“Qorxulu nağıllar” – uşaqlar üçün tərbiyə və mənəvi zənginlik mənbəyi
Öz dövrü üçün
müasir mövzuda yazılmış və oxucuların böyük marağına səbəb
olmuş məşhur
“Qorxulu nağıllar”
uşaq jurnallarının
ən nümunəvi nəsr əsərlərindən
idi. “Məktəb” ilk nömrəsindən başlayaraq oxucuların rəğbətini qazandı.
Xüsusilə, 1912-1913-cü illərdə “Məktəb”
jurnalının hər
bir nüsxəsi məktəbli uşaqlar tərəfindən böyük
maraqla oxunur, əldən-ələ gəzirdi. Görkəmli yazıçı
və maarif xadimi Süleyman Sani Axundovun “Qorxulu nağıllar”ı jurnalda məhz bu illərdə
dərc olunmuşdu.
Yeri gəlmişkən
qeyd edilməlidir ki, hələ keçən əsrdə
(XX əsr – İ.Q.) rus
ədəbiyyatında “Qorxulu
nağıllar”ın uşaqlar üçün
əhəmiyyətli olub-olmaması məsələsi
ətrafında uzun mübahisə gedirdi. Bəzi müəlliflər
qəti surətdə
bildirirdilər ki, “Qorxulu nağıllar” uşaqların gələcək
inkişafına yalnız
mənfi təsir edə bilər. Lakin demokratik ədəbi tənqid bu yanlış fikrin qarşısını vaxtında
aldı və göstərdi ki, həyatın qaranlıq tərəfini maraqlı səhnələrlə, “qorxulu
nağıllar” vasitəsilə
uşaqlara çatdırmaq
nəinki ziyanlıdır,
əksinə, faydalı
və vacibdir. Təqdirə layiqdir ki, bu tipli
əsərləri Azərbaycan
ədəbiyyatında ilk
dəfə S.S.Axundov kimi görkəmli sənətkar yazmışdır.
Onun uşaq hekayələrini nağıllar
əsasında yazması
xalq ədəbiyyatının
böyük tərbiyəvi
əhəmiyyətindən bəhs edərkən yazırdı: “Mən qəti surətdə xalq nağıllarını
uşaqlar üçün
yazılmış olan
hekayələrdən dəfələrlə
üstün tuturam”.
Pedaqoji fikir tariximizdə maarif xadimi və müəllim kimi tanınan S.Sani, eləcə də “Məktəb”in redaktor və naşirləri Qafur Rəşad Mirzəzadə və Əbdürrəhman Əfəndizadə yaxşı bilirdilər ki, başqa realist əsərlərdə olduğu kimi, “hər bir nağılda həqiqət ünsürləri vardır”. Onlara öz pedaqoji təcrübələrindən məlum idi ki, nağıllar və nağıl səpkisində yazılmış rəngarəng hekayələr uşaqların dünyagörüşlərinin genişlənməsində, əxlaqi və mənəvi inkişafında mühüm rol oynayır. Bu cür əsərlərdə əsasən mövcud həyatda gördüklərimizin əksinə olaraq, hər şeyə xeyirxah gözlə baxılır, gözəl arzulardan danışılır. Burada doğrunun yalana, işığın qaranlığa qalib gələcəyinə inam görünür. Jurnalların nağıl tərzində yazılmış hekayələrə xüsusi yer verməsi həm də bununla izah olunmalıdır.
“Qorxulu nağıllar” içərisində ən kamil hekayə olan “Qaraca qız” uşaqlara humanizm, dostluq və yoldaşlıq hissi aşılayır. Usaqların daxili aləmi, onların mənəvi gözəlliyi, həyatı, insanlığı sevmək və qiymətləndirməyi bacarmaq qabiliyyəti “Qaraca qız”da daha mənalı verilmişdir. S.S.Axundov burada da sinifli cəmiyyətdə qeyri-bərabər hüquq normalarını, onun törətdiyi fəlakətləri qələmə almışdır. Müəllif hər cür fəlakəti mövcud cəmiyyətdən doğan bəla kimi təqdim edir, uşaqlar bu bəlalara qarşı hazır olmazsa, ruhdan düşməməyə çağırırdı. Bu cəhət yazıçının “Nurəddin”, “Əhməd və Məleykə”, “Əşrəf” hekayələrində də öz əksini tapır. “Qaraca qız” xüsusilə maraqlıdır. Körpəlikdən ata-anasını itirən Tutu uzun əziyyətdən sonra Piri babanın himayəsinə keçir. O, gözüaçıq bir uşaq kimi həyatın hər iki tərəfını düşünür və görür ki, tüfeyli Hüseynqulular cah-cəlal içərisində yaşadığı halda, Piri babalar çətinliklə dolanırlar. Lakin Tutu bunu da hiss edir ki, rəfiqəsi Ağca bu cah-cəlal içərisində qəfəsdə quş kimi çırpınır, o isə heç olmazsa, gözəl təbiətin qoynunda azad nəfəs alır. Oxucu bu qənaətə gəlir ki, insanların mənəviyyatca müxtəlifliyi qeyri-bərabərlikdən, birinin ağa, digərinin nökər olmasından doğur. “Qaraca qız” ideya və təsir qüvvəsi ilə dolğun olduğu kimi, bədiilik ve sənətkarlıq cəhətdən də mükəmməldir. “Məktəb” yazırdı: “Keçən yanvardan bu yanvara qədər “Qorxulu nağıllar” ünvanlı yazıla-yazıla gələn, bu gün tamam olan bu hekayədə möhtərəm mühərririn nə qədər məharətli və qüdrətli bir hekayənəvis olduğunu bildirir. Bu hekayəni diqqət ilə mütaliə buyuranlar görərlər ki, burada millətimizin bir çox sifətləri, məişət və əhval-ruhiyyələri çocuqları anlaya biləcəkləri açıq və sadə dillə bəyan edilmişdir. Milli hekayə böylə olar. Hekayə yazmaq həvəsində olan cavanlarımız möhtərəm Süleyman Sani cənablarını təqlid edərlərsə, qazanclı çıxacaqlarına şübhə edilməməsinə gərəkdir”.
“Nurəddin” hekayəsində “Yaxşılığa yaxşılıq hər kişinin işidir, yamanlığa yaxşılıq ər kişinin işidir” və “Yaxşılıq elə at dəryaya, balıq bilməz, xalıq bilər” atalar sözləri əsas götürülsə də, feodal-patriarxal cəmiyyətin bəzi çətinlikləri, ailə-məktəb münasibətləri və tərbiyə məsələləri burada da öz əksini tapır. Bir də hekayədən məlum olur ki, Nurəddin tək yaxşılığa görə deyil, qoçaqlığına, cəsarətliliyinə görə də fəlakətdən qurtarır.
S.S.Axundov bu əsərdə gənc nəsli oxumağa həvəsləndirməklə, buna maneəçilik törədənlərə mənfi münasibətini bildirirdi. Nadan Molla İmamın aşağıdakı sözləri avamlığın nəticəsi idi: “Tanrıqulu, nəbadə oğlunu uşqolaya qoyasan. Orada müsəlman uşaqlarının başlarına tük qoydurub, şapka qoyurlar. Oxuduqları da Sədi, Hafiz əvəzinə başdan-ayağa tülkü-çaqqaldır”.
Üç nəslin “Qorxulu nağıllar”da qarşı-qarşıya təsviri
diqqəti cəlb edir: körpəlikdən faciələr görmüş,
kiçik uşaqlar, həyatın hər cür ağrı-acısını
dadmış xeyirxah, müdrik qocalar və yelbeyin, tüfeyli cavanlar... Piri baba Tutunun (“Qaraca qız”), Həsən lələ Əşrəfin
(“Əşrəf”), İmamverdi
kişi Qara Hüseynin, Hacı Rəhim isə Nurəddinin (“Nurəddin”)
çətinlikdən qurtarması
üçün xeyirxah
təşəbbüs göstərir,
kömək edirlər.
Yusif, Pəricahan, Hüseynqulu, Gülpəri
və Əmiraslan kimi tüfeylilər öz çirkin əməllərinə peşman
olurlar. “Balaca adamlar”da Tutu,
Zeynəb və Abbas məhv olsalar da, öz
qoçaqlığı, əməksevərliyi,
saflığı ilə
daha da yüksəlirlər.
“Qorxulu
nağıllar”da diqqəti cəlb edən cəhətlərdən
biri də S.Saninin çox vaxt oxucuya mədəni,
tərbiyəli və
səmimi ailələr
təqdim etməsi, onların gözəl rəftarını, qarşılıqlı
mehriban münasibətlərini
nümunə verməsidir. Ziyalı Səmədin hər
axşam uşaqlarını
başına yığıb
onlara maraqlı hekayələr danışması,
ibrətamiz fikirləri
uşaqların nəzərinə
çatdırması (“Qorxulu
nağıllar”ın hamısında), Tutunun Piri babanın yanında doğma övlad kimi böyüməsi (“Qaraca qız”), atanın öz uşağını məktəbə
qoyması onun xahişinə məmnuniyyətlə
əməl etməsi
(“Nurəddin”), kiçik
uşaqların analarına
kömək edərək
meşədən odun
daşıması (“Abbas
və Zeynəb”), yeni tipli məktəblər,
təlim-tərbiyə
haqqında ibrətli söhbətlərin verilməsi (“Nurəddin”, “Əsrəf”)
və başqa xüsusiyyətlər S.Saninin
pedaqoji təcrübəsi,
müəllimlik fəaliyyəti,
eləcə də “Məktəb” jurnalının
ümumi qayəsi ilə bağlı idi. Çünki yazıçı yaxşı
bilirdi ki, uşağın tərbiyəsində
müəllimlərlə bərabər
ata-anaların mühüm rolu vardır. Səməd, Nurəddinin anası Həlimə, Əşrəfin
anası Nəcibə,
Həbibulla, Gülsüm,
Sofiya Alekseyevna, Nikolay İvanoviç surətlərini yazıçı
nümunəvi valideynlər
kimi vermişdir. Onlar özləri elmi və maarifi
qiymətləndirdikləri kimi, uşaqlarını da bu ruhda
böyütməyə çalışırlar.
S.Saninin uşaq hekayələrindəki “yamanlığa yaxşılıq” çağırışı L.N.Tolstoyun “şərə müqavimət göstərməmək” ideyasına da yaxın idi. Lakin bu cəhət L.Tolstoyun təsirindən daha çox xalq ədəbiyyatında “yaxşılığa yaxşılıq hər kişinin işidir, yamanlığa yaxşılıq ər kişinin isidir” – kimi məsələlərlə, Sədinin “Gülüstan” və “Bustan”dakı nəsihətləri ilə bağlı idi.
S.S.Axundovun “Qorxulu nağıllar” başlığı ilə gedən hekayələri bu gün də Azərbaycan ədəbiyyatı tarixində layiqli yer tutur. Tanınmış yazıçı, dramaturq, pedaqoq A.Şaiq bu hekayələrin əhəmiyyətindən bəhs edərkən yazırdı: “Mən onun əsərlərini, xüsusən usaqlar üçün yazdığı hekayələri oxuyanda bir çox müasirlərindən fərqləndiyini gördüm. Onun dilində olduğu kimi, əsərlərinin tənqidindən çox nəsihətlə, müsbət həyat hadisələrini göstərməklə oxucusuna təsir etməyə çalışırdı. Onun əsərlərində satira yox, lirika hakim idi”.
Gülnar İBRAHİMOVA,
Azərbaycan Müəllimlər
İnstitutunun magistrantı
525-ci qəzet.- 2009.- 11 noyabr.- S.6.