Böyük xalq, böyük sevgi və Rəsul Velilyayev

 

Bugünkü Kırımtatar ictimai, siyasi, mədəni mühiti özünün inkişafının yeni mərhələsini yaşayır. Bir növ intibah dövrünü keçirir. Bütün istiqamətlərdə canlanma ilə nəzərə çarpır. Bunun isə köklü səbəbləri var. Ən başlıcası belə bir inkişafın səbəbi genetik yaddaşla bağlıdır. Çünki türk xalqları, eləcə də kırımtatarlar kökə, milli mənəvi dəyərlərin qorunuşuna, ənənəyə daha çox bağlı olan xalqlardandır. Son yüz il onlar üçün böyük sınaq oldu. Sovetlər imperiyası onların başına gətirdikləri ilə bir növ insanlığı sınağa çəkdi. Lakin kırımtatarlar əyilmədi, mətanət göstərdi. Zamanını gözləməyin gərəkliyini düşündü. Böyükdən kiçiyə hamı toplum kimi bir yumruğa çevrildi. Bütün ağırlıq isə ziyalıların, elm, mədəniyyət adamlarının üzərinə düşdü. Bu fəlakətdən qurtuluşun yolları düşünüldü. Olacaqlara sinə gərildi. Ümidlər sabahlara bağladı. Gözlənildi ki, hər batan axşamın bir doğan səhəri var. O səhər doğdu da. Belə ki, gün gəldi, sovetlər imperiyası dağıldı.

Kırımtatarların zaman-zaman içərisində ağrıya çevrilən bir yurd həsrəti vardı. O həsrəti sonuclamaq zamanı artıq gəlib çatmışdı. Belə də etdilər. Yurd, torpaq həsrətini sonucladılar. Bu yolda onlar bir yumruğa çevrildilər. Mərd, cəsarətli, qətiyyətli xalq Mustafa Cəmilovları, Əşrəf Şəmizadələri, Rza Fazilləri, Şakir Səlimləri, Ablyaziz Vəliyevləri, Rifat Çubarovları, Ayder Emirovları, İsa Cəmilovları, Yunus Kandımları və onlarla, yüzlərlə adını çəkə bilmədiyimiz ziyalıları ilə buna nail oldular. Sözün həqiqi mənasında tarix yazdılar. Xalqın sabaha gedən yolunu, taleyini müəyyənləşdirdilər. Bu böyük və şərəfli yolda torpaq, yurd sevgisi, vətənpərvərliyi ilə nümunə olan bir ad da var. Bu, Rəsul Refat oğlu Velilyayevin adıdır. Kırımtatar ictimai, siyasi, ədəbi mühitində onun yeri ucalıqdır. Ulu tanrı onu bu ağır vaxtda kırımtatarlara ərmağan kimi göndərib. Bütün varlığı, mahiyyəti ilə xeyirxahlıqdan, yaxşılıqlardan yoğrulub. Kimsəsizlərin, köməksizlərin pənahdarına çevrilib. Harda bir çətinlik, problem olarsa Rəsul bəy hamıdan öncə oradadır. Onun sonuclanması üçün bütün varlığı ilə çalışandır.

“Günlərin səhifəsi ömür səhifəsidir, ona ən gözəl əməllər və ən gözəl əsərlərdən başqa heç nə yazmayın”. Bu kəlamlar əfsanəvi İran hökmdarı Firiduna məxsusdur. Böyük türkoloq, şair Bəkir Çobanzadənin vətəni Qarasubazarda olarkən onun heykəli önündə bir törən zamanı yadıma gəldi. Hansı Bəkir Çobanzadə ki, xalqına, millətinə əvəzsiz xidmətlər etmiş, bütün həyatını bu yolda qurban vermişdir. Bu yolun İsmayıl bəy Qaspralıdan, Noman Çələbicahandan və daha qədimlərdən gələn ənənəsi vardır. Doğurdan da anladım ki, günlərin səhifəsi ömrün səhifəsidir, ona ən gözəl olanları yazmaq lazımdır. Bunu isə hər kəs edə bilmir. Onun üçün gərək dağlar böyüklükdə ürəyin ola. Mayan xeyirxahlıqla yoğrula. Ot kökü üstə bitər deyirlər. Bu gün həmin torpaqda xeyirxahlıqla, fədakarlıqla yoğrulan, millətinin, xalqının sabahı naminə ömrünü şama çevirən oğullar kifayət qədərdir. Təkrar qeyd edim ki, onlardan biri, bəlkə də birincilərdən biri Rəsul Velilyayevdir.

Müqəddəs Kırımtatar torpaqlarında idim. Mənə yaxın olan insanların əhatəsindəydim. Rəsul Velilyayev haqqında söhbət düşdü. Onun xeyirxahlığından danışırdılar. Başımda dolaşan fikirlər məni çox uzaqlara apardı. Kırımtatarların kitablardan oxuduğum tarixi, eşitdiklərim yadıma gəldi. Son anda Hatəm səxavəti haqqında Şərqin böyük şairi Əbdürrəhman Caminin “Baharistan”da verdiyi bir hekayəti xatırladım. Orada deyilir ki, bir dəfə Hatəmdən soruşurlar, özündən səxavətli insan görmüsənmi? Hatəm maraqlı bir əhvalat danışır. Deyir ki, günlərin birində bir qulamın evində qonaq idim. On beş qoyunu vardı. Məni görən kimi birini kəsdi. Bişirilən ətin bir parçası daha çox xoşuma gəldi. Bunu dedim. Qulam çölə çıxıb xeyli sonra qayıtdı. Həmin hissədən mənə yeməklər verdilər. Getmək istəyəndə gördüm həyətdə çoxlu qan var. Soruşdum bu nədir? Məlum oldu ki, o, bütün qoyunları kəsib. Əlavə etdim bunu nə üçün eylədin? Dedi ki, sənin xoşuna gələn məndə ola, necə ola bilər ki, onu sənə verməkdə xəsislik edəm? Bu ərəblər arasında çox pis xasiyyət hesab edilər. Bu əhvalatı Hatəm danışıb qurtardıqdan sonra soruşurlar ki, bəs sən onun müqabilində nə etdin? Yüz dəvə, beş yüz qoyun verdiyini söyləyir. Ətrafındakılar bildirir ki, sən daha səxavətlisən. Hatəm cavabında “yox, onun nəyi vardısa, hamısını vermişdi, mənim verdiyim isə varımdan çox az bir hissədir” söyləyir. Budur, dünyanın xeyirxahlıq üzü. Böyük çətinliklərlə, ağrılarla qarşılaşan kırımtatarların bu cür insanlara indi daha çox ehtiyacı var. Rəsul Velilyayev məhz həmin saxavəti, xeyirxahlığı göstərən insanlardandır.

Rəsul Refat oğlu Velilyayev 1957-ci il noyabrın 24-də Özbəkistan Respublikasının Kaşqardinski oblastında Şaxrisyabz şəhərində anadan olub. O, da bütün ailəsi, digər kırımtatarlar kimi deportasiya həyatı yaşayıb. Onun nə demək olduğunu dünyaya göz açdığı evlərində, yaxınlarının yanında dərk edib. Həyatın iztirablarını, yurd, torpaq itkisini görüb. Kırım torpaqları, Qarasubazar haqqında ancaq böyüklərindən, ata, anasından, ağsaqqallardan eşidib. O torpaqlara qayıtmaq, o yerləri gəzmək arzusu ilə yaşayıb. Həmin yerlərə qayıtmaq onun başlıca arzusuna çevrilib. Bu arzunun çin olacağı günü gözləyib.

Deportasiya, bir xalqın zorla köçürülməsi hadisəsi dünyanın məşəqqətləri sırasında olan olaylardandır. Sovetlər imperiyası bu amansızlığı 1944-cü il may ayının 18-də kırımtatarlara qarşı həyata keçirdi. Həmin ildə bir neçə ay sonra noyabrın 15-dən 16-na keçən gecə Axıska türklərinə qarşı deportasiya oldu. Bir gecənin içərisində bütöv bir xalq öz dədə-baba yurdunu tərk etmək məcburiyyətində qaldı. Faşist imperiyasına qarşı cəbhədə döyüşən, vətən uğrunda qanını tökən oğulların vətəni özü bir başqa düşmənlə üzləşmişdi. Xalq, böyük-kiçik hamı heç nədən xəbəri olmadan, nə baş verdiyini bilmədən bir gecənin içərisində köçürülürdü. Özü də aldanılaraq köçürülürdü. Bu ancaq türk xalqlarına qarşı yönəldilmiş hadisə idi. Sovetlər imperiyasının məkrli siyasəti kimi aparılırdı. Onu da qeyd edək ki, deportasiya hadisəsində təkcə xalq bu fəlakəti yaşamır. Bütünlükdə maddi, mənəvi mədəniyyəti itkilərlə qarşılaşır. Min illərlə qurub yaratdıqları aşınmalara məruz qalır. Ahıska türkləri, kırımtatarlar da belə bir aşınmalarla üzləşdi. Ümidlərini sabahlara tikdi. İçlərində bir vətən göyərtdilər. O yerləri ancaq yuxularında gördülər. O yerlərə səfərləri də yuxuda oldu. Həmin torpaqlar, yurd yerləri haqqında uşaqlarına rəvayət kimi söhbətlər etdilər. Bu söhbətlərlə uşaqlara vətən sevgisi aşıladılar. O yerlərə qayıtmağı müqəddəs arzu kimi övladlarının içində göyərtdilər. Günlərin birində qayıdacaqları ümidilə yaşadılar. Və buna da inandılar. Vaxt gəldi bu reallaşdı. Türkiyə Cümhuriyyətinin qurucusu Kamal Atatürkün çox-çox uzaqgörənliklə dediyi “ayıq olun, hazırlıqlı olun, bir gün gələcək SSRİ dağılacaq, bir anda dünyadakı müstəqil dövlətlər arasına bir çox yeni türk dövləti qatılacaqdır” fikri təsdiqini tapdı. Düzdür, Ahıska türkləri 1957-ci il oktyabrın 31-də SSRİ Ali Soveti Rəyasət heyətinin fərmanı ilə bəraət aldı. Ancaq bu reallaşmadı. Xalq öz torpaqlarında yerləşə bilmədi. Bu gün də həmin problem çözülməmiş qalır. Gürcüstan hökuməti onların tarixi torpaqlarına köçməsinə maneçilik törətdi. Sovetlər imperiyası Ahıska türklərinin torpaqlarına düşünülmüş şəkildə erməniləri yerləşdirməyin yolunu tutdu.

Kırımtatarlar deportasiyaya son qoymaq işini, tarixi torpaqlara qayıdış məsələsini kifayət qədər ağıl və fədakarlıqla həyata keçirdilər. Bir növ tarixi vətənə dönüş onların idealogiyasının mahiyyətinə çevrildi. Bir toplum halında böyük və müqəddəs işə başladılar. Bu yolda hər cür məhrumiyyətlərlə üzləşildi. İtkilər oldu. “Uğrunda ölən varsa vətəndir” düşüncəsinə kökləndilər. Xalqın vətənpərvər oğulları böyükdən kiçiyə hamını bu ideala yönəltdilər. O da nəticə etibarilə bəhrəsini verdi. Bu gün artıq kırımtatarlar öz tarixi torpaqlarında cəmləşib. Böyük quruculuq işləri ilə sabaha gedən yolunu müəyyənləşdirir, dünyaya inteqrasiya olurlar. Düzdür, həmin proses sonuclanmayıb, indi də davam edir. Hər addım özlüyündə çətinlik doğurur. Lakin xalqın gen yaddaşı, şərəfli tarix, ulu tanrı onlara ilahi güc verir. Bir toplum halında bu yolda addımlayırlar. Qeyrətli, qətiyyətli oğulların əzmkarlığı isə bu işdə adi kırımtatarlara yardımçı olur. Rəsul Velilyayev kimi vətən sevgisi ilə yaşayanların sayəsində çətinliklər ötüşür.

Bəs Rəsul Velilyayev kimdir? O, bu böyük xeyirxahlıqlara haradan gəlir? Bu suallar ətrafında düşünəndə ilk öncə onun sadə, həlim, son dərəcədə təbəssümlü çöhrəsi gözlərim önündə canlandı. Sanki tanrı onun üzünə nur səpib. İçini böyük xeyirxahlıqla doldurub. Dünyanın bu ağır zamanında insanlara əl tutmaq üçün göndərib. R.Velilyayev mənşə etibarilə Kırım torpaqlarından, müqəddəs Qarasubazardandır. Özü də müsahibələrində bunu ardıcıl olaraq vurğulayır. Hansı Qarasubazar ki, dünyaya Bəkir Çobanzadə kimi dühanı vermişdir. Bütün turk ellərinin elminin, mədəniyyətinin formalaşması sahəsində heç kəslə müqayisə olmayacaq böyük işləri görmüşdü. “Ya yurdu qoruyub sürərik ömür, ya da yurd uğrunda olarıq kömür” söyləmişdi. Lakin kırımtatarlar kökü, tarixi olan xalqlardandır. Böyük mədəniyyət sahibi olmuşlar. Dünya sivilizasiyasına öz töhfələrini vermişlər. Cahanşümul dövlət yaratmışlar. Bu tarix, gen yaddaşı onların hifzedicisinə çevrildi. Rəsul Velilyayev də bu gün həmin gen yaddaşının daşıyıcılarındandır. Bir ziyalı, iş adamı kimi bütün fəaliyyətini bu amala yönəldib. Onun Kırım torpaqlarına, doğma yurda qayıdışı təxminən keçən əsrin səksəninci illərinin ortalarına təsadüf edir. Özbəkistanda, Kaşqardinski oblastda doğulan R.Velilyayev orta məktəbi qurtardıqdan sonra Daşkənd Politexnik İnstututuna daxil olur. 1981-ci ildə oranı müvəffəqiyyətlə bitirir. Əmək fəaliyyətinə başlayır. Özü söhbətlərində xüsusi olaraq vurğulayır ki, dörd il çalışdıqdan sonra 1985-ci ildə ilk dəfə olaraq məzuniyyətə çıxdım. Atam və qardaşımla Kırıma getdim. Onda iyirmi doqquz yaşım vardı. On gün Yaltada, iki gün Fedosiyada qaldım. Qarasubazara gəldim. Bu təkrar qeyd edim ki, Resul Velilyayevin dedikləridir. Artıq bu, Kırıma qayıdışın başlanğıcının qoyulması idi. Tanrı elə bir anı gətirib çıxardı ki, həmin istək bütövlükdə reallaşdı. Dədə-baba torpaqlarını məzuniyyətə getməklə görən Rəsul bəy və onun kimi vətənpərvərlər, vətən sevgisi ilə alışıb-yananlar imperiyanın çökməsi ilə niyyətini reallaşdırdı. Bütün xalqla, qohum-əqrabası ilə birlikdə o yerlərə böyük köçün binasını qoydular. Mövlanə Cəlaləddin Rumi yazır: “Gözəllər saf və bərraq ayna aradıqları kimi, comərdlik də fəqir və zəif kimsələri istər. Gözəllərin üzü aynada gözəl görünər; ənam və ehsan gözəlliyi isə fəqir və qəriblərlə ortaya çıxar”. Bu bütün tarix boyu belə olub. Xalqın taleyi, çətin məqamlarda ağırlığı onun mərd, cəsur oğlanlarının üzərinə düşüb. Qəhrəmanlıq da, şəhidlik də onların adına yazılıb. Bu gün kırımtatarlar sözün həqiqi mənasında xalqın qəhrəmanlıq tarixini yazırlar. Bir növ bəşər sivilizasiyasını kimliklərini təqdim edirlər.

Rəsul Velilyayevin ən böyük xidməti elmə, mədəniyyətə olan himayədarlığıdır. O, çox yaxşı başa düşür ki, bütün təbii sərvətlər, yerüstü, yeraltı xəzinələr hansısa zamana hesablanır. Dünyanın müasir durumunda ən böyük sərvət zəka kapitalıdır. Məhz Bəkir Çobanzadə adına mükafatın təsis edilməsi də bu uzaqgörənlikdən irəli gəlib. Elmin, mədəniyyətin inkişafı naminə kırımtatar ədəbiyyatı, tarixi, mədəniyyəti ilə bağlı yazılan ən dəyərli əsərlərə bu mükafat verilir. Mükafatın müəyyənləşdirilməsi üçün ünlü şəxslərdən ibarət xüsusi komissiya yaradılıb. Komissiyanın sədri gözəl ziyalı, vətənpərvər insan Ayder Emirov və katibi istedadlı şair, çoxlu kitablar müəllifi Riza Fazildir. Bu savab işin başında da R.Velilyayev durur. Bütün ali məclis, nazirlər kabineti, kırımtatar ziyalı mühiti bu tədbirdə təmsil olunur. Böyük bir bayram şəklində hamı bu törənə qatılır. Digər istiqamətdə belə bir mükafatlandırılmanın aparılması Bəkir Çobanzadəyə sevginin ifadəsidir. Onun anımıdır.

R.Velilyayevin gördüyü işlər sırasında mühüm bir hissəni məktəblərə göstərdiyi qayğı təşkil edir. Bu gün kırımtatarlarda bir dərslik problemi yaşanır. Ali və orta məktəblərdə kitab çatışmamazlığı var. Bunu isə bütünlüklə dövlət səviyyəsində etmək olmur. İş adamlarının, xeyirxah insanların köməyinə xüsusi ehtiyac duyulur. Rəsul Velilyayev bu sahədə heç vaxt köməkliyini əsirgəməyib. Ana dilində dərsliklərin yazılmasına, orta məktəblərin kitabla, tədris vəsaitlərilə təmin olunmasına həmişə daha çox diqqət yetirib. Təkrar qeyd edim ki, kırımtatarlar hələ məskunlaşma prosesini başa vurmayıb. Tarixi torpaqlara, yurd yerlərinə qayıdış özü kifayət qədər ağır və ağrılı prosesdi. İtkilərlə, çətinliklərlə üzləşməli olursan. Ancaq yurd sevgisi, bu ruh onlara himayədarlıq edir. Digər köməkliklər isə Rəsul bəy kimi yaxşı adamlardan gəlir. Çatışmamazlıqlar, dərslik, kitab azlığı hər addımda özünü göstərir. Məktəblərin kompyuterləşməsinə xüsusi ehtiyac duyulur. R.Velilyayev bütün sahələrdə olduğu kimi, burada da yardımını əsirgəmir. Əksinə şagirdlərin, tələbələrin savadlanmasına, elminə daha çox önəm verir. İslamın böyük şəxsiyyətlərindən olan Həzrəti Əli xüsusi olaraq vurğulayırdı, “elm öyrənin, onu öz müsəlman qardaşlarınıza öyrədin, dünyada bundan böyük savab yoxdur”. Məhz bu düşüncə kırımtatar ziyalıları arasında bir məqsəd kimi yaşanır. Rəsul Velilyayev başda olmaqla bütün ziyalılar bu düşüncə ilə xalqın intibahını yaşayır, sabahlara gedən uğurlu yolunu formalaşdırırlar. XIII əsrin görkəmli sufi şairi Yunis Əmrə deyirdi ki, “dostun evi könüllərdir, könüllər yapmağa gəldim”. Rəsul Velilyayev də kırımtatar ziyalısı kimi dünyaya vaxtında, problemlərin çox olduğu zamanda xalqa kömək durmağa, könüllər yapmağa gəlmişdir.

Son olaraq islam dininin böyük şəxsiyyətləri ilə bağlı bir hekayət yadıma gəldi. Orada deyilir ki, hər il dövlət xəzinəsindən Əbdüllah ibn Cəfərə min dirhəm pul verirmişlər. Yeni xəlifə onu beş min dirhəmə qaldırır. Yaxınları onu məzəmmət etməyə başlayır ki, bu qədər pul bütün müsəlmanların maaşıdır. Nə üçün bir adama verirsən? Xəlifə isə növbəsində deyir ki, mən bunu bütün Mədinə möhtaclarına verirəm. Və bilirəm ki, o, pulu ehtiyacı olan heç kəsdən əsirgəməz. Dünyanın bütün vaxtlarında belə xeyirxah adamlara ehtiyac olub. İllah da, qarışıq zamanlarda. Xalqlar həmin vəziyyətdə çaşqınlıq yaşayır. Onun nizamı, yoluna qoyulması isə zaman tələb edir. Kırımtatarlar da belə bir zamanı yaşayır. Ağırlığı isə həmin xeyirxahlar, Rəsul Velilyayev kimi ziyalılar, iş adamları daşıyır. Ulu tanrı onlara yollar açır, böyük ağıl, zəka, qabiliyyət verir ki, xalqı bu çətinliklərdən çıxarmağa yardımçı olsun. Xalqla bir olsun. Belə adamların yeri isə könüllərdir.

 

 

İlqar QASIMOV tənqidçi,

publisist,

 

Mahmud ALLAHMANLI,

filologiya elmləri doktoru

 

525-ci qəzet.- 2009.- 10 noyabr.- S.6.