Planetin nəbzi döyünən sərgi
Sentyabrın 21 –də Parisdə “Mədəniyyətlərin dialoqu” II beynəlxalq foto biennalın açılışı oldu. Noyabrın axırlarınadək davam edəcək bu biennalda geniş tədbirlər proqramının həyata keçirilməsi nəzərdə tutulub. Luvr muzeyinin klassik portret əsərləri ilə yanaşı fotoqrafiya sənətinin portret janrında yaradılmış nümunələrindən ibarət sərgi, İran fotoqrafiyasının 165 illiyinə həsr olunmuş ayrıca sərginin Branli muzeyində nümayiş etdirilməsi və Sena çayının sahil zolağında açıq havada təşkil edilmiş 32 ölkənin 65 fotoqrafının əsərlərinin sərgisi biennalın əsas ekspozisiyaları idi. Açılışda iştirak edən Paris meriyasının nümayəndəsi Kristofer Cerar sərgi təşkilatçıları Branli muzeyinin prezidenti Stefan Martin, “Vebstan” foto sindikatının sahibi Reza Diqqəti, Karat Kultur Fransa Media Agentliyinin baş direktoru Mondher Abdennadher və sənətşünasların əhatəsində saatlarla stendlərin arasında dolanaraq hər ölkənin foto nailiyyətləri ilə dərindən tanış olurdu. Böyük ölçülərdə çap olunmuş fotolar labirintində gecədən çox keçmiş tamaşaçılar dolaşır, yerdəcə oturub yorğunluqlarını alır, gördüklərini bir–biriylə müzakirə edirdilər. Sərginin gəzinti yolunun üstündə, açıq havada təşkil edilməsi bir sərbəstlik, demokratik ovqat təlqin edirdi. Foto sənətinin ani anda mürəkkəb mətləbləri əks etdirmək imkanlarından faydalanan fotoqrafların əsərlərində sanki planetin nəbzi döyünürdü. Təsadüfi deyildi ki, biennalın devizi də “Mədəniyyətlərin dialoqu” idi. Uildlərlə kitabın söyləyəməyəcəyini bu sərgidə görüb duymaq, planetin sosial, siyasi, təbii mənzərəsini əxz etmək olardı. Müharibə, sülh mövzusu isə ekspozisiyanın ana xəttini təşkil edirdi. Foto incəsənəti sənədli sənət olduğundan bu, heç də təsadüfü deyildi. Axı bu minillikdə az qala planetin yarısından çoxu müharibə, mücadilə alovunda qovrulur. Milyonlarla qaçqın, köçkün mövcudluğun son həddində yaşayır. Bəşərin ən köməksiz təbəqəsi – uşaqlar, qadınlar və ahılların güzəranı ürək dağlayır. İnsanlığın ən ümdə haqlarından – təhsil, tərbiyə, müalicə, doyunca qidalanmaq, öz ev–eşiyində böyümək imkanlarından belə məhrum edilmiş körpələrin baxışları foto sərginin stendlərindən cəmiyyətə ittiham kimi səslənirdi. İstər Latın Amerikası ölkələrinin, istər Afrika qitəsi, Avropa –Asiya məkanı fotoqraflarının yaradıcılığı olsun, uşaq obrazları ölkədə nə baş verdiyini lakonik şəkildə nümayiş etdirirdi. Çinli Vu Qi, İranlı Mehdi Monem, Hindistandan Atul Loke, Perudan Mörfi Himenes və digərlərin obyektivlərindən çıxan foto səhifələrdə böyüklərin yaratdığı problemlərin acısını ilk növbədə çəkən uşaqlar böyük ustalıqla təsvir edilmişdi. Lakin əbəs deyilməyib ki, uşaq nikbinliyi hər şeyə qalib gəlir. Hansı vəziyyətdə yaşamalarından asılı olmayaraq qəlblərinin təmizliyi, həyata baxışlarının saflığı hər cür mərhumiyyətlərə qalib gəlməyə qadirdi. Bu mənada M.Himenesin “Kulpa uşaqları” major əhval–ruhiyyəsi ilə gələcəyə, həyata himn kimi səslənir. Şəkilləri çəkilən uşaqların – təbiət övladlarının safsağlam görünüşləri, onların patetik ciddiyyətindən doğan yumor hissi, kompozisiyaya təntənəli pafos aşılayır. Həyatın hər cür təzahürünü bayram kimi qəbul etməyin bariz nümunəsini ifadə edir.
İstedadlı sənətkarın obyektivindən çıxan adi çəpər belə dərin fəlsəfi ümumiləşmələrə gətirib çıxara bilər. İsrail fotoqrafı Tamir Şer sərgiyə təqdim etdiyi əsərlərində müxtəlif materiallardan qurulmuş divarları təsvir etməklə sanki deyir: Tarix boyu insanlar divarlarla bir–birindən təcrid olunmağa çalışmışlar. Lakin divarlar nə qədər qalın, qəlbi olsalar belə, hansı materialdan hazırlansalar da keçilməz deyillər. Xüsusilə insani münasibətlərin, mədəni və xeyirxah niyyətlərin qarşısında heç bir divar tab gətirə bilməz. Möhtəşəm Çin səddi də xalqların bir–biriylə təmasına, qaynayıb–qarışmasına sipər çəkə bilməyib. Onun müqabilində İpək yoluyladasa insanlar yaratdıqları yaxşı nə varsa ətraf ölkələrə yayıb, bir–birinin yaradıcılığından faydalanıblar.
Bəşəri sualların Çin çözümü Cənubi Azərbaycandan olan, artıq 30 ilə qədər Parisdə yaşayan Reza Diqqətinin yaradıcılığında da geniş yer alıb. 2009-cu ildə Çinə səyahətindən sonra orda çəkdiyi fotolardan bütöv bir albom nəşr etdirib. Dünyanın az qala bütün konfliktli ərazilərində olmuş Reza Diqqəti milyondan çox foto çəkib, 23 foto albom nəşr etdirib. Təsadüfi deyil ki, son zamanlarda çapdan çıxmış fundamental foto albomunu da “Müharibə və sülh” adlandırıb. Avropa və Amerikanın ən mötəbər jurnalları ilə əməkdaşlıq edən Reza Əfqanıstanda, Azərbaycanda təhsil lahiyələri həyata keçirib, qaçqınlar üçün məktəb də inşa etdirib. Onun foto sənətinə yiyələndirdiyi tələbələri dünyanın bütün qitələrində yaşayıb işləyir. Parisdə fəaliyyət göstərən “Vebstan” foto sindikatı sözün həqiqi mənasında mədəniyyətlər, sivilizasiyalar arasında dialoqa, anlaşmaya xidmət edən bir sənət ocağıdır.
Paris sərgisində əsərləri nümayiş etdirilən daha bir azərbaycanlı fotoqraf Sənan Ələsgərov idi. Bir çox beynəlxalq müsabiqələrdə qalib gəlmiş, qızıl medallara layiq görülmüş S.Ələsgərovun fəlsəfi ümumiləşmələrlə zəngin, gözlənilməz kompozisiya həlli ilə diqqəti cəlb edən əsərləri həqiqətən sərginin seçmə eksponantlarından idi. “Sitarənin zühuru” və digər foto səhifələri öz ekzistensal ruhu, yüksək estetik qayələri ilə parislilərin ürəyini fəth etmişdi.
Parisdəki II Beynəlxalq foto biennalının ən maraqlı cəhətlərindən biri də ilk dəfə İran fotoqraflarının əsərlərindən ibarət böyük bir sərginin ayrıca təşkil olunması idi. İranda foto sənətinin ilk nümunələri 165 il öncə meydana gəlmişdi. Bu tarixi ekskursdan başlayaraq, bu günkü günlərədək uzun bir dövrün foto seçmələrindən düzənlənmiş ekspozisiya böyük təəsurat bağışlayırdı. İran deyilən qapalı mühitdə necə böyük enercinin çağladığını, yaradıcılıq imkanlarının vüsətini göstərirdi. Sərgidəki fotoların müəllifləri arasında çoxlu qadın fotoqrafların olması da tamaşaçılar üçün gözlənilməz töhfə idi. Və bu qadın müəlliflərin orijinal dünyabaxışlarına, sənətkarlıq səviyyələrinin təkrarsızlığına heyran qalmamaq olmurdu.
İran fotoqraflarının Misir, Əlcəzair, Livan, Suriya, Çin və digər ölkələrdən əsərlərini təqdim edən qadın həmkarlarının da yaradıcılığı biennalda çox maraqla qarşılandı. Onların geniş fantaziya ilə şəkillərdə sənədləşdirdiyi həyat materialları Şərq qadını haqqında yaranmış stereotipləri tamamilə iflasa uğradırdı.
Beləliklə, Parisdə hələ də davam edən II Beynəlxalq foto biennalı mədəniyyətlərin, sivilizasiyaların dialoqunda samballı səhifələr açmaqdadır.
Sara Oğuz NƏZİROVA
525-ci qəzet.- 2009.- 13 noyabr.- S.2.