Suri-qiyamətdən
öncə Üfləmişəm neyi mən...
SURİ - QİYAMƏTDƏN
ÖNCƏ...
Nə müxalif yanlısı,
Nə amir ləbbeyi mən.
Birgünlükdən tanıram -
Həssası mən, keyi mən.
Boğ hirsini, hədəni,
Çökməz bilmə bədəni...
Ürəyim dağ mədəni:
Gövhəri mən, zəyi mən.
Haqsızlıq sərt yalquzaq;
Bir kor düyün hər duzaq.
Yapışıb budaq-budaq
Yırğalaram göyü mən!
Əcəl atın yəhərlər,
Hər kim olsun, nə hərlər?!
Taxtdan düşüb dəyərlər:
Seçim nədən nəyi mən?!
Son ildırım çaxınca -
Can cəsəddən çıxınca:
İsrafildən çox öncə
Üfləmişəm neyi mən!
Məmməd, kəsib dərd yanın;
Qəm-qüssədir dörd yanın...
Möhnət adlı dünyanın
Nökəri mən, bəyi mən!...
5 avqust, 2009.
Zaqatala (Car kəndi).
ÖZ ƏLİM - ÖZ YAXAM
(Yunus Əmrə havasında)
"Özünə qapanma" - mənə deyirlər;
Bəs kimə sığınım özümdən özgə?!
Yetmiş il yol gəldim öz arxamca mən;
Bir yana sapmadım izimdən özgə.
Məni məndə tapar yaxınım, yadım;
Özümü yandırar kösövüm - odum...
Heç kəsi boş yerə bais saymadım,
Kimsəni döymədim dizimdən özgə...
Bunca dərd tapsanız, düzə səpərsiz,
Hörgüsüz, qapısız... önü çəpərsiz...
Mənim məhşərimdən dünya xəbərsiz;
Sinəmdə küllənməz közümdən özgə...
Gözyaşım çeşməydi, soğuldu getdi;
Sevgilər, sevdalar nağıldı, getdi...
Yaxın bildiklərim dağıldı getdi -
Bağrımda qıvrıxan sözümdən özgə.
Demədiyim sözlər mənə yağımı?!
Şair olan kimsə qəm dustağımı?!
Dəryalar söndürməz susuzluğumu -
Dirilik qətrəli kuzəmdən özgə!
Məmməd, bu dövranmı, ya dağdağamı?!
Nağılına göydən ömür yağamı?!
Xəyalım sozalmış nərgiz vağamı:
Ayrı nə oxunar üzümdən özgə?!.
12 dekabr, 2009. Sumqayıt.
MƏNİM DƏ QULUM VAR...
Zarafat eləmirəm!..
Mənim də qulum var: mən də ağayam! -
Xaliqin verdiyi bu bədən - qulum!
Allahın kölgəsi gəzər üstündə;
Kəsilməz, inşallah, qüvvədən qulum!
Əzəl təslim olmuş ilahi eşqə,
Qulum meyl eləməz bir özgə məşqə!
Başı üstündəki rəbbindən başqa
Çəkinməz dünyada heç nədən qulum.
Qulum bir bütündür şanlı Türküylə!
Sarsılmaz hədəylə, çökməz ürküylə!
Meydanı tərk etməz qulum hər küylə:
Pəhsinməz qovğadan, zərbədən qulum!
Qulum ilim-ilim haramdan qaçar,
Nəfsə "tət!" deməyi qulumtək bacar!
Qulumun ahından zirvələr uçar,
Alçalmaz qonduğu qübbədən qulum!
Dərədə gur seldi, dağda bir daşdı;
Qayada gül yonan qoca nəqqaşdı!
Ərş ilə - kürş ilə bağrı badaşdı:
Səslənər səmavi türbədən qulum.
Quluma xor baxma, Haqdan eyibdi!
Qulum Haqq önündə boyun əyibdi;
Qulum yasaqlara tövbə deyibdi;
Ölsə, əl götürməz tövbədən qulum!
Uğrumda dağ çapar, qoymaz minnəti:
Bir dəfə üzümə bozarmaz qəti;
Qoruyar böhtandan, şərdən Məmmədi,
Cəhlə, cəhalətə hərb edən qulum!
4 sentyabr, 2009. Sumqayıt.
GİLEY-GÜZAR
Möhtərəm redaktor! Bu yaxınlarda bir səhifəlik yazımı elə sıxıb-sıxışdırıb bir küncə atmışdınız ki: gözlüklə də axtarıb tapmaqda çətinlik çəkdim.
Kəsdirə bilmədim: yer qıtlığındanmı məni bu hala salmısınız, yoxsa məhəbbət qıtlığından?!.
Qəlbinizi geniş tutub, giley-güzar şeirimə də yer verin, nə olar?!
Rəşad Məcid, mənim gileyim haqdı:
Nə tutul sözümdən; məndən inci nə.
Məni sıxışdıran onsuz da çoxdu;
Nə sözüm: sözümü vermənə olsun?!
Vermə yazdığımı, vermə, nə olsun...
Nə hirsin-hikkən var: ver mənə, olsun!
İstəməzdim könlün məndən incinə!
Yaşamağa çəm tapmışam sözümdə:
Özüm sözümdəyəm, sözüm özümdə!..
Sözdən özgə bir nəsnə yox gözümdə;
Gövhər nəymiş, dürdanə nə, inci nə?!
10 oktyabr, 2009. Sumqayıt.
ÖMÜR PARAM-PARÇA, GÜN YARI-YARI...
Ramiz Məmmədliyə.
Yarı gülxətmisən, yarı qantəpər;
Hər çiçək tacında müşk ilə ənbər;
Dərdinlə yoğrulub şeirin sərasər:
Sözündən bilərlər nə halətdəsən.
Çəmləyə bilirsən hər biçim sözü,
Sahmanlı ilhamın sanballı dərzi,
Qorquda uzanır sözünün izi:
Ruhən həm aşkarsan, həm xəlvətdəsən.
Şeir olmayacaq mövzu yoxuymuş,
Tutarlı söz demək sirli yuxuymuş.
Qələm ki var: elə çərxin oxuymuş,
Kamil oxatansan fərasətdə sən.
İldırım şığıdı, göyün çat oldu,
Sənin sevincinlə qəmin çataldı.
Qovğalı dünyanda cəngü-cidaldı:
Kişitək dözürsən bu şiddətə sən.
Sən yarı qoşmasan, yarı gəraylı,
Neyzən misraların haylı-haraylı,
Hər beytin bir ev ki: bürcü-saraylı! -
Bir özgə aləmsən şeiriyyətdə sən!
9 oktyabr, 2009. Sumqayıt.
QIZILGÜL HƏŞƏM OLDU
Bunlar çoxdanın, lap çoxdanın şeirləridir, ilk gəncliyimin. Vaxtında dərc olunmadı indi də gecdir, şübhəsiz. Amma dəftər vərəqlərində solub getmələrinə də ürəyim razı olmadı.
Gur bulaqlar nər dağlarda nər gözlər;
Qaya gördüm: qoltuğunda nər gizlər!
Həsrətini çox çəkmişəm, nərgizlər,
Xumar gözlüm, nə yatmısan, qalx indi!
SON NƏFƏS XOFU
Nəymiş bu həsrətin: bir bilə bilsəm...
Fikrin dara çəkir huşumda məni.
Bir daha üzünü görmədən ölsəm,
Yandırar torpağım, daşım da məni.
Sən getdin, arxamca öldü kölgəm də;
Xarabazar oldu sinəm o dəmdə.
Bir çesmə qurutdum: qalmadı nəm də,
Tərk etdi gözümdən yaşım də məni.
Görüm üzülməsin səbri heç kəsin!
Çınlar qulağımda o nərgiz səsin...
Səndən çəkdiyimi kafər çəkməsin:
Hələ nələr gözlər qarşımda məni.
SƏNİN DİKƏLTDİYİN
O DAĞLAR
Sən gedəli dünya məndən dönəndi;
Fələk ləzzət alır tüstümdən sanki.
Mənə sul əkdiyin fürsət dünəndi:
Yetmiş il ötməyib üstümdən sanki.
Kök atdı qoyduğun dağlar sinəmdə,
Taqətim tutmadı: dağı enəm də.
Əllərin əlimə çatdığı dəmdə
Pırlayıb uçmusan dəstimdən sanki.
Sənsiz dünya sərsəm, bu tale sərsəm;
Ürəyim təntidi, bir nəfəs dərsəm!..
Bir sehirlə dönüb üzünü görsəm,
Fələk də əl çəkər qəsdimdən sanki.
BİR BAHARIN ARXASINCA
Doluxsunmuş bahar kimi
Pünhanı agah elədi.
Mən ki, aciz bir qul idim:
Sevdi məni: şah elədi!
Mələkləri yada saldı,
Ürəyimi oda saldı.
Dan yerinə səda saldı:
Axşamı sabah elədi.
Gül nəfəsi xas ətirdi,
İzindən güllər bitirdi.
Eşqimi qətlə yetirdi,
Nə boyda günah elədi.
GEDƏR-GƏLMƏZDƏN DÖNƏN SƏS
Qırx beş ilin o başından
Daşıb gələn bu nə səsdi!
Dünyam birdən ətirləndi,
Nə ilahi bir nəfəsdi!..
Nərgiz Haqdan bir yazıydı:
Səsi Quran avazıydı!
Xəyalımın pərvazıydı;
Hər kəlməsi müqəddəsdi!
Varlığı sehirdi, sirdi,
Möcüzəydi, bir iksirdi.
Özü mənə həyat verdi,
Özü məndən ayaq kəsdi...
Onunla dünyam behiştdi,
O getdi, dünyam dəyişdi.
Olan oldu, keçən keçdi,
Naçar könlüm, nə həvəsdi?!
...Məni biryolluq unudan,
Zalım tale,
Dünyamıza divan tutan
O qasırğa hardan əsdi?!
Ömür deyil, bir vəsvəsə,
Kor yuxuydu gördüm nəsə...
Həsrətlə nəfəs-nəfəsə
Yaşamaqdan qəlbim küsdü.
Tale mənə daş atmada,
Dağ-daşımı boşaltmada,
Məni mənsiz yaşatmada
Bu fələyin nəydi qəsdi?!
Gözlədim: səs-ün olmadı,
Yaşamaq mümkün olmadı,
Bay olduğum gün olmadı;
Ayım nəsdi, ilim nəsdi.
Dincliyimi çarmıxladım:
Yeri - göyü cırmaqladım,
Ömür boyu yas saxladım...
Toxta, Məmməd, daha bəsdi.
MƏNƏ VƏDƏ VERMİŞDİN...
"Min il də gözlərəm, demişdin, səni!"
Hələ yüz keçməyib sözündən, Nərgiz.
Bir ömür arxanca dönüb-dolandım,
Ot kimi göyərdim izindən, Nərgiz.
Ovucları bomboş bir quru əldim,
Adını andıqca ərşə yüksəldim.
Dünyaya üzünü görməyə gəldim,
İndi də gedirəm üzündən, Nərgiz!
Adını bilmişdim başım üstə tac!
Tacidar olan kəs etməzmi əlac?!
Ömrüm buz kəsildi - oduna möhtac,
Qıymadın qəlbinin közündən, Nərgiz.
Bir vaxt heyran etdin sehrinlə məni,
Daşdan-daşa vurdun qəhrinlə məni,
Madam yaşatmadın mehrinlə məni,
Təki müğayat ol özündən, Nərgiz.
Aman yarı dildən, yarı gözündən!
Məni ayrı saldı tarı gözündən.
Silmə şəkilimi
Boylanım dünyaya gözündən, Nərgiz!..
ÇIRPINIŞ
Məzarım üstə də nərgiz bitəsi,
Mən necə unudum nərgizi, Allah?!.
Bu müşkül dərdimə bir əlac eylə:
Sənsən xəlq eləyən hər kəsi, Allah!
Sehirdi ömrümdən o gedən gözəl,
Laylalardan şirin, öygüdən gözəl!
Bir qüdrət görmədim sevgidən gözəl,
Sevdaymış ömürlər sərgisi, Allah!
O necə mələkdi, necə afətdi?!.
Qəlbimi ovladı, sonra inlətdi...
Dincliyim, qərarım onunla getdi,
Qayıtmaz gözümün mürgüsü, Allah!
Qurudum gözümün yaşına qədər,
Göynədim bağrımın başına qədər,
Son ovuc qumuna, daşına qədər
Çökdü sevgimizin hörgüsü, Allah!
Bunca soluxşadı nədən bu rənglər?!
Göyqübbəmi çökdü, yatdı dirəklər?!
Zamanmı kirləndi, yoxsa ürəklər,
Seyrəldi Leylilər cərgəsi, Allah.
Məmmədi özündən artıq sevərdi,
Mənə qovuşmaqdı, tək olan dərdi.
Dindirsəm, dilindən bal tökülərdi,
İndi zəhər saçır hər sözü, Allah!
Məmməd ASLAN
525-ci qəzet.-
2009.- 14 noyabr.- S.29.