Köhnə Azərbaycanda köhnə azərbaycanlının “Vaxt”ı
Şənbə günü “Divani-Hikmət“ mədəni məclisində yazıçı, ssenarist, rejissor Orxan Fikrətoğlunun hekayə, povest və kinossenarilərdən ibarət “Vaxt” kitabının təqdimetmə mərasimi keçirildi.
İlk öncə insanda tədbirin keçirildiyi məkan maraq doğururdu. “Divani-Hikmət”
mədəni məclisinin
bir neçə müddətdir fəaliyyət
göstərməsinə baxmayaraq,
onun haqqında ilk dəfə eşidirdim. Çərşənbə
günü Rəşad
Məcid deyəndə
ki, ayın 7-si bu məclisdə iştirak etməliyəm,
öncə məkan haqqında heç nə düşünmədim.
Sonra nədənsə ad məni özünə cəlb etdi. Əvvəl heç ada da o
qədər böyük
əhəmiyyət verməmişdim.
Çünki Şuşa,
Qızlar bulağı,
Cıdır düzü
kimi məkanlarımız
düşmən tapdağı
altında olsa da, bu gün
Bakıda və onun ətrafında
bu adda neçə-neçə restoran, kafe, şadlıq sarayı fəaliyyət göstərir. Etiraf edim ki, öncə
bu məkana da belə bir
adın məhz diqqəti cəlb etmək üçün verildiyini düşündüm.
Amma nə yaxşı ki, yanılmışdım. Səhv
etməyi sevmədiyim
halda, bu səhvi etdiyim üçün sevinirdim.
Bakını kənardan
seyr edəndə çox vaxt Azərbaycanda olduğunu unudursan. Düzdür, indi-indi binalara milli ornamentli naxışlar vururlur. Amma sürətlə inkişaf edən Bakını hansısa bir Avropa şəhərindən
fərqləndirmək hərdən
o qədər də asan olmur.
Xalça döşənmiş
kiçik pillələrlə
yuxarı qalxdım. Qarşımda bambaşqa bir mənzərə vardı. MƏN AZƏRBAYCANDA İDİM –
KÖHNƏ AZƏRBAYCANLILARIN TOPLAŞDIĞI KÖHNƏ AZƏRBAYCANDA.
Uzun müddət məclisdə kimlərin olduğuna fikir vermədim. Divarlardakı naxışlardan tutmuş
masaların üstünə
salınmış süfrələrin
ilmələrinə qədər
hər yerdən millilik yağırdı. Məkanın işıqlandırma
və havalandırma sistemi çox müasir idi. Amma bu müasirlik
də tarixin, milliliyin arxasında gizlənmişdi. Dərhal təzəcə
təmirdən, daha doğrusu, restavrasiyadan çıxmış Şirvanşahlar
sarayı yadıma düşdü – getdikcə
müasirləşən və
öz qədimliyini, milliliyini itirən Şirvanşahlar sarayı.
Dərhal bu məkana dizayn verən zövqlü, milli kökə bağlı insanın kim ola biləcəyi
barəsində özlüyümdə fikir yürütməyə başladım.
Elə bu marağın ardınca da ilk həmsöhbətim
“Divani-Hikmət” mədəni məclisinin rəhbəri, iş adamı Telman Vəliyev oldu. Telman müəllim deyəndə ki, məkanın araya-ərsəyə gəlməsində
xaricdə təhsil alan oğlunun böyük əməyi olub, bir az
təəccübləndim. Eyni zamanda qəlbimi hədsiz sevinc və fərəh hissi bürüdü. Təəccübləndim, ona
görə ki, müasir zamanda xaricdə təhsil alıb ölkəyə qayıdan gənclərin bir çoxu qınını bəyənməyən
varlıqlar kimi buraların hər daşına lağ etdiyinin dəfələrlə şahidi
olmuşdum. Amma millətin belə gənclərin olduğunu
görəndə fərəh
hissi keçirməyə
bilmirəm.
Ətrafda ideologiyalar mübarizəsinin
getdiyi bir zamanda milli kökə
qayıdışın zərurətindən
danışan Telman müəllim belə bir məkanı yaratmağının əsas
səbəbi kimi insanların səmimi ünsiyyətə olan ehtiyacını göstərdi.
Hətta məni bu məkan yaradılarkən
qarşıya qoyulan planla da tanış
etdi. Mədəni məclis yaradılarkən
üç məqsədə
xidmət etməyi qarşısına vəzifə
qoyub: ”Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”
(H.Əliyev); Rahatlıq;
Sadəlik.
Və bu gün insanı mənən, ruhən saflaşdıran bu məkanda köhnə azərbaycanlı, heç kimə bənzəməyən, özünün dəst-xətti olan Orxan Fikrətoğlunun, belə desək, fikir dostları bir araya gəlmişdilər.
Ədəbiyyatımızın görkəmli
nümayəndələri çoxdur.
Amma hər bir kəsin sevə-sevə, dönə-dönə oxuduğu müəyyən
nasirlər, ədiblər
var. Bir ədəbiyyatsevər kimi
hər zaman mənəvi zövq alaraq oxuduğum iki şəxsiyyət: Cəlil Məmmədquluzadə
və Hüseyn Cavid. Nədənsə mənim aləmimdə Orxan Fikrətoğlu bu iki şəxsiyyəti
özündə birləşdirir.
Birincisi ona görə ki, onun yazdıqlarını oxuyanda Mirzə Cəlil ruhu dərhal hiss olunur. Amma sadə və
rahat bir dildə yazmasına baxmayaraq, zənnimcə, Orxan Fikrətoğlunu çoxu özü dərk etdiyi kimi qavrayır, olduğu kimi yox. Çünki hamı onun demək istədiyi, çatdırmağa çalışdığı
fikri qəbul edəcək, anlayacaq gücə, ağıla, bəlkə də istedada malik deyil. Əgər hamı onu olduğu kimi dərk etsəydi, yəqin ki, bu gün
Orxan Fikrətoğlunun
yazdıqlarına heç
ehtiyac da olmazdı. Öz böyük sələfi kimi, O.Fikrətoğlunun da əsərlərinin mövzusu, bu əsərlərdə ortaya
qoyulan problemlər hər dövr üçün, hər vaxt üçün aktualdır. Elə “Vaxt”da bu
aktuallıqdan yaranıb.
Özündə bütün
dövrlər üçün
aktual olan bir çox problemləri birləşdirən
bu kitabın təqdimatı köhnə
azərbaycanlılar arasında
keçirilsə də,
müasir və gələcək nəsil
üçün qiymətli
bir xəzinədir.
Amma nədənsə
düşünürəm ki, Orxan Fikrətoğlu
özünün şah
əsərini hələ
də yazmayıb.
Hər bir tədbirdə ilk öncə səbəbkar
haqqında məlumat verilir. Bu gecədə
də birinci növbədə, Orxan Fikrətoğludan bəhs
edən qısa videoçarx məclis əhlinə təqdim olundu. “Vaxt”ın
müəllifi haqqında
ilk olaraq danışmaq üçün
söz yazıçı
Aqil Abbasa verildi. Sonra növbə ilə
Türkiyə səfirliyinin
elçisi Melda Aras, xalq artisti
Yaşar Nuri, şairlər, tədqiqatçılar
Nizami Muradoğlu, Allahverdi Məmmədli, Şəmistan Əlizamanlı,
Nəsibə İsrafilqızı
və başqaları
da O.Fikrətoğlu haqqında fikirlərini paylaşdılar. “525-ci qəzet”in baş redaktoru
Rəşad Məcid
ilk öncə ədəbiyyatımızın gələcəyinə müstəsna
təsir göstərəcək
bu məkanı yaradanlara təşəkkür
etdi. Sonra hələ cavanlığından
pərəstiş etdiyi
Fikrət Sadıq haqqında bir neçə kəlmə danışdı. Digərlərindən
fərqli olaraq, Rəşad Məcid Orxan Fikrətoğlu yaradıcılığına bir
ədəbiyyatçı kimi
öz münasibətini
bildirdi, onun nəsrini soyuq, publisistikasını isə
həyəcanlandırıcı adlandırdı.
Gecədə Orxan Fikrətoğlunun “Ərazi” filmindən parçalar nümayiş olundu, eyni zamanda film disk şəklində gecənin bütün iştirakçılarına hədiyyə edildi.
Qeyd edim ki, “Divani-Hikmət” mədəni məclisinin bir özəlliyi də təşkil olunan gecələrin səbəbkarlarının həmin gündən xatirə olaraq ağac əkmələridir. Hər bir çıxışında, müsahibəsində atasına olan dərin sevgi və ehtiramından danışan Orxan Fikrətoğlu bu dəfə də ənənəsinə sadiq qaldı və ağac əkmək kimi ehtirama layiq işi atasının ixtiyarına buraxdı.
Tədbir boyu ozan Fəxrəddin Salim, Musiqili Komediya Teatrının solisti Ülviyyə Novruzova və gənc ifaçı Cəmil Dadaşovun ifasında səslənən bir-birindən gözəl, canlı ifalar gecəyə xüsusi ovqat gətirdi.
Ülkər İLQARQIZI
525-ci qəzet.- 2009.- 10 noyabr.- S.7.