Siyasiləşdirilən, saxtalaşdırılan din

 

Məndən tez-tez soruşurlar, dinin siyasətlə əlaqəsinə necə baxırsınız, dini partiyaların, qrupların yaranması, fəaliyyəti, dindən siyasi məqsədlərlə istifadə ilahi deyimlərə nə dərəcədə uyğundur, filan-filan müsəlman ölkələri niyə filan-filan siyasətləri yürüdür və s. və i. Bu qəbildən olan sualları, narahatlıqları təbii qəbul edirəm. İslam dini adına iddia olunan, əslində isə teoloji baxımdan yetərincə saxtalaşdırılmış dəyərlər sisteminin siyasi amilə çevrilməsi cəhdləri və faktları çağdaş dövrümüzün gerçəklikləri sırasındadır. Bəzi ölkələrdə bu dəyərləri təbliğ edən dairələr iqtidara da gələ bilir. Bəzi bölgələrdə “islami” qruplar arasında hakimiyyət savaşları və toqquşmalar da müşahidə olunur.

Müşahidələrimiz qısaca olaraq onu deməyə əsas verir ki, dinimizin siyasətə gətirilməsi heç yerdə tərəqqiyə xidmət göstərməyib. Çağdaşı olduğumuz gerçəkliklərdə bu daha aydın görünür.

Biri elə cənub qonşumuz İran. “İslam” inqilabı hətta monarxiya quruluşlu şərtlər çərçivəsində belə sənaye cəhətdən inkişaf etmiş ölkələr sırasına can atan bu ölkəni son iyirmi ildə hansı duruma saldı, bu da göz önündədir. Buna milyondan çox müsəlmanın İraq-İran müharibəsinin nahaq qurbanlarına çevrilməsini də əlavə etsək vəziyyətin faciəviliyi bir az aydınlaşmış olar. Mən hələ İslam dini adına siyasət yürüdən qonşularımızın təcavüzkar Ermənistanla məhrəm münasibətlərindən danışmıram ki, bu da geniş bir söhbətin mövzusudur.

Başqa bir nümunə. Amerika işğalı nəticəsində İraqda yaşanan siyasi reallıqlar içində dinin qısa bir zaman kəsiyində siyasiləşməsi ona gətirib çıxardı ki, ölkə vətəndaşları sünni-şiə qarşıdurmasının, təriqət davalarının nəticələrindən hələ də yaxa qurtarıb əziyyətdən xilas ola bilmirlər ki, bilmirlər. Dinin siyasiləşməsi İraq nümunəsindən də göründüyü kimi siyasi sabitliyin, necə deyərlər, qənimidir. Burada və bir sıra başqa ölkələrdə bir təriqətin digər təriqətə aid məscidlərini partlatması halları da var ki, dünya ictimaiyyətini dəhşətə gətirən belə faktlar siyasiləşmiş “islam”ın terrorçu mahiyyətindən də xəbər verir.

Müstəqil Fələstin dövlətinin əsaslarının yaradılmağa başladığı bir dönəmdə fələstinlilərin uzun illər milli-azadlıq mübarizəsinin əsas yükünü üstünə götürüb də xeyli siyasi təcrübə qazanmış, böyük siyasi təbəddülatlarda yetərincə püxtələşmiş Fəth hərəkatı rəhbərliyinin dövlət quruculuğu yolunda, eləcə də Yaxın Şərqdə sülhün bərqərar olunması tədbirlərində apardığı məqsədəyönlü siyasətə maneçilik törədənlərdən biri indi İslam dini adına müəyyən siyasi kapital yığmış Həmas təşkilatıdır.

Əlcəzairdə, Sudanda, Pakistanda, Əfqanıstanda, Hindistanda, Nigeriyada siyasi “islami” qrupların bu ölkələrdə hansı problemlər yaratdığından da xeyli danışmaq olar.

Bu günlər Somalidə ölkənin cənubunda yerləşən Kimayo portuna nəzarət uğrunda iki “islami” qrup (“Əş-Şəbəb” və “Hizbu-l-İsləm) arasında amansız savaş gedib, ölən və yaralananların sayı yüzlərlədir.

Türkiyədə dinimizi siyasətlərinə alət edərək səs toplayıb vəzifələrdə oturanların qüdrətli bir dövləti içəridən necə zəiflətməyə çalışdıqlarının ayrıntıları da göz önündə.

Bütün bunlar öz yerində. Bizi məşğul edən məsələnin görünməyən tərəfidir. Bu da ondan ibarətdir ki, məqsəd və məramlardan asılı olmayaraq siyasətlərdəki “din” möhürü əslində təbii olaraq müəyyən problemlər yaşayan xalqların bir növ etimad vizasını qazanmaqdan ötrü istifadə edilir. Nə yazıq ki, siyasətlərə vurulan bu “din” möhürünün saxtalığını ayırd etmək sadə camaata çox zaman müyəssər olmur. Bunların arxasında dayanan qüvvələr müəyyən siyasi uğurları ilə toplumlara bədbəxtliklər də gətirə bilirlər.

Təəssüf ki, ilahi dəyərlərin mütləq daşıyıcıları qiyafəsində zühur edib siyasi kapital qazanan, dinimizi öz nəfslərinin əsarətində saxlamağa çalışan “islami” qrupların, partiyaların fəaliyyəti ictimai qınağa yetərincə məruz qalmır. Camaatın etimad vizasını əldə etməkdən ötrü car çəkilən arxaik tarixi-milli “mentalitet” çalarlı dini görüşlərin təbliği dini saxtakarlığı bəzən ört-basdır edə bilir. Tanrı hikmətlərinə qarşı cinayətlərin kamuflyajına yardım göstərən başlıca amil isə ilk növbədə əhalinin gerçək dini biliklərinin aşağı səviyyədə olmasıdır.

Dinimizi siyasətə alət edənlərin başlıca arqumenti ondan ibarətdir ki, peyğəmbərimiz müsəlmalara, dini əsaslarda formalaşmış hakimiyyətə rəhbərlik edib, bütpərəstlərə qarşı müharibələrin iştirakçısı olub. Ardınca da sual edirlər: bəs bütün bunlar siyasət deyildi, bəs nə idi?

Məsələyə teoloji aspektdən yanaşmağa çalışaq. Quran məntiqinə görə, ən böyük mənada mənəviyyat yüklü siyasət ucalardan uca Allahın işidir. Kainatı, varlıqlar aləmini yaradıb bunlara rəhbərlik edən, insanlara doğru yolu aydınlatmaq üçün səmavi Yazılar endirən, onları axirət olacağı ilə məlumatlandırıb bu dünyada iman sınağından keçirməkdən ötrü ağıllarının, şüurlarının ixtiyarına sərbəst buraxan, yaxşıların tərəfini saxlayan, haqlıları müdafiə edən Allahın!

Peyğəmbər dövrünə istinad edərək dinin siyasi alətə çevrilməsinə bəraət vermək istəyənlər isə ümumilikdə məsələnin teoloji aspektinə deyil də tarixi-formal tərəfinə diqqət çəkirlər. Bu yönümdə İslam dini onların təqdimatında yeni bir din olaraq 1400 il öncəki tarixin məhsulu fonunda təlqin edilir. Halbuki “islam” sözü ilk insan Adəmdən bu yana mövcud olmuş, təktanrılığın müxtəlif variantlarında insanlığa xidmət etmiş olan Allaha təslimolma dininin sadəcə ərəbcə adından başqa bir yenilik deyil. Təktanrılığın son variantının əks olunduğu kosmik-ilahi informasiya qaynaqlı Quran-i Kərim, bu Müqəddəs Oxu təqdimatında isə dinimiz zamanla çərçivələnməyib tarixlərin, dövrlərin fövqündə dayandığından ilahi hikmətlər də nəhayətsiz və sərhədsiz ölçülərdə təlqin olunur.

Din siyasətçilərinin bəzən gizlədilən, açığa vurulmayan, bəzən aşkar etiraf olunan strateji məqsədi dini dövlət yaradıb müsəlmanları təriqətindən asılı olaraq ya “xilafət”də (sünnilər), ya da “imamət”də (şiələr) birləşdirməkdir. Hər iki halda söhbət ictimai ədaləti mütləq mənada təmin etməli olan “ilahi statuslu” quruluşdan gedir. İmamət düşüncəsində olanlar ilk dörd raşidi xəlifəsindən (Əbu Bəkr, Ömər, Osman, Əli) ilk üçünün qanuni hakimiyyətini tanımırlar. Din siyasətçilərinin özlərinin istinad etdikləri tarixə müraciət etdiyimizdə gördüyümüz ondan ibarətdir ki, həmin o raşidi xəlifələrinin xilafət hakimiyyəti zamanında mütləq ədalətin gözlənilməsi müşkül idi, onların xilafəti də daxili siyasi çarpışmaların girdabında idi. Həmin dövrün siyasi çarpışmaları Ömər, Osman və Əlinin öldürülməsi ilə nəticələnmişdi ki, bu da xilafəti ideal dövlət quruluşu kimi təbliğ edənləri tarixi baxımdan da istinad edilə biləcək nümunə arqumentindən məhrum qoyur.

Məlumdur ki, öləri bir insan olan peyğəmbər (əz-Zumər – Zümrələr, 30) dövrünə aid reallıqlar onun vəfatından sonra təbii olaraq dərhal dəyişikliyə uğradı. Peyğəmbərin fiziki yoxluğu zamanında qayda-qanunlar dinamik ilahi məntiqdən kənar formalaşmağa başladığına görə bunların ideal işləkliyi tez bir zamanda zavala uğramağa məhkum idi. İndi din siyasətçiləri bəşəriyyəti həmin o uzaq zamana necə qaytaracaqlar, 23 illik peyğəmbərli dövrün qayda-qanunlarını necə bərpa edəcəklər? Hansı şüurla? 1400 il ərzində xeyli dərəcədə bütpərəstlik əlamətləri qazanmış, ötən zamanların tarixi-milli-ənənəvi-siyasi-subyektiv əlavələrilə mahiyyətindən aralanmış, saxtalaşdırılmış dini dəyərlərin müəyyənləşdirdiyi təfəkkürləmi? Ona görə saxtalaşdırılmış deyirəm ki, bunların 3-cü minillikdə təkrarı nə qədər külünc görünürsə bir o qədər də bu günümüzün zirvəsindən anlaşılan müqəddəs Kitabımızın məntiqilə düz gəlməyən bir məzmunda nəzərə çarpır.

Son peyğəmbər Məhəmməd Seçilmişin 23 il ərzində İslama dəvət və müsəlmanlara rəhbərlik etməsi məsələsinə gəlincə, həmin dövr bütövlükdə ayələri Peyğəmbər tərəfindən 7-ci əsrin tələbləri və səviyyəsinə görə ideal təfsiri verilən müqəddəs Kitabımızın nazilolma anları ilə müşayiət olunan bir zaman kəsiyindən ibarət idi. Hər situativ tələbdən doğan suallar ayələrlə – Uca Yaradandan peyğəmbər ötürücülüyü ilə insanlara çatdırılan vəhylərlə cavablandırılırdı. Birbaşa olaraq vəhylərin cavablamadığı mətləblərin çözümünü isə Quranda əksini tapan “şura” prinsipi, yəni peyğəmbərin iştirakı ilə müsəlmanların arasında keçən məsləhətləşmənin nəticələri təmin edirdi. Peyğəmbər rəhbərliyi altında sürən 23 illik hakimiyyət mahiyyət etibarilə və nəzəri-teoloji baxımdan ilahi səltənətin mütləq ədalətin təmini ilə bağlı stateji və labüd zəfərinin insanlara təktanrılığın iman təlqini müstəvisində tanıdılmasının əlahiddə bir nümunəsi idi. Və elə bir nümunəsi idi ki, bu, axirət ədalətinə təlqin olunan imanın maddi-dünyəvi həyatda da ədalətin mütləq zəfəri nümunəsi ilə möhkəmləndirilməsinə xidmət edən bir məzmun daşıyırdı.

Quran məntiqindən aşkarlanan bir həqiqət də budur ki, yer üzündə mütləq ədalətin təntənəsi Rəbbimizin insanlıq üçün nəzərdə tutulan iman eksperimentlərinə daxil deyil: “...Tanrı istəsəydi əgər, sizi vahid bir ümmət eyləyərdi. Ancaq verdiklərilə sizi imtahana çəkmək istəmiş...” (“əl-Maidə” – Süfrə, 48).

Bu sətirlərin müəllifi o fikirdə deyil ki, peyğəmbərin vəfatından sonrakı dövrlərdə müxtəlif təzahürlü siyasi çarpışmalar fonunda gedən proseslər tamamilə ilahi nəzarətdən kənar cərəyan edirmiş. Bu, tamamilə yanlış bir qənaət olardı. Quran İslamında tanıdılan İlahi Varlıq bəzi əski dinlərdə olduğu kimi varlıqlar aləmini yaradıb hərəkətə gətirəndən sonra öz guşəsinə çəkilib seyrçi mövqe tutan statik büt timsallı bir varlıq deyil. Rəbbimiz “hər gün bir iş içində”dir (Rəhman, 29) və aktiv-dinamik fəaliyyət sürdürür. Bunu nəzərə alan İslam ilahiyyat elmində belə bir ifadə keçir: “Peyğəmbərlik bitmişsə də, ilahi ismarıclar davam edir”. Bu qənaət Müqəddəs Oxunun qiyamət surəsindəki ayələrlə də tamamilə uyarlı səslənir: “Bunu tələsdirmək üçün sən dilini tərpətməyəsən. Şəksiz, Bizim üstümüzdə bunun toplanışı, bunun Oxusu. Biz bunu oxuyanda izlə bunun Oxusunu. Sonra bunun açımı Bizim Öz öhdəmizdə” (16-19). Bu ayələr ilk növbədə Rəbbimizdən vəhylər aldığında bunları yaddaşında dəqiq saxlaya bilməyəcəyindən həyəcan keçirən peyğəmbərin psixoloji halına işarə edir. Rəbbimiz peyğəmbərə təlqin edir ki, onun yaddaşı da bütövlükdə ilahi nəzarətdədir, həyəcan keçirməyə hacət yox. Ayələrdəki sonuncu ifadə isə ona dəlalət edir ki, vəhylərin doğru-düzgün açıqlanması da bütövlükdə Rəbbimizin Öz öhdəsindədir. Rəbbimiz bu açıqlamasını peyğəmbərin dünyəvi həyatında bu elçisi vasitəsilə təmin etmişsə, fiziki yoxluğunun qiyamətədək müşayiət edəcəyi zamanlarda isə ayrı-ayrı insanların dilindən, qələmindən, əməlindən çıxmış və çıxacaq olan nəsnələrlə həyata keçirir və keçirəcək. Və bu sonunculara aid vacib bir məqam həm də ondan ibarətdir ki, Rəbbimizin elm elçiləri missiyasını sürdürən belələrinin taleyi və fəaliyyətində ilahi hikmətlərin açıqlanması təkcə yazılı Quran-i Kərimin, bu Tanrı Yazısının hər dövrdə üzə çıxan, yenilikçi düşüncəyə impulslar verən ismarışlarının yeni-yeni izahları və şərhləri ilə məhdudlaşmır. Ilahi hikmətlərin açıqlanması arealı ilahiyyatçıların “yazılmamış Quran” deyə vəsfləndirdiyi varlıqlar aləmini də əhatə edir ki, müqəddəs Kitabımız bu aləmin yaradılışı və idarəsindəki hikmətləri “ayələr” istilahı ilə nəzərə çarpdırır. Və məsələyə Quran məntiqi müstəvisində baxdığımızda materialist düşüncə gərəyincə dini və dünyəvi olaraq qələmə verilən elmlərin arasında sərhəd sadəcə olaraq görünmür, çünki ilahi dəyərlərə aid stereotip qəlibdə təqdim olunan dini-dünyəvi bölgüsü zahiri-subyektiv şərtilikdən başqa bir şeyi ifadə etmir.

Mövzumuzun mahiyyətinə qayıdaraq bildirək ki, Yaradanın yer üzündə xəlifəliyini, yəni təmsilçiliyini peyğəmbər zamanında bu Tanrı elçisi həyata keçirmişsə, sonrakı zamanlarda həmin missiyanın daşıyıcısı böyük ruh sahibləri, yaradıcı insanlar olmuşlar ki, onların da heç biri peyğəmbərlik iddiasına düşməmiş və başlıcası da yer üzündə ilahi iradəni təmsiletmə təkəbbüründə bulunmamışlar. Olduqca ibrətamizdir ki, belə iddiada olmuş və bu üzdən də təbii olaraq siyasiləşən, siyasətlərə qulluq edən “islamı” təmsil etmiş şəxslər tarix güzgüsündə qətllərə, cinayətlərə fətva verən qəddar din dəllalları görüntüsündə, idbar qiyafələrdə nəzərə çarpırlar.

Görünür, Tanrı məsləhətidir ki, ilahi iradənin yer üzündə müəyyən müddətliyə indi siyasət kimi başa düşülən və qələmə verilən qəliblərdə sürdürülməsi başqa heç kimsəyə deyil də yalnızca bəzi peyğəmbərlərə (Yusif, Davud, Süleyman, Məhəmməd) rəva görülmüşdür.

Müqəddəs Oxu işığında görünən bir həqiqət də budur ki, Tanrı hikmətlərini siyasi baxımdan təmsil iddiasında olanlar isə bu hikmətlərə tarix boyu və elə indinin özündə də əleyhdar olmuş, qənim kəsilmişlər. Belələrinin İslam şəriəti adına qələmə verdikləri və anti-Quran məzmunlu çoxsaylı nümunələrdən yalnızca birinin üzərində dayanmaq istərdim.

Müqəddəs Kitabımızı oxumaq yetər ki, aydın anlamlı ayələrdə etiqad azadlığının, başqa dinlərə dözümlü münasibətin uca bir dəyər kimi ilahi zəmanətdə olduğunu anlayasan. Qurana görə, insan din seçimində azad bir varlıqdır: “Dində məcburiyyət yoxdur” (əl-Bəqərə – İnək, 256). Rəbbimiz təlqin edir ki, Ona şərik qoşan kimsələrə münasibətdə dözümlülük göstərərək elə beləcə də deyək: “...Nə mən qulluq qılanam sizin qulluq qıldığınıza, nə siz qulluq qılanlarsız mənim qulluq qıldığıma. Sizin öz dininiz var, mənim də öz dinim var” (əl-Kəfirun – Kafirlər, 4-6). Müqəddəs Kitabımız başqa dinlərdəki müqəddəsləri də haqq elçiləri olaraq adlandırır. Ayələrdə Nuh, İbrahim, Musa, İsa Məsih də Məhəmməd Seçilmiş kimi Allah elçiləri olaraq hörmətlə anılır. Başqa din mənsublarına hörmətli münasibət müqəddəs Kitabımızın məntiqindən gəlir: “İnsanların bir qismini digərilə Tanrı qorumasaydı, dağılardı monastrlar, kilsələr, sinaqoqlar, məscidlər ki, çox anılır oralarda Tanrı adı. Tanrı hökmən yardım eylər Ona yardım göstərənə. Tanrı, əlbəttə, qüvvətli, güclü” (əl-Hacc – Hac, 40). Başqa din mənsubları da iman gətirən müsəlmanlar kimi cənnətlə müjdələnir Quranda: “İnananlar, yəhudilər, xristianlar, sabiilər, o kəslər ki, inanmışlar Tanrıya, axır günə, xeyir-barış yaratmışlar – ödüncləri Rəblərinin qatında. Nə qorxu gözlər, nə qəm üzər onları” (əl-Bəqərə – İnək, 62). Bütün bu ayələrə baxmayaraq siyasiləşmiş “islam” Qurana zidd olaraq ortaya belə bir qəddar mövqe qoyur ki, dinini dəyişənlər edamla cəzalandırılmalıdırlar.

Bu yaxınlarda paytaxtımızda “Siyasi İslamın müxtəlif təzahürləri” mövzusunda beynəlxalq mütəxəssislərinin iştirakı ilə dəyirmi masa keçirilirdi. Rusiya müsəlmanları komitəsinin rəhbəri Heydər Camalın məruzəsi bütövlükdə siyasi “islamın” uğurlu gələcəyinin fəlsəfi baxımdan əsaslandırılmasına həsr olunmuşdu. Müzakirələrdə bu sətirlərin müəllifinin Qurandan gətirdiyi arqumentlərlə razılaşmayan bu siyasi “islam” təəssübkeşi qəddar “şəriət” müddəalarını tarixdən gətirdiyi misallarla əsaslandırmağa çalışdı, başqa dini qəbul edən müsəlmanların düşmənlərin tərəfinə keçdiklərinə görə edamla cəzalandırılmasını normal hal kimi qəbul etdiyini açıqca bəyanladı. Diqqət çəkmək istədiyim məqam politoloji, fəlsəfi terminlərlə və mükəmməl nitqi ilə auditoriyanı ovsunlaya bilən həmin alimin təkcə teoloji hazırlıqsızlığı ilə bağlı deyil. Söhbət həm də ondan gedir ki, siyasət “islamı” təmsilçiləri Quran İslamının tələbləri qarşısında, yumşaq desək, dini-siyasi “cəsarət” nümayiş etdirməyi də özlərinə tam arxayınlıqla rəva bilirlər.

Siyasi xilafət ideyasının (dünya müsəlmanlarının vahid dövlətdə birləşməsi) dindarlar arasında o qədər də populyarlıq qazanmadığı bir şərair də siyasi “islam” tərəfdarları və ideoloqlarının irəli sürdüyü başqa bir ideya “camaatçılıq” ideyasıdır. Çağdaş “camaatçılığ”ın ilkin məqsədi müsəlman icmalarını camaatlar adlanan strukturlarda təşkilatlandırmaq, idarə etmək, insanlarda “şəriət” qaydaları ilə yaşamağa alışqanlıq yaratmaq və s.-dir. Sonrakı mərhələdə isə vəziyyətə uyğun olaraq ən müxtəlif vasitələrlə dünyəvi dövlət strukturlarını dağıtmaq, yaxud ələ keçirib bunları “diniləşdirmək” məsələsi gəlir. İdeyanı yayan siyasi “islam” nəzəriyyəçiləri (onlardan biri də yuxarıda adını çəkdiyim şəxsdir) qeyd edirlər ki, dünyəvi-demokratik idarə-üsulu guya hazırda böhran dövrünü yaşayır və camaatçılıq ideyasını da gündəmə gətirən guya bu böhran məsələsidir. Onlar faktiki olaraq İslam dinini haqsız yerə demokratiyaya zidd bir məzmunda qələmə verməyə çalışırlar. Bir daha məsələnin teoloji aspektinə müraciət edərək qeyd edim ki, müqəddəs Kitabımızda İslam dini monoteizmin mütləq mənada son ifadəçisi kimi insanlarla Allah arasında hər cür vasitəçiliyi də, hər cür vasitəçilik institutlarını da inkar edir. Başqa sözlə, İslam nəzəri cəhətdən müsəlmanların dindarlığının mərkəzləşdirilmiş qaydada qayğısına qalan kilsə institutlarına malik deyil. Siyasi “islam” tərəfdarları isə camaatçılıq ideyasını ortaya atmaqla sərhədsiz hikmətləri olan müqəddəs dinimizi onun mahiyyətinə zidd olaraq və onun dəyərlərini saxtalaşdıraraq strukturlaşmağa, partiyalaşmağa məhkum etmək niyyəti güdürlər. İdeyanın teoloji baxımdan tutarsızlığı öz yerində, orası da məlumdur ki, teokratik üsullarla idarə olunan camaat qruplarının terror şəbəkəsində istifadəsinə dair xeyli faktlar mövcuddur.

Siyasət və mənəviyyat problemlərinin bulanıqlığı şəraitində dindən siyasətdə istifadə səyləri daha idbar görünür. Məsələn, Quran ayələri səhvləri, suçları, nöqsanları rəqibin başına qaxmaqla pərtlik yaratmaq, arxasınca danışmaq, dedi-qodu yaymaq, gizli-açıq təbliğatla onu gözdən salmaq və s.-dən çəkinməyi təlqin edir. Təbii ki, azad siyasi rəqabətdə işlək olan belə davranışlardan din siyasətbazı da faydalanır.

Bəziləri bu fikirdədirlər ki, İslamdan siyasi məqsədlərlə istifadənin zərbəsi ilk növbədə dinimizə dəyir. Mən belə deməzdim. Zərbəyə məruz qalan saxta dindir, dinimiz deyil. Görünür, Tanrı məsləhətidir ki, İlahiyə qayıdış yollarının təmizlənməsi üçün saxta dini dəyərlərin də siyasi məğlubiyyəti tarix üçün vacib bilinir.

Və yenə də görünür, Tanrı məsləhətilə hasilə gələn ibrətamiz paradoksdur ki, dünyəvi dövlətlərin konstitusiya müddəaları ilahi hikmətlərə, ilahi ədalət qanunlarına daha açıq bir məzmundadır və sözdə bu hikmətlərin, qanunların həyata keçirilməsinə iddiaçı olan dini-siyasi qrupların, cərəyanların, partiyaların dini-siyasi platforması, eləcə də dini dövlətlərin konstitusiya müddəaları ilə müqayisədə gerçək dinimizin, müqəddəs Kitabımızın məntiqi və ayələrinə daha uyarlıdır. Məhz dünyəvi dövlət quruluşuna aid bir xoşbəxtlikdir ki, belə bir quruluşun siyasi iqtidarları ilahi iradə təmsilçiliyinə iddia etməyə-etməyə insanların dindarlığını hüquqi dövlət təminatları altında zədələnmələrdən qorumağa çalışır.

 

 

 Nəriman QASIMOĞLU

 

525-ci qəzet.- 2009.- 7 noyabr.- S.20.