Kədərli ildönümü, yaxud Parisdə dəfn

 

75 il bundan əvvəl, 1934-cü il noyabrın 5-də Parisin ucqar Sen-Klu rayonunda, özünün sadə mənzilində XX əsr Azərbaycan tarixinin ən görkəmli şəxsiyyətlərindən biri Əlimərdan bəy Topçubaşı (1862-1934) dünyaya gözlərini yummuşdu. Qurucularından biri olduğu müstəqil Azərbaycanda o, cəmisi üç aya yaxın yaşaya bilmişdi. 1918-ci il avqustun 23-də Azərbaycan dövlətinin Fövqəladə və Səlahiyyətli naziri kimi müvəqqəti paytaxt Gəncədən İstanbula, sonra isə Parisə yollanmış, dünyanın yeni siyasi xəritəsini cızan Versal Sülh Konfransında Azərbaycan Nümayəndə heyətinin fəaliyyətinə rəhbərlik etmişdi. Azərbaycan Cümhuriyyətinin sonrakı 20 aylıq mövcudluğu, gənc dövlətin Sülh konfransı tərəfindən de-fakto tanınması və beynəlxalq hüququn subyektinə çevrilməsində Ə.Topçubaşının müstəsna xidməti vardı. Fransa paytaxtında maddi və mənəvi sıxıntılarla dolu siyasi mühacir həyatı keçirdiyi sonrakı 14 il ərzində də onun bütün qayəsi, məqsəd və məramı öz ölkəsinin tapdanmış haqlarının bərpa edilməsi, yenidən azadlıq və müstəqilliyə qovuşması olmuşdu.

Yalnız Azərbaycanın deyil, Qafqaz regionunun, bütünlükdə türk-müsəlman dünyasının görkəmli siyasi liderlərindən sayılan Ə.Topçubaşının vəfatı və dəfni müxtəlif ölkələrdə, müxtəlif dillərdə çıxan mühacir mətbuatında geniş işıqlandırılmışdı. Xüsusən onun Fransa paytaxtındakı izdihamlı dəfn mərasimi mühüm siyasi manifestasiyaya, Azərbaycan xalqı ilə həmrəylik nümayişinə çevrilmişdi. Kədərli ildönümü günündə Parisdə rus və fransız dillərində nəşr olunan “Prometey” (1930-1936, redaktoru Q.Qvazava), Varşavada türk-Azərbaycan və rus dillərində çıxan “Şimali Kafkasya-Severnıy Kavkaz” (1934-1938, redaktoru B.Baytuqan) jurnallarında Ə.Topçubaşının dəfni ilə bağlı dərc edilmiş materialları “525-ci qəzet”in oxucularına çatdırmaq istərdim. Hər iki jurnalın 1934-cü il noyabr sayının üz qabığında azərbaycanlı siyasi xadimin portretinin yerləşdirməsi də ayrıca qeyd olunmalıdır. “Şimali Kafkasya”dakı nekroloqdan başqa qalan bütün materallar rus dilindən ilk dəfə bu sətirlərin müəllifi tərəfindən tərcümə edilmişdir.

 

Ə.M.Topçubaşovun ölümü münasibəti ilə

 

Uzun sürən əzablı xəstəlikdən sonra biz Əlimərdan bəyi itirdik. Onun ölümü ilə təkcə Azərbaycanın deyil, bütün müsəlman Yaxın Şərqinin siyasi xadimləri arasında ən böyük şəxsiyyətlərdən biri əbədiyyətə qovuşdu.

Bu alovlu və nəcib vətənpərvərin həyatı xalqa xidmətə sərf olunmuşdu. Azərbaycanın, Rusiya müsəlman əhalisi tarixinin müxtəlif dönüş nöqtələrində, həmişə və hər yerdə Əlimərdan bəy öncül mövqedə dayanmışdı.

O, Rusiya müsəlmanlarının bütün qurultaylarının iştirakçısı və sədri olmuş, I Dövlət Dumasına üzv seçilmişdi. Vıborq Bəyannaməsini imzaladığına görə həbs cəzasına məhkum edilmişdi.

Azərbaycan milli partiyasının rəhbəri və Versal Sülh konfransında Azərbaycan Nümayəndə heyətinin sədri kimi özünün bütün bacarıq və enerjisini Vətənin taleyinə laqeyd qalmaq istəməyənlərin səfərbər olunmasına yönəltmişdi.

Bu möhtəşəm və möhtərəm insanın adı və xatirəsi tanıyanların hamısının yaddaşında əbədi yaşayacaq, onu həmişə xoş hisslərlə yad edəcəklər. Onunla ünsiyyətdə olanlar işıqlı zəkasını, xeyirxahlığını, atəşin vətənpərvərliyini, səmimiyyət və qüdrətini heç zaman unutmayacaqlar.

Azərbaycanın böyük oğlunun fəaliyyəti, Vətən qarşısındakı zəhmətləri barədə söz açmağa ehtiyac var. Əlimərdan bəy haqqında söz açmaq – Rusiya müsəlmanları və Azərbaycan haqda, son 50 ildə bu ölkənin digər Qafqaz xalqları ilə əməkdaşlığı haqda danışmaq deməkdir. Əlimərdan bəyin siyasi fəaliyyəti tariximizin böyük bir dövrünü əhatə edir. Həmin dövr çərçivəsində isə onun şəxsiyyəti çox mühüm yer tutur. XIX əsrin sonu Azərbaycan tarixinin ən uğursuz dövrlərindən biridir. Çarizm rejiminin doğurduğu bədbin əhvali-ruhiyyə, aramsız təqib və təzyiqlər xalqda azadlıq və xoşbəxt gələcəklə bağlı bütün ümidləri öldürmüşdü. Siyasi həyat sükunətə qərq olmuşdu. Çar Rusiyasının işğalından sonra ölkə sanki məzarlığı xatırladırdı. Gözlənilmədən bu sükuta dalmış vulkanın dərinliklərində hərəkət başlandı. Öz çağırışı ilə yatmış dünyanı oyadan, çalxalandıran, hərəkətə gətirən şəxsiyyət peyda oldu. Onun xalq sevgisi, enerjisi və vətənpərvərlik ruhu milli hərəkata təkan verdi. Milli ideologiya uğrunda mübarizə aparan cəmiyyətin formalaşması prosesi başlandı. Lakin bu şəxsiyyət təkcə mənsub olduğu millət haqqında düşünmürdü, qarşı tərəfin də maraq və mənafelərini müdafiə edirdi. “Özün yaşa, başqalarına da yaşamağa imkan ver!”-onun şüarı belə idi. O, həmişə Qafqaz xalqları arasında qarşılıqlı anlaşma mühiti yaratmağa çalışırdı. Bilirdi ki, Qafqazın diqər xalqları ilə yaxınlıq mənsub olduğu millətə də yararlıdır. Ona görə də var gücü ilə çalışır, neydana çıxan anlaşılmazlıqları aradan qaldırmaq üçün qüvvə və enerjisini sərf edirdi.

Əlimərdan bəyin dəfn günü müxtəlif Qafqaz millətlərindən olan natiqlər xalqların ittifaqının yaradılmasında onun fəaliyyətinin əhəmiyyətini qeyd etdilər.

Mərhumun son vəsiyyətlərini xatırlayarkən vurğulamaq lazımdır ki, o, ilk növbədə Qafqazı azad və müstəqil görmək istəyirdi. Qonşularımız dəfn günü Qafqaz Konfederasiyası Paktının imzalanmasına imkan yaradan şəraiti, Əlimərdan bəyin Qafqazın vəhdəti uğrunda göstərdiyi səyləri yada saldılar. Həqiqətən də onun son gördüyü iş – Qafqaz xalqlarının birliyi aktının imzalanması idi. Zamanı yalnız buna çatdı. İmzalanmadan sonra özünün ən böyük arzusuna yetişmiş insan kimi gözlərini fani dünyaya həmişəlik qapadı. Əslində isə bu son iş millətlərin azadlıq yolundakı mübarizənin yeni başlanğıcı

 

Əlimərdan bəy Topçubaşovun dəfni

 

Azərbaycan Parlamentinin keçmiş sədri, Paris Sülh konfransında Azərbaycan Nümayəndə heyətinin rəhbəri, Azərbaycan Milli Şurasının üzvü, Azərbaycanın Konstantinopoldakı keçmiş Fövqəladə və Səlahiyyətli səfiri Əlimərdan bəy Topçubaşovun dəfn mərasimi noyabrın 8-də keçirilmişdir. Cənazə Paris məscidinin imamı Seyid Əli Yəhyayinin oxuduğu dualarla yerdən qaldırılmışdır. Mərhum Sen-Klu qəbristanlığında, çoxsaylı yaxınlarının və dostlarının iştirakı ilə torpağa tapşırılmışdır. Cənazə mərasiminin önündə mərhumun oğulları – Ələkbər bəy və Ənvər bəy Topçubaşov, dul qadını Pəri xanım Topçubaşova (Məlik-Zərdabi), qızları Sara xanım Sultanoğlu və Sevər xanım Topçubaşova, onların ardınca isə Azərbaycan Nümayəndə heyətinin və Azərbaycan Milli Şurasının üzvləri gedirdilər. Azərbaycan ənənəsinə uyğun olaraq mərhumun nəşi qoyulmuş və güllərlə bəzədilmiş mafə oğullarının və yaxın adamlarının çiyinlərində evdən çıxarılaraq qəbiristanlığa gətirilmişdir. Burada isə Əlimərdan bəyin nəşi dostları və yaxınları tərəfindən mollanın oxuduğu Quran ayələri altında torpağa tapşırılmışdı. Mərhumun qohumları və yaxınları təzə qəbrin üzərinə çiçək dəstələri düzmüşlər. Əlimərdan bəyin ruhuna dua oxunandan sonra nitqlər söylənmişdir. Onun doğmaları, dostları, həmvətənlər, azərbaycanlılar və Azərbaycan milli təşkilatları adından Məmməd Əmin Rəsulzadə, gürcü xalqı, Gürcüstan dövləti və gürcü milli təşkilatları adından cənab Akaki Çxenkeli, Qafqaz Dağlılarının Xalq Partiyası adından cənab Tausultan Çakman, Ukrayna milli təşkilatları adından cənab Venseslav Prokopoviç, Türküstan milli ittifaqı və “Gənc Türküstan” jurnalının redaksiyası adından cənab Mustafa Çokayoğlu, Ermənistan Nümayəndə heyəti adından cənab Aleksandr Xatisyan, kazak və kalmıkların milli təşkilatı adından Şamba Balinov nitq söyləmişlər.

Müxtəlif milli təşkilatların və Azərbaycan icmasının təmsilçiləri dəfn mərasiminə qatılmışlar.

Ukrayna dərnəyinin sədri, nazir Qabriel Ferrand, Fransa-Şərq komitəsinin qurucusu Abdon-Besson, Beynəlxalq Antibolşevik komitəsi sədrinin müavini T.Krivez, cənab Repike və xanımı, xanım Vozen, cənab Məmməd Girey Suş, cənab Tausultan Çakman və xanımı, cənab İbrahim Çulik, Qafqaz Dağlıları Xalq Partiyasının Mərkəzi Komitə üzvləri prins Bekoviç-Çerkasski, general Ediq Xandoq, doktor Çakov, cənab Çermoev və xanımı;

Gürcüstanın keçmiş prezidenti cənab M.N.Jordaniya, səlahiyyətli nazir Çxenkeli və xanımı, keçmiş xarici işlər naziri cənab Gegeçkori, keçmiş maliyyə naziri cənab M.Kandelaki, general Kvintadze və xanımı, Gürcüstan Paris Ofisinin rəhbəri cənab Asatiani, prins Vaçnadze, Konstantinopoldakı keçmiş səfir cənab Qvazava, Parisdəki gürcü icmasının rəhbəri cənab Abduçelli və xanımı, prins və prinsessa Dadianilər, keçmiş deputatlar cənab Dobedçiya və cənab Mqeladze;

Ermənistan Nümayəndə heyətinin sədri cənab A.Xatisyan, Ermənistanın keçmiş naziri cənab Vratizyan, xanım Minkeviç, cənab Cançiev, cənab Avnamatov;

“Gənc Türküstan” jurnalının redaktoru cənab Mustafa Çokayoğlu, Ukrayna Nazirlər Şurasının sədri cənab Prokopoviç və xanımı, Ukrayna hökumətinin naziri cənab Kuliqin və xanımı, prins və prinsessa Tokarilər, Fransadakı Ukrayna Federasiyasının baş katibi cənab Nikityuk və xanımı, Keçmiş Ukrayna Döyüşçüləri İttifaqının sədri general Udovitçenko və baş katib cənab Kovalski, Fransadakı Ukrayna missiyasının sədri cənab Kosçenko və katibi cənab Latotski, Parisdəki Ukrayna icmasının rəhbəri cənab Yeremeyev;

Kalmık qəzetinin baş redaktoru və Kalmık Komitəsinin sədri cənab Balinov, “Azad kazaklar” qəzetinin baş redaktoru cənab Bilgi, Kazak Dirçəlişi Liqasının sədri cənab Karayev və başqaları mərasim iştirakçıları sırasında idilər.

 

Azərbaycan Milli Şurasınınsədri Məmməd Əmin Rəsulzadənin nitqi

 

Xanımlar və cənablar!

Bu gün millətimizin yetirdiyi ən böyük şəxsiyyətlərdən birinə “Əlvida!” deyirik. Parlamentimizin ilk sədrini, Azərbaycan Nümayəndə heyətinin möhtərəm başçısını Fransa torpağına əmanət veririk. Təəssüf ki, biz onu öz ana vətənində dəfn edə bilmirik.

Yalnız Parlament sədri, Nümayəndə heyətinin rəhbəri, Milli Şura üzvü kimi vəzifələrinin sadalanması hələ onun bütün xidmətlərini əhatə etmək deyildir. Millətin rifahı və tərəqqisi naminə Əlimərdan bəyin çəkdiyi zəhmətlərin sözlə ifadəsi imkan xaricindədir. O, başdan-başa zəhmətlə dolu 64 illik (yanlışdır, əslində Ə.M.Topçubaşov 73 yaşında vəfat etmişdi-V.Q.) ömür yaşamışdı. Və bu ömrün 50 ili millətə xidmətə, siyasi və ictimai ideyalara həsr olunmuşdu. 50 il! Həyatının tam yarısı! (mətndə belədir, çox ehtimal ki, natiq “Tam yarım əsr!” – demiş, sadəcə rus dilinə tərcümədə fikri təhrif olunmuşdur-V.Q.). Bu – bütöv bir dövrdür. Bəli! Biz Əlimərdan bəyin şəxsində bütöv bir epoxanın təcəssümünü itirdik. İctimai və siyasi həyatımızda özündə bütöv bir nəsli birləşdirən şəxsiyyəti itirdik.

Əlimərdan bəy siyasi və ictimai sahədə fəaliyyətə başlayanda hər şey demək olar ki, tükdən asılı vəziyyətdə idi. Lakin hətta belə təhlükəli anda da Rusiya türkləri və müsəlmanlarının çəkdiyi zəhmətlər sonda öz layiqli bəhrəsini verən bir şəxsiyyət tərəfindən istiqamətləndirilirdir.

O, hüquqşünas idi. Bütün həyatını millətin hüquqlarının qorunmasına həsr etmişdi. O, Rusiya türklərinin, xüsusən də Azərbaycanın siyasi həyatında görünəndə milli inkişaf tarixində yeni dövr başlanırdı. Mirzə Fətəli Axundzadə, Həsən bəy Məlik-Zərdabi, İsmayıl bəy Qasprinski kimi şəxsiyyətlərin beşiyi başında dayandıqları milli hərəkat ciddi inkişaf yolu keçərək siyasi hüquqlar uğrunda mübarizəyə çevrilmişdi. Əlimərdan bəy özünün bütün istedad və qabiliyyətini sözləri, əməlləri və tükənməz enerjisi ilə xalqın siyasi hüquqlarının müdafiəsinə yönəltmişdi. O, həyatının son dəqiqəsinə qədər xalqının, millətinin maraqlarının səmimi və yorulmaz müdafiəçisi olaraq qaldı. 1905-ci ildə, müsəlmanların ilk qurultayına rəhbərlik etdiyi dövrdə Əlimərdan bəy artıq “İttifaqi-müslimin” siyasi partiyasının lideri və Dövlət Dumasındakı Müsəlman fraksiyasının sədri idi. Milli mənafe uğrunda mübarizə yolunda o, Bıborq Bəyannaməsini imzalamaqdan da çəkinməmiş, bu yolda hətta məhbəsə düşmüş, siyasi hüquqları əlindən alınmışdı.

Burada biz sadəcə onun ictimai-siyasi həyatının ən vacib məqamlarına toxunuruq. Çünki mərhumun bütün xidmətlərini sadalamaq imkan xaricindədir. Onun bütün həyatı milli maraqlara xidmətdən ibarət idi. Məhz o, “Kaspi” qəzetinin redaktoru olmuş, “Həyat” qəzetinin yaradılmasında yaxından iştirak etmişdi.

Zaman yetişdi. Çarizm süquta uğradı. Milli hərəkat geniş vüsət aldı. Azərbaycan xalqı itirilmiş siyasi hüquqlarını özünə qaytardı. Tədricən yeni həyatın bünövrəsi qoyuldu. Milli müstəqillik elan olundu, milli hökumət yaradıldı. İndi artıq beynəlxalq güclər qarşısında bu milli müstəqilliyi müdafiə etmək lazım idi.

Kim Azərbaycanın maraqlarının müdafiəçisi ola bilərdi? Bütün nəzərlər Əlimərdan bəyə zillənmişdi. Milli maraqların müdafiəsi həqiqi vətənpərvərin əlində idi. Lakin həmin dövrdə tam müstəqilliyə nail olmaq qeyri-mümkündü. Bunun səbəblərini hamımız yaxşı bilirik. Əgər o çətin anda Qafqaz dövlətləri birləşə bilsəydilər, qələbə bizimlə olardı. Hər birimiz ayrılıqda azadlıq uğrunda bu qədər qurbanlar verməzdik. Sürgünlərə göndərilməzdik, Ana Vətənin çəkdiyi əzab və iztirablara baxıb ürəklərimiz şan-şan olmazdı!

Əlimərdan bəy bir-birlərini müdafiə etmədikləri təqdirdə Qafqazın Azərbaycan, Gürcüstan, Şimali Qafqaz və Ermənistan kimi ölkələrinin asanlıqla pərakəndə salınacaqlarını, milli istiqlallarını qoruya bilməyəcəklərini yaxşı başa düşən təmsilçilərindən idi. O, Qafqazın birlik ideyasına çox mühüm məna verirdi. Hələ 1914-cü ildə gürcü şairi Akaki Seretelinin dəfn mərasimində söylədiyi nitqdə bu məsələyə toxunmuşdu. Həmin mərasimdə dediyi sözlər uzun müddət Qafqaz mətbuatının gündəliyində qalmışdı. “Özün yaşa və başqalarına da yaşamağa imkan ver!”-böyük vətənpərvərin dönmədən əməl etdiyi həyat prinsipi belə idi.

Daha sonra İstanbulda, Mudros anlaşması günlərində, Azərbaycan Nümayəndə heyətinə rəhbərlik etdiyi dövrdə o, zəngin məzmuna malik kiçik broşüra hazırlamışdı. Əlimərdan bəy burada da Qafqazın problemlərindən söz açmış, xaqllar arasındakı müttəfiqliyi alqışlayan müdrik Azərbaycan siyasətçisi kimi böyük ağıl və uzaqgörənlik nümayiş etdirmişdi.

Tale ona Vətənə dönmək imkanı verməsə də, gələcək azadlığın yollarını göstərmişdi. Azərbaycanın qanuni təmsilçisi olan Əlimərdan bəy sonda istəyinə nail oldu. O, Qafqaz Konfederasiyası Paktına imza atdı. Bu sənədin imzalanmasından və yayılmasından böyük mənəvi zövq duydu. Onun gözləri önündə gələcəyə-ittifaq münasibətlərinə doğru addımlayan Qafqaz canlandı. Mən həmin anlarda mərhumun keçirdiyi sevinc və məmnunluq hissinin şahidi olmuşam. Lakin təəssüf ki, ağır xəstəlik başlanan işi sona çatdırmağa imkan vermədi.

O, həyatının son anına qədər hər şeylə maraqlanır və Qafqazla bağlı bütün məsələlər haqqında ətraflı məlumat əldə etmək istəyirdi. O, daim ümumi maraq və mənafelər naminə yaşayırdı. Bu şəxsin simasında Qafqaz federalistləri xalq mənafeyinin ən güclü müdafiəçisini itirdilər.

Mənim əziz həmvətənlərim! Biz azərbaycanlılar Əlimərdan bəyi, zəmanəmizin böyük nümayəndəsini, böyük dövlət xadimini, hamının hörmət bəslədiyi şəxsiyyəti, müstəqil Azərbaycanın qəhrəmanını itirmişik. Əziz qonşular, Əlimərdan bəyin vəfatı ilə özünü Qafqaz birliyi ideyasına həsr etmiş fədakar siyasətçini və insanı itirmişik. Siz, onun ailə üzvləri, atanızı, başınızın böyüyünü, çox möhtərəm bir şəxsiyyəti itirmisiniz. Hamımıza dərin hüznlə başsağlığı verirəm.

 

Gürcüstanın Parisdəki keçmiş səfiri Akaki Çxeidzenin nitqi

 

Parisin köhnə ucqarlarından biri olan Sen-Kludakı bu təpə üzərində, dəmir yolundan və səs-küydən uzaq tənha guşədə Əlimərdan bəyin yer üzərindəki mövcudluğuna kədərli şəkildə son qoyuldu.

Xalqının tərəqqisi ilə bağlı arzularının həyata keçirilməsi yolunda o nə qədər ümidlər bəsləmişdi, nə qədər qüvvə sərf etmişdi!

Azərbaycanın ən böyük siyasi xadimlərindən birinin nəsibi tənha və kədərli mühacir həyatı olmuşdu. Mərhumun qonşuları dəfn günü onun qapısında müxtəlif dillərdə danışan çoxsaylı qələbəliyi görüb təəccüblənmişdilər. Orada azərbaycanlılar, ukraynalılar, ermənilər, Türküstan və Şimali Qafqaz sakinləri vardı. Bizim gürcülər də az deyildilər. Əlimərdan bəylə vidalaşmağa gələnlər arasında frankofonlar, fransız cəmiyyətinin nümayəndələri də yetərincə çox idi.

Hamı Əlimərdan bəyi yalnız siyasətçi kimi deyil, həm də öz ölkəsinin dirçəldilməsi, xalqının azadlığa qovuşması naminə hər şeyə hazır olan fədakar insan kimi tanıyırdı. Tale onu Parisə, Azərbaycan Nümayəndə heyətinin rəhbəri vəzifəsinə gətirmişdi. Sonrakı həyatı Parislə bağlanmışdı.

Çarizm zamanında Əlimərdan bəy heç nədən qorxub çəkinməmişdi. Rusiya imperiyasındakı bütün müsəlmanların ideya rəhbəri kimi o, yalnız doğma xalqının deyil, bütün Qafqaz xalqlarının haqq işi uğrunda mübarizə aparmışdı. Qafqaz Konfederasiyası təsis edilərkən o, sona qədər əzmkarlığını və dönməzliyini qoruyub saxlamışdı. Bunun bariz nümunəsi ağır xəstə olan Əlimərdan bəyin həmin Paktı imzalamaq üçün özündə güc tapması idi. O, Qafqaz Paktını bizim üçün yeni yolun başlanğıcı sayırdı. Biz bu yolla gedəcək və həmişə Əlimərdan bəyin nəcib xatirəsini sevgi və minnətdarlıq hissi ilə yad edəcəyik.

 

Ukrayna Nazirlər Şurasının keçmiş sədri Venseslav Prokopoviçin nitqi

 

Biz ukraynalılar heç zaman Əlimərdan bəyin ən böyük dostlarımızdan biri olduğunu unutmamalıyıq. Hələ gənclik illərindən professor Mixail Qruşevitski (Ukrayna liderlərindən biri, Ə.Topçubaşovun gimnaziya yoldaşı-V.Q.) ilə dostlaşan Əlimərdan bəy Ukrayna milli hərəkatı haqqında geniş məlumat almış onun ideyalarını qəbul etmiş və inanmışdı. O, qəti əmin idi ki, müstəqil Ukrayna olmadan müstəqil Qafqazın da mövcudluğu mümkün deyildir. Ona görə də Ukrayna ilə Qafqaz arasında anlaşmanın zəruriliyi üzərində daim israr edirdi. Əgər uzun müddətli tərəddüdlərdən sonra indi biz Qafqazla ümumi istiqamətdə hərəkət edə biliriksə, bunun üçün həm də Əlimərdan bəyə minnətdar olmalıyıq.

Mən Topçubaşovla vəzifə borclarımın icrası ilə əlaqədar bir yerdə olmuşam. Onunla yolüstü 1919-cu ildə İstanbulda, sonra isə Parisdə, Versal konfransındakı görüşlərimiz yaxşı yadımdadır. 1920-ci ildə biz birlikdə Millətlər Liqasında Azərbaycanın və Ukraynanın namizədliyini müdafiə edirdik. Azərbaycan, Gürcüstan və Ukraynanın bu cəmiyyətə qəbul olunmasına “yox” deyiləndə yanaşı oturmuşduq. Bu “yox” cavabı bizi ürəyimizin dərinliklərinə qədər sarsıtdı. Bəzən kədər insanı sevincdən daha çox yaxınlaşdırır və həmin anda bu yaxınlığı hiss etdik. Daha sonra, Ukrayna ilə Qafqaz arasında münasibətlər səmimi xarakter alanda, bizim nümayəndələr bir yerdə toplaşanda Əlimərdan bəylə, onun xarakteri və ideyaları ilə daha yaxından tanış olmaq imkanı qazandım. Sadəcə deyə bilərəm ki, bu insanın böyük ağlına heyran qalmamaq mümkün deyildi.

Mühacirətdə insanlar həm maddi, həm də mənəvi çətinliklərlə üzləşirlər. Xüsusən siyasi həyatın gərgin məqamlarında uzun müddətli əziyyətlərin heçə gedəndə adamın əlləri işdən soyuyub yanına düşür. Lakin mən Əlimərdan bəyin yaxın dostlarından onun belə məqamlarda da qətiyyən ruhdan düşmədiyini, heç zaman şikayətlənmədiyini dönə-dönə eşitmişəm. O, taleyin bütün zərbələrinə mətanətlə sinə gərir, qəribə bir dözüm nümayiş etdirirdi. Hətta məğlubiyyət anlarında da ağlı aydın və işıqlı idi. Yaşın, xəstəliklərin, çətinliklərin psixikaya sarsıdıcı təsirinə baxmayaraq o, həmişə güclü və dönməz qalmış, ideyalarına sədaqətini qoruyub saxlamışdı. O, tarixə Azərbaycanın müstəqilliyi uğrunda Moskvanın zülmünə qarşı mübarizə aparan qəhrəman kimi düşmüşdür.

Əlimərdan bəyin vəfatı bizi çox sarsıtmışdır. Ukrayna öz dərin təəssüfünü izhar edir, mərhumun ailəsinə, Azərbaycan xalqına səmimi baş sağlığını çatdırır.

Böyük vətənpərvər, öz millətini ürəkdən sevən, eyni zamanda Ukraynanın da dostu olan bir şəxsiyyət artıq aramızda yoxdur, lakin onun əsas ideyası-öz ölkəsinin müstəqilliyi, qonşu xalqlar, habelə Ukrayna ilə əməkdaşlıq qayəsi həmişə yaşayacaqdır. Ukrayna dövlətinin başçısı adından, həmkarlarım və həmvətənlərim adından, bütün Ukrayna xalqı adından mərhumun ulu ruhuna öz böyük ehtiramımı bildirir, həqiqi dost itkisindən doğan təəssüf və kədərimi burada, hamınızın qarşısında dilə gətirmək istəyirəm.

 

Qafqaz Dağlıları Xalq Partiyasının nümayəndəsi Tausultan Çakmanın nitqi

 

Öz vətəninin fəxri, Qafqazın vətəndaşı və vətənpərvəri, yalnız Rusiyada deyil, bütün dünyada müsəlmanların maraq və mənafelərinin müdafiəçisi Əlimərdan bəy Topçubaşov daha sıralarımızda yoxdur.

O, bütün həyatını Vətəninin maddi və mənəvi tərəqqisinə, Qafqaz xalqlarının həmrəyliyinə həsr etmişdi.

Qırx il ərzində yorulmaq bilmədən çalışmışdı. Fəaliyyətinin nəticəsi bir-birinin ardınca siyasi mübarizədə və hüquqların əldə edilməsində qazanılan qələbələrdə özünü göstərmişdir.

1894-cü ildə (mətndə belədir, əslində 1897-ci il olmalıdır-V.Q.) o, artıq “Kaspi” qəzetini idarə edirdi, Vətəninin mədəni və iqtisadi imkanlarını artırmaq üzərində işləyirdi, siyasi və sosial maraqların müdafiəsində uğurlar qazanırdı.

O, rus imperializminin təhrikçi, qızışdırıcı siyasətindən əziyyət çəkən Azərbaycan və Ermənistan arasında yaxşı qonşuluq münasibətlərinin bərpa olunmasına mühüm diqqət yetirirdi.

Mərhum 1905-1906-cı illər Birinci rus inqilabı dövründə Nijni-Novqorod və Peterburq şəhərlərində toplanan Rusiya Müsəlmanları İttifaqının qurucularından və ən fəal üzvlərindən biri idi.

O, Azərbaycandan I Dövlət Dumasına üzv seçilmişdi. Dumanın 26 deputatdan ibarət Müsəlman fraksiyasının fəaliyyətinə rəhbərlik edirdi.

Hətta Vıborq Bəyannaməsini imzaladığına görə üç aylıq həbs cəzasına məhkum olunanda da fəaliyyətini dayandırmamışdı.

O, müsəlmanların ruslar tərəfindən dini və digər sahələrdə diskriminasiya edilməsinə qarşı mübarizə aparırdı.

Böyük müharibə (Birinci Dünya müharibəsi nəzərdə tutulur-V.Q.) zamanı Əlimərdan bəy xəyanətdə suçlanan arxasız, köməksiz acarları müdafiə etməyə çalışmışdı. O, Qafqazda zemstvoların təşkili ilə məşğul olan xüsusi şuranın yaradılmasında fəal iştirak etmişdi. Əlimərdan bəy həmin şurada gürcü deputatlarla tam qarşılıqlı anlaşma şəraitində işləyir, Azərbaycan, Gürcüstan və Şimali Qafqaz birliyinin ardıcıl müdafiəçisi kimi tanınırdı.

1917-ci ilin aprelində Əlimərdan bəy Bakıda Qafqaz müsəlmanlarının qurultayına rəhbərlik etmiş, burada təkcə müsəlmanların deyil, bütün Qafqaz xalqlarının birliyi təşəbbüsünü irəli sürmüşdü.

Qafqaz müsəlmanlarının qurultayından sonra o, Tiflisə qayıtmış, Transqafqaz Komitəsinin xüsusi milli şurasının sədri olmuşdu. 1917-ci ilin mayında Əlimərdan bəy Topçubaşov Moskvada Rusiya müsəlmanlarının qurultayında Transqafqaz Komitəsinin nümayəndəsi kimi iştirak və çıxış etmişdi. O zaman Türkiyə sərhəddində çoxsaylı rus əsgərlərinin olması səbəbindən vəziyyət xeyli mürəkkəbləşmiş, böyük narahatlıq yaranmışdı.Vəziyyət elə gərgin hal almışdı ki, yerli əhali ilə rus əsgərləri arasında hər an toqquşma başlana bilərdi. Dinc vətəndaşlarla hərbçilər arasında meydana çıxa biləcək toqquşmanın qarşısını almaq üçün Əlimərdan bəy dərhal Peterburqa qayıtmış, Rusiya hərbçilərini bölgədən çıxarmaq yollarını aramağa başlamışdı. O, I Dövlət Dumasında həmkarı olan və rus ordusuna müəyyən təsir göstərə bilən knyaz Lvovla görüşmüşdü. 1918-ci ilin payızında (mətndə belədir, əslində avqust ayında-V.Q.) Azərbaycan Respublikasının Fövqəladə və Səlahiyyətli səfiri kimi xaricə gedənə qədər Əlimərdan bəy özünü bütünlüklə Qafqazda milli siyasətin işlənib hazırlanmasına və etibarlı müdafiə sisteminin yaradılmasına həsr etmişdi. Hətta xaricdə olduğu müddətdə də bu sahədə fəaliyyətini dayandırmamışdı. Saim Qafqazdakı siyasi hərəkatın özünəməxsusluqları və yaranmış çətinlikləri aradan qaldırmaq yolları üzərində düşünmüşdü.

Həmişə Qafqaz xalqlarına böyük hörmət hissi ilə yanaşan Əlimərdan bəy onların arasında müqəddəs bir ittifaq yaratmaq arzusu ilə yaşayırdı. O, özünün böyük məsuliyyət dolu vəzifə borclarını yüksək ləyaqətlə həyata keçirərək xalqının inam və rəğbətini qazanmışdı. Lakin təəssüf ki, Qafqazda yaranan vəziyyət öz istək və ümidlərini gerçəkləşdirməyə, Azərbaycan və digər Qafqaz xalqları üçün siyasi hüquqlar uğrundakı mübarizəsini sona çatdırmağa imkan verməmişdi.

Qırmızı işğal rejimi Qafqaz xalqlarını daha da sıx birləşdirmişdir.

Möhkəm ittifaq! – Əlimərdan bəyin son vəsiyyəti belə idi. Onun bu arzusu 14 iyun aktında öz əksini tapdı.

Gələcəkdə Qafqaz tarixindən yazanlar burada mənim sadaladığım məsələlərin hər birinə bütöv səhifələr həsr edəcəklər.

Adından çıxış etdiyim Qafqaz Dağlılarının Xalq Partiyası Azərbaycan xalqına və mərhumun ailəsinə dərin hüznlə baş sağlığı verir.

Qoy Böyük Allah Qafqaza və Azərbaycana rifah, tərəqqi göndərsin. Çünki bu, Əlimərdan bəyin ən böyük arzusu idi və onun əbədi rahatlığa qovuşan vücudu üçün də bizim ən gözəl arzumuz ola bilər.

 

Ermənistan Nümayəndə heyətinin rəhbəri Aleksandr Xatisyanın nitqi

 

Ermənistan Respublikasının nümayəndə heyəti hörmətli Əlimərdan bəyin ailəsinə və Azərbaycan Nümayəndə heyətinə öz dərin başsağlığını çatdırır. Məndən əvvəl çıxış edən natiqlər mərhumun fədakar, hətta özünü qurban vermək dərəcəsinə çatan mübarizə dolu həyatı haqqında danışdılar. Onun öz Vətəninin həyatını yenidən qurmaq yolunda sərf etdiyi enerjisindən, qüvvə və bacarığından söz açdılar.

Mən Əlimərdan bəyin fəaliyyətinin iki aspekti üzərində dayanmaq, ilk növbədə isə Rusiya müsəlmanlarının fəaliyyətini təşkil etmək, bir araya gətirmək, qüvvətləndirmək və vahid istiqamətə yönəltmək uğrunda onun tükənməz səylərindən söz açmaq istərdm. Hətta inqilab ərəfəsində də o, kollektiv iş metoduna üstünlük verirdi, yaxınlarını sevməyə və qorumağa çağırırdı. Onun sayəsində bu ruh bütün Azərbaycana yayılmışdı.

Vəkil, publisist, qurultay təşkilatçısı, Dövlət Dumasının üzvü, daha sonra isə Azərbaycan Parlamentinin sədri və Azərbaycan Nümayəndə heyətinin rəhbəri kimi ən müxtəlif rollarda, vəzifələrdə Əlimərdan bəy həmişə milli şüurun ilhamvericisi, qurucusu və yönəldicisi kimi ön mövqedə dayanmışdı. Onun uzun illər həyata keçirdiyi nəcib fəaliyyət Azərbaycan Respublikasının tarixində həmişə yaşayacaqdır.

İndi fəaliyyətinin ikinci aspektinə keçək. Əsl qafqazlı və Qafqaz federasiyasının qızğın tərəfdarı olan Əlimərdan bəy 1921-ci ildə dörd respublika arasında saziş imzalanmasına nail olmaqla böyük arzularından birini gerçəkləşdirdi.

Bir gün onun siyasi ideyaları mütləq reallığa çevriləcəkdir və biz hamımız həmin gün Qafqaz torpağında bir araya gələrək öz həyatını qardaşlarının işi uğrunda mübarizə həsr etmiş bu böyük insanı yad edəcəyik.

Mən bir daha onun xatirəsi qarşısında baş əyir və ailəsinə səmimi başsağlığımı çatdırıram.

 

 

(Ardı var)

 

 Vilayət Quliyev

 

525-ci qəzet.- 2009.- 7 noyabr.- S.8-9.