdi. Hər nə, yazı adamın intimliyini qoruyur. Və istedadını xərcləməyə imkan verir.
Ən çox sevdiyi əsər “Ustad və Marqarita”dır. Ən yaxın dostu oğlu Tuncaydır. Ümumiyyətlə, çox narahat anadır. Amma bu narahatçılığı özü qədər heç kim duymur. Yəni gizləyə də bilir. Hamıdan çox sevdiyi isə balaca nəvəsidir. Hamıyla dil tapır. Hamının dilini bilir. İdarə etdiyi “Ədalət” kollektivində də ən qəliz adamları yola verməyi bacarır. Universitetin jurnalistka fakültəsini bitirib. 10 il işsiz qalıb. Baxmayaraq ki, atası böyük şair Məmməd Araz idi, ona heç yerdə iş tapılmırdı. Baxmayaraq ki, savadı və istedadı vardı, yenə də işsiz qalırdı. Və birtəhərlə düzəldiyi işdə də hər dəfə ixtisar olunanların siyahısında öz adını oxuyurdu.
Çox sevdiyim yazıları olur. Amma feminnizmlə bağlı yazısındakı sonuncu abzas heç yadımdan çıxmır. Deməli Sartr öləndə də Simonanı incitməkdən əl çəkmir. Bütün ömrünü qadın azadlığına, gender probleminə həsr edən feminnizmin banisinə son nəfəsində də – “yalnız sən mənim qabırğamdan yaranmısan” deyib, ölür. Halbuki Simona bütün ömrünü bunun belə olmadığını sübut eləməyə xərcləmişdi.
Feminist deyil. Amma müti və gücsüz qadınlara ürəyi ağrıyır. Kişi idealı Çe Gevaradır. Özündə də kişiyə xas xüsusiyyətlər var. Elə yazılar yazır ki, qəzetlər evdə qalaq-qalaq yığılsa da heç birini atmağa ürək eləmirsən. Amma onları yığıb kitab halına salmır. Bir dəfə soruşdum. Dedim ki, niyə bu yazıları toplayıb kitab eləmirsiz? İş otağındakı kitabları göstərdi: “Hərə bir kitab çap elətdirib qoltuğunda gətirir. Bu gördüyün kitabxana yox, maklaturadır. Ata da bilmirəm. Onlara baxanda kitab çap etdirmək həvəsim ölür”.
Cəmiyyətlə bağlı çox narahatçılıqları var. İdealogiya olmadığını deyir. Çoxumuz kimi xalqı tənqid etsə də, azımız kimi xalqına acıyır. Gənclərlə yaxşı yola gedir. Ağır oturub batman gəzsə də, içində də, çölündə də çox gəncdir. Bütün yaxşı qadınlar kimi daş-qaşı, bər-bəzəyi sevir. Zövqü yaxşıdır. Maraqlı oxucudur. Elə məqamı tuta bilər ki, başqalarının gözündən yayınıb. Mən həqiqət eşitmək istəyəndə ona müraciət edirəm. Hərdən adam dəqiq bildiyi nəyisə yenə də kimdənsə eşitmək istəyir. Amma hər kəs sənə bu həqiqəti deməyə cürət eləmir. Ya da bu hər kəsin görə bildiyi bir həqiqət olmur. O, belə məqamda dadıma çatır.
Ümumiyyətlə, doğruyla yola gedə bilən tək-tük tanıdığım adamlardandır. Yuxularda və ya xəyallarda yaşamır. Hər şeyin rəngi və adı onunçün mövcuddur. Heç nəyə özü ad qoşmur. Bu günlərdə ad günüdür. Deyirlər hər insanın adı onun həyatına və xarakterinə təsir edir. Bu onun haqda deyilmiş kimidir.
Bir gün ona xitabən yazdığım şeirimi oxuyub narahat olmuşdu. Mən də öz aləmimdə yaxşı şeir yazdığımı düşünüb şellənirdim.
...İradə xanım, biz ölənlərlə ölmədik,
Diri qalanları görüb öldük.
Bu məqamda ondan mesaj gəlir. “Sənin ruh halın məni narahat edir”. Doğrudan da həmin dövrdə ruh halım heç də yaxşı deyildi. Hamının şeir kimi oxuduqlarında o məni izləmişdi və axtarıb tapmışdı. Sonra görüşdük. Onu sakitləşdirib dedim ki, narahat olmayın İradə xanım, mən yaxşıyam, bu isə poeziyadır. Üzümə baxıb susdu. Mənə tez-tez “cavanlığıma oxşayırsan” deyir. “Sənə baxanda o vaxtkı özümü xatırlayıram. Amma məni incidən şeylərin səni də incitməsini istəmirəm”. Hər günü ağ vərəq kimi yaşamağı məsləhət görür. Mən də əlləşirəm-əlləşirəm hər gün ağ vərəqə dönmür ki, dönmür.
Yubileyiniz kutlu olsun İradə xanım, biz sizi sevirik!
Hara çevirsəm yenə çox şəxsi yazı alındı. Dedim axı, onun haqda yazını o və mən kontekstindən çıxara bilməyəcəm. Olsun. Bunun nəyi pisdir ki?! İradə Tuncayı yalnız yazar, publisist kimi deyil, dost və insan kimi də azca tanıdız....
Gözlər qəlbin aynası olduğu kimi hər bir yaxşı yazı da – mövzu müxtəlifliyindən asılı olmayaraq – püxtələşmiş yazarın daxili dünyasının dolğun ifadəsidir. Yazıda şəxsiyyətini təcəssüm etdirən səmimiyyəti, gülər üzü, xeyirxah siması, orijinal yazı üslubu və mükəmməl maneraları ilə oxucunun ürəyindən tikan çıxaran, çağdaş Azərbaycan publisistikasının parlaq simalarından olan İradə xanım Tuncay hər bir mətbu orqanın fəxr edə biləcəyi yazar, günün günortasında əldə çıraq axtarılası qələm sahibidir.
İradə xanımın doğum günü bizə bəhanə verdi ki, onun haqqında düşündüklərimizi iki səhifəyə sığışdırıb özünə və oxucularına çatdıraq, gözəl gündə gözəl yazarımıza təşəkkür edək. Bir-birindən maraqlı, taleyüklü, ən əsası insanın duyğularını tərpədən, qəlbini riqqətə gətirən yazılarına görə təşəkkür borcumuzdan çıxaq.
Təşəkkür edirik, İradə xanım! Bu millətə Ezopu bir anlıq da olsa unutdurduğunuza, namuslu sözün keşiyində dayandığınıza, ürəyinizə, qələminizə xəyanət etmədiyinizə, örnək yazar və səmimi insan məhfumunu yazılarınızda uğurla birləşdirdiyinizə və hələ sadalamadığımız çox şeylərə görə Sizə təşəkkür edirik!
Sağ olun, İradə xanım! Tanrıdan Sizə cansağlığı, uzun ömür, bütün cəbhələrdə uğurlar arzulayırıq!
Siz buna layiqsiniz!
“525”in kollektivi
Aysel ƏLİZADƏ
525-ci qəzet.- 2009.- 7 noyabr.- S.26.