Vaqif Bayatlı Ödər haqqında kitab nəşr
olunub
Bugünlərdə “Elm
və Təhsil” nəşriyyatında Mübariz Məsimoğlunun
şair Vaqif Bayatlı Odərin həyatı,
yaradıcılığı, şəxsiyyəti, fəlsəfi
fikir sisteminə aid kitabı işıq üzü
görüb. Professor Nizami Cəfərovun elmi redaktorluğu ilə
çap olunan “Vaqif Bayatlı Odər” adlı kitabda şairin
yaradıcılığı timsalında əsl sənətin
qayəsi barədə mülahizələr və fikirlər
öz əksini tapıb. Yeddi bölmədə təqdim olunan
düşüncələrdə şair “Tanrı tərəfindən
yer üzünə endirilən gül adamlardan biri” kimi səciyyələndirilib:
“Vaqif Bayatlı Odər sözün həqiqi mənasında hər
şeyi dəli bir eşqlə sevir, dəli bir eşqlə
sevdirir. Vaqif Bayatlı Odərin əxlaqı sevməkdə Məcnun,
sevdirməkdə Vaqif Bayatlı Odər əxlaqıdır. O,
Məcnun kimi ayağa enib sevir, Vaqif kimi həmin enmə məqamının
yüksəlişinə istinad edib sevdirir”. Müəllifə
görə, “Vaqif Bayatlı Odər cismən bizim
aramızdadır. Onun ruhu çoxdan göyüzündə
dolaşır. Yaxşı ki, bu dünyada Vaqif Bayatlı Odər
sözü var, yoxsa dünya daha da qaranlıq olardı...”
Kitabdakı fikirlər
“Göy adamının yer həyatı”, “Bu Qaf dağı kimə
bənzər”, “Üzünə ay işığı
düşən şair”, “Yupyumru bir eşq ilə”, “Forma
genişliyində təzahür edən məna ənginliyi”,
“Yerüzünün bu başından göyüzünün o
başına gedilən yol”, “Son sözə qədərki
söz” bölümlərində təqdim olunub.
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet.- 2009.- 7 noyabr.- S.23.