İbrahim Göyçaylı:
şair kimi, insan kimi...
“Bir az Rəsul Rzadı,
bir az da Əli Kərim” – bu fikir Nizami Saraclının
İbrahim Göyçaylıya həsr etdiyi “Tikansız Adam”
poemasındandır. Bəli, şair dostları, həmyaşıdları
belə xatırlayırlar İbrahim
Göyçaylını. Onun əsərlərinə bələd
olanlar bilir ki, şeirləri yığcam, dili aydın, sadə
və mənalıdır. Amma mən bu haqda o qədər də
geniş danışmayacam, çünki zaman-zaman
böyük şairlər, yazıçılar, ədəbiyyatşünaslar,
tənqidçilər və jurnalistlər mənim
ağlıma belə gəlməyən xoş sözləri,
tərifləri şairin və şeirlərinin
ünvanına səsləndiriblər. İndi növbə mənə
çatıb. Mən də dədəm İbrahim
Göyçaylının 73 yaşı münasibətilə
bir neçə söz demək istəyirəm.
İBRAHİM GÖYÇAYLI ŞAİR İDİ
Göyçayda
doğulan, çinarlarından ilham alan, sevdikcə sevən,
sevildikcə sevilən, bu sevgini qələmə alan, sözə
çevirən və o sözü yadigar qoyan bir şair. Şairliyi
qədər də səmimi, təvazökar. Və bu təvazökarlığının
nəticəsi idi ki, şair yalnız “Əməkdar İncəsənət
Xadimi” fəxri adına layiq görülmüşdü, o da
ömrünün 69-cu ilində. Xalq yazıçısı,
Yazıçılar Birliyinin sədri Anar müəllim
İbrahim Göyçaylının “Fikrimin sabahı” adlı
kitabına önsözdə bunu belə qeyd edir: “O,
yaşıdlarına da, gənclərə də nümunə
olacaq bir şairdir, amma yaşıdlarının da, ədəbi
nəslinin də əldə etdiyi hər cür adlara da,
nailiyyətlərə də layiqdir. Sadəcə olaraq gözə
görünmədiyindən görüş bucağından
bir az kənarda qalıb”.
Yazıq bu günlərin
şairlərinə,
Yazıq kök
üstündə köklü qələmə.
Yalanlar içində
şerimiz heç nə,
Harayı düşsə
də bütün aləmə...
(“Yazıq bu günlərin
şairlərinə”)
Mən hələ orta məktəbi
bitirənə qədər dədəmin şeirlərini
oxusam da, başa düşmürdüm. Amma nə biləydim
ki, bir zamanlar hamının çox sevdiyi, təriflədiyi,
lakin mənim mahiyyətini anlamadan oxuduğum “Əzab verməsəm”
şeirini, vaxt gələcək göz yaşlarımla
alqışlayacam və əlimdən yalnız dədəmə
Allahdan rəhmət diləmək gələcək. Bir
şeyə heyfsilənirəm, bu şeirə görə
sağlığında onun əllərindən öpə
bilmədim.
İllərlə,
aylarla kim bilməyir, kim,
Qəm əkir, dərd əkir,
heyrət əkirəm.
Bir zaman sevmirdim, əzab çəkirdim,
İndisə sevgidən əzab çəkirəm.
(“Əzab verməsəm”)
İBRAHİM GÖYÇAYLI HƏYAT
YOLDAŞI İDİ
Xanımına sadiq, sözün əsl mənasında gerçək bir yol yoldaşı, həyat yoldaşı. Adilə xanıma – nənəmə çox bağlı idi o. Şairlərin bir az ərköyün və şıltaq olduqlarını nəzərə alsaq, nənəmin üzərindəki böyük məsuliyyəti və ağır yükü təsəvvür etmək çətin deyil. Bəlkə də İbrahim Göyçaylının bu cür ərköyün olmağı Adilə xanımın “nailiyyəti” idi. Ömür-gün yoldaşının sevgi-məhəbbəti, diqqəti, nəvazişi İbrahim Göyçaylını daima yazmağa, yaratmağa səsləyən ilhamverici bir qüvvə idi. Onun yoxluğu dədəm üçün böyük itki oldu. O sanki özünü bütün cəmiyyətdən təcrid etmişdi nənəm rəhmətə gedəndən sonra.
Sən yoxsan ömrümdə, günümdə indi,
Mən ki həsrətində min yol bişmişəm.
Çətindi mənimçün, hər şey çətindi,
Mən vaxtdan, məkandan uzaq düşmüşəm.
(“Uzaq düşmüşəm”)
İBRAHİM GÖYÇAYLI ATA
İDİ
Qayğıkeş, səmimi, ağıryana – ata kimi bir ata. İbrahim Göyçaylının iki qızı var – Rəna və Sevinc, və bir də oğul övladı Elçin. Qızlarına mülayim, kövrək ata, oğluna isə bir qardaş idi. Xoşbəxtlikdən övladlarının xeyir işini öz əllərilə etdi, gözü arxada qalmadı. Bir gün, həmişə olduğu kimi hamımız: xalamgil, dayımgil və biz ailəlikcə Naxçıvani küçəsində yerləşən “Yazıçılar binası”nın dördüncü mərtəbəsində, İbrahim Göyçaylının həmişə qonaq-qaralı süfrəsinin başına toplaşmışdıq. Birdən dədəm üzünü atama tutaraq : “Bu gün yaman sevinirəm” dedi, atam isə gülümsəyərək: “Bəs, siz sevinməlisiz də, İbrahim müəllim” deyərək dədəmin sözünə qarşılıq verdi. Həqiqətən də o, həmin gün çox sevinirdi. Onun məclis boyu dolub-boşalan gözlərinə baxmaqla da bunu hiss etmək olardı. Niyə də sevinməsin?! Ailəsi xoşbəxt idi və o xoşbəxt ailənin atası o idi.
İBRAHİM GÖYÇAYLI “DƏDƏ”
İDİ
Mən dil açandan bəri ona “dədə” deyirəm. Tək mən yox. İbrahim Göyçaylının 7 nəvəsi var. Nəvələrin hamısı ona “dədə” deyirdi. Bu, dədəmizin istəyi idi. Bunun qısa və qəhərli bir tarixçəsi var. İbrahim Göyçaylının, hələ iki yaşında olarkən vəfat edən oğlu Orxan ona “dədə” deyərmiş. Orxanın yoxluğu onu yaman sarsıdır. İlk nəvəsi Mehri dünyaya gəlir və İbrahim Göyçaylı nəvəsinin ona “dədə” deyərək müraciət etməsini istəyir. Ondan sonra İbrahim Göyçaylının 5 nəvəsi dünyaya gəldi və beşi də ona “dədə” deyərək xitab etdilər. Bu ilin sentyabr ayında İbrahim Göyçaylının oğlu Elçinin bir oğul balası dünyaya gəldi. İbrahim adını verdilər ona. Amma İbrahim Göyçaylı öz adını daşıyan nəvəsini, balaca İbrahimi görə bilmədi, balaca İbrahim də ona “dədə” deyə bilmədi. Allah o körpəyə dədəsi kimi şərəfli və xoşbəxt ömür sürməyi nəsib etsin.
Dünyaya, insana deyib sözünü,
Xeyirxah, yenilməz, ipək duyğulu
Bir ata dünyadan köçürdü o gün.
Son dəfə həsrətlə açıb gözünü,
Başının üstündə gördü oğlunu.
Qocanın qəlbinə təsəlli gəldi,
Nə yaxşı həyatda kök var, əvəz var.
Dünyada əvəzsiz, canlı heykəldi
Yaxşı atalara yaxşı oğullar.
(“Canlı heykəl”)
İBRAHİM GÖYÇAYLI
İNSAN İDİ
Yarıkövrək, yarıciddi, səmimi, həm sadə, həm də ali bir insan. Sözü kəsərli, təsirli – dövrünün ürək şairi idi. Şirin söhbətli, şən zarafatlı İbrahim Göyçaylı həm də eşq-məhəbbət şairi idi. Allahın ona bəxş etdiyi yaraşıq da xanımların dədəmin yanından əskik olmamağına bir əsas ola bilər:
Sən getsən, yolunda donar heyrətim,
Bulud yaylığını asar üfüqdən.
Dayan, ürək sözüm,
Ürək taqətim,
Dayan, gözlərində gecələyim mən.
(“Ürək sözüm”)
Bu gün – noyabrın 12-si İbrahim Göyçaylının 73 yaşı tamam olur. Bir zamanlar bir çox şairlər, yazıçılar, tanınmış və tanınmamış insanlar ilin bu günündə dədəmin ad gününə yığışardılar. Sağlıqlar, şeirlər, xoş sözlər havada uçuşardı. İndi İbrahim Göyçaylı ruhən bizimlə olsa da, qəlbimizdə yaşasa da, cismən həyatda yoxdu. Böyüyüb boya-başa çatdığı, adi bir gərdişindən kədərləndiyi, sevdikcə sevdiyi, hirslənib dalaşdığı, küsüb sonra barışdığı bu dünyada yeri görünür İbrahim Göyçaylının...
Məmməd AĞAYEV,
BDU-nun Jurnalistika
f
akültəsinin II kurs tələbəsi
525-ci qəzet.- 2009.- 12 noyabr.- S.7.