Şair xalqın xalqsız şairləri
Hamı qaçıb gizlənəndə
Sınıq pəncərələrə
tutulmuş
qəzet kimi
Şairlərə gəlir dünyanın soyuğu.
Vaqif Bayatlı Odər
(Əvvəli ötən şənbə
saylarımızda)
“Kitabi
Dədə Qorqud” belə başlayır: “Rəsul əleyhüssəlam
zamanında Bayat boyundan Dədə Qorqud derlər bir ər
qopdu...”
Dədəmiz Qorqudun qopduğu
Bayat! Aşıq Vəlinin (Füzulinin
babası, qəbri də həmin kənddədi), Füzulinin,
Bayat Abbasın, Pənah xanın, İbrahim xanın,
Mehralı xanın, Məmməd bəy Cavanşirin, Əhməd
bəy Cavanşirin, Natəvanın, Həmidə
xanımın, Kərim ağa Cavanşirin (Mehmandarovun), Rəşid
Behbudovun adı ilə bağlı bir kənd. Bəndəniz
də həmin kənddə doğulub. Və bəndəniz
1988-ci ildə həmin kənddə Füzuli
kitabxanasını tikdirib, önündə də Füzulinin
abidəsini qoydurub. Bu məsələdə həmin
vaxt Ağcabədinin katibi Aydın Alıyevin zəhmətini
unutmaq tanrısızlıq olardı. Füzulinin abidəsini
kitabxanaya hədiyyə edən və hazırda Konyada
çalışan Səlcuq universitetinin professoru, heykəltəraş
Məzahir Avşara da xüsusi təşəkkürlər.
Bunu özümü tərifləmək
üçün qeyd eləmirəm. Sadəcə olaraq məni
sarsıdan bir hadisəyə giriş verirəm.
Son illər Ağcabədidə həm dövlətin, həm də Heydər Əliyev Fondunun xətti ilə 30 məktəb tikilib. 70 ildə Sovet hökuməti sanki qəsdən Bayatda məktəb tikməmişdi. Bu camaata kimlərin nəvələri olmalarını unutdurmağa çalışmışdı və kişi kimi də unutdura bilmişdi. 70 il idi məktəb Mirzalı bəyin evində yerləşirdi.
Bu kənddə böyük bir məktəbin tikilməsi
ən böyük arzum idi. Ötən il Ağcabədi İcra Hakimiyyətinin
başçısı Şahin Məmmədovun
çabaları nəticəsində Bayatda 500 yerlik ən
müasir üslubda məktəb tikildi.
Açılışa getmişdim.
ELƏ BİLİRDİM BÜTÜN KƏND BURDA OLACAQ,
qurbanlar kəsiləcək, konsert veriləcək, camaat məktəbin açılışını bir bayrama çevirəcək.
Sarsıldım! Birinci sinifə gələn uşaqlar, onların da yarısının valideyni, bir də müəllimlər! Bəs hanı Dədə Qorqudun, Füzulinin, Pənah xanın nəvələri?! Yoxdular! Çünki babalarına yadıcalaşıblar. Dəhşətdi, faciədi.
Hələ də bunu qohum-əqrəbalarıma, eyni qanı daşıdığım camaatıma bağışlaya bilmirəm. Füzulinin qapısını döyməyənlərin yadıcalaşmış nəvələri övladlarını adam edəcək məktəbin də qapısını döyməyə gəlmədilər.
Şair xalqımızın şair oxucuları, bilirəm sizi yordum, bir az da səbr edin.
1988-ci ildə azıb gedib
çıxmışdım Varşavaya. Xanımımla
Varşavanın bazarlarını deyil (pulumuz yoxuydu ey, ona
görə), görməli yerlərini, muzeylərini,
parklarını gəzirdik. Bir parka getdik. Şopenin adı ilə
bağlı idi. Çox qəribə bir hadisənin şahidi
oldum. Parklardakı ağaclara radio
quraşdırılmışdı və Şopenin musiqisi
çox həzin bir səslə yayılırdı, adamın
ruhunu oxşayırdı. Heç demə 24 saat bu bağda
Şopenin musiqisi səslənir, insanlar da gəlib oturub qulaq
asırlar. Və onda fikirləşdim ki, niyə Bakıda da
belə bir bağ və ya bağlar olmasın. O bağlarda
Üzeyir Hacıbəyovun, Qara Qarayevin, Fikrət Əmirovun,
Niyazinin, Tofiq Quliyevin əsərləri səslənməsin.
Bu günlərdə az da olsa
arzuma çatdım.
AĞCABƏDİDƏ QARABAĞ MUĞAM MƏRKƏZİ AÇILDI.
Və indi Muğam Mərkəzinin yerləşdiyi parkda 24 saat olmasa da, 12-14 saat Üzeyir Hacıbəyovun, bəstəkarlarımızın simfonik əsərləri, muğamlarımız xəfifcəsinə səsləndirilir.
Mətbuatda oxudum ki, Sumqayıtda Üzeyir Hacıbəyovun şərəfinə park salınır və abidəsi qoyulacaq. Yaxşı olar ki, Ağcabədidə başladığımız bu ənənəni sumqayıtlılar da davam etdirsinlər.
İnanıram ki, bir gün
Bakıda da bunu görəcəyik.
Yəni bu yazı birdən-birə
yazılmayıb, damla-damla toplanıb.
Damla-damla toplanırdı, yazmaq istəyirdim, amma yaza
bilmirdim. Qorxurdum ki, məni düzgün
başa düşməyəcəklər, qınayacaqlar.
Şair xalqımızı məndən çox “sevənlər”
mətbuatda od püskürəcəklər,
məni xalqı aşağılamaqda suçlayacaqlar. Onda gərək Mirzə Cəlili asaq, Sabiri asaq.
Dərdlərimizi deməliyik ki, dərmanı
tapılsın. “Desəm öldürərlər,
deməsəm ölləm”. Elə deməyib
çərləyincə, qoy deyim öldürsünlər.
Bu günlərdə “Azadlıq” qəzetində Şahvələd Çobanoğlunun çox maraqlı bir yazısını oxudum. Yaxşıya yaxşı deyərlər. Doğrudan da məqalədə çox ciddi və hamını düşündürə biləcək (deyəsən day heç düşünmürük də, düşünmək nəyimizə lazım) bir məsələyə toxunmuşdu.
SÖHBƏT DÜNYA POEZİYASININ TANRISI NİZAMİ GƏNCƏVİDƏN,
onun Gəncədəki məqbərəsindən və həmin məqbərəyə şair xalqımızın münasibətindən gedirdi.
Çox qəribədir ki, Şahvələd Çobanoğlunun yazısından 10-12 gün öncə Şəkidə Bəxtiyar Vahabzadənin anım günü keçirilirdi. Professor Nizami Cəfərov da çıxışında təxminən Şahvələd bəyin toxunduğu məsələyə toxunmuşdu, təbii ki, bir az fərqli. Mən də öz çıxışımda böyük şəxsiyyətlərimizə, eləcə də Nizami Gəncəviyə şair xalqımızın münasibətindən danışmışdım.
Məclisdən sonra Nizami Cəfərovla bu məsələlər ətrafında xeyli söhbət etdik. Belə qərara gəldik ki, bu məsələləri mətbuata çıxaraq, müzakirə mövzusuna çevirək. Necə edək ki, xalq öz sərvətlərinə, öz şəxsiyyətlərinə, öz peyğəmbərlərinə sahib çıxsın? Necə edək ki, gənclərimizi, “Azərbaycanın gələcəyi olan gəncləri” (ifadə Ümummilli Liderimiz Heydər Əliyevə məxsusdur) şoudan, ticarətdən, mənasız əyləncələrdən, gecə barlarından ayırıb üzlərini elmə, təhsilə, texnikaya, kitaba yönəldək?! Onlara mədəniyyətimizi, ədəbiyyatımızı, tariximizi, dinimizi, imanımızı, inancımızı aşılayaq. Heç demə bu ağrını yaşayan tək bizlər deyilmişik, Şahvələd bəy də, şahvələdbəylər də bu ağrını ürəyində daşıyırmış.
Qayıdaq mətləbə. Əslində heç mətləbdən ayrılmamışıq.
Gəncədə Poeziya Tanrısının möhtəşəm bir məqbərəsi var.
Şeirdən ucalıq umma dünyada
Çünki Nizami ilə qurtardı o da!
BU MƏQBƏRƏ POEZİYA TANRISININ EVİDİR.
Kəbədə Tanrının Evi var, hər il milyonlarla insan bu Tanrı Evini ziyarətə gedir. Və ziyarətə gedənlərdən heç biri hələ indiyədək Tanrını bu evdə görə bilməyib.
Çingiz xan Səmərqəndə varid olarkən atla məscidə girir. Üləmalar onu bərk qınayırlar:
– Xan, sən nə etdin?! Atla Allahın evinə girdin!
Çingiz xan:
– Allah bu balaca evə necə sığışır? Mən elə bilirəm Allah heç dünyalara sığışmaz.
Laməkan olan bir Tanrı bir evə sığışa bilməz, bir evdə yaşaya bilməz.
Eşqdir mehrabı uca göylərin,
Eşqsiz ey dünya, nədi dəyərin?
Nizami Gəncəvi Eşq deyəndə Tanrını nəzərdə tutur. Tanrısız dəyəri olmayacaq bu dünyada Tanrı elçiləri də bir evə, bir məqbəryə sığa bilməz. Tanrı milyardların ürəyində yaşadığı kimi, onun elçiləri də yüz milyonların, milyardların qəlbində, ruhunda yaşayır. Tanrının Kəbəsi Məkkədə, Poeziyanın Kəbəsi isə Gəncədədi.
İndi gəlin görək şair xalqımız bu Məqbərəni Poeziya Kəbəsinə çevirə bilibmi və ya çevirmək istəyində bulunubmu?! Min dollarla pul xərcləyib bağışlanılmaz günahlarının bağışlanılması üçün dünyanın müqəddəs ziyarətgahlarına bir dəfə deyil, hətta bir neçə dəfə gedən və bununla
Tanrıya rüşvət vermək istəyən şair xalqımız əllicə manatından keçib həyatında heç olmazsa bircə dəfə də olsa səsi yetəcək qədər məsafədə olan bu Poeziya Kəbəsini ziyarət edibmi?
... Bu yazını bilgisayara diqtə edərkən jurnalist Ceyhun Musaoğludan soruşdum:
– Sən heç Səməd Vurğunun muzeyini ziyarət etmisənmi?
– Yox!
– Bəs Mirzə Cəlilin?
– Yox. Aqil müəllim, niyə soruşursan?
– Heç, elə-belə. Getmək istəyirəm, yerlərini bilmirəm.
Bu məsələyə qayıdacağıq, söhbət hələ Poeziya Tanrısından gedir...
... HƏR GÜN BU MƏQBƏRƏNİN ÖNÜNDƏN minlərlə maşın, on minlərlə insan ötüb keçir. Bu on minlərlə insandan neçəsi ayaq saxlayıb bu məqbərəni ziyarət edir?! Ehtiram göstərir, sevgi göstərir, Poeziya Tanrısından nur alır, işıq alır ki, getdiyi yol nurlansın, mənzil başına sağ-salamat çatsın, o nurdan evinə-eşiyinə də, balalarına da pay aparsın?! Ziyarət etmələrini bir kənara qoyaq. Bu maşınlardan neçəsi heç olmasa sürətini azaldır ki, Poeziya Kəbəsinin önündən keçir?!
Bu ilin yazında “Dolu” romanım Türkiyədə “Avrasiya” Yazarlar Birliyi tərəfindən nəşr edilmişdi. Əsər qardaş ölkədə böyük maraq doğurmuşdu. Romanı Türkiyə türkcəsinə uyğulayan görkəmli araşdırmaçı və yazar Seyfəddin Altaylı məni Ankaraya dəvət etdi. Getdim. İndi Türkiyədə kitaba, kitab deyəndə, ədəbiyyata, sənətə münasibət 30 il bundan əvvəl Azərbaycanda olan münasibət kimidi.
Halbuki Türkiyədə əhalinin 20 faizi heç yazıb-oxumağı da bilmir. Təkcə İstanbul hava limanındakı kitab mağazasının sahəsi Bakıdakı bütün kitab mağazalarının sahəsindən böyükdür. Bakıda bir-iki kitab mağazasından başqa yerdə qalan kitab mağazalarında ət, süd, dolma yarpağı, incir qurusu, pal-paltar, Sovet sənayesinin buraxdığı bütün şərab məmulatları (“Uşaqlığın son gecəsi” filmindən) və sair satılır.
Türkiyədə isə kitab mağazalarından başqa bütün bunların satıldığı böyük marketlərdə həm də bir böyük bölgə kitablar üçün ayırılıb. Nə isə, bu ayrı söhbətin mövzusudu.
Seyfəddin
bəy dedi ki,
İLAHİ, MƏN KONYADA NƏLƏR GÖRDÜM?
Bunu yazmaqla oxucuya çatdırmaq olmaz, gərək bunu öz gözlərinlə görəsən, bunu yaşayasan.
Nitsşenin bir fikri mənim çox xoşuma gəlir və yazılarımda tez-tez bu fikirə istinad edirəm. Nitsşe deyir ki, mən öləcəm, məni bu torpağa basdıracaqsız və ölümümlə sizə bu torpağı sevdirəcəm.
“Dolu” romanımda Komandir deyir:
– ... Qulaq as. Nitsşe deyir ki, öləcəm, məni bu torpağa basdıracaqsız, sonra bu torpağı mənə görə çox sevəcəksiz. İndi biz nə qədər ölürük, sizlərə bu torpağı sevdirə bilmirik ki, bilmirik! Gərək bu millətin yarısı qırıla ki, bu torpağı sevəsiniz?! Hələ onu da Allah bilir, sevəcəksiz, ya yox!...
İndi Mövlana həzrətlərini Konyada torpağa tapşırıblar. Bir şair öz ölümüylə Konyanı müqəddəsləşdirib, Məkkəyə, Mədinəyə, Kərbəlaya çevirib. Bütöv bir şəhər Mövlanalaşıb. Hər ağac yarpağında, hər güldə, hər çiçəkdə, hər kəsin üzündə-gözündə Mövlana! Mövlana bir Tanrı nuru kimi bu şəhərin üzərinə çöküb, ruhuna hopub. Mövlananın bu nuru xətrinə bir milyonluq bu şəhərdə hətta alkoqol da satılmır, ən bahalı restoranlarda belə alkoqol verilmir.
Demirəm,
Konyada və ya Türkiyədə hər şey bal kimidi. Bu günlərdə
Türkiyə telekanallarının birində (gərək ki
TV-8-də)
Elə bizim də başımıza gələn bəlaların kökündə bu dayanır. Bizlər də nizamilərdən, füzulilərdən, üzeyirlərdən uzaqlaşmışıq.
Qayıdaq Konyaya. Bütün mağazalarda, qəzet-kitab köşklərində Mövlana ilə bağlı suvenirlər satılır. Hətta uzaq Çindən belə suvenirlər gətirirlər Konyaya və bir maraqlısı da odur ki, çinlilərin hazırladığı Mövlananın heykəllərində Mövlananın gözləri qıyıqdı. Qonaq Türkiyədən deyilsə mütləq ona bu suvenirlərdən biri bağışlanır, mənə də üç-dörd belə suvenir bağışladılar.
Mövlananın məqbərəsinə girmək, məzarını ziyarət etmək üçün isə uzun bir növbəyə durmalı olursan. Bir çox müqəddəslərin uyuduğu bu məqbərə həm də bir tarix muzeyidi, ədəbiyyat, incəsənət muzeyidi. Təəssüf ki, içəridə şəkil çəkməyə icazə vermirlər. İntəhası, mən telefonla birini çəkə bildim, Mövlananın ruhu məni bağışlasın.
Bu səfərin üstündən 6-7 ay keçməsinə baxmayaraq hələ də Konyada yaşadıqlarımın təsiri alıntadayam. Konyada Şeyx Mövlana həzrətlərinin məqbərəsi, Gəncədə Şeyx Nizami həzrətlərinin məqbərəsi...
Türklər Konyanı Mövlanalaşdırıblar. Bəs biz necə, Gəncəni Nizamiləşdirə bilmişikmi?!
Son illər Gəncədə çox böyük quruculuq işləri gedir. Hələ bir neçə il bundan əvvəl Ulu Öndər Heydər Əliyev Poeziya Kəbəsini çox yüksək səviyyədə Nizami Gəncəvinin adına layiq bərpa elətdirmişdi. Hazırda da Gəncədə Cavad xanın adının əbədiləşdirilməsi, Gəncənin tarixiliyinin, qədimliyinin qabardılması, məşhur Gəncə qapılarının yenidən qoyulması və sair və ilaxır bunlar hamısı təqdirəlayiqdi.
Bildiyiniz kimi, qədim Gəncə qapıları Tiflisdə saxlanılır. Nə qədər çalışsaq da qonşularımız quldurluqla çırpışdırıb apardıqları bu qapıları bizə qaytarmadılar. Bilirsiniz niyə?
Niyəsini bilmək istəyirsinizsə, gələn şənbəni gözləyin.
(Ardını izləyin)
AQİL ABBAS
525-ci qəzet.- 2009.- 7 noyabr.- S.14.