Məmməd İsmayıl – bizim gənclik dövrümüzün əfsanələşmiş
şairi
“Bəzən bütün bir gecəni, uzun bir həftəni tək bir sözü...
Bəzən də bir
bağlayıcını götür-qoy
edirəm” – Alber Kamyu belə deyirdi.
Bu sözlər
əsl sənətkarların
yaradıcılıq əzabı
haqqındadır. Və
bu sözlər Məmməd İsmayıla
da aiddir. Hətta mənə elə gəlir, ona desəydlər ki, ömrü boyu bircə hərfin dalınca gedəsi olacaqsan, o, buna
da razı olardı. Necə ki 70 ildə Sözdən söz qoparmaq üçün yola çıxdı, Tovuzun Əsrik-Cırdaxan kəndindən
Türkiyənin Çanaqqala
şəhərinə qədər.
Yazdığı bütün
kitabları bir hərfin içində kodlaşdıra bildi.
Sözü dünyaya
sığmadı. Özü
bir hərfin içinə sığa bildi. O, Sözə Allaha sığınırmış
kimi sığındı...
XVII əsrdə
“Ey ölüm, hardasan, həyat qırdı bizi” deyən Saib
Təbrizinin səsinə XXI əsrdə M.İsmayıl belə
səs verdi: “Ölüm Bizə çarə gəldi
sultanım!”
... Qədimdə Kitey adlı
bir rus şəhəri
olub. Batı xanın zülmündən
yer altına çəkilib. İndi yerində
göl var. Bəzi adamlar yer altına
çəkilmiş bu
şəhərin kilsələrindən
gələn zəng səslərini eşitdiklərini
söyləyirlər. Əsl şairin də taleyi çox zaman o şəhərin taleyinə bənzəmirmi?
Qürbətə, gedir, yer altına çəkilir, göyə uçub qeyb olur. Adamların qulağına şeir səsi gəlir. Hərdən yerdən, hərdən göydən,
hərdən Əsrik-Cırdaxandan,
hərdən Çanaqqaladan...
...Barış
Manço çox arzulayırdı ki, öz
sağlığında şəklini Türkiyə qəzetləri
birinci səhifədə versinlər. Vermədilər.
Ölüncə! Ölən kimi arzusunu yerinə yetirdilər.
Sağ olsunlar!
Təkcə
Türkiyədə deyilmiş bu cür faciələr. Azərbaycanda
da beləymiş.
...Məmməd
İsmayıl olmaqmış faciə, Məmməd
İsmayıl olmaqmış günah!?
Nazim Hikmət
düz deyirmiş: “Mənim yeganə suçum adımın
Nazim Hikmət olmasıdır”.
2004-cü
ildə M.İsmayıla bir şeir yazmışdım. Son bəndi
beləydi:
Şairi
vaxtında anlayın, duyun,
Bu iş
Tanrının da xoşuna gələr.
Şairin
başına açılan oyun,
Axırda vətənin
başına gələr!
Bu acı həqiqətdən
də çox qəribə öncəgörməyə – xəbərdarlığa
oxşamırmı?!
M.İsmayılı
ilk dəfə necə görmüşəmsə, bu gün də
həmincə görkəmdədi – qüruru, vüqarı,
şax duruşu, şax yerişiylə! Özünü illər
qocaldıb. Sözünü qocaltmağı bacarmayıb.
Sözü həmişə gəncdir. İlk dəfə
gördüyüm Məmmədin özüdür. Son dəfə
gördüyüm Məmməddir.
İlk dəfə
Məmməd İsmayılı “Yazıçı” nəşriyyatında
görmüşəm. “Çinar pöhrələri”
almanaxı üçün 49 şeirimin içindən 9-nu
seçib götürdü. Sonra da onlardan 3-nü götürüb:
“Maşınkada vurdur,
gətir”,- dedi.
Lakin o 3 şeir
də almanaxda gedəsi olmadı. Almanax çıxanda yanına
getmişdim.
– Olmaya dava
döyməyə gəlmisən?
Şeirlərin mənə aid olmayan
bir səbəb üzündən getmədi.
Mən “Canın sağ olsun!” deyəndə zəndlə
üzümə baxdı:
– Görürəm, yaxşı oğlana oxşayırsan. Gəl, səninlə dost olaq!
Mən əlimi
uzatdım. Və doğrudan da
o vaxtdan etibarən bizim dostluğumuz
başladı.
1986-cı ilin
mayında Məmməd
İsmayıl Məmməd
Aslanla qəfildən bizə qonaq gəldi. Bağda gəzəndə mən bildim ki, onun
axtardığı nədir.
Şairin “Düş çöllərə,
dördqanadlı, yonca
tap, əgər tapsan,
sevdiyin qız sənindir” misralarını
xatırladım.
Birdən şairin
yerə əyilməyilə
qalxmağı bir oldu.
– Mən tapdım!
Və əlindəki
dördqanadlı yoncanı
uşaq sevincilə döş cibinə qoydu.
... Şairimizi sevindirdiyi üçün,
ümidsiz qoymadığı
üçün sonralar
həmin yerdə neçə dəfə bağ-bağçamıza “sağ
ol!” demişəm, vallah!
M.İsmayılın məşhur bir şeiri var: “Bir ildir”.
Bu şeir bizim
qazaxlı şair Ələddin İncəliyə
müraciətlə yazılıb.
Şeirin yazılma tarixi haqqında Ə.İncəli belə
deyir:
– Məmmədin
Qazaxda çıxan qəzetdə işləyən
vaxtlarıydı. Bilirdik ki, bir gözaltısı var. Özgəsinə
qoşulub qaçdı.
Bir gün Kür üstünə yeyib-içməyə
getmişdik. Məclisdəkilərdən soruşdum ki,
bu gün nə günüdür?
Biri dedi 1-ci gündür, biri dedi, 1 maydı, biri dedi bazar
ertəsidir. Başımı
buladım, dedim, yox, tapmadınız. Bu gün Məmməd İsmayılın sevdiyi qızın bir il bundan
əvvəl götürülüb
qaçırıldığı gündür.
Məmməd İsmayıl
tutuldu.
Bildim ki, ona mövzu
verdim, bildim ki, şeir yazacaq.
Və yazdı da.
Ay şair Ələddin, şair dostunun,
Açılmır qabağı-qaşı
bir ildir,
Olub məhəbbətdən
illər xəstəsi,
Ayrılmır sevdadan başı bir ildir!..
...Ay Məmməd, haxlayar səni subaylıq,
İslanar, quruyar verdiyi yaylıq.
Onun körpəsinin yaş üç aylıq,
Mənim həsrətimin yaşı bir ildir!
1988-ci il
idi. M.İsmayıl “İşıq” nəşriyyatının direktoruydu.
O vaxt respublika komsomolunun ədəbi orqanı kimi “Gənclik” jurnalı buraxmaq istəyirdilər. M.İsmayıl nəşriyyatı
buraxıb həmin jurnala baş redaktor olmağa razılıq verdi.
Yaxşı yadımdadı,
hələ jurnala yer ayırmamışdılar. Komsomolun Mərkəzi Komitəsinə
aid otaqlardan birində
müvəqqəti oturmağa
məcbur olmuşdu.
Belə bir vaxtda mən
ondan SSRİ Yazıçılar
İttifaqına üzv
olmaq üçün
zəmanət istədim.
Həmin zəmanəti
o qarmaqarışıq otaqda
az qala
dizinin üstə yazdı.
M.İsmayıl 1983-cü ildən
gənc yazıçıların
Respublika Ədəbi Birliyinin sədri olub. Mən də üzvü olduğum bu birlikdə onun gənclərə necə
güzəştsiz yanaşmasının
dəfələrlə şahidi
olmuşam. Təkcə
bunu demək kifayətdi ki, hər adam
M.İsmayıl ədəbi
məktəbinin üzvü
ola bilməzdi! Mən şəxsən həmişə
onun özünün yox, Sözünün gözündən düşəcəyimdən
qorxmuşam. Ona görə də ərkyana belə yazmışam:
“Sənət
yollarında hələ
ki, məni Məmməd İsmayıl
tək döyən olmayıb!”
Bir dəfə mənə belə dedi:
– Bilsəm ki, qabında bir şey yoxdu,
deyərəm ki, gəl sadəcə dost olaq! Qayıt yazdıqlarını bir də oxu.
Özün-özündən gəl.
Məmməd İsmayıl
ovaxtkı gəncliyin
gözündə əfsanələşmiş
şairdi.
O, təpədən-dırnağa
milli şairdir, böyük şəxsiyyətdir. Dönməzdir,
əyilməzdir, sınmazdır! O, bu gücü hardan
alır? Əlbəttə ki, Allahına olan eşqindən,
imanından! Vətəninə, xalqına, torpağına olan
övlad məhəbbətindən! Saza, Sözə
ehtiramından! Mərd təbiətindən, comərdliyindən!
Nur yağır bu kişinin yolundan, izindən,
baxışından, gözündən, kəlməsindən,
Sözündən! Məmməd İsmayıl xoşbəxt sənətkardır.
Çünki həmişə göründüyü kimidir,
olduğu kimidir!
Mən
SSRİ Yazıçılar İttifaqının da
üzvü oldum, Azərbaycan Yazıçılar Birliyinin də
üzvüyəm. 18 ildir ki, Azərbaycan Yazıçılar
Birliyinin bölmələrindən birinin rəhbəriyəm.
Ancaq mənim üçün önəmli olan budur ki, mən
nə yaxşı bütün bunlardan qabaq Məmməd
İsmayıl ədəbi məktəbinin üzvü
olmuşam!
Barat
VÜSAL
525-ci qəzet.- 2009.-
13 noyabr.- S.6.