Oxuya bilmədiyim
kitab və Sabir Rüstəmxanlı sehri
Adətimdir. Hər axşam bilgisayardan yorulub televizor önünə keçəndə
mütləq yanımda
bir kitabım da olur. Bir
qayda olaraq maraqsız və bəzən də cansıxıcı verilişlər
zamanı bunu fürsət bilib yanımda tutduğum kitabı oxuyur, yaxud da sadəcə
vərəqləyirəm. Bu,
mənim uşaqlıqdan
vərdiş elədiyim
bir yaşam tərzidir. Düzdür, mən lap balaca
olanda evimizdə televizor yox idi.
Ancaq o zamanın
da başqa məşğuliyyətləri olurdu və həmin məşğuliyyətlərdən
sivişib kitab oxumaqdan heç özümü saxlaya bilməzdim. Hətta kəndimizin qapısı
qıfıllı, toz
basmış kitabxanasının
da, demək olar ki, tək
bir oxucusu mən olurdum. Üstəlik hər dəfə gedib kitabxanaçı Lətif
dayını (Tanrı
o dünyasını versin) haylayıb kitabxananı açmasını
istədiyimdə səsim
bütün məhəlləyə düşərdi.
Kəndimizin adamları da
bunu bir-birinə söyləyərək
bəzən də “oxuyub alim olacaqmış”
deyə fikirlər səsləndirərdilər. Əlbəttə
ki, illər uzunu həftədə bir neçə dəfə gedib uca səslə hansısa məhəllədə
kimisə uzun-uzadı səslərsənsə,
olacağı budur.
Ancaq sözüm onda deyil. Demək
istədiyim odur ki, məni heç
bir başqa maraq kitaba olan
sevgidən, bağlılıqdan
heç bir zaman ayıra bilməyib. Hətta həmin qayğısız
uşaqlığımdan on
illər keçməsinə,
müasir texnologiyaların
həyatımıza daxil
olmasına, üstəlik
mənim də yeni dövrün texnologiyalarına çevik
bir şəkildə yiyələnməyimə baxmayaraq,
yenə də kitabdan aldığım həzzi heç nədən ala bilmirəm. Hər an arzu edirəm ki, heç olmasa bir az boş
vaxtım olsun, oturub hansısa romanı oxuyum, tarix kitablarını vərəqləyim, dinlər
haqqında, millətlərarası
münasibətlər barədə,
miflər, dastanlar, bilməm daha nələr, nələr haqqında nələrisə,
özü də yeni şeyləri öyrənim. Hər kitab mənimçün bir tapıntı olur. Və bu
tapıntı məni
yeni tapıntılara doğru çəkir. Axtarıram. Həvəslə,
yılmadan, usanmadan. Lap elə otuz
il, otuz beş il öncə
olduğu kimi. Axı heç bir şey məni
kitaba olan sevgimdən, marağımdan
ayıra bilməz. Bilməzdi əslində...
Bu dəfə
ayırdı. Hər zamankı kimi kitabımı əlimə
alıb divanda yerimi rahatlamışdım.
Özü də bu dəfə həmişəkindən bir
qədər tez televizor önünə keçmişdim. İnternet
xidmətlərindən istifadə
etdiyim “Bakinter.net”in adətincə
keyfiyyətsiz olan xidməti bu dəfə də mənə xəyanət etmişdi. Bağlantım kəsilmişdi.
Heç nədən.
Durub durduğum yerdə. Həmişə
olduğu kimi, Nizami Telefon Qovşağında telefon
zənglərinə cavab
verəcək bir nəfər də yox idi. Başqa
bir yerə zəng edəndə isə sadəcə səhərin açılmasını
gözləməyimi məsləhət
bildilər. Həmişəki
kimi...
Nə isə.
Dediyim kimi, bu dəfə bir məsələ məni sevimli kitabımdan ayıra bildi. Özü də elə bir kitabdan ki,
bəlkə də mən onu oxumaq
üçün bir neçə günlüyə
televizorun, hətta insanların belə olmadığı kimsəsiz
səhraya, dağ başına, dərin meşəyə çəkilməyə
hazır olardım. Ancaq bunun qarşısını
alacaq bir şey də varmış, demək...
İctimai Televiziyada Sabir Rüstəmxanlının yaradıcılıq
gecəsi yayımlanırdı.
Özü də canlı olaraq. Təkcə bu ad mənim üçün
yetərli idi ki, ekrana diqqət
kəsilim. Əlimdəki
kitabı bir yana qoydum. Gözümü
ekrana dikdim. Sabir bəy danışırdı. Elə
bil mənim ruhumdan süzülüb gələn dərdləri,
ələmləri dilə
gətirirdi. Ana dilimiz, Vətən,
millət, Türk dünyası, bütöv
Azərbaycan, Güney
dərdimiz, Şəhriyar,
Xəlil Rza, daha nələr, kimlər haqqında danışılmadı bu
verilişdə. Özü
də mənim ikinci yarısına baxa bildiyim verilişdə.
Bir qayda olaraq TV proqramlarını
öncədən izləmədiyim üçün
bu günə düşmüşdüm. Açığı,
bilsəydim, heç bu cür təəssüf
doğuracaq durum yaranmazdı.
Sabir bəy
danışırdı. Cavad
xandan da danışdı. Bir Azərbaycan kişisi, bir millət fədaisi, bir dirəniş simgəsi olan Cavad xandan.
Üstəlik onun haqqında çəkilən
filmdən də danışıldı. Çox
dəyər verdiyim aktyor, Cavad xan
rolunun ifaçısı
Nurəddin Mehdixanlı
da bu verilişin
ruhuna ruh qatdı. Aşıq Ədalət Dəlidağlının ifası
isə hər nəyə desən dəyərdi...
Verilişə həvəslə
baxdım. Bir anlıq özümü xoşbəxt hiss elədim. Elə bil Azərbaycan birləşdi, bütövləşdi.
Türk dünyasının
umu-küsüləri
unuduldu. Altaylardan Balkanlara, Qazandan Təbrizə yollar açıldı. Dilimiz bu coğrafiyada axdı, axdı, insanların ruhuna doldu. Elə bil bizə zorla
sırınan rus soyadlarından qurtulduq. Elə bil hələ də uşaqlarını
rus məktəblərində
oxutmağa üstünlük
verən manqurt həmvətənlərimiz özlərinə
döndü. Elə bil küçələrdəki
yad dillərdə olan reklam lövhələri
bir anın içində ana dilimizə tərcümə
edildi. Elə bil... elə bil... elə bil hər şey
dəyişdi. Qoy elə bir anlığa
olsun. Ancaq dəyişdi. Özümü
xəyalını qurduğum
Azərbaycanda təsəvvür
etdim. Bir anlığa da olsun unutdum indiki
halımızı, acı
gerçəkləri. Ruhum çağladı.
Hələ Sovet dönəmində kəndə
gəlib rusca, özü də alayarımçıq rusca
danışanları rəhmətlik
Anamın, böyüklərimizin
“gavur” adlandırması
yadıma düşdü.
Hələ yetmişinci,
səksəninci illər
olardı. Hələ
onda biz milli kimliyimizi heç dərk eləmirdik. Qırmızı
rus-sovet imperiyasının
manqurt təbəələri
idik. Ermənilər əziz, ruslar da böyük qardaşlarımız idi.
Yatırdıq, hər
şeydən xəbərsiz.
Ancaq bəzən böyüklərimizin rusca
danışanları “gavur”
adlandırması bizi
silkələyirdi, çalxalayırdı,
titrədib kim olduğumuzu xatırladırdı...
Hələ indikindən
də təmtəraqlı
keçən Novruz bayramlarımızı demirəm.
Necə də xoş idi. Necə
də bizim idi, özümüzün...
Vur-tut yarısına baxdığım
bir verilişdə Sabir Rüstəmxanlı bütün bunları mənə xatırlatdı.
Nə desəm, azdır. Yenə də olsun. Sabir bəyə təşəkkür etsəmmi?
Heç gərək yox. Çünki o bunu istəməz.
Çünki onun kimi adamlar millətə
minnətsiz xidmət edərlər. Çünki
bu cür adamlar millətin ruhunu yaşatmaq, özündə daşımaq
üçün dünyaya
gəlirlər. Yaşayırlar,
yaradırlar və... ölmürlər! Sabir Rüstəmxanlı kimi adamlar heç zaman ölmürlər! Çünki bu insanlar millətin ruhunun özüdür. Ruhun özü isə heç zaman ölmür!
Hə, oxuya bilmədiyim kitabdan söz etmişdim. Oxuyacam o kitabı.
Ancaq gecə yarını ötdükdən
sonra. Yazdığım
yazının nöqtəsini
qoyandan sonra. Özü də bu verilişi bizə bəxş edən İTV-yə və verilişin aparıcısı Yusif Günaydına təşəkkür
etdikdən sonra. Bəlkə də bir təşəkkür yaramaz xidmətləri ilə əsəblərimi
korlamış “Bakinter.net”ə düşür? Nə bilim? Hər yaramazlıqda da bir xeyir var,
deyirlər...
Azər HƏSRƏT
525-ci qəzet.- 2009.- 7 noyabr.- S.22.