“Azərbaycan – Macarıstan: mədəniyyətlərin dialoqu” mövzusunda konfrans olub
Budapeştdə “Azərbaycan-Macarıstan:
mədəniyyətlərin dialoqu” silsiləsindən
4-cü beynəlxalq elmi
konfrans keçirilib. Tədbir Azərbaycanın
Macarıstandakı səfirliyinin
təşəbbüsü, Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilati
dəstəyi, Azərbaycan
Milli Elmlər Akademiyasının İqtisadiyyat
İnstitutu, Macarıstan
Elmlər Akademiyasının
Dünya İqtisadiyyatı
İnstitutunun, eləcə
də parlamentin Macarıstan-Azərbaycan Dostluq
Qrupunun iştirakı
ilə baş tutub. Bu ilki elmi forumun əsas
mövzuları iqtisadiyyat,
hüquq və siyasət məsələləri
olub. Azərbaycanın Macarıstandakı səfiri Həsən Həsənov deyib ki, konfrans səfirliyin
Budapeştdə keçirdiyi
illik elmi forumlar silsiləsindən sayca dördüncüdür.
Onun sözlərinə görə,
konfrans iştirakçılarının
sayının ilbəil
çoxalması Macarıstan
cəmiyyətinin Azərbaycana
marağının artdığını
göstərir. Səfir qeyd
edib ki, budəfəki konfrans əvvəllər təklif
edilmiş ideyaların
inteqrasiya olunması, müzakirə edilən məsələlərin formatının
və mövzu dairəsinin genişlənməsi
baxımından öncəkilərdən
fərqlənir. Sonra Macarıstan
xarici işlər naziri Peter Balajın konfrans iştirakçılarına
təbrik məktubu oxunub. Məktubda qarşılıqlı səylər sayəsində
ikitərəfli münasibətlərin
daha da dərinləşməsindən
məmnunluq ifadə olunub. Həmçinin qeyd edilib ki, bu, həm
siyasi dialoq səviyyəsində, həm
də maarif, elm və mədəniyyət
kimi sahələrdə
əməkdaşlığın intensivliyinin getdikcə artmasında özünü
göstərir. Dünya
İqtisadiyyatı İnstitutunun
böyük elmi işçisi Atilla Karoy Şooş Macarıstanın beynəlxalq
iqtisadi böhrana münasibəti barədə
danışarkən deyib
ki, uzaqgörən Azərbaycandan fərqli olaraq, Macarıstan bu böhranı valyuta ehtiyatları toplamadan qarşılamalı
olub, əvəzində
külli məbləğdə
xarici borcu yaranıb. Onun sözlərinə görə, böhran Macarıstan iqtisadiyyatına
ağır zərbə
vurub. Ölkə valyuta və
maliyyə sektorunun strukturunu dəyişməli,
milli fiskal siyasətdə islahatlar barədə fikirləşməli
olub. AMEA İqtisadiyyat İnstitutunun
direktor müavini Allahyar Muradov qeyd edib ki,
energetika sahəsi ilə yanaşı, qeyri-neft sektoru da dövlət rəhbərlərinin diqqət
mərkəzindədir və
bu fakt ölkənin
büdcəsində öz
əksini tapıb.
Macarıstan institutunun əməkdaşı
Jujanna Lüdviq
“Aİ ilə Azərbaycan
arasında iqtisadi münasibətlər” mövzusunda
məruzə edib.
TASİS proqramının Azərbaycanın
iqtisadi dirçəlişində
rolu, Avropa İttifaqı ilə Azərbaycan arasında bağlanmış sazişlər
haqqında söz açan J.Lüdviq deyib ki, son 10 ildə Azərbaycandan
Aİ ölkələrinə ixrac 20 dəfə artıb. İndi xüsusən energetika
sektorunda, Azərbaycan
Aİ-nin Qafqazda ən iri tərəfdaşıdır.
Onun sözlərinə görə,
Azərbaycanın Dünya
Ticarət Təşkilatına
qəbul edilməsi məsələsi də, heç şübhəsiz,
Azərbaycanla Avropa iqtisadi bazarı arasında iqtisadi münasibətlərə güclü
təsir göstərəcək.
Milli Məclisin deputatı, professor Xanhüseyn Kazımlı milli iqtisadiyyatın inkişafında Azərbaycanın
uğurlarını əks etdirən statistik rəqəmlər
səsləndirib.
P.SULTANOVA
525-ci qəzet.- 2009.- 11 noyabr.- S.3.