Azərbaycan təhsili: yaxın
keçmişə, bu
günə və gələcəyə bir baxış
(əvvəli
ötən şənbə
sayımızda)
Azərbaycanın təhsil
sistemində 10 ildən artıq bir müddətdə
davamlı və məqsədyönlü şəkildə
aparılan islahatlar dövlət müstəqilliyinin
mühüm əlamətlərindən biridir. Müstəqillik
yeni dövlətçilik ənənələrinin
yaranmasına, bütün sahələrdə uzun illər boyu
kök salmış stereotiplərə və fəaliyyət
standartlarına, işin forma, məzmun və mahiyyətinə
müasir mövqedən yanaşmağa, indiyədək
mövcud olanların yeni ideyalar əsasında təkmilləşdirilməsi
və dəyişdirilməsinə geniş imkanlar
açır.
Ölkəmizdə təhsil
sahəsində həyata keçirilən islahatlar, tarixi zərurətdən,
zamanın tələbindən irəli gəlmişdir. Ən
diqqətçəkən cəhət ondan ibarətdir ki,
islahatlar başlanarkən inqilabçılıq, köhnəni
tamamilə inkar etmək yolu tutulmamış, yeniliklərin
mütərəqqi ənənələr üzərində
qurulması diqqət mərkəzində
saxlanmışdır. Bununla belə, islahatlar o zaman məqbul
sayılır ki, dünənə qədər yararlı hesab
edilənlərin artıq bu gün tələblərə
uyğun gəlmədiyi barədə cəmiyyətdə
obyektiv fikir formalaşsın.
Təhsil sahəsində
islahatların əsas istiqamətlərindən biri də dərslik
siyasəti ilə bağlıdır. Bu məqalə ümumtəhsil
məktəblərinin dərslik problemlərinə həsr
olunmuş əvvəlki iki məqalənin davamı kimi nəzərdə
tutulub. Həmin məqalələrdə daha çox dərslik
yaradıcılığı tarixi, dərslik
hazırlığı sahəsində həyata keçirilən
tədbirlər işıqlandırılmışdısa, bu
yazıda müasir dövrün tələblərinə
uyğun yeni nəsil dərsliklərinin səciyyəvi
xüsusiyyətlərini, onlara verilən tələbləri
diqqətə çatdırmağı qarşıya məqsəd
qoymuşuq.
Əgər desək ki,
dərslik hər bir insanın həyatda ilk dəfə
oxuduğu kitabdır, heç də yanılmarıq. “Kitab
bilik şəhərinin nurudur” (Ə.Cami, XV əsr).
İnsanları öyrənməyə, məlumatlanmağa,
biliklərə, bacarıq və vərdişlər
qazanmağa aparan yol da məhz belə kitablardan – dərsliklərdən
başlanır.
Bir dərslik
yazmağın əziyyəti cild-cild roman yazmağın zəhmətindən
daha çoxdur. Buna görə də bütün həyatını,
yaradıcılığını bir və ya bir neçə
dərsliyə həsr etmiş alim və mütəxəssislərin
təhsil tariximizdə şərəfli yer tutması
hamıya yaxşı məlumdur. Elə dərsliklər var
ki, bunlar onilliklər ərzində davamlı surətdə təkmilləşdirilmiş,
yenidən işlənmiş, hətta ayrı-ayrı müəlliflər
qrupu tərəfindən müxtəlif variantlarda
hazırlanmışdır. Bununla belə, dərsliklər
daim ictimaiyyətin diqqətində olduğundan onlara həmişə
tələbkarlıqla yanaşılmış, tənqidi
münasibət bəslənilmişdir. Bu da təbiidir,
çünki yaranan kitabların ən vaciblərindən hesab
edilən dərsliklər cəmiyyətdə uşaq və gənclərin
təhsillənməsi yolunda başlıca vasitə kimi qəbul
olunmaqdadır.
Bu yerdə indiyədək
ciddi diqqət yetirilməyən bir məqama toxunmaq istərdim.
Məsələ bundadır ki, dərsliklərin müvafiq tədris
proqramları əsasında yazılmasına baxmayaraq, son nəticədə
məhz dərsliklər tənqid hədəfinə
çevrilir. Halbuki hər bir fənnin məzmunu bilavasitə
tədris proqramlarında müəyyənləşdirilir. Ona
görə də dərsliklərə münasibət göstərilərkən
ilk növbədə tədris proqramlarının hansı səviyyədə
hazırlanmasına, mövcud tələbatları ödəyib
ödəməməsinə xüsusi diqqət yetirilməlidir.
Əlbəttə, keyfiyyətli tərtib olunmuş tədris
proqramı əsasında zəif dərslik də yazıla bilər,
bu, müəllifin peşəkarlığından birbaşa
asılıdır. Lakin məzmun baxımından real tələblərə
cavab verməyən proqram əsasında yaxşı dərslik
hazırlamaq sağlam məntiqə heç cür uyğun gəlmir.
Fikrimcə, sovet dönəmində yaranan, müstəqillik
illərində də eyni prinsiplər əsasında
hazırlanan dərsliklərdəki nöqsan və
çatışmazlıqların mənbəyini ümumi təhsilin
məzmununun fənyönümlü olmasında, daha çox
faktların, məlumatların, nəzəri materialların mənimsədilməsinə
yönəlməsində axtarmaq daha düzgün olardı. O
vaxtlar əksər dərsliklərin mərkəzdə
hazırlanıb yerlərdə tərcümə edilərək
istifadə olunması səbəbindən müttəfiq
respublikalarda, o cümlədən Azərbaycanda dərslik
yaradıcılığı sahəsində mütəxəssislərin
kifayət qədər formalaşmaması da dərsliklərin
keyfiyyətinə mənfi təsir göstərən amillərdən
biri idi.
İslahatların nəticəsi
olaraq mütərəqqi dünya təcrübəsi nəzərə
alınmaqla ümumi təhsilin məzmununda təklifyönümlülükdən
tələbyönümlülüyə keçilməsi,
şəxsiyyətyönümlülük, inteqrativlik istiqamətlərinin
gücləndirilməsi, məzmunun əvvəlcədən
müəyyən edilmiş nəticələrin
(standartların) reallaşdırılmasına yönəldilməsi
və bunlarla əlaqədar təlim prosesində “müəllim-şagird”
münasibətlərinin, təlim strategiyalarının mahiyyətcə
dəyişməsi dərslik hazırlığı məsələlərinə
də yeni yanaşma formalaşdırmışdır. Bütün
bunlar dərslik yaradıcılığı sahəsində
III mərhələni şərtləndirən əsas amillərdir.
Məlumdur ki, yeni
yanaşmaları əks etdirən fənn kurikulumları əsasında
hələlik I və II siniflər üçün dərsliklər
hazırlanıb istifadəyə verilmişdir. Digər siniflərdə
isə ənənəvi tədris proqramları üzrə
yazılmış dərsliklər tətbiq olunur.
Aparılmış təhlil
göstərir ki, ənənəvi qaydada
hazırlanmış dərsliklərdə tədris
proqramlarına uyğun olaraq, daha çox müvafiq elm sahəsi
üzrə anlayışların, məlumatların əks
olunmasına üstünlük verilir. Ona görə də dərsliklərin
ümumi quruluşu müəyyən edilərkən elmi-nəzəri
materialların ardıcıllıqla mənimsədilməsi
üstün prinsip kimi əsas tutulur.
Dərsliklərin bu
qaydada tərtibi onların əlavə materiallarla yüklənməsinə,
təkrarlara, həcminin artmasına gətirib
çıxarır. Proqram və dərslik müəlliflərinin
bir çoxuna elə gəlir ki, məsələn, Azərbaycan
dili fənni daxilində şagirdlər dilin bütün
bölmələri üzrə nəzəri bilikləri,
qaydaları bilməli, əzbər yadında
saxlamalıdırlar. Yaxud riyaziyyatdan natural ədədlərə,
kəsrlərə, cəbri ifadələrə, funksiyalara,
inteqrallara, həndəsəyə aid nə varsa şagird mənimsəməli
və onların tətbiqi ilə bağlı məsələləri,
misalları, habelə digər tapşırıqları yerinə
yetirməlidir.
Bu fikirləri əsaslandırmaq
üçün nümunələrə nəzər salaq. Məsələn,
III sinfin ana dili proqramında nitq hissələrindən isimin
öyrədilməsinə 28, sifətə 14, feilə 30 saat
vaxt ayrılmışdır. IV sinifdə isə yenə də
isimə 35, sifətə 20, feilə 45 saat verilmişdir. Təsəvvür
etmək çətin deyil ki, əgər III-IV siniflərdə
təkcə feil bəhsinə 75 saat ayrılırsa, onda bu
nitq hissəsi üzrə şagird səviyyəsində
öyrənilməmiş heç nə qalmır. Bu zaman
haqlı bir sual meydana çıxır: ibtidai sinif şagirdinə
təkcə bir nitq hissəsinə aid bu qədər bilik, məlumat
həcmi nəyə lazımdır?!
Şübhə yoxdur
ki, dərslik hazırlığında elmilik prinsipinin gözlənilməsi
vacib şərtlərdən biridir. Dərsliklərdə
müvafiq elm sahəsinin nailiyyətləri şagirdlərin
yaş, qavrama səviyyəsinə uyğun öz əksini
tapmalıdır. Lakin bu, heç də dərslikləri nəzəri
məlumatlarla yükləməyə əsas vermir. O elmi
materiallar faydalı hesab olunur ki, bunlar bilavasitə şagirdlərdə
idraki bacarıqların, xüsusilə də, tətbiqi
bacarıqların formalaşmasına xidmət edir.
Ənənəvi tədris
proqramlarında və bunlara uyğun yazılmış dərsliklərdə
yuxarıda qeyd edilən nöqsan və
çatışmazlıqların yaranmasının
başlıca səbəbi yaxın illərədək təhsil
sistemində nəticələrə əsaslanan dövlət
standartlarının müəyyənləşdirilib tətbiq
edilməməsi olmuşdur. Məhz dövlət tələbini
əks etdirən təlim standartları etibarlı sipər
rolunu oynayaraq dərslikləri artıq materiallardan,
informasiyalardan, məqsədlə uyuşmayan mövzulardan, kənaraçıxma
hallarından qorumağa yönəlmişdir. Aşağıdakı
nümunəyə diqqət yetirək:
Riyaziyyatdan II sinif
üçün fənn kurikulumunda “Cəbr və funksiyalar” məzmun
xəttinin “Riyazi ifadələr” hissəsində əsas
standart “Şagird riyazi ifadələr haqqında təsəvvürə
malik olduğunu nümayiş etdirir” formasında müəyyən
edilmişdir. Bu əsas standart aşağıdakı nəticə
alt-standartları vasitəsilə reallaşdırılır:
Şagird:
– mötərizəli və
mötərizəsiz ədədi ifadələri oxuyur və
yazır;
– mötərizəli və
mötərizəsiz ədədi ifadələrin qiymətini
hesablayır;
– sözlərlə
verilmiş müvafiq fikri riyazi ifadə edir və riyazi ifadələri
sözlərlə oxuyur;
– məsələyə
uyğun riyazi ifadə, riyazi ifadəyə uyğun məsələ
qurur.
Başqa sözlə, əgər
şagird həmin alt-standartlarda qeyd olunan tələbləri
yerinə yetirirsə, demək, o, riyazi ifadələrin mahiyyətini
mənimsəmiş və müvafiq tətbiqi bacarıqlara
yiyələnmişdir. Analoji olaraq dərslikdə də
yalnız alt-standartlarda ifadə olunmuş məzmun və fəaliyyətlərin
reallaşdırılması yolları öz əksini
tapmalı, bütün diqqət buna yönəlməlidir. Göründüyü
kimi, standartların təbiəti elədir ki, reallaşma
prosesində dərsliklərə hər hansı bir artıq
materialın, məlumatın daxil olmasını yolverilməz
edir.
Yaxud ədəbiyyat fənnini
götürək. Azərbaycan hökuməti tərəfindən
təsdiq olunmuş Milli Kurikulum sənədində, məsələn,
əsas təhsil pilləsində bu fənn üzrə
ümumi nəticələr şifahi və yazılı ədəbiyyat
nümunələri, bədii mətnlər, poeziya, nəsr,
dramaturji materiallar əsasında şagirdlərdə təhlil,
müqayisə, tətbiq, müstəqil fikir yürütmə,
planlaşdırma, münasibət bildirmə, izahetmə, əməkdaşlıq
bacarıqlarının formalaşdırılmasını nəzərdə
tutur, onlarda obrazlı təfəkkürün, sözə və
söz sənətinə həssas, emosional münasibət
yaradılmasına, ədəbiyyat nəzəriyyəsi, ədəbiyyat
tarixi, ədəbi simalar haqqında ümumi məlumatların
mənimsədilməsinə xidmət edir.
Müqayisə
üçün deyək ki, indiki fənn proqramının tələbinə
görə hazırda istifadə edilən ədəbiyyat dərsliklərində,
bir qayda olaraq, şifahi xalq ədəbiyyatı nümunələri,
müxtəlif bədii əsərlərdən parçalar,
yazıçıların həyat və
yaradıcılığı, onların bəzi əsərlərindən
nümunələr daha geniş yer tutur. Həm də
yazıçılar dərsliklərdə tarixi-xronoloji
ardıcıllıqla sıralandığından şagirdlər
xeyli ərəb və fars sözləri olan klassik ədəbiyyat
nümunələrini 14-15 yaşlarında, daha müasir əsərləri
isə 16-17 yaşlarında öyrənirlər ki, bu da müəyyən
uyğunsuzluqlar əmələ gətirir. Eyni zamanda tədris
olunan bədii əsərlərin dərsliklərdə təhlilinin
verilməsi şagirdləri düşünmək, fikir
söyləmək, müstəqil təhlil aparmaq imkanından
məhrum edir. Elə ədəbiyyat dərslikləri də
var ki, bunlara ədəbiyyat yox, ədəbiyyat tarixi dərslikləri
demək daha düzgün olardı. Yaxud 235 səhifəlik dərsliyin
42 səhifəsi yazıçıların həyatına sərf
edilirsə, bu qədər məlumatın şagirdlər tərəfindən
öyrənilib yadda saxlanılacağına kim zəmanət
verə bilər və bu, nə dərəcədə əhəmiyyətlidir?!
Həm də dərsliklərə
daxil edilmiş poeziya, nəsr və dramaturgiya nümunələrinin
az qala standart səviyyəsində qəbul olunması qətiyyən
düzgün deyildir, bunların hansı məqsədlə
seçilməsi əsaslandırılmalıdır. Çünki
təhlil göstərir ki, eyni əsərlər uzun illərdən
bəri dərsliklərə salınır və dəyişdirilmir.
Məgər məqsəd həmin əsəri öyrətməkdir,
yoxsa əsərlər vasitəsilə qarşıya
qoyulmuş digər vacib məsələni yerinə yetirmək?!
Təbii ki, şagirddə, məsələn, təhlil,
müqayisə və sair bu kimi bacarıqları möhkəmləndirmək
nəzərdə tutulursa, bu məqsədə hər hansı
bir əsər xidmət göstərə bilər.
Fikrimcə, yeni fənn
kurikulumları ədəbiyyat dərsliklərini
“yazıçının həyatı,
yaradıcılığı və əsərlərindən
bir nümunə; ənənəvi sual və
tapşırıqlar...” şablonundan xilas edərək,
şagirdlərə bədii ədəbiyyat vasitəsilə zəruri
həyati bacarıqların, insan şəxsiyyətini şərtləndirən
mənəvi-əxlaqi keyfiyyətlərin
formalaşdırılmasına real zəmin yaradacaqdır.
Bütün bu
açıqlamalardan sonra (əlbəttə, bu fikirlər diskussiya
obyekti də ola bilər) belə bir sual meydana
çıxır: Müasir dərslikləri səciyyələndirən
hansı cəhətlərdir? Bunları, əsasən,
aşağıdakı kimi qruplaşdırmaq olar:
– şagirdlərin təlim
marağının gücləndirilməsi, onları tədqiqatçılığa,
axtarışlara, yeni məlumatlar əldə etməyə
istiqamətləndirməsi;
– məntiqi və
yaradıcı təfəkkürün inkişafını təmin
etməsi;
– tətbiqi xarakter
daşıması, şagirdlərdə zəruri həyati
bacarıqların formalaşdırılmasına zəmin
yaratması;
– fəndaxili və fənlərarası
inteqrasiya imkanlarını təmin etməsi;
– fəal təlim
metodlarının tətbiqinə şərait yaratması;
– fərqli idraki imkanlara
malik şagirdlərin təlim prosesində nəzərə
alınması;
– müəllimlərin
müstəqil və yaradıcı fəaliyyətinə əlverişli
imkanlar yaratması və s.
Yeni kurikulumlar əsasında
tərtib edilən dərsliklərin müəllim
üçün metodik vəsait və şagirdlər
üçün iş dəftəri ilə birlikdə komplekt
şəklində qəbul edilməsi sayəsində dərsliyin
yeni bir funksiyası – əlaqələndirici funksiyası
meydana çıxır. Bu funksiya müəllim-şagird-valideyn
pedaqoji əməkdaşlığının, birliyinin təmin
olunmasında başlıca rol oynayır.
Daha bir vacib məqam. Ənənəvi
dərsliklər öz xarakterinə görə daha çox
informasiya mənbəyi kimi qəbul edilir, bu xususiyyət
onların əsas mahiyyəti hesab olunur. Əlbəttə, dərsliklərdə
informasiyalar, məlumatlar olmalıdır, bunsuz keçinmək
mümkün deyildir. Lakin bugünkü informasiya bolluğu
şəraitində dərsliklər, təbii ki, onları əks
etdirmək ağırlığını öz üzərinə
götürə bilməz. İndiki şəraitdə dərsliklər
müxtəlif çeşidli informasiyalardan ən zərurilərini
seçmək və səmərəli istifadə etmək,
onların əsasında meyl və marağa görə yeni məlumatlar
əldə etmək sahəsində şagirdlər
üçün istiqamətverici vəsaitə çevrilməlidir.
Belə olduğu halda, şagirdin təlimə marağı
yüksəlir, tədris prosesində onun fəaliyyətinin
motivləşdirilməsi (fəallığı təmin edən
halların nəzərdə tutulması) və
stimullaşdırılması təmin olunur. Heç
şübhəsiz, təlim zamanı şagirdlərin fəaliyyətini
motivləşdirmədən və stimullaşdırmadan
yüksək keyfiyyətə nail olmaq
qeyri-mümkündür.
Müasir dünya təcrübəsi
göstərir ki, dərslik yaradıcılığında
iki mühüm cəhətə xüsusi diqqət yetirilir. Bunlardan
birincisi, dərsliklərdəki təlim
tapşırıqlarının şagirdlərin yaş səviyyəsinə
uyğun daha çox oyun elementləri, maraqlı fakt və
hadisələr üzərində qurulması, ikincisi isə
bu tapşırıqların şagirdlərin idrak fəallığının,
təfəkkürlərinin, dünyagörüşlərinin
gücləndirilməsinə yönəldilməsidir. Məsələn,
mətn üzərində iş prosesində məqsəd əsas
məzmunu müəyyənləşdirmək və ya məzmunu
qüvvətləndirən ifadələri təsnif etməkdirsə,
bu zaman elə mətn seçilməlidir ki, həm
tapşırığa uyğun gəlsin, həm də
şagird bu mətn vasitəsilə yeni maraqlı məlumat əldə
edə bilsin. Yaxud şagird təsviri xarakter daşıyan mətn
üzərində qurulmuş riyazi məsələyə nisbətən
yeni informasiyaya əsaslanan əyləncə tipli məsələnin
həllinə daha həvəslə yanaşar. Heç
şübhəsiz, hər hansı bir tarixi hadisəni
lüzumsuz rəqəmlərlə akademik dildə təsvir
etməkdənsə, onu nəqli formada, hekayə üslubunda
yazmaq şagird üçün xeyli maraqlı və yaddaqalan
olar.
Məşhur bir ifadə
var ki, kəşf etmək hamının
gördüyünü görmək, lakin hələ heç
kimin düşünmədiyini düşünmək deməkdir.
Görkəmli maarifçi-filosof R.Dekart düşünməyi
mövcud olmaq adlandırırdı. Bu mənada təlim
prosesində şagirdləri düşünməyə,
düşünməklə axtarışlar aparıb qərarlar
qəbul etməyə istiqamətləndirmək ən vacib vəzifələrdəndir.
Bu işdə dərsliklər, şübhəsiz,
mühüm rol oynamalıdır. Xüsusilə, əsas və
orta təhsil pilləsi üçün nəzərdə
tutulan dərsliklərdə şagirdləri problemlərlə
üzləşdirən, tədqiqatçılığa
sövq edən materiallara geniş yer verilməlidir. “Nə
üçün”, “hansı səbəblərə görə”,
“hansı yolu seçməli” və sair bu kimi suallar şagirdlərin
təfəkkürünü durğunluqdan dinamikliyə
yönəltməlidir.
Məlumdur ki, təhsil
iki əsas təməl üzərində – inkişafetdirici və
tərbiyəedici təlim prinsipləri üzərində
qurulur. Onlar biri-biri ilə üzvi şəkildə
bağlıdır, biri digərini məntiqi cəhətdən
tamamlayır. Bu prinsiplər birlikdə təhsilalanın şəxsiyyətini
formalaşdıran mühüm amil kimi meydana
çıxır. Şəxsiyyətin formalaşmasında isə
idraki, informativ-komunikativ və psixomotor bacarıqlar
aparıcı rol oynayır. Yeni kurikulumlarda bu cəhət əsas
istiqamət olaraq nəzərdə tutulmuşdur. Bunlar, bir
qayda olaraq, aşağıdakı kimi təsnif edilir:
Fənn
kurikulumlarında nəticə standartları formasında ifadə
olunan bu bacarıqların dərsliklərdə
reallaşdırılması təqdim edilən sxemdəki
vasitələrlə təmin oluna bilər:
Göründüyü
kimi, hər bir tədris vahidi (bəhs, fəsil), onu əhatə
edən bölmə və mövzular standartın tələbindən
yaranır və nəzərdə tutulan məqsədlərin
həyata keçirilməsi göstərilən vasitələrlə
təmin olunur.
Yeni nəsil dərsliklərin
fənn kurikulumları əsasənda hazırlanması
üçün bir sıra zəruri pedaqoji prinsiplərin
gözlənilməsi mühüm əhəmiyyətə
malikdir. Həmin prinsipləri diqqətə çatdıraq:
– düzgünlük (təlim
standartlarına uyğunluq, faktların dəqiqliyi, mübahisəli
faktların olmaması, orfoqrafiya, durğu işarələri
və qrammatik qaydaların gözlənilməsi);
– əyanilik (şəkil,
foto, sxem, qrafik, xəritə, cədvəl və
illüstrasiyaların olması);
– müasirlik (müvafiq
elm sahəsində və sosial-iqtisadi sahələrdəki
nailiyyətlərin şagirdlərin yaş səviyyəsinə
uyğun əks olunması, təlim materiallarının
müasir dünyagörüşü
formalaşdırılmasına istiqamətlənməsi);
– tamlıq (nəzəri,
praktik, təsviri, qiymətləndirmə materiallarının
olması, onların üzvi şəkildə əlaqələndirilməsi);
– ardıcıllıq
(psixoloji, məzmun, təqvim-tematik və məntiqi
baxımdan).
Psixoloji baxımından
ardıcıllıq təlim materiallarının
maraqlılıq səviyyəsinə görə düzülməsidir.
Bu, hafizə, təfəkkür və təxəyyül
proseslərinin formalaşmasında başlıca şərtlərdən
biridir.
Məzmun
baxımından ardıcıllıq təlim
materiallarının sadədən mürəkkəbə
doğru sıralanmasını tələb edir.
Təqvim – tematik
baxımından ardıcıllıq təlim materialları
düzülərkən tarixi günlərin, əlamətdar
hadisələrin diqqətdə saxlanmasını nəzərdə
tutur.
Məntiqi baxımdan
ardıcıllıq əvvəlki təlim materialları vasitəsilə
növbəti materialların mənimsənilməsinə zəmin
yaradılmasını tələb edir.
– yaş səviyyəsinə
uyğunluq (dərsliyin poliqrafiya, dizayn cəhətdən
şagirdlərin estetik tələbatına cavab verməsi, təlim
materiallarının məzmun və həcm baxımından
onların ehtiyaclarına uyğun müəyyənləşdirilməsi);
– təlim vaxtına
uyğunluq (təlim materiallarının həcmi müəyyən
edilərkən tədrisə ayrılan vaxtın dəqiq nəzərə
alınması);
– oxunaqlılıq (təlim
materiallarının maraqlı və yığcam olması,
onların aydın üslubda, sadə dildə ifadə edilməsi);
– inklüzivlik (potensial
imkanlarından, qavrama səviyyəsindən asılı
olmayaraq bütün şagirdlərə diferensial
yanaşmanın təmin edilməsi və onların təlim
maraqlarının ödənilməsi).
Bunlarla yanaşı,
müasir dərsliklər müəyyən olunmuş gigeyenik
tələblərə uyğun hazırlanmalı, fəal təlim
üçün əlverişli imkanlar yaratmalıdır.
Vacib cəhətlərdən
biri yeni nəsil dərsliklərinin inteqrativ xarakterdə
hazırlanmasının təmin olunmasıdır. İnteqrativlik
təhsilin məzmun komponentlərinin bir-biri ilə və həyatla
sistemli şəkildə üzvi əlaqələndirilməsidir.
İnteqrasiya konkret bir hadisə, anlayış və məfhum
haqqında şagirdlərdə daha geniş təsəvvürlər
yaradılmasına, onların mahiyyətinin dərindən dərk
edilməsinə və möhkəmləndirilməsinə,
bilik və bacarıqların sistemli mənimsədilməsinə
hərtərəfli imkanlar açır, şagirdlərdə
müqayisələr aparmaqla ümumiləşdirmə
bacarıqlarının formalaşmasına, tədqiqatçılıq
meyllərinin güclənməsinə əhəmiyyətli dərəcədə
müsbət təsir göstərir. Hər hansı
bacarıq yalnız bir fənn vasitəsilə aşılana
bilməz. Konkret bacarığın mənimsədilməsində
hər bir fənn öz məzmun imkanları daxilində
iştirak edir. Bu fikri əsaslandırmaq üçün diqqətə
çatdırım ki, müasir kurikulumlarda standartlar elə
müəyyən olunmuşdur ki, onların hamısı əsas
məqsədləri ilə yanaşı, bu və ya digər dərəcədə
şagirdlərdə nitq mədəniyyətinin
formalaşdırılmasına da lazımi səviyyədə
xidmət göstərir. Çünki bütün fənn
kurikulumlarında şagirdlərin “izahetmə”, “şərhetmə”,
“təqdimetmə” bacarıqlarının inkişafını
nəzərdə tutan standartlar vardır.
Fənlərarası
inteqrasiya nümunəsində digər bir fakta nəzər
salaq. Aşağıdakı cədvəldə I sinifdə tədris
olunan müxtəlif fənlər üzrə “fərqləndirmə”
bacarığı əhatə edilən alt-standartlar ifadə
olunmuşdur:
Təlim prosesində dərsliklər
əsas vəsait kimi nəzərdə tutulsa da, tək bir dərslik,
eləcə də müəllim üçün metodik vəsait
müəllimlərin fəaliyyətinin istiqamətləndirilməsi
sahəsində yeganə mənbə ola bilməz. Təlim
çoxcəhətli, psixoloji-pedoqoji məqamlarla zəngin bir
prosesdir. Bu prosesin səmərəli, şagirdlərin mənafeyinə
yönəldilmiş formada təşkili üçün
müəllimlərin paralel olaraq müxtəlif vəsaitlər
və metodik tövsiyələrlə təminatı bu
günümüzün vacib məsələlərindəndir.
Təəssüf ki, bizim bu sahədə fəaliyyət
göstərən mütəxəssislərimizin əksəriyyəti
daha çox dərslik hazırlanmasına diqqət yetirir, əlavə
vəsaitlərin tərtibinə həvəslə
yanaşmırlar. Yəqin belə vəziyyət ondan irəli
gəlir ki, əlavə vəsaitlər dövlət
hesabına nəşr olunmur. Lakin, fikrimcə, müəllimlər
müasir tələblər səviyyəsində
hazırlanan, ehtiyacı ödəyən təlim
materiallarının daim axtarışındadırlar. İnkişaf
etmiş bir sıra ölkələrin təcrübəsi
göstərir ki, əlavə vəsaitlərin tərtibinə
dərsliklərlə bərabər səviyyədə
yanaşılır. Ona görə də dərslik
yaradıcılığı sahəsində
tamlığı, əhatəliliyi təmin etmək məqsədilə
hər bir fənn üzrə əlavə təlim
materiallarının hazırlanması diqqət mərkəzində
saxlanmalı, mütəxəssislər bu işə geniş
cəlb olunmalıdırlar.
Ölkəmizdə yeni
nəsil dərsliklərin hazırlanması istiqamətində
hələlik ilk addımlar atılır. Ədalət naminə
demək lazımdır ki, uğurlu nəticələrin
olması gələcəyə nikbinlik hissi oyadır. Bununla
belə, müasir tələblər səviyyəsində dərslik
hazırlanması üçün hələ çox mərhələlər
keçilməli, dünya təcrübəsində mütərəqqi
nə varsa öyrənilib tətbiq edilməlidir. Xüsusilə,
müvafiq fənn kurikulumları əsasında inteqrativ dərsliklərin
tərtibi üzrə mütəxəssislərin
hazırlanması, bu sahədə ilk nümunələrin
yaradılması ümdə vəzifələrdən hesab
olunur.
Bu məqalə xarakterinə
görə konseptual səciyyə daşımaqla
yanaşı, həm də, güman edirəm ki,
düşünmək, araşdırmalar aparmaq, yeni ideyalar irəli
sürmək üçün əsas götürülə
bilər. Hər bir pedaqoq-alimin, mütəxəssisin, müəllimin,
eləcə də valideynlərin dərslik
yaradıcılığı barədə rəy və
mülahizələri bu sahənin inkişafına təkan verəcəyi
birmənalı qəbul olunmalıdır.
(ardı
var)
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri,
fizika-riyaziyyat elmləri doktoru,
professor
525-ci qəzet.- 2009.- 7 noyabr.- S.10-11.