Tofiq Abdinlə
saatyarımlıq görüş:
poeziyadan məişətədək
Ötən şənbə Gənc Ədiblər Məktəbinin
növbəti toplantısı
oldu. Tanınmış şair-publisist
Tofiq Abdinlə mövzu dairəsi poeziyadan məişətədək
uzanan saatyarımlıq
söhbətimizdə bəzi
şeylər öyrəndik.
Baxmayaraq
ki, Tofiq Abdin hədsiz təvazökarlıq edərək
“Hər biriniz mənim səviyyəmdə
olan yazarlarsınız,
sizə nəsə öyrətmək lazım
deyil” söylədi. Ənənəvi olaraq, görüşü GƏM-in
rəhbəri, Yazıçılar
Birliyinin katibi Rəşad Məcid açdı və T.Abdinin “Qobustan” jurnalında fəaliyyətindən, onun
həmişə gənclərlə
bir sırada dayanmasından, yazıları
kimi özünün də qeyri-adiliyindən,
orijinallığından danışdı:
“Onun 70-ci illərdə
yazdığı yazılar,
şeirlər hətta
80-90-cı illərdə
də xatırlanırdı”.
Sözarası, R.Məcid həmin
gün torpağa tapşırılan mərhum
xalq yazıçısı
Qılman İlkinlə
bağlı bir xatirəni danışdı.
“Qılman İlkinə Allah rəhmət eləsin. Çox enerjili, o yaşa
çatmasına baxmayaraq,
əldən düşməyən
bir yazıçıydı.
Gərək ki, 2000-ci
il idi, mənə
bir zəng gəldi, Qılman İlkin “525-ci qəzet”ə məqalə yazdığını bildirdi. Açığı,
bir qədər karıxdım. Həmin vaxt yaşı doxsanı haqlamaqda olan bir şəxsin
belə gümrah danışığına, əlbəttə,
təəccübləndim. Bundan da artıq,
aradan az bir vaxt keçmiş,
yazıçının yaşına
uymayan bir çevikliklə məqaləni
şəxsən gətirdiyini
görəndə heyrətləndim.
Allah arzulayan hər kəsə belə uzun ömür nəsib etsin” – deyə çıxışını yekunlaşdıran R.Məcidin
söhbətinin mabədini
T.Abdin davam etdirdi: “Böyük
türk şairi Fazil Hüsnü Dağlarcadan uzun ömür sürməyin
pis və yaxşı cəhətləri
haqqında soruşanda
demişdi: “Ən yaxşı cəhət budur ki, gözlərim
görməməyə başladı.
Ən pisi isə o idi
ki, yaşıd dostlarımı ətrafımda
görmədim”.
T.Abdin də F.H.Dağlarcanın ikinci fikri ilə razılaşdığını bildirdi: “Yaşıdlarımdan
İsa İsmayılzadə,
Şahmar Əkbərzadə
kimi dostlarımı itirmişəm. Belə cavan görünməyimə
baxmayın, yaşım
70-ə yaxınlaşır.
Vallah, belə baxanda yaşından cavan görünmək də Tanrı qarğımağıdır. Adamın
yaşına məhəl
qoymurlar, ağsaqqal hesab etmirlər. Bunu Yazıçılar Birliyinin
Ağsaqqallar Şurasına
seçilməyəndə bir daha dərk
elədim. İndi yaşımın bu çağında daha çox ölüm barədə fikirləşirəm,
ölümlə əlləşirəm.
İndi mənim düşüncələrimin əsasını
ölüm təşkil
edir”. T.Abdin indiyədək 12 kitabın müəllifi olduğunu, 1968-93-cü illərdə
“Qobustan” jurnalında çalışdığını, bir müddət Türkiyədə, sonra isə vətəndə yaşayıb-işlədiyini
diqqətə çatdırdı.
Özünün qonaq
olduğu görüşdə
Rəsul Rza, Vaqif Səmədoğlu, Əhməd Cəmil, Cabir Novruzla bağlı maraqlı xatirələrə
qonaq elədi gəncləri Tofiq Abdin.
Şair özünün və həmfikirlərinin
o vaxtlar “xunveybin”lər
adlandırılmasına da
aydınlıq gətirdi:
“O zamanlar vilvet, trapes şalvar geyinmək belə xunveybinlik hesab olunurdu. “Xunveybin” yəni, “cəmiyyətə yad, cəmiyyətlə barışmayan”.
Amma mənim bu cəmiyyətlə nə işim vardı ki? “Günahım” da ondan ibarət idi ki, Rəsul
Rzanın şeirlərini
sevirdik, (buna görə də “rəsulrzaçılar” adlandırırdılar
bizi) sərbəstliyi,
müstəqil düşüncə
tərzini bəyənirdik.
Onda Rəsul Rzanın şeirlərini sevirdim, indi də Elnurun, Turalın, Günelin yaradıcılığını bəyənirəm. Bu bəyəm xunveybinçilikdi?”
İllərlə ədəbiyyat və
publisistika ilə məşğul olan Tofiq Abdin əmindir
ki, ədəbiyyat adamı tərbiyələndirmir.
Konkret arqumenti-zadı yoxdur bununla bağlı – sadəcə, “tərbiyələndirmir,
vəssalam!”: “Yazıçını
tənqidçi yazıçı
eləmir. İndiyədək
hansısa yazıçının
tənqidçilərin iradı
əsasında yazdığını
görmüsünüzmü?” Tofiq Abdin nə
indi, nə də sovetlərin meydan suladığı vaxtlarda sözünü deməkdən çəkinməyib.
Bunun üçün
hətta sözügedən
rejimin “zirzəmi”li binasında da sorğu-sualdan keçməli olub bəlli zamanda. Yaşına
uyuşmayan çevikliyi
və zəmanəsinə
uyuşmayan arzuları
ilə Tofiq Abdin hər zaman öz içini
ifadə eləməyə
çalışdığını gənclərə çatdırdı.
O, bizimlə müdərris
tonunda yox, həmyaşıd kimi danışırdı, yəqin
elə buna görə də görüşdə canlı
bir aura vardı. Görüşün imkan
verdiyi çərçivədə
hər kəs həm Tofiq Abdinlə, həm də bir-biriylə
polemikaya girişmişdi.
Bir neçə il Türkiyədə
yaşamış T.Abdin
Azərbaycan-Türkiyə ədəbi
mühitinin təsvirini
verərkən dedi: “Azərbaycanda olduğu kimi Türkiyədə də yazar yazdığı
ilə dolana bilmir. Amma orada bizdəkindən fərqli olaraq yazar kimi azadlığın
ola bilər, amma pulun yox.
Mən “Yeni Asiya” və “Orta Doğu” qəzetlərində yazar
kimi çalışdım.
Amma işlədiyim 8 il ərzində bir qəpik də almadım”. Onun fikrincə, ədəbiyyatda da gərək adamın bəxti gətirə. Çıxışında bəzi
pessimist notlar olsa da, T.Abdin
ümumilikdə çox
nikbin adammış: “Vallah, ədəbiyyat da adamın bəxti ilə bağlı bir şeydir. 80-90-cı illərə qədər mənim adım “və başqaları...” sırasında çəkilib.
Amma bu, məni heç narahat eləməyib. Bəxtin rolundan xəbərdar idim. Məsələn, Qəşəm
Nəcəfzadəni ədəbiyyatda
bəxti gətirmiş
Adam hesab edirəm. O qədər istedadlı adamlar var ki, ədəbiyyatda
bəxtlərinə uduzublar.
Hazırda nəinki Azərbaycanda, ümumiyyətlə
dünya ədəbiyyatında
şeirin tənəzzülü
prosesi gedir. Amma buna baxmayaraq
həmişə yaxşı
şairlər olub və olacaq. Nazim Hikmət, Fazil Hüsnü Dağlarca, Yəhya Kamal Bayatlı kimi”. T.Abdinin təvazökarlığının bir göstəricisi də öncə adını çəkdiyi
həmin şairlərin
əbədiyaşar şeirlərini
oxuması idi. Bu nəsə ilahi bir həqiqətin
məntiqi davamı kimi göründü mənə...
Çıxışında hərdən
o sevdalı İstanbul
illərindən yadigar
qalan osmanlı ləhcəsində və
anadolu dil məxrəcində danışan
T.Abdin “Mən sətiraltı məna–filan bilməm” dedisə də, nə şeirlərini dinlədikdən, nə də eyhamlı ifadələrindən sonra
içi mən qarışıq heç
bir gənc ədib, zənnimcə, bu inkara inanmadı.
“Nə hava çalsalar oynayırıq” məzmununda
o məlum şeirdən sonra indi gəl, gözdən tük, misradan məna çəkən GƏM üzvlərini
inandır ki, ikibaşlı yazmıram.
Xoruzun ilk banından duran və elə bu səbəbdən də özünün dediyinə görə,
1976-cı ildən üzü bu yana səhər qəlyanaltısını özü
hazırlayan T. Abdin həm
də nümunəvi ailə başçısı
və həyat yoldaşı imiş: “Özüm eləyə bildiyim bir işə
görə niyə qadınımı əziyyətə
salmalıyam? Şalvar-köynəyimi də indiyəcən özüm
ütüləyirəm” (insafən,
pis də alınmır). Bir qədər
ekstravaqant geyimlərdə
görməyə alışdığımız
T.Abdinin xarici səliqəsi öz əməyi imiş deməli...) Onun bu səmimi məişət söhbətləri
də GƏM-çilərin
yaman xoşuna gəldi. Söhbət əsnasında T.Abdin
pivədə qızardılan
kartofun ləzzətindən,
çox dadlı sup bişirməyindən də söz açdı. Poeziyasına
bələd olduğumuz
Tofiq Abdin səmimi bir ortamda onun hətta
məişət həyatına
da bələd olmağımıza etiraz etmədi. Onun şeirləri, geyimləri, düşüncəsi
ilə yanaşı qida qəbulu da özünəməxsus
imiş: “Yarpaq dolmasını əzirəm,
üstünə yumurta
vurub yeyirəm. Mən belə adamam”. Öz işinə məsuliyyətli
yanaşmağından danışdı:
“Mən Salyandan gəlib ertədən “Qobustan”da işə
çatırdım, Bakıda
yaşayanlar hələ
sallana-sallana gəlirdilər”.
Beləcə, poeziyadan
başlayıb məişət
söhbətinin getdiyi
müəyyən zaman
kəsiyində biz Tofiq Abdini daha
yaxından tanıdıq.
Axşamtərəfi dördün yarısında görüş şair Oqtay Rzanın “Gecə birin yarısında” şeiri ilə tamamlandı və T.Abdin yeni çap olunmuş “Poeziya” kitabını gənclərə təqdim etdi.
S.MÜRVƏTQIZI
525-ci qəzet.- 2009.- 10 noyabr.- S.7.