Bir dəstə
qızılgül
Səhv etmirəmsə,
1965-ci ilin yayı idi. 10 yaşım vardı onda. “ZİL” markalı yük maşınında bazardan
– mən anamla getmişdim – qayıdırdıq.
Aydınlıq üçün
deyim ki, biz – İsmayıllının Göyçaya
yaxın olan Mollaisaqlı və Hacıhətəmli kəndlərinin
camaatı bazarlığa
Göyçay rayon mərkəzinə
gedərdik. Təsəvvür
edin: yayın dözülməz istisi, qoca, cavan, qadın,
kişi, uşaq, dolu torbalar, setkalar, bir sözlə,
maşında iynə
atsan, yerə düşməzdi. Hər
dikdirə dirənəndə
ağır “ZİL”in
sürəti yavaşıyırdı
və hamı çala-çökək torpaq
yoldan qalxan qalın toz dumanına bürünürdi.
Düzü, bu toz-duman heç kimin gözündə deyildi, hamının fikri elədiyi bazarlıqda idi. Onda hər kəndin
ayrıca bazar maşını vardı.
Bu maşınlar hər
həftənin sonuncu günü səhərin alaqaranlığında dolu
adamla bazara yola düşər, günorta – muğamat konserti başlayar-başlamaz,
kəndimizin qarşısındakı
dikdirdən enən kənd yolunda görünərdilər. Həmin
gün Hacıhətəmlidən
– yəqin öz maşınlarına gecikmişdilər
– 2-3 nəfər də
bizim maşına minmişdi. Onlardan biri yaşca balaca idi. Təxminən
məndən bir-iki yaş böyük görünən bu oğlan əlində bir dəstə qızılgül tutmuşdu.
Bir əli ilə maşının arxa “bort”undan bərk-bərk yapışan
bu çəlimsiz və ağbəniz oğlan bir an belə gözünü qızılgüllərdən çəkmirdi.
Hər çala-çuxura
düşəndə az
qala hamının bir-birinə qarışdığı
maşında bu gülləri əldə salamat saxlamaq çox müşkül məsələ idi. Kartof, soğan, pomidor, yemiş və bu qəbil
yüklərin, həmçinin
tərli, tozlu, yorğun sifətlərin fonunda bu zərif
qızılgül dəstəsi
qəribliyə düşən
adam təsiri bağışlayırdı.
Bizim kəndlərdə qızılgül mayın
sonu, iyunun əvvəlləri ömrünü
başa vurur. Elə Göyçayda
da yayın bu qızmarında qızılgül tapmaq o qədər də asan deyildi.
Bir də ki, iş-gücdən
– ot çalımından,
əkin-biçindən,
qışa odun, şax tədarükündən
və bu sıradan olan çeşid-çeşid qayğılardan
başı açılmayan
kənd adamının
gözündə qızılgülün
elə bir dəyəri yox idi. Hər halda
o vaxt mən
belə düşünürdüm
– yalan danışa bilmərəm. Uzağı
təkəm-seyrək
hallarda qızılgüldən
mürəbbə bişirər,
ya da ondan
gül suyu çəkərdilər... Düzü,
mənə də qəribə gəlirdi: durub Göyçaya bazara gedəsən, kəndə qızılgül
alıb aparasan. Gözlərindən mehribanlıq
yağan bu oğlanın yaşlı
həmkəndlilərindən biri, sanki fikrimi
oxudu.
– A bala, qızılgülü neynirsən?
– Anamın ad günüdür, ona aparıram.
O vaxtlar biz tərəflərdə “ad günü” anlayışı yox idi. Hər halda mənim üçün mövcud deyildi. Mən ilk dəfə idi ki, belə söz eşidirdim. Hacıhətəmlidən olan bu oğlanın cingiltili səslə və bir az da fəxrlə dediyi bu sözlərdən sonra hamı diqqətlə onun üzünə baxdı. Sanki maşındakılar onu təzəcə görürdülər. Həmkəndlisinin səsindəki rişxəndi oğlan göydə tutmuşdu. Elə onun şax cavabı, səsindəki ötkəmlik də yəqin ki, daha çox bu məqamla bağlı idi. Həmin an da ağ rəngli, azca qırmızıya çalan qızılgül dəstəsini əlində bərk-bərk sıxan bu ağbəniz oğlana ürəyimdə bir hörmət hissi baş qaldırdı. Fikirləşəndə ki, bu oğlan bizim kənddə maşından düşəcək, günortanın bu bürküsündə hələ üzüyuxarı – öz kəndlərinə qədər iki kilometrlik yolu piyada gedəcək və evlərinə kimi bu qızılgül dəstəsini eləcə əlində əzilməsin deyə, ehtiyatla tutub aparacaq... gözümdə daha da ucaldı. Hətta ürəyimdə onunla dost olmaq arzusu baş qaldırdı. Bazarın bahalığından, yolun narahatlığından, uşaqlarının dəymə-düşərliyindən... gileylənən maşın əhlinin səsi birdən kəsildi, daha doğrusu, hamı oğlanın cavabından, elə bil alındı. Eşidilən təkcə maşının tüstülü uğultusu idi. Hamını oğlanın kimliyi maraqlandırırdı. Birdən Hacıhətəmlidən olan yaşlı kişinin səsi uğultuya qarışdı: “Buxaltır Hümbət kişinin oğludur”... Ancaq bizim kəndin adamları, daha çox da qadınları bu kasad məlumatla kifayətlənmək istəmirdilər. Qadınların üstünə yağdırdıqları “Adın necədir?”, “A bala, anavın adı nədir?”, “Neçəncidə oxuyursan?” kimi suallara bu çəlimsiz oğlan çox həvəssiz, necə deyərlər, ətini yeyə-yeyə cavab verirdi. Cavablarından bildim ki, 6-cı sinifdə oxuyan bu oğlanın adı Aydın, ad gününə qızılgül apardığı anasının adı isə Züleyxadır... Bununla da Aydın adlı bu oğlan müzakirə mövzusuna çevrildi. Yaxınlıqdakı qadınlardan kimsə pıçıltı ilə “bəxtəvər elə ananın başına” söylədi. Bu qadının səsindəki qibtə hissini maşındakıların hamısının gözündə görmək olardı...
Doğrudan da, illər keçəcək, Aydın böyüyəcək, universitet bitirəcək, Minskdə dissertasiya müdafiə edib alimlik dərəcəsi alacaq, kitabları çap olunacaq, ziyalılar aləmində böyük nüfuz qazanacaq. Aydının adı daha çox ötən əsrin 80-ci illərinin sonunda məşhurlaşacaq. Onda Aydın Səlimzadə “Elm” qəzetinin baş redaktoru idi. Onda rəsmi Moskvanın yönləndirdiyi mərkəzi KİV-lərdə erməni daşnaklarının istəyinə uyğun olaraq xalqımıza qarşı bir düşmənçilik siyasəti təbliğ olunurdu. Bütün bunlara isə yalnız “Elm” qəzetində cavab verilirdi. Bu qəzet ürəyimizdən tikan çıxarırdı. Qəzetin və Aydının adı onda dillər əzbəri idi. Vətən, yurd sevgisi, millət təəssübkeşliyi ilə nəfəs alan Aydın o günlər yorulmaq bilmirdi. O, həmişə, hər yerə çatırdı. Ata-anası, müəllimləri, dostları Aydınla fəxr edirdilər...
Bütün bunlar sonra olacaqdı.
Qarşıda onu qaynar bir ömür, vaxtsız və namərd bir ölüm gözləyirdi...
İndisə... indisə bu oğlanın fikri əlində bərk-bərk tutduğu qızılgül dəstəsini kəndə – anasına aparıb çatdırmaq idi.
Qorxmaz ŞIXALIOĞLU
525-ci qəzet.- 2009.- 7 noyabr.- S.21.