Ankarada Anarın
yeni kitabının təqdimatı olub
Türkiyənin “Bənqu” nəşriyyatı
xalq yazıçısı
Anarın “Kerem gibi” (Nazım Hikmətin həyatı və sənəti haqqında düşüncələr)
kitabını çap
edib. 1000 tirajla nəşr
olunmuş 340 səhifəlik
kitabın 260 səhifəsi
“Giriş”dən və iki hissədən
ibarət mətndir. Qalan səhifələrdə
Nazım Hikmətin indiyəcən Türkiyədə
çap olunmamış
məqalələri verilib.
Bu yazılar sırasında böyük şairin Əkbər Babayevlə öz həyatı və yaradıcılığı
haqqında geniş söhbəti, habelə Azərbaycanla bağlı
“Xalqın malı olan sənət”, “Azərbaycan mədəniyyəti
haqqında düşüncələr”,
“Dostluq toplantısı”,
“Dostum Rəsul Rza”, “Aydındır şeirin dili”, “İkinci nəfəs” başlıqlı məqalələri
yer alıb.
Kitabda həmçinin
Azərbaycan şairlərindən
Mikayıl Rəfilinin,
Əli Nazimin, Səməd Vurğunun, Süleyman Rüstəmin,
Rəsul Rzanın, Mirvarid Dilbazinin, Nigar Rəfibəylinin, Bəxtiyar Vahabzadənin, Qabilin, Xəlil Rza Ulutürkün, Məmməd Arazın, Fikrət Sadıqın, Fikrət Qocanın, Vaqif Səmədoğlunun, Tofiq
Məliklinin, Nüsrət
Kəsəmənlinin, Sabir
Rüstəmxanlının, Ramiz Rövşənin Nazım Hikmətə ithaf olunmuş şeirləri dərc edilib.
Kitabın sonunda Anarın Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğana Nazım Hikmətə Türkiyə
vətəndaşlığının qaytarılması münasibətilə
təşəkkür məktubu
və “Zəfərin mübarək, Nazım” yazısı verilib.
Nazım Hikmətin Azərbaycanın ədəbiyyat, elm və sənət adamlarıyla çəkilmiş 50 fotoşəkliylə tamamlanan kitab Avrasiya Yazarlar Birliyinin təşəbbüsüylə nəşr olunub.
Mətni Türkiyə
türkcəsinə uyğunlaşdıran
İmdat Afşar kitaba önsöz yazıb. Kitabın redaktorları Fəthi Gədikli, Qonuralp İren, Murat Sözərdir.
Noyabrın 2-də Ankarada Sərgilər və Konqreslər Mərkəzində kitabın
təqdimat mərasimi
keçirilib. Mərasimdə
yazıçılar, elm
və siyasət adamları, çox sayda jurnalistlər iştirak ediblər. Avrasiya Yazarlar Birliyi başqanı Yaqub Dəliöməroğlu
və Anar çıxış edib,
müxbirlərin suallarına
cavab veriblər. Xüsusi qeyd olunub ki, vaxtilə
Nazım Hikmətin ilk kitabı Türkiyədən öncə
Azərbaycanda nəşr
olunduğu kimi, Anarın da böyük şairə həsr olunmuş bu əsəri Azərbaycandan əvvəl
Türkiyədə işıq
üzü görüb.
TRT-İNT və AVAZ televiziya kanallarında Anarla qırx dəqiqəlik söhbət efirə verilib. Yazıçı TRT-1, Kanal D və başqa kanallara, habelə “Hürriyət”, “Milliyət”, “Cümhuriyət”, “Zaman”, “Yeni Şəfəq” qəzetlərinə, “Qardaş qələmlər” və bir sıra başqa dərgilərə geniş müsahibələr verib.
“Hürriyət” qəzeti “Tanımadığın Hikmət” başlığını manşet kimi birinci səhifədə dərc edib. Yazıda deyilir: “Hayattaykən Nazımla tanışma və görüşmə imkanı bulan nadir düşüncə və ədəbiyyat adamlarından Anarın kendisinə aid və ya eşitdiyi tanıklıqlarla zənginləşdirdiyi “Kerem gibi” adlı kitabının tanıtımı olacaq. Ünlü yazar Anar qonaqlara həm kitabı haqqında bilgi verəcək, həm də soruları cavablandıracaqdır”.
“Olay” qəzeti də “Türk sağı Nazım Hikmeti kəşf etdi” başlığını manşetə çıxararaq birinci və səkkizinci səhifələrində Dursun Erkılıcın böyük yazısını verib. Yazıda deyilir:
“Yazımın başlığını “Türk sağı Nazım Hikmeti kəşf etdi” deyə adlandırmağımın səbəbi dəvət yazısına bağlıdır. Avrasiya Yazarlar Birliyi bizləri oraya çağırarkən “Tanımadığımız Nazım Hikmət ilə tanışmaya dəvətlisiniz” – deyir.
Gerçəkdən də öylə. Ən azı Necip Fazıl Kısakürək
qədər, ən azı Atilla İlhan qədər Nazım Hikməti də oxumuş biri olaraq biliyorum
ki, türk sağı Nazım Hikməti tanımıyor.
“Kerem gibi”
adlı kitabın Türkiyədə yayınlanmasına
vəsilə olan və bu axşamkı
çox önəmsədiyim
buluşmanı gerçəkləşdirən
bəzi dotslarla söhbətimizdə böyük
bir cəsarətlə
dilə gətirilən
“Nazımi Hikmət bizə yanlış anladılmış” gerçəyi
bu kitab ilə yıxılıb, yerinə “Nazım gerçəyi” oturacaq”.
Bu sözlərdən
sonra Dursun Erkılıc kitabda Anarın yazdığı
girişdən bir parçanı nümunə
gətirir:
“Nazımın ölməz
yaradıcılıq mirası,
yalnız onun dünyagörüşünü paylaşanların deyil, bütün türk xalqınındır – sağçısıyla,
solçusuyla və nə sağçı, nə solçu olmayan böyük çoğunluğuyla... Onun mirası öncə bütün türk dünyasınındır,
sonra bütün insanlığın. “Türk
dünyası” ifadəsinə
əminəm bəzi solçular bir az ürkərək, şübhə və əndişəylə yanaşacaqdır.
Bəzi sağçılar
isə Nazımı bu dünyaya qəbul etmək belə istəməzlər.
Bunlar əbəs cəhdlərdir. Dədə
Qorqudsuz, Yunus Əmrəsiz, Nəvaisiz,
Füzulisiz bir türk dünyası olmayacağı kimi, Nazım Hikmətsiz də bir türk
dünyası olamaz...
O illərdə Nazım
Türkiyədə bir
çoxları üçün
“Moskvanın adamı”,
“Türk düşmanı”
idisə, azərbaycanlılar
üçün Türkiyənin,
Türklüyün, Türk
dilinin simvoluydu. Nazımı
bitib tükənməyən
alqışlara qərq
edən Bakı salonlarındakı dinləyicilər
onun şəxsində
bir kommunist propoqandaçısını deyil,
bizə uzun illər həsrətini çəkdiyimiz Türkiyənin
qoxusunu, ruhunu gətirən, canımız
qədər yaxın olan Türk dilində qonuşan, ölümsüz şeirlərini türkcə
oxuyan – həm də möhtəşəm
oxuyan – bir türk şairini alqışlayırdı”.
Dursun Erkılıc davam edir:
“Yaqub Dəlioöməroğlu başkanlığında önəmli fəaliyyətlə diqqət çəkən Avrasiya Yazarlar Birliyi ilə, Türkiyəni və Türkcə sevdalıları qucaqlaşdıracaq böyləsinə önəmli bir kitaba imza atan Azərbaycan Yazıçılar Birliyi başqanı Anarı ürəkdən qutlamaq gərəkiyor. Qələmlərinə, ürəklərinə, əməklərinə sağlıq”.
525-ci qəzet.- 2009.- 7 noyabr.- S.23.