Eşqin qanadları
Fridrix Nitşe “Uçurumları
sevənin qanadları
olmalıdır” deyib.
Məncə dünyada şairlər də qartallar kimi uçurumları sevirlər
və duyğu adamı, eşq adamı olduqları üçün hər zaman könülləri ilə uçurumların kənarında uçurlar.
Təbii ki, şairlər bu təhlükəli işə
girişərkən şeirləri
ilə eşqin atəşini, yanğısını,
həsrəti, hicranı
ortaya qoymağa çalışırlar.
Eşqin ustadlarından olan Muhiyyəddin Ərəbi eşqin insanı mənən yox etməsi haqqında çox maraqlı bir hekayə danışır. Bir gün bir aşiq şeyxin
evinə gedir. Şeyx aşiqə eşqdən danışmağa
başlayır. Şeyx
danışdıqca aşiq
əriməyə, incəlməyə,
su kimi axmağa
başlayır. O qədər
əriyir ki, sonunda bir damla
su olur. Bu zaman aşiqin
bir dostu içəri girir və onun harda
olduğunu soruşur.
Şeyx bir damla suyu göstərir.
Bəli, aşiq eşq qarşısında
bir damla su oldu, deyir.
İnsanlar qələmi əllərinə
alandan bəri hər mövzuda söz söyləyiblər,
nəzəriyyələr irəli
sürüblər, yeni
mövzulardan bəhs ediblər. O mövzular haqqında
deyilənlərin çoxu
unudulub, köhnəlib.
Sadəcə eşq mövzusu köhnəlməyib,
unudulmayıb. Hər aşiq öz dili ilə, öz səsi ilə, öz üslubu ilə içindəki eşqi fərqli bir şəkildə dayanmadan,
yorulmadan anladıb, anladıb.
Azərbaycanlı şair Nazim
Əhmədlinin “Sevgi
allahı” şeir kitabının vərəqlədikcə
yuxarıda yazdıqlarımı
düşündüm. O, kitabının hər səhifəsində
eşqdən yazıb.
İnsandan, vətəndən,
millətdən, təbiətdən,
keçmişdən, atasından,
anasından yazanda belə şeirinə eşq duyğularını
qarışdırıb... Bəlkə
ürəyində alov-alov
yanan eşq hər bir misraya
toxunanda o misranı eşqə bürüyüb, şeir
yaranıb.
Mən aşiq yıxılım sənə,
Yaxın gəl, sıxılım sənə.
Qibləm ol, yığılım sənə,
Gözlərin göyüzüm olsun!
Şeyx Ərəbinin hekayəsində söylədiyi kimi bu şeirdəki arzu da aşiqin məşuqun könlündə yox olması, deyilmi?
Nazim Əhmədli alovlu, coşğun duyğular şairidir. Coşğun duyğular şeirə canlılıq gətirir. Oxucunu yormur, oxucu şeiri oxuyanda özünü misraların əsirinə çevrilir və eyni duyğuları öz könlündə hiss etməyə başlayır. Əgər bir şair bunu bacarıbsa, deməli istəyinə çatıb. Nazim Əhmədlinin özünəxas bir üslubu, şeir söyləmək tərzi var. Onun şeirlərində həm klassik aşıq şeirimizdən izlər, həm də modern deyim tərzi var.
Beləsə, cilik-ciliyəm
Sənin dərdindən
ləliyəm
Qoy gedim deyim dəliyəm
Deyim, hamının içində.
Onun şeirlərində bir fikri insanlara öyrətmə arzusu, sözlər bir şüar tərzində
anlatmaq düşüncəsi
yoxdur. O vətəni belə
bir qəhrəmanlıq,
bir keçmiş qüruru, bir düşmən qorxusu kimi anlatmır. Vətən onun üçün nə əsgər, nə düşmən, nə də atalardan qalma mirasdır. Vətən onun üçün ürəkdə
bir yer, duyğudan bir parça bulud, yağış, təbiət,
torpaqdır...
O dağlar qaldı yiyəsiz,
Zirvələr laldı, yiyəsiz,
Saraldı, soldu yiyəsiz,
Bağım-bostanım ay lələ.
Göy üzünə
naxış gəlsin
Bulud qarış-qarış gəlsin
Bir dəlicə
yağış gəlsin
Gəlsin, islanım, ay lələ.
“Sevgi allahı” kitabına tənqidçi Qurban Bayramov çox gözəl bir ön söz yazıb. O ön sözdə belə bir cümlə var: “Nazim Əhmədlinin şeirlərinin yanından elə–belə ötüb keçmək olmur”.
Həqiqətən də şairin hər şeirində özgə bir cazibədarlıq, özgə bir dad var. İlk oxunuşda aşiq tərzli şeirlər kimi görünsə də duyğularındakı yenilik və axıcı sözlərlə yaradılan rüzgar insanı bir anda təsiri altına alır və şeiri sindirə-sindirə oxumağa vadar edir.
Bizim ədəbiyyatda
qürbət mövzusu
çox güclüdür.
Amma bizim şairlər qürbəti
sadəcə həsrətin
səbəbkarı və
yabançı el kimi təsvir etmirlər. Bizdə qürbət bir az da eşqin
şiddətləndiyi dözülməz
hala gəldiyi bir yerdir.
Qarşı dağlar şırım-şırım,
Nə vədəsidi
yaşımın,
Canımı kimə tapşırım,
Eşq məni öldürən yerdə.
Eşqi anlasan, qavrasan həyatın bir fəlsəfəsi kimi görsən o səni hər yerdə təqib edər, qürbətin soyuqluğunda
belə ürəyinin
hərarətlə yanan
bir sobaya döndərər. Nazim Əhmədli bir eşq adamı,
bir eşq ozanıdır. Onun ataya, anaya, bacısına,
kəndinə yazdığı
hər şeirdə eşqin qoxusunu duymamaq, eşqin ayaq səslərini eşitməmək mümkün
deyil. Amma ondakı eşq kinə, nifrətə çevrilə bilməz.
O misraları ilə eşqi ən icə, ən zərif yerindən yaxalayır və şeirin də eşqin o zərif
iniltisi ilə söyləyir.
Göyüzü başımdan
uca,
Buludlar yağır
başıma,
Bu sevda hardan gül oldu,
Mənim bu fağır başıma.
İnsanın eşq qarşısındakı acizliyi, incəliyi Nazim Əhmədlinin dili ilə desək, “fağırlığı” bundan daha gözəl necə söylənilə bilər ki?
Nazim Əhmədli dağlıq, yaşıllıq bir kənddə dünyaya göz açıb. Dağların ucalığını, təmizliyini, yaşıl ağacların sərinliyini, rənglərini şeirləriylə Bakıya gətirib. Şeirlərinin hər misrasında kəndinin saflığını, təmizliyini görmək mümkündür. Onun şəhərin amansızlığı, ədalətsizliyi və soyuqluğu qarşısındakı yeganə silahı eşqlə yoğrulmuş duyğularıdır.
Od tuturam, köz tuturam,
Söz qovuram, söz tuturam,
Ürəyimi düz tuturam,
Yenə üzümə söz gəlir!
Qoy üzünə söz gəlsin, ürəyi qanadlı şair! Sən yenə də düz ürəkli ol, sən yenə də şəhərin yadlığında, soyuqluğunda ürəyindəki ocağı yandırmağı və misralarını eşqlə yoğurmağı, göylərə qaldırmağı unutma!
Orxan
525-ci qəzet.- 2009.- 13 noyabr.- S.7.