Sevrdən Sürixədək gələn yol
(Əvvəli ötən şənbə
saylarımızda)
Tarix yazılıb, qeyd olunmuş keçmişdən
daha artıq bir şeydi. O, yazılmış,
yazılacaq və ən önəmlisi xatırlanan
keçmişdən oluşur.
... Qalib müttəfiqlər içində məğlub durumda olan bir ölkə vardı – Rusiya. Müharibə başa çatmamış 1917-ci ilin oktyabrında ölkədə inqilabmı, çevrilişmi deyək – hər nə isə bir şey olmuşdu. Vətəndaş müharibəsi məmləkəti tar-mar eləmişdi. Qərb də həmişəki ikili oyun siyasəti ilə həm Leninə, həm də ağqvardiyaçılara kömək edirdi. Qərbdən gələcək yardımın müqabilində Rusiya Brest sülhünün ağır şərtləri ilə barışmaq məcburiyyətində qalmışdı. Həmin çevrilişdən sonra Qafqazlarda üç müstəqil dövlət də yaranmışdı – Gürcüstan, Ermənistan və Azərbaycan. Ancaq Lenin Rusiyası güclənib özünə gələn kimi Qafqazlar yenidən rusların, indi də Sovet rejiminin idarəsi altına keçdi. Nəzərə alsaq ki, hər iki imperiyanın, yəni Osmanlının və Rusiyanın varisləri eyni durumda idilər və bu halda bir-birləriylə anlaşmaqdan başqa çarələri yoxdu – o zaman Mustafa Kamal Türkiyəsi ilə Leninin Rusiyası arasındakı yaxınlaşmanın səbəbləri aydın olur. Qurtuluş savaşı illərində bolşeviklər Türkiyəyə həm maddi, həm də əsgəri təchizat dəstəyi veriblər. Frunzenin Ankaraya gəldiyi də məlum, amma bilmədiklərimiz də var. Məsələn, Kronştadt qiyamı haqqında bilirsiniz. Amma üsyan kimin əli ilə yatırdılıb, onu bilirsinizmi? Bu haşiyənin söhbətə dəxli var. Ona görə bu faktları diqqətinizə çatdırmalıyam.
Beləliklə, 1921-ci ilin martında Kronştadtda
qiyam başlayanda motroslar dünənə qədər
çiyin-çiyinə döyüşdükləri zabitlərə
silah qaldırmaqdan imtina edirlər. Üsyandan sarsılan rejim bu
üsyanı necə yatıracağını
düşündüyü vaxt Ankaradan Moskvaya barış
imzalamaq üçün bir heyət göndərilir. Hər
iki yeni rejim Qərbdən gələcək təhlükələrdən
qurtulmaq üçün buna ehtiyac duyur. Və elə mart
ayında Moskvaya ayaq basan nümayəndə heyətindən qəribə
xahiş olunur. Biri Moskvada, biri də Kazanda bulunan və hətta
Qızıl Ordunun baş komandanı Trotskinin əmrlərinə
tabe olmayan tatar birliklərinin bu işə qarışması
rica edilir. Koskoca çarlığı devirən, amma bir
qiyamın əlində əsir qalan ruslar dünyadakı
nüfuzunu itirməmək üçün hər şeyə
hazır idilər. 1921-ci ilin martında “Moskva sazişi”
imzalanır. Ruslar Qars, Ərdəhan, İqdır üzərində
hər bir iddiasından əl çəkir, milli mücadiləyə
yardım edirlər. Bunun müqabilində türklər tatar
birliklərini örgütləyib qiyamın
yatırılmasına yardım edirlər, Batumidən əsgərlərini
çıxarırlar. Nümayəndə heyətinin
başçısı Əli Fuad paşa tatar birliklərini
inandıra bilir və məsələ həll olunur. Bunu
bilirdiniz? Heç mən də bilmirdim, yeni faktlardı mənim
üçün. Hələ dahası var – İstanbulda
olanlar, Taksim meydanından keçənlər ordakı
Cumhuriyyət anıtını görüblər yəqin.
Görməyinə görüblər, amma ordakı fiqurlar kimə
aiddi bilirlərmi? Mən məsələn, bircə
Atatürkü və İsmət paşanı tanıyıram
orda. Arxa tərəfdə kimlər olsa yaxşıdı?
Voroşilov və Frunze. Təsəvvür edirsiniz,
İstanbulun ortasında iki Sovet generalının heykəli
var. Nəzərə alsaq ki, anıt 1928-ci ildə
hazırlanıb və burda İstiqlal savaşında, Cumhuriyyətin
qurulmasında əməyi olanlar əbədiləşdirilib –
həmin dövr üçün normal durumdu. Hələ bir
az da irəli getsək, 1935-ci ildə CHP-nin IV
qurultayının açılışında Atatürk
öz nitqində Türk-Sovet münasibətlərindən belə
danışıb: “Sovetlərlə dostluğumuz hər
zamankı kimi sağlamdı və içdəndi. Qara
günlərimizdən qalan bu dostluq bağını türk
milləti unudulmaz, dəyərli bir xatirə bilir... Dövlətlərimiz
hökumətləri ilə və uluslarıyla, hər
fürsətdə bir-birlərinə nə qədər
inandıqlarını və nə qədər güvəndiklərini
bütün dünyaya göstərməkdədirlər...
Türk-Sovet dostluğu millətlərarası barış
üçün indiyə qədər yalnız xeyir və
fayda gətirmişdi. Bundan sonra da yalnız xeyirli və
faydalı olacaqdı”.
Bütün bunları niyə xatırlatdım? Qars müqaviləsindən danışmaq üçün. Sevri qəbul etməyən Türkiyə Böyük Millət Məclisinin müttəfiqə ehtiyacı vardı. Təbii ki, böyük şimal qonşusu ilə münasibətlərin korlanması yolverilməz idi. Odur ki, 1920-ci ildə Azərbaycanın yenidən Rusiyanın tərkibinə qatılmasını normal qarşılamaq lazımdı.
QARS MÜQAVİLƏSİ
Sovetlərin tərkibinə daxil olan hər üç respublika (Azərbaycan, Ermənistan, Gürcüstan) “Moskva sazişi”nin şərtlərini qəbul etməli idi. 1921-ci ilin 13 oktyabrında Kazım Qarabəkir paşanın təmsil etdiyi Türkiyə Böyük Millət Məclisi ilə yenə üç respublika arasında Qars müqaviləsi imzalanır. Əsas şərtə görə, Türkiyənin cənub sərhədləri müəyyən edilir və erməni məsələsi həll olunur. Amma bu müqavilənin şərtləri haqqında bu gün də doğru-düzgün məlumat yoxdu. Və bəzi fikirlərə görə, sözləşmənin keçərli şərti qəbul olunmayıb. Hər halda Naxçıvan haqqında beş maddədə ifadə edilən şərtlər açıq qalıb. Bəzi məlumatlara görə isə bu sazişin 25 illik keçərlilik zamanı var. Təsəvvür edin ki, bu məsələlər həm Tehran, həm Yalta, həm də Potsdam konfranslarında yenidən gündəmə gətirilib, yenə həll olunmamış qalıb. Hər kəsin oxuya biləcəyi ana mətndə isə tam məlumat yoxdu, gizlilik prinsipləri qorunur. Bilinən imzalanmanın tarixidi və imza qoyan şəxslərdi. Türkiyədən Kazım Qarabəkir paşa, Vəli bəy, Məmduh Şövkət bəy, Rusiyadan Yakov Qanetski, Ermənistandan Aşkenaz Mraviyan, Poqos Makisyan, Azərbaycandan Behbud Şahtaxtinski, Gürcüstandan Şalva Eliava, Aleksandr Svanidze. Və doğal olaraq 1991-ci ildə sovetlər dağılandan sonra Ermənistan Qars anlaşmasını tanımadı. Ruslara aid bu sazişin müstəqil (?) Ermənistana dəxli olmadığını və indiki sərhədlərin də keçərli olmadığını önə sürdü. Ermənistan Sevr anlaşması arzusuyla yaşayır. Görünən də budur ki, xəyallar gerçəkləşir.
LOZANNA ANLAŞMASI
Osmanlının sonuncu padşahı sarayı tərk
etmə hazırlığındaykən İsveçrənin
Lozanna şəhərində də bir başqa hazırlıq
vardı. TBMM buraya 25 nəfərlik
bir heyət göndərmişdi. Heyətə rəhbərlik
İsmət İnönüyə
tapşırılmışdı. Təmsilçilərə
Lozannada izləyəcəkləri strategiya anladılmışdı
və əsas üç məsələnin üzərində
durulma tələb olunurdu:
1. Misaki-milli (Xalqın iradəsi)
qəbul edilməli idi.
2. Türkiyə Cumhuriyyəti sərhədləri daxilində erməni yurdu yaradılması fikri əsla qəbul edilməyəcəkdi.
3. Təslimçilik aktları
keçərli sayılmayacaqdı.
Son iki maddədə keçən şərtlər qəbul edilməzsə görüşmələr dayandırılmalı idi və saziş imzalanmayacaqdı.
... Ağır zaman idi. Təsəvvürümüzə
gətirək – İngiltərə, Fransa, İtaliya, Yaponiya,
Yunanıstan, Rumıniya, Yuqoslaviya və tək, yalqız
Türkiyə. Boğazlarla bağlı məsələ
müzakirə olunanda Rusiya və Bolqarıstan da duruşmalara
qatılır. Burda həll olunacaq məsələlər isə
yüz il sonranı əhatə edəcək hesablar idi. Zatən,
yeni dünya düzəni anlayışını Qərb
artıq tətbiq etməyə başlamışdı. Bu
gün də Türkiyədə mübahisələr səngimir.
Lozanna anlaşmasının Sevrdən heç bir fərqi
olmadığını iddia edənlər var.
Lozanna anlaşmasının şərtləri əsas iki maddə ilə ifadə oluna bilər:
1. Türkiyə-Yunanıstan məsələləri – şərqi Frakiyadakı sərhədlərin müəyyənləşməsi, Egey adaları, Türkiyədə yaşayan yunanların və Yunanıstanda yaşayan türklərin yerdəyişdirməsi, Yunanıstanın Türkiyə torpaqlarındakı yıxıb-dağıtdığı,
viranə qoyduğu yerlər üçün verməsi gərəkən savaş təzminatı;
2. Türkiyə ilə digər
Avropa dövlətləri arasındakı məsələlər
– bu məsələlər də siyasi və iqtisadi olmaq
üzrə ikiyə ayrılır. Qərb dövlətləri
Osmanlının iç işlərinə
qarışırdılar. Etnik azlıqların haqlarından və
təslimçilik aktlarından da yetərincə
yararlanırdılar. Amma yeni Türkiyə dövləti
qurucuları tam müstəqil olmaq və qərb dövlətlərinə
verilmiş hər cür imtiyazı aradan götürmək
istəyirdilər. Amma təbii ki, Qərb dövlətləri
sahib olduğu haqları əldən vermək istəmirdilər.
Ekonomik sorunların başında Qərb dövlətlərindən
alınmış borclar gəlirdi. Bundan əlavə də
Mosul və Boğazlar məsələsi əsas mövzulardan
biri idi.
Təbii ki, bütün dünya gözünü sənə dikib parçalamağa hazırdısa və sən də yalnızsansa, mümkün olan nə varsa ona qane olmalısan. Üç qitədəki torpaqları ver və kiçicik bir coğrafiyaya sığın. Bu gün isə həmin kiçik torpaqların da davası gedir.
1922-ci ilin noyabrında başlayan görüşmələr
bir nəticə verməyincə konfrans 1923-cü ilin
fevralında dağılır. Aprel ayında dövlətlər yenidən toplanırlar.
Bu dəfə daha konkret şərtlər irəli sürən
Türkiyə təmsilçiləri 24 iyulda barış
andlaşmasını imzalayırlar. Şərtlərə
görə:
Sərhədlər:
a) Cənub sərhədləri –
Suriya
b) İraq sərhədi – İraq
İngiltərə himayəsi altında idi. Bu sərhədlər
imzalanma ilə müəyyən oluna bilmədi. Zatən
önəmli olan Mosuldu. Fəqət, İngiltərə Mosulu
əldən vermək istəmirdi. Bu üzdən bu məsələ
ertələndi.
c) Qərb sərhədləri –
bu sərhədlər Misaki-milliyə görə müəyyənləşdi.
Qərbi Frakiya və Egey adaları geri alına bilmədi.
Yunanıstan yoxsul olduğu üçün Türkiyəyə savaş təzminatı
yerinə Qaraağac və ətrafını verəcəkdi.
Bəzi adalar yunanlara veriləcək, amma burda əsgər
saxlamağa izn verilməyəcəkdi.
Təslimçilik aktları:
Türkiyənin də istədiyi kimi neçə illər ölkənin qalxınmağına mane olan bu aktlar Lozanna anlaşması ilə tamamən qaldırılır.
Etnik azlıqlar:
Yeni Türkiyə dövlətinin içində
yaşayan bütün etnik azlıqlar hamısı Türk vətəndaşı
sayılırlar. Şərqi
Frakiyadakı türklərlə Anadoludakı yunanların yerdəyişdirilməsinə
qərar verilir. Amma bu qərar İstanbulda yaşayan yunanlara
aid olmur.
Savaş təzminatları:
Türkiyə Osmanlı dövlətinin
borclarını ödəməyi haqlı olaraq rədd edir.
Dövlət borcları:
Osmanlı dövlətinin dövlət borclarını Türkiyənin payına düşən hissəsini taksitlə ödəməyə qərar verirlər.
Boğazlar məsələsi:
Boğazlar Türkiyəyə şərtli olaraq
verildi. Şərtlərdən
biri Boğazları bir komissiyanın nəzarətə
götürməsi idi. Və tərəfsiz, əsgəri məzmun
daşımayan gəmilər hər zaman burdan keçə
biləcəkdilər. Ancaq savaş zamanı Türkiyə
Boğazlardan istədiyi kimi istifadə edəcəkdi.
İstanbulun boşaldılması:
Bu anlaşma təsdiq olunandan sonra 6 həftə içində Antanta dövlətlərinin əsgəri gücləri İstanbuldan çıxmalı idilər.
Təbii ki, Lozanna anlaşmasını da ideallaşdırmaq lazım deyil. İşğalçı dövlətlərin niyyətləri burda da özünü göstərir. Amma nə edəsən? Məşhur türk yazıçısı Kamal Tahirin “Yol ayrıcı” əsərində qəhrəmanının dilindən səsləndirdiyi belə bir fikir var: “Demək dörd milyon yarım kvadrat kilometrlik bir imperatorluğun 700 illik hesabları təsviyyə edildi beş ay içində... Buna təsviyyə də deyilməz, mirası rədd etdik. Həm də borclarından bir qismini qəbul edərək rədd etdik. Nəinki bir dünya imperatorluğunun mirası, bir məhəllə baqqalının mirası belə bu qədər qısa zamanda təsviyyə edilib qərara bağlana bilməzdi”. Gözəl deyilib...
Lozanna anlaşmasında həll olunmamış bəzi məsələlər sonralar 30-cu illərdə gündəmə gəldi və Atatürkün iradəsi ilə həllini tapdı. Məsələn, Hatay və Boğazlar məsələləri. Deyək ki, ruslar təslimçi Brest sülhünü sonradan II Dünya müharibəsində öz xeyirlərinə çevirdilər. Amma həmin vaxt Atatürk həyatda deyildi. Və bu gün Sürixdə imzalanan protokollarda nələr var, bizi çox yaxın gələcəkdə nələr gözləyir bilmirik. Əgər Qars müqaviləsinin şərtləri bu gün də gizli qalırsa, Sürix haqqında bizə kim nə deyəcək?
***
...1933-cü ilin 6 fevralında Atatürk Bursada bir nitq söyləyir. Nitqin həqiqi, ya rəvayət olduğunu kimsə bilmir. Amma mənə elə gəlir ki, bu gün Türkiyədə baş verənləri nəzərə alsaq uzaqgörən Qazi elə belə də deməli idi:
“Türk gənci inqilabların, rejimin sahibi və keşikçisidi. Bunların lüzumuna, doğruluğuna hər kəsdən çox inanmışdır. Rejimi və inqilabları mənimsəmişdir. Bunları zəif düşürəcək ən kiçik və ya ən böyük bir kıpırtı və bir hərəkət duydumu, “bu məmləkətin polisi vardır, jandarması vardır, ordusu vardır” deməyəcəkdir, həmən müdaxilə edəcəkdir.
Polis gələcək, əsl günahkarları buraxıb suçludu deyə onu yaxalayacaq. Gənc “polis hələ inqilabın və Cumhuriyyətin polisi deyildir” deyə düşünəcək, fəqət əsla yalvarmayacaq. Məhkəmə onu məhkum edəcək, yenə düşünəcək “demək ədliyyəni də islah etmək, rejimə görə düzənləmək lazımdı”.
Onu həbsə atacaqlar. Qanun yolundan etirazlarını yapmaqla bərabər mənə, İsmət paşaya, Məclisə teleqraflar yağdırıb haqlı və günahsız olduğu üçün təhliyyəsinə çalışmasını, bəraət almasını istəməyəcək. Deyəcək ki, “mən inanc və qənaətimin əvəzini yapdım. Müdaxilə və hərəkətimdə haqlıyam. Əgər buraya haqsız olaraq gəlmişsəm, bu haqsızlığı meydana gətirən səbəbləri və amilləri düzəltmək də mənim vəzifəmdi”. Bax, mənim anladığım Türk gənci və Türk gəncliyi budur.
Uzun illər bu nitq yasaq altında qalıb, indi-indi bu barədə danışırlar. Ergenekon hadisələrini xatırlatmırmı?
İradə TUNCAY
525-ci qəzet.- 2009.- 7 noyabr.- S.19.