Açılmayan süfrənin qonağı
Əsgəran-Xocalı yolundan sağa, Şimal-Qərbə üz tutub Kolatağ və Dovşanlı kəndlərinin yaxınlığından ötüb, Saraysuyu və Xaçın çaylarını keçib Vəngdə Qanzasar alban kilsəsinə baş çəkməyi Dağlıq Qarabağa gedən çexiyalı jurnalist dostuma tövsiyə edəndə onun bu çətin yolu qət edəcəyinə və hətta “Boz dağlar qurtaran yer” adlı məqalə yazıb, fotolar çəkib göndərəcəyinə inamım az idi.
Çex
dissidenti, məşhur “Xartiya 77” hərəkatının fəalı,
keçmiş siyasi məhbus, Havel hökumətinin ilk daxili
işlər komendantı, jurnalist, tərcüməçi,
beş uşaq anası Petruşka Şustrova bu yaxınlarda –
Türkiyə, Ermənistan, Azərbaycan münasibətlərində
yeniliklər dolu indiki gərgin bir vaxtda – Dağlıq
Qarabağa səfər etdi. Azərbaycanın qalan hissəsində olmuşdu,
Qarabağı da gördü, Ermənistana da baş çəkdi.
Çox yerləri gəzdi, çox adamlarla
görüşdü, çox süfrələrin
qonağı oldu.
Elə bu yazı da məhz “Qarabağ”, “süfrə”, “bələdiyyə seçkisi” kimi beynimdə əks-səda yaradan sözlərin konqlomerat birləşməsindən yarandı (Lüğətdə yazılıb ki, konqlomerat müxtəlif şeylərin və hissələrin nizamsız yığını, birləşməsi deməkdir. Mənimsə bu sözün taqqıltısından xoşum gəlir).
Sərkisyan üçün açılan şahanə süfrəyə qoyulan Gül qoxuyan yeməklər “süfrə”ni bir mövzu kimi nə qədər maraqlı etsə də, 10 il əvvəl ilk bələdiyyə seçkimizi müşahidə edən xanım Şustrovaya seçki məntəqəsində açılan möhtəşəm süfrəni qətiyyən boyatlaşdırmadı mənim üçün. Günümüzün mövzu süfrəsində “Qarabağ” nə qədər qaynar olsa və məşhur reklamdakı kimi “cənnət həzz etsə” də, “bələdiyyə seçkisi” o qədər soyuq və dadsızdır.
...Vəngdən üzüaşağı Kolatağadək (biz ona Koladayı deyirdik) uzanan yaşıl meşənin Damğanlı kəndilə Turş-su bulağı və onların arasındakı yolun üstündə böyüklərimizin qurduğu çadır alaçıqların əl içi kimi göründüyü yerində “qala” quranda uzaq 75-ci ilin qızmar iyul ayı idi. Biz – bir dəstə uşaq ulu babalarımızın da yaylamağa gəldiyi Koladayı meşələrində ən “strateji” yerin kol-kosunu təmizləyib, torpağından “qala” düzəldəndə, ağac budaqlarından cürbəcür silahlar qayıranda, çəpər çəkib “hərbi” düşərgə salanda, bir gün üzüyoxuşa – Qandzasar kilsəsinə, o biri gün üzüyenişə – nənəmizin çadırına ərzaq dalınca gizli “hərbi yürüşlər” edəndə hələ heç “Rembo” filmi çəkilməmişdi.
“FATEH” SÜFRƏSİ
Kilsəni
bir həmləylə “alırdıq”, amma “saxlaya” bilmirdik. Çünki onun ən
hündür yerinə, vaxtilə zəngi sallanan, bizi
görüb perikən yüzlərlə göyərçinin
yuva qurduğu hissəsinə çıxmaq mümkün
olmurdu. Heç kilsənin yarıqaranlığında ziyarətçılərin
ortası yonulmuş qalın daş sandıqçaya
atdığı qəpikləri də
götürmürdük. Olmazdı. “Qənimətsiz” kilsəyə
maraq tez itirdi və biz yenidən “zəbt” etmək
üçün oranı yenidən “döyüşsüz” tərk
edirdik. Beləcə, ona yiyə durmurduq. Çox sonralar dərk
edəcəkdik ki, tarixi abidələr gözəl qadın,
qiymətli zinət kimidir, sən yiyə durmasan,
başqası mütləq sahib çıxacaq.
Çadıra
girib torbaya ərzaq yığmaq asan idi, çətini
“trofeyi” çadır şəhərciyindən (sonralar
buradakılar başqa bir çadır şəhərciyinin də
sakini oldular) “hərbi” düşərgəyə
daşımaq idi. Bir qayda
olaraq nənənin çadırına hücum olardı,
çünki onun qapısı yiyəsinin qəlbi kimi
açıq və geniş idi. Digər çadırlardan fərqli
olaraq ora “qorunmurdu”. Amma çıxanda bir neçə
çadırın qapısı ağzından və
çoxsaylı güdükçü gəlinlərin
yanından keçmək lazım gəlirdi. Təcrübəli
kəşfiyyatçılar bu işi yaxşı
bacarırlar.
Hərdən Damğanlıya
“sülhməramlı” səfər edirdik. Kənd bizə
döyüşsüz “təslim” olurdu. Tay-tuş erməni
oğlanları bizə nifrət etsələr də, “qalib
ordunun” əsgərlərinə yol verirmiş kimi geri çəkilirdilər.
İçimizin ən böyüyü olan dayıoğlu
Elşənsiz bu kəndə girməzdik. Onlar Elşən
olanda bizdən, biz də Elşən olmayanda onlardan çəkinirdik.
Cibimizə
1-2 manat girən kimi ədəb-ərkanla dükana gedirdik,
özü də hərbi yürüşlərimizdəki
taxta atlarla yox, məftil maşınlarla. İndinin diliylə desək ən
“full” maşın pensilin şüşəsindən düzəldilən
gecə faraları olan idi. Əynimiz-başımızı da
qaydaya salırdıq, axı bulaq başında göz vurub
qaş oynatdığımız erməni qızlarının
kəndinə gəlirdik.
Bütün
bu hərbi yürüş və sülhməramlı səfərlər
bizim düşərgəmizdə böyük bir süfrəylə
nəticələnirdi. Kilsədən
kəndəcən yerləri fəth edənlərin süfrəsi.
Burada nə yox idi? Ləmbəran qarpızından Əsgəran
limonadınacan, soyutma Xocalı kartofundan “Sport” peçenyesi,
“Barbaris”əcən, hərdən lap toyuq qızartmasından
Spanakert (Stepanakert) dondurmasınacan – əsl fateh süfrəsiydi.
ÇÖL SÜFRƏSİ
Şənbə-bazar günləri gur keçirdi. Şəhərdən xeyli qohum-əqrəba, dost-tanış gəlirdi. Hamısı da maşın dolu ərzaqla. Qarpız-yemiş üst-üstə taya qurardı: ehtiras bolluqdan yaranır – az olmayıb üzüaşağı qarpız diyirlətməyimiz. Samovar tüstülənir, ocaq qalanır, manqal közərirdi.
Kənar adam olmayanda bir böyük süfrə, meşəbəyi Şahin kirvə və bu sayaq yad adam gələndə isə üç süfrə açılırdı: kişi, qadın və uşaqlar üçün. Deyirdilər Şahin kirvə bir dəfə meşədə ayı ilə qarşılaşıb və onu öldürüb. Bəlkə də beləydi, bəlkə də uzun illər boyu buraları yaylağa çevirən müsəlman türklərin hər gəlişindən pəjmürdə olan ermənilərin onu çox güclü igid kimi əfsanələşdirmək istəyindən irəli gəlirdi – “Bizim Şahin on kişiyə cavab verər, o, meşədə ayı boğub!”.
Şahin
kirvə süfrəyə əliboş gəlməzdi. İxtiyarında olan
ucsuz-bucaqsız meşədən cürbəcür heyvan,
çaydan torba dolu forel gətirirdi. Əlbəttə,
çuxasından tut arağı da çıxarırdı.
Onun gətirdiyi çay balığını həvəslə
yeyirdim. Çünki biz balıq tuta bilmirdik.
Çarşabı düşəndə
utandığından tumanını başına keçirən
məşhur filmin qəhrəmanı Gülçatay kimiydi
Xaçınçayın balıqları. Su o qədər
duruydu ki, balıqlar bu aydınlıqda eybi
görünürmüş kimi dəli
sıçrayışla ya lilə girib suyu bulandırır,
ya da daşlar arasında gizlənirdilər.
Bir dəfə meşəbəyi Şahin əlik gətirmişdi. Ceyrandan balaca, quzudan bir azca böyük əlik. Özü soydu, özü bişirdi. O gündən ona da, onun kürən atına da, həmişə heyrətlə baxdığım beşatılanına da nifrət etdim. Neçə müddət idi uzaqdan, meşədəki “düşərgəmizdən” hər gün eyni vaxtda, çayın eyni yerində su içməyə gələn bir əliyi seyr edirdim. Qorxaq baxışları, titrək ayaqları vardı. Mənim onunla indiki internet çatlardakı virtual sevgiyə bənzəyən xüsusi münasibətim yaranmışdı. İndi içi atam qarışıq bir dəstə kişi bəlkə də həmin balaca əliyi yeyirdilər. Bu mənim həyatımın ilk “qanlı” süfrəsi oldu. Həmin gecə nənəmin çadırındakı Nikolaydanqalma dəmir çarpayıda gözüyaşlı yuxuya getdim.
Səhər duranda da üz-gözüm nəm idi. Amma bu, göz yaşının nəmi deyildi. Gecə yağış yağmışdı. Mənim üçün alaçığın brezent tavanını döyəcləyən yağış damlalarının çıxardığı səsdən doğma təbiət səsi yoxdur. Bu bir damla yağış suyu çadırın sıx iplərindən keçərək min yerə parçalanıb üzümü islatmışdı. Mənim növbəti qarabağlı xoşbəxt səhərim beləcə açılırdı...
... 35 il
sonra Qarabağsız açılan səhərlərimin
birində isə orada, “boz dağların qurtaran yerində”
dostuma süfrə açılırdı. Mənim olmayan
süfrə...
SEÇKİ SÜFRƏSİ
...1999-cu
ilin 12 dekabrında keçirilən ilk bələdiyyə
seçkisinə qatılan beynəlxalq müşahidəçilərin
arasında Petruşka Şustrova işini hamıdan tez
bitirmişdi. Onunla görüşüb belə qərara gəldik
ki, şəhərin mərkəzində, onların
qaldıqları yerə yaxın məktəbdəki
seçki məntəqəsində müşahidə aparan
gürcü dostlarımızı da götürüb şam
yeməyinə gedək. Yaxadan asılan müşahidəçi
vəsiqəsi heç bir problem olmadan bizə dostlarımızla
görüşməyə imkan yaratdı.
Onlar
işlərini bitirməmişdilər. Ləngiyəsi olduq.
Bizi görən məntəqə sədri yüz ilin dostu kimi
əllərini yana açıb üstümüzə gəldi,
mehribancasına qalşıladı. Salamdan sonra gürcü
dostlarımızdan incik olduğunu dedi, bizim onları dilə
tutmağımızı xahiş etdi. Məlum oldu ki, həm də
məktəb direktoru olan məntəqə sədri
otaqların birində süfrə açıb, amma bu tərs
müşahidəçilər yemək istəmirlər.
Gürcülər
isə bizə izah etdilər ki, məntəqədə
saxtakarlıq olub və komissiya üzvlər hər vəchlə
onların, bir neçə dəqiqəlik də olsa,
otağı tərk etmələrini gözləyir. Komissiya sədri
isə əldən-ayaqdan gedərək bu fikri qətiyyətlə
rədd edir, süfrəni qonaqpərvərlik nümunəsi
kimi açdıqlarını deyirdi. “Klyanus, vse ostıl”.
Uzun minnətdən
sonra belə razılaşdıq ki, hamımız keçirik
süfrə başına, amma gürcülər növbə
ilə yeyəcəklər. Əlbəttə, qərar
komissiya sədrinin xoşuna gəlmədi. Geriyə yol yox idi.
Hamı, biz də, onlar da (məktəb direktoru, “zavuç”,
“zavxoz” və yaşlı müəllimə) süfrəyə
könülsüz yanaşsaq da, yeməyə həvəslə
girişdik.
“Belə
görürəm, əlac bunları kefləndirməyə
qalıb”- gözləri pişik gözü kimi parıldayan
“zavxoz” direktora ilişdi. “Hə, aç süz, görək.
Səhərdən bir loxma da yeməmişəm. Sən bu
gömbulu kefləndirə bilərsən... Pivə
boçkasına oxşayır” – bunu da direktor dedi.
“Zavuç”un qımışaraq “Özü də çex pivəsinə”
əlavəsi qonaqlarda söhbətin çex pivəsinin əsrarəngizliyindən
getdiyi təəssüratı yaratdı.
İki araq
şüşəsi boşalandan sonra gürcü
müşahidəçisi növbə dəyişikliyi
üçün seçki qutuları olan “strateji” otağa
keçdi. Direktorun qanı yenə qaralmışdı; məclisə
ayıq adam gəlirdi. Dəqiqələr keçir,
sağlıqlar bir-birini əvəzləyirdi. Rus dilində
başlayan təriflər Azərbaycan dilində təhqirlərlə
davam edirdi. “Mi brati, dolqo i şastlivo jili vmeste. Za nas. İt
uşağı, it, öldüm axı, ta getmir. Sizin ...”
Dalını
gətirə bilmədi, üz-gözünü büzüb
başını silkələdi. Turşu xiyar onun da, elə
bizim də dadımıza çatdı, söyüşün
dalı gəlmədi. “Bu alçaqdan gözüm su
içmir, özü də heç içmir deyəsən.
Mən ölüm buna bax, elə bil nemesdir. Qəfil
çönmə, başa düşər”- direktor
“zavuç”a dedi. Üzünü mənə tutaraq davam etdi:
“Qospaja Petruxa xanım tvoy tetka?” Açıq məzələnməyə
keçmişdi. “A çto poxoj?” dedim. “Oçen”. Onlar məni
də çex bilib hamımızla dilxoşluq edirdilər,
direktorun kefi tamam açılmışdı.
Məclisin
şirin yerində “zavxoz” arağın
qurtardığını bildirdi: “Gedim alım?” “Yox,
konyakı, çaxırı aç. Qoy
qarışdırsınlar, bəlkə belə keflənələr”.
“Zavxoz” badələrə konyak süzərək dodaqaltı
mızıldanırdı: “Onlar yox ey, deyəsən, biz keflənəcəyik.
Bunların qarnını doyurmaq olar?”
Nəhayət,
o, badəni götürüb çex xalqının qəhrəmanlığından,
68-ci ildə əsgərliyinin Çexoslovakiyada keçməsindən,
orada vurulduğu çex qızından uzun-uzadı
danışırdı ki, Petruşka qəzəblə dilləndi:
“Sən işğalçı olmusan, özün də bununla
fəxr edirsən. Amma həmin il məni tutub işgəncə
vermişdilər, uzun müddətə həbsə
atmışdılar” deyərək sovet ordusunun 1968-ci ildə
Praqa üsyanını vəhşicəsinə
yatırmasına işarə vurdu.
Məclis
sükuta qərq oldu. “Zavxoz” işləri
korlamışdı. Direktor işçilərini otaqdan
çıxarıb ikinci gürcünü “tovlayıb” gətirməyə
yollamaqla vəziyyəti düzəltməyə
çalışdı.
Daha mən
də hövsələdən çıxmışdım. Qədəhi
götürüb ayağa qalxdım. Rusca minnətdarlıq
çıxışından sonra öz dilimizə
keçdim. Heç bir təhqirə cavab vermədim. Sadəcə,
ziyalılarımızın belə davranışından təəssüfləndiyimi
dedim.
Mənim azərbaycanlı
olduğumu bilən direktor əvvəlcə başını
iki əlinin arasına aldı. Sonra əllər
qeyri-ixtiyarı yanına düşdü, qaşlar yuxarıya
qalxıb qırışlara tay oldu. Gözlər yerindən
çıxıb üstümə tullandı.
Qıpqırmızı sifətdən keçi əmcəyi
xəcalət təri axdı. “Sən azərbaycanlısan?” –
o, ayılmışdı. “Yox, nemesəm!” dedim.
Burada
baş verənləri, əlbəttə ki, qonaqlara
danışmadım. Amma mənim sözümdən sonra
komissiya sədrinin və digərlərinin pərtliyi
açıq-aydın görünürdü. Ayağa
qalxıb gürcülərə “Xvatit, poşli”, dedim. Daha
işimizin heç bir əhəmiyyəti
qalmamışdı. Beləcə, erməni Şahinin
“qanlı” süfrəsi kimi buranı da qanıqara tərk
etdim...
...Xanım
Şustrovaya, hələ açılmayan süfrəmin
qonağına Qarabağda üç süfrə açmaq
istəyirəm: FATEH süfrəsi, ÇÖL süfrəsi
və SEÇKİ süfrəsi.
Buyurun, siz də süfrəmə, dostlar! “Yeməkdənsə ümid yaxşıdır”.
Vahid QAZİ
525-ci qəzet.- 2009.- 7 noyabr.- S.24.