Tiflis tamaşaçısı
Əli Əmirlinin “Köhnə ev”inə baxıb
TANINMIŞ YAZIÇI-DRAMATURQUN ƏSƏRİ GÜRCÜSTANDA AZƏRBAYCAN DİLİNDƏ SƏHNƏYƏ QOYULUB
Gürcüstan paytaxtında teatr tamaşasının finalında alqışlar bu dəfə Azərbaycan tamaşası üçün səslənib. Əli Əmirlinin “Köhnə ev” pyesi Tiflisin A.Xoreva adına Aktyorlar Evində səhnəyə qoyulub. Bu əsər Tiflisdə ilk dəfə səhnələşdirilib, premyerası keçirilib. “Köhnə ev”i “isidənlər” Gürcüstandakı Heydər Əliyev adına Azərbaycan Dövlət Teatrının aktyorları – Namiq Musayev, Şeyla Şamoyeva, Fazil Bayramov, Binəli İslamoğlu, Aida Qaracayeva və başqaları noyabrın 7-də “Köhnə Ev”in “yeni sakinləri” olublar. Tamaşanın rejissoru Namiq Hacıyev Modern.az-a müsahibəsində əsəri səhnələşdirmək üçün xeyli əziyyət çəkdiklərini deyib. Lakin maddi və bəzi texniki problemlərə baxmayaraq, qarşılarına qoyduqları vəzifənin öhdəsindən də gələ biliblər: “Bu, tragi-komik bir əsər idi, ona görə oynamaq da bir az çətin idi. Ancaq mənə elə gəlir ki, aktyorlar çox gözəl oynadılar və istənilən tamaşanı ortaya qoydular”.
Tamaşada kommunizmlə kapitalizm bir evin içində mübarizə aparır. Kommunist ağsaqqal öz ideyalarından əl çəkmir, bərabərlik üçün mübarizə apardığını, əlinə silah alıb ədalət üçün vuruşduğunu və “ideya üçün ac da qalmaq olar” deyir. Kapitalist gənc isə öz puluna güvənir, hər şeyin bazarda həll olunduğu fikrini müdafiə edir.
Həyatda kommunizmin devrilib yerində kapitalist cəmiyyətin qurulduğu kimi, əsərdə və tamaşada bəhs edilən evi sonda kapitalist gənc kommunist ağsaqqaldan alır.
Dramaturq Əli Əmirlinin iki rejimin çarpışmasını bir “evə” sığışdırdığı kimi, rejissor Namiq Hacıyev də həmin didişməni bir “səhnəyə” yerləşdirib.
Sonda rejissorun və aktyorların alın təri tamaşaçıların alqışları və gül-çiçəkləri ilə mükafatlandırılıb.
Vüqar BABA,
Gürcüstan
525-ci qəzet.- 2009.- 11 noyabr.- S.7.