Şəcərəni tarixə çevirən kitab
Belə deyirlər: “Türk özünə qayıt, sən özünə qayıdanda
daha böyük olursan”. Zatən keçmiş tapdanırsa, gələcək
dünəndən ayaqlar
altında qalıb əzilir. Keçmişi qorumaq insanlığın
borcudur. Hər kəs ona aid
olan nəslin böyüyünü kiçiyini,
bu böyüyün, kiçiyin kimliyini, necəliyini dərindən
öyrənsə, gələcək
həmişə beləsinin
əlindən tutacaq.
Yer kürəsi
yumrudu. Nədənsə
yapışmasan, mütləq
yıxılacaqsan. Öz
kökündən yapışaraq
onu fəxrlə təqdim eləyənlər
yıxılmayanlardı. Bu
qənaətə Ömər
Qoçulunun “Nənəmin
nağılı” sənədli-bədii povestini yaxın günlərdə
bir daha oxuyandan sonra gəldim. Uşaq yaşlarımdan bu günə kimi, memarlıq namizədi, əməkdar memar Ömər Qoçulunun sənəti, bədii yaradıcılığı, elmi
fəaliyyəti, sazlı-sözlü dünyası,
ən əsası şəxsiyyəti ilə
qürur duymuşam, fəxr eləmişəm,
amma çox az hallarda bu
kimi hisslərimi büruzə vermişəm.
Ömər Qoçulu
mənim yaxın qohumumdu, həyatdan vaxtsız getmiş anam Əsmayanın bu yaxınlarda haqq dünyasına qovuşan qardaşının
– Məhəmməd dayımın
oğludu. Aramızdakı
qohumluq bağı onu daha yaxından
tanımağıma imkan
verib. Yaxşı bilirəm ki, onun ziyasının nurundan neçə-neçə insanın ömür yoluna işıq düşüb.
İxtisasca memar olan Ömər Qoçulu “Nənəmin nağılı”nda keçmişdən bu günə yaraşıqlı körpü sala bilib.
Xalqları fərdlər
yaradır. Ömər
Qoçulu nənəsinin
nağılı ilə
bir fərd kimi Azərbaycan xalqının, Azərbaycan
türkünün möhtəşəmliyini
göstərməyi bacarıb.
Belə möhtəşəm
xalqın nümayəndəsi
cılız işlərlə
məşğul olmaz.
Oxuyun. Oxuyun, görün Ömər Qoçulu babası Omaroğlu Mahmud kişinin belə kişilərdən olduğunu
necə göstərib:
“Yadıma gəlir, aman Allah, Babam rəhmətə gedəndə
onun yasına nə qədər adam yığılmışdı?!
Mən ömrümdə
hələ bu qələbəlikdə yığnaq
görməmişdim, əsl
el matəmi idi! İzdiham dəniz kimi dalğalanır, gələnlərin
sonu görünmürdü.
Borçalının hər
tərəfindən ruhanilər,
dindarlar, ağsaqallar dəstə-dəstə axışırdı. Onda
biz növrəstə
nəvələr bir tərəfə çəkilib
mübahisə edirdik ki, görəsən, babamızın yasında iştirak edənlərin sayı neçə olar. Axırda Səlimxan əmimdən soruşduq, sən demə, təxminən iki minə qədərdi.
Bəs nə?! Elə 100-ə yaxın əl-ayaq verən var idi. Bir
qədər təzadlı
çıxsa da, deməliyəm ki, babamızın yasını
belə qələbəlik,
təmtəraqlı olması
bizdə müəyyən
daxili məmnunluq, fəxarət və qürrə yaradırdı:
“Bir görün, bizim babamız necə mötəbər el ağsaqqalıdır, görün o nə böyük hörmət və ehtiram sahibi olub!”. Həqiqətən babamın “qırxı” çıxana qədər,
hətta ondan sonra da il
boyu eşidib başsağlığı verməyə
gələnlərin arası-bərəsi kəsilmirdi.
Ömər Qoçulu nənəsi Həvvaxanım Omar qızının yas mərasimində bütün olub keçənləri xatırlayırdı. Borçalıdan olan adlı-sanlı böyük bir nəsil Qoçulu kəndində nənələrini son mənzilə yola salır.
“- Ay ana, ay ana! Nəvələrin, oğulların Bakıdan gəldi, ay ana!
– Səni çiyinlərində aparacaqlar, ay ana!”
Cənazə kənd qəbiristanlığında torpağa tapşırılana qədər bir nəslin yaşantıları kino lenti kimi Ömər Qoçulunun gözləri qarşısından keçir. Və elə onun özü də həmin anda nənə itkisini yaşayanların ağrı-acılarını oxuculara səlis dillə çatdırır.
Həvvaxanım nənə Ömər Qoçulunun atası Məhəmmədin anasıdır. Doxsan yaşda anasını son mənzilə yola salan Məhəmməd yuxusuzluqdan və ağlamaqdan qızarmış gözlərini silə-silə deyir:
“Nə olsun ki, 90-dan çox yaşı vardı nənənizin. Omaroğlu Mahmudun adı bəsdi, sabah özünüz görəcəksiz, nə qədər millət töküləcək buraya. Başı Başkeçid, ayağı Sınıq körpü, Borçalının hər yerindən eşidən, xəbər tutan özünü yetirəcək”.
Nənənin bütün nəvələri yasdadı. Onun arzusunu yerinə yetirməyə gəliblər. Ömər Qoçulu yazır:
“Mərdanələrin doqqazını keçəndə atamın səsi məni xəyaldan ayırdı. O mənimlə ayaqlaşmağa çalışa-çalışa: “Özü belə vəsiyyət eləmişdi rəhmətliyin: “Məni nəvələrim yerdən götürsün, qəbiristanlığa qədər çiyinlərində aparsınlar” – deyib, cənazəni çiyinlərində aparan nəvələri göstərdi və sonra da kövrələ-kövrələ əlavə etdi: “Odu ey, indi gedir nəvələrinin çiynində. Qoy rahat getsin, istəyi yerinə yetdi!”
“Nənəmin nağılı” kitabında hansı sözü oxuyuruqsa, saf olduğu anındaca bilinir. Saf və bir nəslin qüdrətini, əzəmətini bildirən sözlər.
“Babam olan məclisdə yekəxanalıq, sayğısızlıq edən, danışığını, davranışını bilməyən bircə nəfər də tapılmazdı. Azacıq cızığından çıxan, yaxud gəvəzəlik eləyən hər kəsə babamın bir zəhmli baxışı bəs idi ki, o adam tezcə məclisi tərk etsin, yaxud özünü yığışdırsın. Hərdən əmilərim onu məzəmmət edirdilər ki, ay Lələ, fikir vermə, zəmanə dəyişib, birdən üzünə qayıdarlar, hörmətsizlik edərlər, ondan sonra gərək biz...”
Babam onların sözlərini ağızlarında qoyub deyərdi:
“Mənə ağıl öyrətməyin! Sizin sözünüzdən belə çıxır ki, zəmanə dəyişib deyə, mən Omaroğluluğumu yerə qoyum? Yoox! Nə qədər canımda can var, xasiyyətimi dəyişən deyiləm! Hələ indiyədək mənim qabağımda at oynadan olmayıb! Hələ “alovtiyə” xəncər iliyimdədir!
Xəncərli kişilər. Çox şey genlə gəlir, amiranəlik isə yüz faiz genin məhsuludur. Mahmud kişinin atası – Omar ağa barəsində Həvvaxanım nənənin nəvəsi Ömərə dediklərindən:
“- Bax, qurban olum, baban sənə atası Omar ağanın adını elə-belə qoymayıb. Omar ağa Borçalının ən sayılan kişilərindən biri olub. Babanın arzusu budur ki, sən də böyüyəndə onun kimi olasan, həm ağıllı-kamallı, həm də bəxtli-iqballı...Odur ki, gərək həmişə Omar dədənin adına layiq olmağa çalışasan”.
Ömər Qoçulu bir-neçə saatlıq yas mərasimindən elə povest yazıb ki, onu oxuyan bir nəsli körpəsindən ahılına qədər tanıyacaq.
Nənənin cənazəsini qəbiristanlığa gətirirlər. Amma heç nə bitməyib. Nənə cismən yoxdu. Onun yerində isə möhtəşəm Omaroğlular nəsli var.
Kitab bağlanır və arxa qabığından oxuyuruq:
“Sən mənim qan qohumumsan. SƏNİN və MƏNİM damarlarımızdan axan saf qan öz mənbəyini uzaq keçmişdən alıb.
SƏN sifətcə, görkəmcə, xasiyyətcə MƏNƏ oxşamaya da bilərsən, amma əminəm ki, SƏNİN əzalarının quruluşunda, beyninin qırışlarında, cisminin toxumalarında MƏNƏ bənzəyən nəsə mütləq taparsan! Ona görə də üzümü SƏNƏ tuturam. Ona görə də sözümü sənə deyirəm...”
Mən də görürəm, eşidirəm. Və əzalarının quruluşunda, beyninin qırışlarında, cisminin toxumalarında MƏNƏ bənzəyən nəsə tapdığın üçün sevinirəm. QÜRRƏLƏNİRƏM!
Müəllif “Nənəmin nağılı”nda yalnız öz şəcərəsini, dastanlaşmağa haqqı olan bir nəslin tarixini yazmayıb. Həm də Borçalı tarixinin bir parçasını yazmağı bacarıb.
İnanırıq ki, Ömər Qoçulu incə ruhlu “Taleyimdən yox gileyim...” adlı incə ruhlu şeirlər kitabından, “Nənəmin nağılı”ndan sonra hələ yazılmamış neçə-neçə kitablar yazacaq və yazdıqları ilə bizləri sevindirəcək, düşündürəcək daha da saflaşdıracaq.
Məzahir AŞİROV
525-ci qəzet.- 2009.- 11 noyabr.- S.7.