Quran simvolizmi və klassik Şərq poeziyasında Gözəlin vəsfi
İrfani
şeirin mühüm istiqamətlərindən birini Gözəlin
vəsfi təşkil edir. İlahi
eşqi tərənnüm edən aşiq-ariflər Uca
Varlığın vəsfi zamanı vəhdəti-vücuda
müvafiq ilahi təcəllini özündə əks etdirən
insanı, xüsusilə gözəl qadını təsvir və
tərənnüm ediblər. Bəzən bu təsvir və tərənnümdəki
mistik əhvali-ruhiyyə və incə mənalar gündəlik
həyatın adi axınına bənzər bir tərzdə,
insan cəmiyyətinə xas ehtiras və boyalarla təsvir
olunub.
İbn Ərəbi fəlsəfəsində Mütləq varlığın qadın gözəlliyi vasitəsilə dərki öz poetik təcəssümünü onun “Tərcümani Əşvaq” (Ehtirasların izahı) əsərində tapıb. Şərqin böyük mistiki bu əsəri Məkkədə rast gəldiyi fars gözəli Nizama həsr edib. İbn Ərəbi “Tərcümani Əşvaq”da dönə-dönə vəsf etdiyi Nizama həmin əsərin müqəddiməsində təriflər yağdırdıqdan sonra bildirir ki, bu əsərdə xatırladığım ad və üzərində göz yaşı axıtdığım oba ona (Nizama) aid olsa da, mən bununla sufilərin tutduğu yola müvafiq ilahi anlamları, ruha xas açıqlamaları, uca münasibətləri nəzərdə tutmuşam. Onun fikrincə, qadına olan məhəbbət irfanın fəzilətləri cərgəsindədir. Çünki o, Peyğəmbərin sünnəsi olmaqla yanaşı həm də ilahi bir eşqdir. İbn Ərəbiyə görə, öz ad və atributları ilə varlıqlarda təcəlli edən Allahın ən mükəmməl təcəllisi gözəl qadın simasında reallaşıb. Təsadüfi deyil ki, İlahi Substansiyanı bildirən “Zat” sözü də ərəb dilində məhz qadın cinsindədir.
İlahi eşqin tərənnümü Mütləq Gözəlin vəsfi ilə sıx vəhdət təşkil etdiyindən Sufi poeziyasının ilk nümunələrindən Gözəlin üz cizgilərinin təsvirinə xüsusi əhəmiyyət verilib. Bu sahədə ilk nümunələrdən biri kimi Əbu Bəkr əl-Şiblinin (861-945) aşağıdakı şeirini göstərə bilərik:
Onun gözlərində sehr və
cadu vardır,
kimi istəsə
öldürür, kimi istəsə dirildir.
O öz baxışları ilə
aləmləri əsir edir,
sanki dünya onun köləsidir.
Əli-ayağı
qandallı
Haqsızlıqdan uzaq olan həmpiyalə
dostum
Bir qonaq kimi məni dəvət
edib salamladı.
Piyalə məclisdə hərlənərkən
o,
Cəllad kötüyünün
və qılıncın
gətirilməsini buyurdu.
Orta
çağlar Sufi şeirinin mühüm bir qolunu təşkil
edən Azəri-türk poeziyasında gözəlin üz
cizgilərinin – saçların, gözün, qaşın,
kipriklərin, yanağın, xalın, buxağın, dişlərin
və s. təsviri ilə bağlı mükəmməl
obrazlar sistemi yaranmışdır. İrfani şeirin məziyyətlərindən biri bu
cür təsvirlərdə Müqəddəs Qurana müraciət
edilməsi, onun ayət və hökmlərinin İlahi varlığın
mücəssəməsi olan insan simasında
axtarılmasıdır. Klassik şeirimizdə Gözəlin vəsfində
Qurandan bəhrələnmə özünü iki istiqamətdə
göstərir: Birincisi, insan simasında müqəddəs
yazı – ərəb əlifbasının müəyyən hərfləri
və ayrı-ayrı Quran ayələri oxunur; İkincisi,
insan simasının cizgilərinin təsvirində Quran qissələri
ilə bağlı obrazlara müraciət edilir.
Bizim fikrimizcə, insan
simasında Quran yazısının və Quran
obrazlarının əksinin görülməsinin kökləri
insanın xarakter və taleyini onun üz və bədən
cizgiləri ilə müəyyənləşdirən qədim
ənənələrə gedib çıxır. Hələ
qədim zamanlardan bir çox xalqlar insanın xarici görkəminə
qarşı diqqətli olmuş, onun daxili aləminin xarici
görünüşü ilə bağlılığına
diqqət yetirmış, fizioqnomoka (ərəbcə “qiyafət”)
adlı bir elm yaratmışlar. Ərəblərdə qiyafətin
iki növ olduğu bildirilir: Birinci, heyvanların və
insanların ayaq izlərini araşdıran qiyafətul-əsər;
İkinci, insanların xarici görkəmini öyrənən
qiyafətul-bəşər.
Birinci
növ qiyafət itmiş heyvanları tapmaq və yaxud qəbilədən
qaçmış insanların izinə düşmək
üçün çox əhəmiyyətli idi. Ərəblər ayaq izi ilə
qocanı cavandan, qadını kişidən
ayırırdılar. İkinci növ isə xarici görkəmə
əsaslanaraq iki insan arasındakı qohumluğu və s.
bildirirdi. Qiyafətin məhz bu ikinci növü insanın xarici görkəmi ilə
daxili aləmi arasındakı uyğunluq əsasında onun mənəvi
aləmini, xasiyyətini, hətta bəzən taleyini və
alın yazısını müəyyənləşdirirdi.
Ümumiyyətlə, qədim xalqlar xarici görkəmə
xüsusi əhəmiyyət vermiş, hətta eybəcər
doğulan uşaqların və ya heyvan balalarının bədbəxtlik
gətirəcəyinə inanmışlar. Rəvayətə
görə, Makedoniyalı İskəndərə alnında
eybəcər bir çıxıntı olan quzu
balasının dünyaya gəldiyini xəbər verərkən,
o bundan çox pərişan olmuş, hətta Babilistandan
sehrkarlar çağırıb onlara özünü pisliklərdən
təmizləməyi tapşırmışdır Bu elm
Yaxın və Orta Şərqin qədim sakinləri, o cümlədən
ərəblər arasında çox inkişaf etmişdir. Təlmudda
yer almış bir rəvayətdən hələ Musa peyğəmbərin
dövründə bu sənətin Yəməndə
inkişaf etməsi anlaşılır. Qədim Ərəbistanda
ərraf və kahinlər Ukaz bazarına
yığılır, övladlarının taleyi ilə
maraqlanan insanlar onlara müraciət edirdilər. Bu işin
mahir biliciləri xarici görkəmə əsaslanıb
müdhiş açıqlamalar verirdilər. Qədimdə
Mesopotomiyada hətta bu məqsədlə gil lövhələr
üzərində əsərlər yazılır, burada
insanın saç rənginin, bu və ya digər bədən
üzvünün quruluşunun, dərisindəki ləkələrin
və xalların xarakterinin və yerləşməsinin onun
taleyinə təsiri göstərilirdi.
İslamdan
sonra da bu elm ərəblər arasında inkişaf etmiş,
bir sıra ilahiyyat alimləri, filosoflar qiyafətə dair əsərlər
yazmışlar. Qiyafətə
dair ilk əsəri imam Şafiinin yazdığı söylənilir.
Təəssüf ki, bu əsər zəmanəmizədək
gəlib çatmamışdır. Daha sonra əl-Kindinin “Risələtun
fil-Firasə”, Əbu Bəkr Razinin “Kitəbul-Mənsuri”, Talib
Ənsari Dəməşqinin “Kitəbul-Ədəb vas-Siyəsə
fi ilmin-Nazari vas-Firasə” əsərləri meydana
çıxmışdır. Sufizmdə qiyafət elminə
olan maraq, qeyd etdiyimiz kimi, ilahi təcəllinin insan
simasında əksi ilə bağlı idi. İnsan
simasında ilahi təcəllinin müqəddəs hərflər
vasitəsilə əksini bildirən hürufilər də
qiyafət elmində maraqli olmuşlar.
Bununla
yanaşı, qədim mifoloji sistemlərdə talelərin
qabaqcadan tanrılar tərəfindən yazılması kimi təsəvvürlər
olmuşdur. Misir
mifologiyasında Tos yazı və kitabələri himayə edən
tanrı idi. Babil mifologiyasında müdriklik tanrısı
Nabu yazını himayə edirdi. Hər iki tanrı həm də
insan talelərini müəyyən edirdi. Həm Tövrat, həm
də Quran Yazının müqəddəsliyini və əbədiliyini
iddia edir. Quran mifologiyasında əsas konsepsiyalardan olan müqəddəs
yazı anlamı “Lövhü-Məhfuz” (Qorunan lövhə)
ilə ifadə olunur. Yaradılışın lap
başlanğıcından bütün talelərin və
olacaqların bu lövhədə əks olunduğu iddia edilir.
Lövhü-Məhfuzun bir növ keçmişin və gələcəyin
xəbərlərini özündə cəmləyən
psixofiziki sahədən ibarət substansiya olması fikri
söylənilir. Ümumiyyətlə, Orta Əsrlərin
düşüncə tərzində həm tarixi olaylar, həm
də təbiət hadisələri öz-özlüyündə
oxunması vacib olan bir yazı kimi qəbul olunduğundan, təbiət
və insan öz-özlüyündə sanki ilahi vəhyin,
müqəddəs yazının davamı idi. İnsan
şüurunun əsas vəzifəsi təbiətin gizli
yazısını oxumaqdır. Gözlərimiz önündəki
canlı və cansız təbiət və məxluqatın ən
şərəflisi olan insan ilahi qələmin
yazdığı bir kitabdır. Orta əsrlər ərəb
kalliqrafiyasında göy cisimlərindən tutmuş
ayrı-ayrı təbiət hadisələri, bitkilər və
s. ilə bağlı xətt nümunələrinin
mövcudluğu da dolayısilə bu təsəvvürlərlə
bağlı idi. Orta əsrlərin geniş
yaradıcılıq diapazonuna malik ustadları bir çox
fantastik-bədii xətt növləri yaratmışlar. Bu
orijinal dekorativ xətt nümunələrinin adları
onların mistik bədiiyyatının mahiyyətini əks
etdirir: məsələn, “lərzə”, “tavusi”,
“sünbülü”, “bahar”, “gülzar”, “zulfu ərus” (gəlin
zülfü), “hilali”, “mudavvar” (dairəvi), “şəcəri”
(ağacvari), “aftabi” (günəşəbənzər),
“tauamani” (əkizlər), sərvi və.s. Yazının, xəttin
canlandırılması ayrı-ayrı bədən üzvləri
və üz cizgiləri ilə bağlı bənzətmələrdə
də zühur edir. İlk əvvəl əlifbanın əsil
və törəmə hərfləri bir-birindən
ayrılır. Ərəb əlifbasının əsasında
yeddi hərf dayandığı, qalan hərflərin bu yeddi hərfə
bənzəyib onlar ətrafında
qruplaşdırıldığı bildirilir. Həmin hərflər
bunlardır: əlif, sad, dəl, nun, sin (başlanğıc
forması), vav (baş hissəsi), və diakritik əlamət
olan nöqtə. Qalan bütün hərflər bu yeddi cizgidən
yaranmışdır. Orta əsrlərin şair kalliqrafı
Mir İmad Qəzvini sultan Əli Məşhədin yazı məharətini
vəsf edərkən, onun nəstəliq yazısının
gözəlliyini bu şəkildə bildirir: “Onun “əlif”ləri
düz qamətli, insanın ürəyinə bir sakitlik gətirən
xurma ağacına bənzəyir. Onun “sad”ları sanki
füsünkar gözəllərin gözləridir. Onun “dəl”
və “ləm”ləri sevgilinin buruq-buruq saçları kimidir.
Onun aypara şəkilli “nun”ları cazibəli gözəllərin
qaşlarına bənzəyir. Onun yazdığı hər
bir nöqtə qara gözlü hurilərin göz bəbəyi
kimidir. Onun çəkdiyi hər bir cizgi sanki mürəkkəbdən
olan zülmət diyarında yerləşən dirilik suyudur”.
Dini mifoloji sistemlərdə
müqəddəs kitabla yanaşı qələm anlamı da
işlənir. Bir dəfə yazılan yazının yenidən
pozulub yazılması mümkün deyil, çünki hədisə
görə, “qələm yazısını qurtardıqdan
sonra qurumuşdur”. İbn Kəsirin təfsirində söylənilir
ki, Allah gündə 360 dəfə bu Lövhü-Məhfuza
baxır, öz istəyincə yaradır, öldürür,
kimini ucaldır, kimini zəlil edir.
Müsəlman
tarixi boyunca yazının müqəddəsliyi ideyası həmişə
güclü olduğundan, ən güclü dərrakə
sahibləri həyatda baş verən hadisələrin hərf
və yazının xüsusi xarakteri ilə izahına meyl
edib. Taleyin göylərdə
yazılması ideyasından çıxış edən
müsəlman alimləri ərəb əlifbasının
astroloji-kosmoloji və ruhi mistik mahiyyəti barədə
mülahizələr söyləmişlər. İbn əl-Nədim
“Fihrist”də yazır ki, ərəb əlifbasının 28 hərfi
ayın fazalarına uyğun gəlir. Ərəb sözləri
əlavə hərflərlə (zəvaid) birlikdə ən
çoxu 7 hərfdən ibarət olur ki, bu da yeddi səyyarəyə
uyğun gəlir. Əlavə hərflər özləri
12-dir ki, bu da 12 bürclə uzlaşan bir rəqəmdir.
Sözlərin əvvəlində müəyyənlik
artiklinin “ləm”-i ilə qovuşan (şəmsiyyə) hərflərinin
sayının 14 olması Ayın gizli fazalarına, artiklin “ləm”-i
ilə qovuşmayan 14 (qəməriyyə) hərf isə
Ayın görünən fazalarına uyğun gəlir.
İbn əl-Nədim daha sonra göstərir ki, yazının
maddi alətlə – qələmlə reallaşmasına
baxmayaraq bəzi alimlər onu ruhun həndəsəsi hesab
edirlər, çünki, dünyəvi hisslərin nəticəsində
meydana çıxsa da, yazının kökləri İlahi
Ruha bağlanır.
Talelərin əbədi və əzəli kitablarda yazılması ideyası “alın yazısı” anlamını qaçılmaz tale hökmünə çevirdi. Mövlanə deyir:
Yar yar ilə xoşməramlı
hal buldu,
Lövhədə yüz minlə
sirr aşkar oldu.
Yarın alnı bir lövhi-məhfuz
olar,
İki aləm sirrin edər aşikar.
(Farscadan tərcümə N.Göyüşovundur)
Anne Mari Şimmelə görə insanın alnındakı xətlər belə bir obrazın meydana çıxmasına səbəb olmuşdur. Bizim fikrimizcə, bu ənənə müsəlman mənbələrində hifz olunmuş bir hədisdən qaynaqlanır. Həmin hədisə görə, Lövhü-Məhfuz mələk İsrafilin alnında yerləşmişdir. Talelərin yazıldığı kitabın alında yerləşməsi alın yazısı ideyasının meydana çıxmasına səbəb ola bilər. Məhəmməd Füzuliyə görə, alındakı xətlər aşıqin məşuqənin tozlu-torpaqlı kandarında səcdəyə qapılmasından yaranmışdır:
Ğübari-səcdeyi-rahin xəti-lövhi-cəbinimdir
Sücudi dərgahin sərmayeyi-dünyavü dinimdir.
Zaman-zaman alın yazısına, talelərin və müqəddəs yazının insan simasında əksinə olan inam, eləcə də insan, tale və taleləri yazan Xaliq arasında əbədi bir birlik olması fikri inkişaf edərək İlahi Zatın öz ad və atributları ilə İnsan simasında manifestasiyası və İnsanın İlahi təcəllinin güzgüdəki əksi olması konsepsiyası şəklində fəlsəfə təlim olaraq möhkəmləndi. Hürufilikdə bu, İlahi adların əlifba hərflərində, əlifbanın da öz növbəsində insan simasında əks olunması konsepsiyası ilə ifadə olundu.
Bu deyilənlərə dəstək olaraq bir daha vurğulamaq istərdik ki, məhz üzdə oxunan taleyin müqəddəs kitablarda yazılmasına olan inam həmin yazının insan simasında axtarılmasına stimul vermişdir. Beləliklə Sufi şeirində gözəl simanın – hüsnü-camalın vəsfi xüsusi yer tutdu və bu vəsfdə üzün hər bir cizgisinin öz simvolik mənası oldu. Qeyd etmək istərdik ki, insan üzünün cizgiləri ilə hərflər arasında bənzətmələrə sufizmdən əvvəlki ədəbiyyatda da rast gəlinir. İlk dəfə hərflərlə bağlı bədii obrazları əməvilər dövrünün ərəb şairi zur-Rumma yaratmışdır. Sonra digər ərəb şairi Əbu Təmmam gözəlin saçını əlif-lam hərf birləşməsi ilə müqayisə etmişdir. Təsəvvüfdə gözəl simanın vəsfinin nə qədər böyük önəm kəsb etməsini bir daha xatırlatmağa ehtiyac yoxdur. Sufizmə görə, İnsanı ən gözəl bir surətdə xəlq edən, hətta onu özünəbənzər yaradan Allahın gözəl adlarının təcəllisi də ilk növbədə İnsan simasında əks olunmuşdur. Məhz bu səbəbdən də, gözəl üzün vəsfi irfani poeziyanın əsas motivlərindən sayılır. İrfani poeziyada üzün yazıya, müshəfə bənzədilməsi, hürufilikdə bu vəsflərdə hərif simvolikasına ayrıca önəm verilməsi, görünür, insan üzünün, xarici görünüşünün və üz cizgilərinin qədim inanc və etiqadlara görə onun taleyini əks etdirməsi ilə bağlı olmuşdur. Bu səbəbdən də, tale yazısı olan üz müqəddəs kitablara, ilahi yazılara bənzədilmişdir.
Ayrıca olaraq, Sufi poeziyasında Quran qissələri ilə bağlı obrazların da bolluğunu qeyd etmək istərdik.
Orta əsrlər Azəri-türk sufi poeziyasında Gözəlin vəsfi zamanı Quran obrazlarının işlənməsi ilə bağlı araşdırmalar nəticəsində belə bir qənaətə gəlmək olar ki, bu obrazların bolluğu bu və ya digər cizginin kəsb etdiyi irfani mənadan daha çox (bəlkə də həmin mənaların özlərinin zənginliyi də) ilk növbədə təsvir edələn üzvün təbii durumu, onun nə dərəcədə dinamik olması, funksiyaları, rəngi, sayı və s. ilə sıx bağlıdır. Məsələn ən rəngarəng simvolik mənaları və Quran obrazlarını özündə cəmləşdirən zülfün dinamikliyi, rəngi, haldan hala düşməsi, qıvrılıb açılması, gah yanağa düşməsi, gah da küləyin təsiri ilə qalxması klassık şeirimizdə dərin simvolik mənası olan zəngin obrazlara rəvac vermişdir. Burada saçların ətri, onların quş lələyinə, bəzən də əfsanə və əsatirlərin təsiri ilə ilana, əjdahaya bənzəməsi də obrazların zənginliyinə səbəb oldu. Oxşar mülahizələri gözlər, dodaqlar və sairə barədə yürütmək də olar. Digər üzvlərə nisbətən daha statik olub konkret funksiyaya malik olmayan qaşlara gəlincə, onların həm irfani mənası, həm də obrazlar aləmi nisbətən sabit olub ənənəvi istiqamətdə inkişaf etmiş, bu istiqamətdən yayınma hallarına çox nadir hallarda rast gəlinmişdir.
Ümumiyyətlə, gözəlin vəsfi ilə bağlı rəmzləşmiş obrazların təhlili zamanı bir çox hallarda onlarda üç düşüncə qatının mövcudluğu müşahidə olunur. Bunlar bir-biri ilə üzvü şəkildə bağlı olan mifik düşüncə, Quranla bağlı motivlər və sufi düşüncəsidir. Quranla bağlı obrazlar mifik təfəkkürlə irfani düşüncəni bir birinə bağlayır, miflə bağlı obrazlara dərin məna verir, sufizmin rəmzi mənalarına isə aydınlıq gətirir. Bu hal klassik şeirdə çox sürəkli müraciət olunan “qabe-qövseyn” rəmzində, saç-üz dixotomlarının xəzinə üzərində yatan ilan və əjdahaya bənzədilməsində, müxtəlif aləmləri birləşdirən ip, kəndir, merac (nərdivan) kimi anlamların ifadə tərzlərində və digər çoxsaylı rəmz və obrazlarda müşahidə olunur.
Sufi poeziyasında yazı vasitələri olan qələm və mürəkkəb də mistik önəm kəsb edir. Qələmin fəzilətləri barədə “Fihrist”də deyilir: “Qələm ağlın elçisi və səfiri, onun uzun dili, ən layiqli dilmancıdır. İnsanları ağlı onların qələmlərinin ucundan süzülür. “Qələmlər ağladıqca kitablar gülür”. Bu motiv sufizmdə xüsusi bir məna kəsb etmiş, qələm ağlar gözlü aşiqi, mürəkkəb isə göz yaşlarını bildirmişdir. Məlumdur ki, Quran yalnız tale qələmindən və və lövhələrdən deyil, həm də insanın günahlarından bəhs edir. Bu günahlar qiyamət günü onun əlinə veriləcək kitabı qaraldır. Bir kəsin günahları yazılan səhifəni ağartmağın yeganə yolu ağlamaqdır. Şərqdə yazı üçün istifadə olunan mürəkkəb çox zaman asanlıqla su ilə yuyulub təmizlənirdi. Su göz yaşı olduğundan asket və mistiklər günahlarını ağlamaqla yumuşlar. Təsadüfi deyil ki ağlar (ərəbcə “bəkkaun”) mistiklər sufizmdə xüsusi bir istiqamət təşkil etmişlər. Qələmin daim mürəkkəb süzüb “ağlaması” ilə yanaşı onun ucunun kəsik olması da irfani poeziyada xüsusi önəm kəsb etmişdir. Beləki, dilsizlik, susmaq, sirri faş etməmək də ariflərin əlaməti olub. Digər tərəfdən qələmin öz iradəsinin olmaması da çeşidli mənalar yaratmışdır. Qələm katibin əlindədir, o hara istəsə, qələmi ora da döndərir.Sufinin qəlbi də Allahın iradəsinə tabedir. Hədisdə deyilir: “Möminin qəlbi Rəhim Allahın iki barmağı arasındadır, O onu hara istəsə, ora da döndərir.” Beləliklə, daim ağlayan, Allah əmrinə tabe, dili kəsik qələm sufinin simvoluna çevrilmişdir. İrfani poeziyada daha çox saçların və qaşların qələmə oxşaması müşahidə olunur. Zahiri bənzərlik baxımından Orta əsrlərdə qələmlərin lələkdən olmasını və lələyin saçla assosiasiyasını zənn etmək mümkündür. Qaşa gəlincə, burada zahiri bənzərlik əsas yer tutulur.
Sonda bir məsələni də vurğulamaq istərdik ki, irfani poeziyada fikrin poetik ifadəsinin əsas cəhəti hansı formada olmasından asılı olmayaraq, onun bir neçə yozuma imkan yaratmasıdır. Əslində poeziyanın estetik dəyəri də onun bu çoxmənalılığından, hətta bəzən əksmənalılığından qaynaqlanır. Nəticədə oxucu eyni bir deyimi müxtəlif cür qavrayır. Xüsusilə həm mifik düşüncəni, həm Quran simvolizmini həm də təsəvvüf fəlsəfəsini birləşdirən nümunələr bu cəhətdən olduqca ciddi əhəmiyyətə malikdir.
Aida QASIMOVA,
professor
525-ci qəzet.- 2009.- 12 noyabr.- S.6-7.