Şərif və ya Ağayar
Adı: Şərif
Soyadı: Ağayarov
Atasının adı: Ziyadxan
Təhsili: Ali
Ailə vəziyyəti: Evli.
Çox quru məlumatlardır, elə deyilmi? Haqqında verdiyim bu rəsmi məlumatlar aldatmasın sizi. Əla yumor hissi var. Onu 13 yaşımdan tanıyıram. O vaxtlar evdən ancaq saat doqquza kimi çöldə-bayırda qalmağıma icazə verilirdi. Mənə bir şeir qoşmuşdu:
Budur gəldi saat doqquz
Mövludun mama vaxtıdır.
Abbas Tufarqanlını o tanıdıb mənə (Ədəbiyyat dərsliklərində verilən quruca məlumatlar tanışlıq üçün yetərli deyil). Əşi, nə Tufarqanlı... Aşıq Ələsgər, Vaqif, Cavid, Səməd Vurğun, Ramiz Rövşən, Eldar Baxış, Salam və başqa Azərbaycan şairlərini ondan öyrənmişəm. Yuxarıda sadaladığım şairlərin bir kitabını da oxuduğumu xatırlamıram. Amma səhərə kimi şeirlərini deyə bilərəm. Çünki Şərif “şkola”sı keçmişəm.
– Şərif, yaza bilmirəm.
– Danışa bilirsən?
– Anlamadım?
– Deyirəm danışa bilirsən?
– Görmürsən?
– Götür, danışdıqlarını yaz. Dahilik eləməyə çalışma, dahisənsə əvvəl-axır ortaya çıxacaq, narahat olma. Deyilsənsə, yenə narahat olma. Hamı dahi olmur ki? Məsələn, götür saz haqqında bir yazı yaz...
O yazını yazdım. Çap olunduğu gün şair Vaqif Bayatlı Odərdən tutmuş avar qonşumuz Şuanat xanıma kimi hamıdan tərif eşitdim.
Telefonda saatlarla etdiyimiz ədəbiyyat söhbətlərindən biri.
Şərif danışır:
– Məncə, müasir nəsrdə nasir tərəfsiz olmalıdır. Bizdə elə yazıçılar var ki, öz obrazına yaltaqlanır. Yaxud da öz obrazını salır təpiyinin altına, vurub ağzını-burnunu dağıdır, oxucu qalır müəlliflə obrazın arasında, bilmir kimə qahmar çıxsın. Yazıçı situasiyanı göstərəndir, nəticəni oxucu çıxarmalıdır.
Üstündən bir il keçir. Fransadan gələn bir dostum Jak Derridadan sitat gətirir: “Yazıçı hadisənin mərkəzində olmalıdır. Amma heç bir məsələyə müdaxilə edə bilməz”.
Onda cənab Derridanı nə Şərif oxumuşdu, nə də mən. Bu onun fəhmlə hiss etdikləri idi.
Məndən soruşur?
– Qazaxlısan?
– Hə.
Əlini cibinə atıb, telefonu çıxardır. Bir saz havası səslənir.
– Hansı havadır?
– Bilmirəm.
– Əşi, necə qazaxlısan sən? “Mansırı” havasıdır.
Akif Səmədi oxumusan?
– Yox.
Akif əmidən 5-10 dənə şeir oxuyur. Belə şeyləri oxu, klassik şeiri yaxşı oxumasan, ciddi heç nə edə bilməyəcəksən.
Şeir haqqında elə mübahisə edir ki, adam onun qəfildən qalxıb qarşısındakı adamla əlbəyaxa olacağından qorxur. Axı o, şeiri yaxşı bilir. Yox, bu da olmadı, o şeiri, sözü yaxşı hiss edir. Bir tanınmış yazıçının əsərinin alınmayan yerlərini mənə demişdi. Sonra mən bu ölkədə mətni bilən 5-10 adamla həmin əsər barədə söhbət elədim. Hamısı elə bil Şərifi “kopya”lamışdı. Heyrətə gəlmişdim onda.
Öyrətməyə çox meyllidir. Bəzən saatlarla kimisə qabağına qoyub nə isə haqqında danışa, mübahisə edə bilər. Qabağındakı nadan başa düşməməklə nə qədər onu bezdirməyə çalışsa da, o bezmir. Kiməsə Aşıq Ələsgərin böyük şair olduğunu, Füzulinin nəhəngliyini, kiməsə də Şərq ədəbiyyatının onun (qabağındakı adamın) düşündüyü kimi lazımsız bir şey olmadığını anlatmaq istəyir. Onun bu qədər səbirli olması məni əsəbiləşdirir, əyilib qulağına deyirəm:
– Neynirsən, buna nə isə başa salmaq istəyirsən, görmürsən taxtadır...
– Qoy öyrənsin, istedadlı uşaqdır.
Ara-sıra Elif Şafakdan ona dəstək gəlir. Elif xanım təsəvvüf mətnləri üzərində yazdığı “Aşk” romanı ilə dünyaya səs salır. Onda insanlar başlayırlar Şəriflə razılaşmağa. Bu psixoloji məsələdir. Hər gün görüşdüyümüz, əl çatan yerdə olan adamların dediyi sözü bir başqası deyəndə papağımızı qabağımıza qoyub fikirləşirik.
Şəxsi münasibətləri ədəbiyyata bulaşdırmır. Arası olmayan bir adamın yaxşı yazısını təriflədiyini az görməmişəm.
Həyatda çox çətinlik görüb, çox əziyyətlər çəkib. Təəccübləndirmək çox çətindir onu. Amma yaxşı bir misra və yaxud cümlə yetər ki, heyrətə gəlsin. Başını bulaya-bulaya ağızdolusu:
– “Ə, bu nədi əəə... möhtəşəm məsələdi” – desin.
Şeirdə intonasiya, orijinallıq haqqında ondan eşitdiklərimi ədəbiyyatşünaslara öyrətdiyim olub, o fikirləri öz adımdan tanınmış ədəbiyyat adamlarına deyib onlardan “kaş filankəs də (hansısa tanınmış tənqidçinin adını çəkib) şeiri sənin kimi biləydi” – sözlərini eşitdiyim də!
Şərifi Sücaət, Bəhmən Vətənoğlu havasında yazdığı şeirlərindən oxuyub bəyənmişəm. Sonra ortaçağ dövrünün xalq şeiri, daha sonra modern şeirlər...
Bu mərhələlərdə istedadla yazdığı şeirləri olsa da, əsl Şərif Ağayar imzası epik şeirlərdə özünü göstərdi. Elə bugünkü nasir Şərifə aparan yol da ordan başladı. “Qardaş”, “Mizrab dırnaqları boyasız”, “Palata”, “Sivilizasion”, “92-nin mayı” kimi şeirlərindəki epik miqyaslılıq, prozaik detallar gələcək nasirdən xəbər verirdi. Bu şeirlərdə o, poetik lövhələr çəkməkdən daha çox şeirin doğurduğu hissin poetikliyinə can atırdı. Məsələn “92-nin mayı“ şeirində özünü qayadan atan Qəmzə arvad obrazı var. O, bu qadının intihar səhnəsini belə təsvir edir:
Bir də görürlər ki, yaylığı
həmərsin koluna ilişib yellənir.
(rəsmini çəkir kimi küləklərin)
Burdakı poetik tapıntının mötərizədə verilməsi ədəbi tapıntıdır. Cənab Ağayar burada məqsədinin bizim diqqətimizi insan faciələrinə, şeirsəlliyin bu tip situasiyalarda məqsəd olmadığına çəkmək istəyir.
Bəzən Şərif haqda tamamilə yanlış olaraq onun şeiri alındırmadığını, ona görə nəsrə keçdiyini düşünənlər var. Avaragor məntiqdir. Bu fikirdə olanlar. Gərək onun “Sivilizasion” şeirini diqqətlə oxusunlar:
Gülgəz arvadı
Gülgəz arvadın yeraltı damını
gecələr damın üstünə
bal şirinliyi ilə süzülən ay işığını
unudur zaman.
Şərif nəsrə keçəcəyini özü xəbər verirdi. Poetik düşüncənin qətlə yetirildiyi bir zamanda şeiri qətlə yetirən Şərif bununla da nəsr dövrünə adladı. Ay işığını qaralayıb sonra unutmaq istəyən zamanla dil tapdı.
Nəsr sahəsində ilk qələm təcrübəsi olan oçerk və hekayələri “Proza N” müsabiqəsində birinci yerə layiq görüldü. Ara-sıra yazdığı ”Pişikgöz Anar”, “İthürən”, “Küləklərə qarışır ahım” kimi epik şeirlər də demək olar ki, prozaik təfəkkürün məhsulu idi. Sonralar Şərif qaçqınçılıq həyatı ilə bağlı çox gözəl hekayələr yazdı.
Azərbaycanda Qarabağ və qaçqınçılıq mövzusuna iki yanaşma olub adətən.
1. Səmimi yurd həsrəti ilə saz havaları üstə yazılmış lirika ki, ibarət olsun mənim də çox sevdiyim şairlər Sücaət, Bəhmən Vətənoğlu və onların təsiri ilə yazan şairlərdən.
2. Qarabağ müharibəsinin mahiyyətindən bixəbər yazıçıların saxta vətənpərvərlik mövzusunda yazdığı maklatura yığnağı.
Şərif isə məlum hadisələrə dramatik və tragikomik planda baxmağa başladı. Təsvir zamanı hadisələrə “vətənpərvər” münasibəti bir kənara qoyub insan prizmasından yanaşdı (bax elə burdan da ədəbiyyat başlayır). Məsələn, “Hərbi-siyasi məsələ” hekayəsində qəhrəman evdə yarıyuxulu vəziyyətdə uzanır, müharibə vaxtı baş verənləri, ordudakı biabırçılıqları, tankımızın işə düşməməsini (sarkastuk planda işlənmişdir) xatırlayır. Hekayə cəmiyyətə bu anti-millitarist informasiya ötürür – insan müharibə istəmir.
Şərifin “Laçınsız ilk gün”, “Mənə elə gəldi ki, gülməli əhvalat danışır”, “Balabəy” hekayələri haqqında insanlar orta fikir demirlər. Ya o hekayələri böyük sənət əsəri hesab edir, ya da ümumiyyətlə zəif əsər sayırlar. Çünki Şərifin cəmiyyətə ötürmək istədiyi mesajlar çox ciddidir. Onun ironiyasının altında dəhşətli tragizm dayanır və bunu tutmaq bəzən elə də asan olmur.
Yazımızın qəhrəmanı indi bir roman üzərində işləyir. Şərifin içindəki yazıçı böyük yazıçıdır. Ancaq onun bu böyük yazıçıya həyat verməyi bacarıb-bacarmayacağı sonra bilinəcək. Məncə, Şərif içindəki yazıçını ortaya çıxara bilsə, ədəbiyyatımız daha bir böyük imzaya qovuşacaq.
Gündən-günə maddiləşən dünyamızda öz içində söz aşiqliyini saxladığına görə dostuma təşəkkür edir, bu yazını onun bir qoşması ilə bitirirəm və inanıram ki, ortaçağ dövrünün estetikası ilə qələmə alınan bu qoşmadakı enerji roman yazmaq üçün yetərlidir.
Aşağıdan gələn ellər gözəli
Hüsnün ayna tutub güllərə qarşı
Zülfün cəngə çıxıb boy-büsatınnan
Kəmər xub görükür bellərə qarşı.
Sevincə itirdim şirin sözlümü
Ənbər qoxulumu günəş üzlümü
Müddətdi gözlərəm kömür gözlümü
Onçu boylanaram yollara qarşı.
Ağam ömür ki var sonu bəllidir
Çox da fərq eləməz yüzdür əllidir
Ağlaram verdiyin nə təsəllidir
Çör-çöp qərar tutmaz sellərə qarşı.
Mövlud MÖVLUD
525-ci qəzet.- 2009.- 14 noyabr.- S.28.