“Azərbaycan ürəyimdə bir şah damardır”

 

Gecədir. Axşamdan bəri dayanmadan yağış yağır, hər yer yamyaşdı. Qarşıdan gələn maşınların faralarından püskürən işıq yağış damlaları ilə birlikdə sanki havada rəqs edir. Hamı sakit və yuxuludur. Anar bəy səssizcə qabaqda oturub, xəyallara dalıb, bəlkə də yatır. Avropanın böyük şəhərlərindən olan Brüsseldən Almaniyaya qayıdırıq. Gecə saat 2-dir... Qələbəlik, şeir dolu, həsrət dolu, Azərbaycan və Türkiyə dolu bir gecədən sonra yorğun və duyğuluyuq. Yorulmadan, usanmadan 2000 kilometr uzaqdan, Türkiyədən bura qədər səs bayrağımızı, dilimizi dalğalandırmağa gəliblər. Yadıma bir gün öncə Kölndə keçirdiyimiz toplantı düşür. Nigar Rəfibəylinin şeirinə bəstələnmiş mahnını oxuyan sənətçimiz Əhməd Badaroğlu Anar bəylə mənə baxaraq “Qanımız, canımız, ürəyimiz, dastanımız bir, dilimiz türkülərimiz, laylalarımız, bir, bizi kim ayıra bilər bir-birimizdən?” deyə qışqırır və bütün salondakılar ayağa qalxaraq onu hərarətlə alqışlayırlar. O anda qapqara saçları çiyinlərinə tökülmüş gənc bir qız qaça-qaça səhnədəki kürsünün önünə ipəkdən tikilmiş bir Azərbaycan bayrağı asır. Sonra türk dünyasının ən gözəl şairlərindən olan Yavuz Bülənt Bakilər kürsüyə çıxır və emosional şəkildə Azərbaycandan danışmağa başlayır...

 

Kuşluk vaktine kadar geceler boyu

Savrularak okuduğum yine Şehriyar

Ala ceylanlara benzer

hep Azeri türküler

Dinlediyim tar!

 

Səs dalğa-dalğa salona, salondakı insanların qulaqlarına, ürəklərinə oradan isə dünyanın hər yerinə yayılır... “Dinlədiyim tar”... Yadıma gənc yaşında şəhid edilmiş Mikayıl Müşfiq və onun “Oxu tar” şeiri düşür. “Oxu tar, oxu tar, səni kim unudar!”

Kaş ki, bu gün Müşfiq sağ olaydı. Bütün bunları öz gözləriylə görərdi. Kaş ki, ona “Bax, Müşfiq o zalımlar, o alçaqlar tarixin zibilliyinə qarışıb getdilər, amma nə sənin xalqın, nə də tarın unudulmadı! Avropanın ortasında bu gecə vaxtı göy üzünə axıb gedən səsin içində sənin xalqının səsi, sənin xalqının ürəyi, sənin xalqının dili və sənin tarın var! Boş yerə ölməmisən, mənim ürəyi yaralı şairim!” deyə biləydim!

Qaranlıqların içində yaralı bir ceyranın səsi kimi inildəyən, coşan “Türküstan, Türküstan” kitabının müəllifi Yavuz Bülənt Bakilərin səsi ruhumuzu əsir götürür.

 

Ayrılmaz başımdan

bırakmaz beni artık

Selamsız sabahsız bir efkar

Ve yüreyim bin yıllık

destanlarla tutuşur

Büyüyür Azerbaycan kadar!

 

“Böyüyür Azərbaycan qədər”. “Böyüyür Azərbaycan qədər”... Qarabağla, Təbrizlə böyüyən, inkişaf edən insanları xoşbəxtliyə çatdıran, bayrağını hər yerdə qürurla dalğalandıran bir Azərbaycan xəritəsi açılır önümdə... İnsanlarımız bu xoşbəxtliyi nə zaman görəcəklər, ilahi! Bu qürbət axşamında ürəyim elə alışıb yanır ki, elə dolub ki, sanki tənhayam, sanki bir çöldəyəm, sanki yoxa çıxmışam, sanki yetiməm... O səs məni xəyaldan ayırır, özümə gəlirəm. Ürəyim fərəhlənir.

 

Azerbaycan,

Dedem Korkut şafağı

Mübarek dilimi süt gibi sağar

Bazen rüzgar olur iliklerimde

Bazen yağmur gibi üstüme yağar!

 

Qoy yağsın yağışlar, əssin küləklər. Gecə qaraldıqca qaralsın. Yol uzandıqca uzansın. Gözlərim yorulduqca yorulsun. Nə önəmi var? Qürbət də olsa, yad yer olsa da nə önəmi var? Mən burdayam. Mən yurdumla, dilimlə, şeirlərimlə, duyğularımla burada gecənin bu vaxtında xalqımı düşünürəm. Bu mənə yetər! Gözlərimi açıb, yenə bayıra baxıram.

Almaniya sərhəddinə hələ çox var. Bir yağış yağır ki, tut ucundan göyə çıx. Gözlərim ətrafa baxmaqdan yorulsa da, xoşbəxtəm. Çünki, Yavuz Bülənt Bakilər yaxındadır, çağırsam eşidər. Və bilirəm ki, o da Azərbaycanı, Türküstanı düşünür.

 

Götür beni, Aras, al beni, Hazar

Oğuzu Oğuzdan başka kim anlar?

Yaram derin, merhemim yok,

vaktim dar

Bir destan yazar gibi yaz beni, Anar

Duy beni, Bahtiyar!

Duy beni, Şahmar!

 

Bəxtiyar Vahabzadə, Şahmar Ələkbərzadə onu eşitməsələr də, onların əvəzinə mən və Anar bəy eşidirik və sevinirik.

Brüsselə günorta vaxtı çatmışdıq. Bazar günü idi. Yaraşıqlı rahat yollar tünlük deyildi. Əvvəlcə bir türk restoranına gedib yemək yedik. Hələ restorandaykən Brüsseldə yaşayan iqdırlı qardaşlarımızın salamını almışdıq. Hollandiyada Azərbaycanımızı layiqli şəkildə təmsil edən İlhan Aşkın kimi Belçikada da bayrağımızı dalğalandıran Ayxan Dəmirçi adında bir qardaşımız var. Və illərdir ki, orada Azərbaycanın təbliği ilə bağlı iş görür. O, gələcəyimizi bildiyi üçün bizi qarşılayan Belçika Türk Dərnəkləri Birliyi başqanı Rıfat Can və Əhmət Arıkanla salam göndərmişdi. Axşam isə çıxışların ediləcəyi, şeirlərin oxunacağı salona gəldi və səmimi, isti münasibəti ilə bizi məmnun etdi.

Brüssel gözəl bir şəhərdir. Tarixi abidələri çox yaxşı qorunub. Küçələrində gəzərkən ən çox fransızca danışana rast gəlsək də, başqa dillərdə ünsiyyət quranlar da var idi. Brüssel indi siyasi mənada o qədər də rahat yer deyil. Kral olmasa Belçikanın hər an ikiyə bölünmək təhlükəsi var. Buna baxmayaraq hər yerdə bir sülh, barış havası hakimdir.

Yeməkdən sonra Belçika kralının sarayının önünə gedirik. Sarayın bağçasındakı heykəllərdən başqa mənə təsir edən bir şey görə bilmirəm. Saray böyük olsa da, o qədər də görkəmli deyil. Renessans stilində tikilmiş köhnə böyük bir binadır. Bizimlə gələnlər şəkillər çəkdirirlər.

Oradan Brüsselin simvolu olan Atomimuma gedirik. Parisdəki Eyfel qülləsi qədər yüksəkdir. Atom nüvələrinin simvolu olan dəmirdən hazırlanıb. Atomimumun qarşısında geniş, gözəl bir park salıblar. Hər yer şəkil çəkdirən turistlərlə doludur. Qələbəliyin arasından zorla keçib maşına doğru gedirik. İçimdə yenə həyəcan var. Yenə burada, Avropanın tam ortasında xalqımızın dəyərli bir ağsaqqalı, böyük bir alimi ilə birlikdə yurdumuzun səsini çatdıracağıq.

 

Geçen zaman üstüne,

dökülen kan üstüne,

Kılıç-kalkan üstüne,

Ve ağzı köpüren yeleli atlar üstüne,

Benim bir yeminim var!

Azerbaycan yüreyimde

bir şahdamardır!

 

Vaxt sürətlə ötüb keçir. Daha da həyəcanlanırıq. Salonda bir-birindən maraqlı insanlar var. Belçika parlamentindən iki millət vəkili xanım, türk konsulluğunun bir rəsmisi, iş adamları, dərnək başqanları, jurnalistlər... İllərdən bəridir Avropada “Dəyirman” adlı dərgi çıxaran Cəlil Gündoğdu, tez-tez Azərbaycanla bağlı xəbərlər yayımlayan “Yeni xəbər” qəzetinin sahibi Yusif Cinal da burdadırlar. Bizimlə Azərbaycan haqqında söhbət edirlər. Anar bəy ortada bir Azərbaycan kimidir. Türkiyə ilə Azərbaycan arasında son günlər əsən soyuq küləklərin təsiri və qorxusu buralara qədər gəlib çatıb.

Hər kəs Anar bəylə danışmaq, ona Azərbaycanı necə sevdiyini çatdırmaq istəyir. Mustafa Dükan adlı bir işadamı icazə alaraq səhnəyə çıxır. Və həyəcandan titrəyən səsilə Anar bəyə baxa-baxa Arif Nihat Asiyanın “Bayraq” şeirini söyləyir. İçimdəki həsrət duyğuları selə dönür, gözlərim dolur. Bu həyəcanı hər kəs duymalı, hər kəs bilməlidir deyə düşünürəm. Yenə qulaqlarımda ustad şairimiz Yavuz Bülənt Bakilərin şeirindən misralar səslənir:

 

Ben Yakup gibiyim uzun yıllardır

Onda Yusufumun kokusu vardır

Ve hasreti gönlümde

büyük Türkistan kadardır

Ayettir kitabımda bayrağımda

rüzgardır

Azerbaycan yüreğimde

şahdamardır!

 

Hər kəsin daxilində, gözlərində eyni duyğu var... Azərbaycan ürəyimdə bir şah damardır, bir həsrətdir, bitib-tükənməyən bir ayrılıqdır, dayanmayan göz yaşıdır.

Növbə mənə çatanda səhnəyə çıxıb ürəkləri gözəlliklərlə və yurd sevgisi ilə dolu olan hər kəsə təşəkkür edirəm. Sonra Qarabağa həsr etdiyim şeirimi oxuyuram. Növbə Anar bəyə çatanda hər kəs qalxıb onu alqışlayır. Təbii ki, həm onu, həm də onun şəxsində Dədə Qorqud yurdunu, Azərbaycanımızı alqışlayırlar. Anar bəy duyğulanır və təşəkkür edir. “Mən əslində şair deyiləm, atam və anam şair olub. Mən də şair olsam, bir ailə üçün çox olar deyə, şair olmadım. Amma “Şeir yazmaq bir həvəsdir” adlı bir şeir kitabım var. O kitabdan sizə bir şeir oxumaq istəyirəm”, deyir və şeir oxuyur.

 

Üçrəngli bayrağın qalxdı,

Dirçəldi torpağın qalxdı.

Yolun düzdü, işin haqdı,

Məmləkətim Azərbaycan!

 

Azərbaycan üçün yollara düşmüşük. Yurdumuz, yuvamız həsrətimiz üçün... Hər getdiyimiz yerdə səsimizlə, nəfəsimizlə, şeirlərimizlə, mesajlarımızla bir bayraq qoyub geriyə dönürük. Saat 3-ə yaxınlaşır. Almaniyanın Mülheym şəhərinə çatırıq. Anar bəy, Yavuz Bülənt Bakilər və digər yoldaşlar bir neçə saat istirahətdən sonra Berlinə doğru yola çıxacaqlar. Mən evimə dönəcəyəm. Yoldaşlarla bir-bir sağollaşıram. Ən son Anar bəyə yaxınlaşıram. İkimiz də yorğun və yuxuluyuq. Əlini sıxıram. “Hər kəsə salam deyin. Bütün Azərbaycana...”, deyirəm. Gülümsəyir. “Əleykümsalam”, deyir. Maşınıma doğru irəliləyirəm. Yağış daha şiddətlə yağmağa başlayıb. Saçlarım yamyaşdır. Neynək, qoy olsun!

 

Şimdi Azerbaycanda

mevsim bahardır

Türküleri yine, baştanbaşa efkardır

Düşlerime yağan kardır

Boynu bükük bir diyardır

Yardır!

Ağzı köpüren atlar üstüne

yeminim vardır

Azerbaycan yüreğimde

bir şahdamardır!

 

 

Orxan ARAS

 

525-ci qəzet.- 2009.- 7 noyabr.- S.25.