Azərbaycan bəstəkarlar ittifaqının keçdiyi
yol
YUBİLEYDƏ BEYNƏLXALQ MUSİQİ BAYRAMI
Bu günlərdə Azərbaycan musiqi mədəniyyəti xadimləri, bəstəkarlar və musiqişünaslar əlamətdar bir tarixi hadisəni qeyd edir: Azərbaycan Bəstəkarlar İttifaqının yaranmasının 75 illiyi (1934-2009) tamam olur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı əsasında bir sıra təntənəli tədbirlərlə qeyd olunan bu yubiley Azərbaycan Bəstəkarlar İttifaqının respublikanın musiqi həyatındakı əhəmiyyətli rolunu bir daha təsdiq edir.
Azərbaycan musiqi mədəniyyəti çox böyük tarixə malikdir. Uzun əsrlər boyu şifahi ənənələrə əsaslanaraq peşəkar musiqiçi nəsilləri tərəfindən yaradılan muğam sənəti, aşıq yaradıcılığı irsi xalqımızın musiqi sərvəti, insanların əsas zövq mənbəyi və mədəniyyətimizin bünövrəsi olub. XX əsrdə isə bundan qaynaqlanan bəstəkarlıq sənəti formalaşıb və Azərbaycan musiqi xəzinəsini zənginləşdirən, mədəniyyətimizi rövnəqləndirən güclü bir yaradıcı qüvvəyə çevrilib.
Bu gün də Azərbaycan
musiqisinin bu iki qolu – şifahi ənənəli musiqi
yaradıcılığı və bəstəkarlıq sənəti
qarşılıqlı əlaqə və təsir şəraitində
inkişaf edərək, yüksəlir, musiqimizin dünya
miqyasında tanıdılmasında mühüm əhəmiyyət
kəsb edir. Dünyanın bir hissəsi olan Azərbaycan
öz musiqi sənəti ilə dünyanı fəth edir və
bu prosesdə bəstəkarlarımızın
yaradıcılığı da önəmli rol oynayır.
Azərbaycan
Bəstəkarlar İttifaqının keçdiyi yol Azərbaycan
bəstəkarlıq məktəbinin, ümumilikdə, Azərbaycan
musiqi mədəniyyətinin inkişaf yolları ilə paralel
olmuşdur. Başqa sözlə
desək, Bəstəkarlar İttifaqının tarixi elə bəstəkarlıq
məktəbinin inkişaf yolu, musiqi mədəniyyətimizin
tarixi deməkdir və bu məfhumları bir-birindən
ayrı təsəvvür etmək mümkün deyil.
Çünki əgər Azərbaycan bəstəkarlıq məktəbinin
tarixi bir əsrlik dövrü əhatə edirsə, bu yolun 75
ili Bəstəkarlar İttifaqının fəaliyyəti ilə
yanaşı olub. Şübhəsiz ki, bugünkü bəstəkar
və musiqişünaslar nəslinin formalaşmasında Azərbaycan
Bəstəkarlar İttifaqının böyük rolu var.
XX əsr Azərbaycan musiqi mədəniyyətinin
hər bir sahəsində olduğu kimi, Bəstəkarlar
İttifaqının yaranmasında da Üzeyir Hacıbəylinin
mühüm xidmətləri olub. Bu baxımdan, Fikrət Əmirovun
aforizmə çevrilmiş: “Biz hamımız Üzeyir məktəbindən
çıxmışıq” fikrini xatırlatmaq yerinə
düşərdi. XX əsrin birinci yarısını,
sözün əsl mənasında, Azərbaycan musiqi tarixinin
Üzeyir Hacıbəyli mərhələsi adlandıra bilərik.
Eləcə də Azərbaycan Bəstəkarlar
İttifaqının tarixində Üzeyir Hacıbəyli
dövrü olub. Üzeyir bəy neçə-neçə gənc
istedadlı bəstəkarların və
musiqişünasların sənət yoluna işıq
salmış, yaradıcılığı ilə, tövsiyələri
ilə örnək olmuşdur.
Bəstəkarlar
İttifaqının fəaliyyətinin tənzimlənməsində,
musiqi sənətimizin inkişaf etdirilib dünya miqyasında
tanıdılmasında xalqımızın ümummilli lideri
Heydər Əliyevin misilsiz xidmətləri qeyd
olunmalıdır. Heydər Əliyev respublikamıza rəhbərliyi
dövründə Azərbaycan Bəstəkarlar
İttifaqının və onun üzvlərinin
yaradıcılıq fəaliyyəti ilə daim
maraqlanmış, onların uğurlarına və nailiyyətlərinə
yüksək qiymət verib. Azərbaycan musiqi mədəniyyətinin
nailiyyətləri ölkəmizin öz dövlət müstəqilliyini
bərpa etməsindən sonrakı illərdə ümummilli
liderimiz Heydər Əliyevin yaradıcı şəxslərə
xüsusi dəstəyi, müəlliflərin
hüquqlarının qorunmasına, onların yaradıcılığı
üçün əlverişli şəraitin
yaradılmasına göstərdiyi böyük diqqət və
qayğı sayəsində daha da artıb.
Bu gün həmin
ənənələr Azərbaycan Respublikasının
möhtərəm Prezidenti cənab İlham Əliyevin rəhbərliyi
altında respublikamızda şərəflə davam etdirilir. İlham Əliyevin müdrik və
coşğun fəaliyyəti sayəsində respublikamızda
bütün sahələrdə olduğu kimi, musiqi həyatındakı
yüksəliş və tərəqqi özünü
göstərir. Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin
Dostları Fondunun Prezidenti, YUNESKO-nun və İSESKO-nun
Xoşməramlı səfiri Mehriban xanım Əliyevanın
məqsədyönlü fəaliyyəti də musiqi mədəniyyətimizin
inkişafına yönəldilib. Son illərdə Azərbaycan
Bəstəkarlar İttifaqının iştirakı ilə
keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərin
qayəsi də bunun sübutudur.
Bəstəkarlar İttifaqının keçirdiyi tədbirlərdə – plenum, festival, baxış, konfrans və s.- əsas məsələ budur ki, bəstəkar öz yazdığı əsəri eşitmək imkanı qazanır, bəstəkarın əsəri geniş dinləyici kütləsinə təqdim olunur, bəstəkarın əsəri tənqidi nöqteyi-nəzərlə dəyərləndirilir və bütün bunlar onun gələcək yaradıcılığı üçün bir stimula çevrilir. Bir ənənə olaraq, bu tədbirlərdə həm gənc, orta, həm də yaşlı nəslin bəstəkarları öz yeni əsərləri ilə iştirak edirlər.
Bəstəkarlar İttifaqının beynəlxalq əlaqələri də genişdir. Xarici bəstəkarların, dirijorların və musiqi ifaçılarının respublikamıza gəlişi və konsertlər verməsi, öz konsertlərində Azərbaycan bəstəkarlarının əsərlərini səsləndirmələri, xarici ölkələrdə bəstəkarlarımızın əsərlərinin ifa olunması Azərbaycan professional musiqisinin müasir dövrdə dünya miqyasında tanınması və təbliği sahəsində xüsusi əhəmiyyət kəsb edir.
Fəaliyyət göstərdiyi böyük hadisələrlə zəngin zaman kəsiyində Azərbaycanın dünya şöhrətli bəstəkarlarını öz sıralarında birləşdirən Azərbaycan Bəstəkarlar İttifaqı nüfuzlu yaradıcılıq birliyi kimi ölkəmizin mədəni həyatında fəal iştirak edir, yüksək səviyyəli musiqi əsərlərinin yaranmasına hərtərəfli dəstək verir, özünün rəngarəng, əhəmiyyətli tədbirləri ilə musiqi həyatında daim canlanma yaradır.
Bu gün
Azərbaycan Bəstəkarlar İttifaqının
sıralarında ən müxtəlif nəsillər təmsil
olunub və burada nəsillərin varisliyi diqqəti cəlb
edir. Hər yeni gələn
nəsil özündən əvvəlki ənənələr
üzərində yetişərək, onları yeni səviyyədə
özünəməxsus surətdə davam və inkişaf
etdirir. Azərbaycan Bəstəkarlar İttifaqının
sıraları daim genişlənir, gənc bəstəkar və
musiqişünaslar təşkilatın üzvü qəbul
olunurlar. İttifaqın İdarə heyəti istedadlı gənc
bəstəkar və musiqişünaslarla yaradıcılıq
işi aparır, onları istiqamətləndirir.
Azərbaycan Bəstəkarlar İttifaqı öz missiyasını bu gün də davam etdirir. Belə ki, bu gün professional musiqiçılərimizin neçə-neçə nəsillərinin formalaşmasında, musiqi xəzinəmizin yeni-yeni əsərlərlə zənginləşməsində, mədəniyyətimizin bütün dünyada təbliğində ayrı-ayrı sənətkarların fərdi istedad və bacarığını qeyd etməklə bərabər, bu insanları doğma, isti bir ocaq kimi öz ətrafında cəmləyən Azərbaycan Bəstəkarlar İttifaqının müstəsna rolu danılmazdır.
Bəli, bu günlər Azərbaycan Bəstəkarlar İttifaqı 75 illik tarixini qeyd edir və bu münasibətlə böyük bir musiqi bayramı hazırlanır.
2009-cu il noyabr ayının 12-dən
17-nə kimi Azərbaycan Bəstəkarlar
İttifaqının 75 illik yubileyinə həsr olunmuş beynəlxalq
musiqi festivalı keçiriləcək.
Həm ölkəmiz
üçün, həm xalqımız üçün, həm
də bəstəkarlarımız üçün bu
festivalın əhəmiyyəti çox böyükdür. Əvvəla
ona görə ki, bu tədbir Azərbaycan bəstəkarlıq
məktəbinin keçdiyi inkişaf yoluna bir daha nəzər
salmaq, onu işıqlandırmaq və əldə olunmuş
nailiyyətləri xatırlatmaq və bəstəkarlarımızın
yeni uğurları ilə geniş ictimaiyyəti tanış
etməyə imkan verir. İkincisi, bu, bizim bəstəkarlıq
məktəbimizin, musiqi ifaçılıq sənətinin bu
günkü səviyyəsinə bir baxışdır. Bu, həm
bəstəkarların yeni yazılmış əsərlərinin
geniş ictimaiyyətə təqdimatı, həm də bəstəkarın
özünün, bir növ, yaradıcılıq
hesabatıdır. Üçüncüsü də bu
festivalın keçirilməsi Azərbaycan musiqisinin təbliği
deməkdir. Xarici qonaqların da dəvət aldığı
festival beynəlxalq miqyasda əks-səda yaradaraq, Azərbaycan
mədəniyyətinin zənginliyini, özünəməxsusluğunu,
Azərbaycan həqiqətlərini dünyaya yaymaq
üçün böyük imkanlar vəd edir.
Festivalın proqramı çox
dolğun və rəngarəngdir. 6 gün ərzində
keçiriləcək tədbirlər proqramında həm müxtəlif
məzmunlu konsertlər, həm də elmi konfranslar nəzərdə
tutulur.
Festival
konsertlərinin proqramları elə tərtib olunub ki, burada Azərbaycan
bəstəkarlarının bütün nəsilləri təmsil
olunub. Belə ki, Üzeyir
Hacıbəylinin “Koroğlu” operasından Uvertüranın,
daha sonra Qara Qarayevin “Yeddi gözəl” baletindən
“Yürüş”ün səslənməsi ilə start
götürəcək festivalda nə qədər yeni əsərlər
eşidə biləcəyik. Daha dəqiq desək, burada
müxtəlif nəsillərin təmsilçiləri, bəstəkarlıq
sənətinin keçdiyi yolun mərhələləri,
klassika və müasirlik, yaşlı, orta və cavan bəstəkarların
yaradıcılığı bir araya gətirilmiş və ən
son nailiyyətlər təqdim olunub. Elə əsərlərin
adının qarşısında “ilk ifa” və yaxud “Bakıda
ilk ifa” sözlərinin yazılması bunun əyani
sübutudur.
Onu da qeyd
etmək vacibdir ki, konsertlərin proqramının tərtibində
janr bölgüsü nəzərə alınıb ki, bu da
vacib cəhətdir, həmin janrların Azərbaycan musiqisində
keçdiyi inkişaf yolu və əldə olunan nailiyyət
barədə təsəvvür yaradır. Bu baxımdan iki konsert (12 noyabr və 17
noyabr, M.Maqomayev adına Azərbaycan Dövlət
Filarmoniyası) simfonik musiqiyə həsr olunmuşdur.
Proqramdakı əsərlər bu janrın geniş
imkanlarını, növ müxtəlifliyini və
çoxçalarlığını canlandırır. Bəstəkarlarımızın
geniş təxəyyülünün məhsulu olan əsərlər
sırasında həm orijinal bəstələr, həm də
klassik əsərlərin müxtəlif tərkibdə işlənilməsi
yer almışdır. Bu baxımdan Üzeyir Hacıbəylinin
“Arşın mal alan”, “Aşıqsayağı” kimi əsərlərinin
yeni təfsiri diqqəti cəlb edir.
Azərbaycan
bəstəkarlarının
yaradıcılığının daha bir sahəsi kamera vokal
və instrumental əsərlərlə bağlıdır. Bu janrlar bir neçə konsertdə
təmsil olunmuşdur.
Kamera musiqisi konsertində (13
noyabr, Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli
adına konsert zalı) bəstəkarlarımız kiçik
tərkibli ansambllar və ya solo alətlər
üçün yazılmış əsərlərini
nümayiş etdirəcəklər. Adətən kamera musiqisi
bəstəkarın qəlbinin ən dərin hisslərini ifadə
edən səslər məkanıdır. Təsadüfi deyil
ki, kiçik həcmli əsərdə çox söz demək
bacarığı bəstəkar üçün vacibdir. Eyni
zamanda, bəstəkarların yaradıcılıq təxəyyülünün
genişliyi, dəst-xəttinin yetkinliyi bu əsərlərin
timsalında özünü büruzə verir.
Estrada
konsertində (16 noyabr, R.Behbudov adına Mahnı teatrı) Azərbaycan
bəstəkarlarının mahnı
yaradıcılığına həsr olunub. Burada da nəsillərin varisliyi, klassika
və çağdaş dövrün musiqi təmayüllərinin
yanaşı qoyulması musiqimizin inkişaf yollarının mənzərəsini
yaradır.
Afişalarda belə bir konsert
başlıqları ilə də
qarşılayacaqsınız: “Azərbaycan bəstəkarları
– uşaqlara” (15 noyabr), “Gənclər avanqardda: səslər və
rənglər aləmində” (16 noyabr). Artıq bu adlar
konsertin proqramı haqqında müəyyən təsəvvür
yaratsa da, məlumat üçün deyim ki, burada musiqi və
təsviri-sənətin uğurlu bir vəhdətinin üzə
çıxarılması göz qabağındadır. Hər
iki konsertin keçiriləcəyi məkanda (Bəstəkarlar
İttifaqının Ü.Hacıbəyli ad. Konsert zalı) təsviri
sənət nümunələri nümayiş etdiriləcək
ki, bu da gənc rəssamların yaradıcılığı
ilə tanışlıq imkanı yaradır.
Əlbəttə ki, bütün
bu konsertlərdə əsərləri səslənəcək
bəstəkarların hamısının adlarını qeyd
etmək imkanımız olmasa da, bu əsərlərin ilk
ifadan dinləyici qəlbini fəth edəcəyinə
ümidvarıq.
Festival
çərçivəsində “Azərbaycan bəstəkarlıq
məktəbi: axtarışlar və perspektivlər” beynəlxalq
elmi konfransın (13 noyabr) keçirilməsi də önəmlidir.
Bu konfrans musiqi
yaradıcılığının və musiqi elminin aktual
problemlərinin işıqlandırılmasına həsr
olunur. Keçirilən tədbirlər sırasında həmçinin,
“Musiqi Dünyası” jurnalının 10 illik yubileyinə həsr
olunmuş konfrans (14 noyabr) diqqət mərkəzindədir.
Jurnalın təsisçilərindən biri olan Azərbaycan Bəstəkarlar
İttifaqının yubileyi çərçivəsində
“Musiqi Dünyası” jurnalının fəaliyyətinin
işıqlandırılması əlamətdardır. Belə
ki, 1999-cu ildən fəaliyyətə başlayan “Musiqi
Dünyası” həqiqətən də musiqişünas və
bəstəkarların beynəlxalq tribunasına,
yaratdığı veb-saytlarla dünya virtual məkanında
Azərbaycan musiqi mədəniyyətinin ən fəal təbliğatçısına
çevrilib.
Festivalın ən maraqlı məqamlarından
biri Azərbaycan Bəstəkarlar İttifaqının 75
illiyinə həsr olunmuş “Ən yaxşı konsert pyesi”
müsabiqəsinin yekun nəticəsinin elan edilməsi və
qalib əsərin ifası (17 noyabr, festivalın
bağlanışı konsertində) ilə
bağlıdır. Bu, yəqin ki, çox həyəcanlandırıcı
və festivalın yaddaqalan anlarından biri olacaq.
Azərbaycan
musiqisinin inkişafında müstəsna xidmətləri olan
Azərbaycan Bəstəkarlar İttifaqını, onun
bütün üzvlərini, bütün bəstəkarları,
musiqişünasları, musiqi ifaçılarını,
musiqisevərləri, musiqi ictimaiyyətini əlamətdar yubiley
münasibətilə ürəkdən təbrik edirəm. Azərbaycan bəstəkarlarına
və musiqişünaslarına tükənməz ilham və
yaradıcılıq sevincləri, Azərbaycan mədəniyyətinin
tərəqqisi naminə yeni uğurlar arzulayıram.
Bütün musiqisevərləri Azərbaycan Bəstəkarlar İttifaqının yaranmasının 75 illiyi münasibətilə keçirilən Beynəlxalq Musiqi Festivalının konsertlərini dinləməyə dəvət edirəm. Əminəm ki, bu musiqi bayramından böyük zövq alacaqsınız.
Cəmilə HƏSƏNOVA,
sənətşünaslıq namizədi,
Üzeyir Hacıbəyli adına
Bakı Musiqi Akademiyasının
professoru
525-ci qəzet.- 2009.- 11 noyabr.- S.4.