Sehirli qutuya düşməyim

 

“Duyğular” silsiləmi mənim üçün əziz olan, içimdə daim yaşatdığım, öləziməyə qoymadığım hisslərdən hörəcəyəm. O hisslərdən ki, vaxtilə bir sıra səbəblərdən; siyasi sistem üzündən, tuş gəldiyim haqsızlıqlardan, evsizlik, əsəb gərginliyi, vaxt məhdudluğundan qələmə ala bilməmişəm. Amma onları dəfn edə, özümlə qara torpağın altına apara bilməzdim, xalqım üçün qoruyub saxlamalı, yazılı halda ona təhvil verməliydim. Və bunun üçün səni seçdim, əziz oxucum. Olsun ki, gələcəkdə bu silsiləm ucbatından qınağına, tənqidinə də məruz qalam. Axı milli mentalitetimizin bir üzü də var ki, gərək düşünüb – daşındığın duyğuların böyük bir qismini dilinə gətirməyəsən. Əlbəttə, bəzi məqamları mən də nəzərə alacam. Amma ümumilikdə götürəndə, yox. Silsiləmin baş məqsədi belədir; düzü-düzü, əyrini-əyri. Yəni səmimi.

Onda belə deyildi. Adı bu cür gedirdi: “Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri Komitəsi”. İlkinliyinə, pionerliyinə”, stajına görə “radio” kəlməsini qabağa çəkmişdilər. Axı, efir məkanımıza radio televiziyadan 30 il əvvəl – 1926 – cı ildə qədəm qoymuşdu. Qədəm qoymuşdu və hər bir azərbaycanlı ailəsinin doğmasına, əzizinə, evlərin, ocaqların ayrılmaz atributuna çevrilmişdi. El arasında adına “sehirli qutu” deyirdilər. O qədər əziz – xələf olmuşdu ki, qızlar ər evinə gəlin köçəndə apardıqları cer-cehizin içində beli qırmızı lentli o qutudan da olmalıydı. Ötən əsrin 60-cı illərinin əvvəllərində araya– ərsəyə gəlmiş biz yeniyetmələr üçünsə o həm də etibarlı dost, sirdaş, həmsöhbət idi. Hər səhər, hər axşam ondan eşitdiklərimiz üstə köklənər,ondan dinləyib mənimsədiklərimizi orda–burda təkrarlayar, yeri gələndə yamsılayardıq. Aylı–ulduzlu, darıxdırıcı kənd gecələrində onunla baş–başa verib də gələcək həyat yolumuz barədə düşünər, arzularımızın konturlarını cızardıq. Radio şəxsən mənimçün   həm də canlı bir varlıq idi – Aydın Qaradaglı, Soltan Nəcəfov, aparıcılığına vurulduğumuz futbol icmalçısı Valid Sənani, “Arı” satirik radio jurnalı, hər bazar saat 14–də efirə çıxan “Muğamat” konserti”, şeir parçalarını misilsiz avazla oxuyan Əli Zeynalov, günlərlə efiri bəzəyən “Vaqif” dramı, “Şamo” romanının radio tamaşası, 60 – cı illərin əvvəllərində vokal ifaçılığında inqilab edən Zeynəb Xanlarova, İslam Rzayev idi. Bütün bunlar çoxsaylı dinləyici auditoriyasının zehnini məşğul edir, tərbiyələndirir, maarifləndirirdi...                                                                       

Və nəhayət radio mənim gələcək sənət, peşə yolumu müəyyənləşdirən ahənrüba oldu.

1965–ci ildə ilk dəfə “sehirli qutu”” nun qapısını tanıdım. Azərbaycan Dövlət Universitetinin jurnalistika şöbəsinin 2–ci kursunda oxuyurdum və janrlar barədə təzə–təzə mühazirələr dinləməyə başlamışdım ki, məni Azərbaycan radiosuna təcrübə keçməyə göndərdilər. Qayda beləydi ki, “praktikantlar” əvvəlcə gərək komitə sədrinin qəbulunda olaydılar. Şeirlərindən, mətnləriənə bəstələnmiş mahnılarından tanıdığımız Ənvər Əlibəyli idi o zamankı komitə sədri. Səmimi qarşıladı, başdan ayağacan məni süzəndən sonra sorğu–sual eləyib axırda da dedi ki, səni “Xəbərlər” redaksiyasına – Hacı Hacıyevin sərəncamına göndərirəm, nöşünki jurnalist gərək xəbərlərin köynəyindən çıxa, yoxsa radionun, ümumiyyətlə jurnalistikanın nə demək olduğunu bilməz. Bu sözün də üstündən götürüb “Xəbərlər” redaksiyasının baş redaktoru Hacı Hacıyevə zəng edib məni ona tapşırdı. Bu həmin Hacı Hacıyev idi ki, çox-çox illər sonra Azərbaycan Jurnalistlər Birliyinə rəhbərlik edəcək və ilk tanışlığımızın üstündən 30 ildən çox keçəndən sonra hər bir jurnalist üçün çox əziz olan “Həsən bəy Zərdabi” adına media mükafatını təntənəli mərasimdə öz əliyləcə mənə təqdim edəcəkdi...

Ondasa mənim 19 yaşım vardı, radio mənimçün sehirli qutu olaraq qalırdı və onun daxilində nələr baş verdiyindən xəbərsizdim. Budur, ilk dəfə burada canlı radio jurnalistlərini görürəm. Təbii ki, ilk olaraq son dərəcə prinsipial, hər sözün, ifadənin yerini bilən, ağı qaranın, haqqı nahaqqın ayağına yazmayan Hacı Hacıyevi, sonra redaksiyanın hər sahə üzrə ixtsaslaşmış “bosslarını” – Hidayət Səfərlini, Valid Sənanini, Yalçın Əlizadəni, Çingiz Ələkbərzadəni, İlyas Adıgözəlovu, Oqtay Manaflını, Zöhrab Zeynalovu. Və bir də bu repartyorların vaxtilə yuxularımızda belə görmədiyimiz böyük–böyük şəxsiyyətlərlə – nazirlər, akademiklər, yazıçılar, aktyorlar, müğənnilərlə apardıqları müshibələrin şahidi oluram..

Təcrübə keçdiyim günlərdə ilk tapşırığı sonralar uzun illər bir yerdə çalışdığım, bu gün də dostluq elədiyim radiomuzun veteran jurnalistlərindən olan İlyas Adıgözəlovdan aldım. Dedi gedərsən Bilgəhdəki gülçülük sovxozuna, zəfəran yetişdirənlər haqqında bir süjet hazırlayarsan. Açıgı ürəyimdən deyildi bu iş. Çünki mən ta əzəldən incəsənət, ədəbiyyat, bir sözlə mədəniyyət sahəsinə meyilli idim və tapşırığı da o səmtdən gözləyirdim. Bizəsə belə öyərətmişdilər : jurnalist hər sahədən yazmağı bacarmalıdır. Nə isə, candərdi gedib çatdım Bilgəhə, soraqlaşıb sovxozun olduğu yeri tapdım,açığı gördüyüm mənzərələr, söhbət elədiyim insanlar o qədər ürəyimcə oldu ki, yazı prosesində cuşa gəlib “cızığımdan” çıxdım”, 10 səhifəlik bir məqalə döşəyib sabahısı pəhəpəhnən aparıb qoydum İlyas müəllimin qənşərinə. Səhifələrin sayına baxan kimi Borçalı ləhcəsində qayıtdı ki, ayə qıvlasız mən sana romanmı demişdim yazıb gətirmisən? Bir makinə səhifəsi verilişdə iki dəqiqə vaxt aparır, 10 səhifə eləyir 20 dəqiqə. Sənə o boyda yer ayırsalar bəs bu camahatın süjetlərini hara yerləşdirək? Sonra gördü təntimişəm, dərinə getmədi, dedi ziyan yoxdu, ora – burasını düzəldib verəcəm efirə. Bu axşam saat 10 –da gedəcək. Qulaq as, bizim iş stilimizi öyrən.

Uçmağa qanad axtarırdım.İsmayıllıdakı valideynlərimdən, qohum–əqrəbalarımdan, dost–tanışlarımdan kimsə qalmamışdı xəbər çatdırmayam,bəs,bu axşam açın radiolarınızı mənim verilişim gedəcək. Bəli, həsrətlə gözlədiyim axşam oldu, xəbərlər proqramı başladı,yarım saatlıq verilişdə yer tutan onlarla süjetin arasında ən xırdası – cəmi iki dəqiqə çəkən xəbər mənimki oldu. Bu, radioda xəbər janrının yeri, həcmi,yazılış tərzi barədə mənə verilən ilk tutarlı,yadda qalan dərs idi. Düzdür, sonralar mən xəbər janrında demək olar ki, qələm işlətmədim, jurnalist ömrüm boyu daha çox mədəniyyət mövzularına üz tutdum, amma bir şeyi özlüyümdə qətiləşdirdim ki, nəzəriyyə ilə təcrübə daim bir–biri ilə sıx vəhdətdə olmalı və təcrübə çoxaldıqca nəzəriyyə də yerində saymamalı,inkişaf etməli, fərdi yaradıcılıqların yen –yeni aspektlərini üzə çıxarıb yaymalıdır. Su səhəngi suda sınar deyiblər. Əsl jurnalist ən ali keyfiyyətlərə iş prosesində yiyələnir, əgər o, daşıdığı missiyanı tam aydınlığıyla duyub dərk edirsə bu prosesdə çox maraqlı nəticələr əldə edəcək, istər şəxsi səviyyəsini, istərsə də jurnalistika bazarını növbənöv tapıntılarla zənginləşdirəcək. Belə çağında yaşından asılı olmayaraq onu yerindən tərpətmək, fəaliyyətinin qabağını almaq, cürbəcür qanun–qadağalarla onu yolundan sapdırmaq ən azı günahdır. Bax, daha çox belə məqamlarda media nəzəriyyəçiləri sinəsini qabağa verməli, haqdan vergisi olan jurnalistlərin özəl xüsusiyyətlərini; onların poetikasını (mən bu ifadəni ilk olaraq işlədirəm, çünki yaxşı–yaman hər jurnalistin öz poetikası var), könül melodiyasını, bir sözlə içində oturuşmuş üslub incəliklərini tədqiq etməlidirlər. Belə araşdırmalar jurnalistin özündən daha çox nəzəriyyəçilərə, dolayısı ilə jurnalistika tariximizə, bu tarixin hər dönəmində meydana çıxan, gələcək taleyini yazı-pozu aləmiylə bağlayan gənclərimizə xeyir gətirə bilər.Çox təəssüf ki, bu çağacan üslub sarıdan biri-birindən yerlə göy qədər fərqlənən Həsənbəy Zərdabinin, Cəlil Məmmədquluzadənin, Əlibəy Hüseynzadənin, Üzeyir Hacıbəyovun, M.Ə.Rəsulzadənin, Nurəddin Babayevin, Nəsir İmanquliyevin, Şirməmməd Hüseynovun, Mürşüd Dadaşovun, Cahangir Gözəlovun, Şamil Şahməmmədovun, Yusif Kərimovun, Nəriman Zeynalovun, Cəmil Əlibəyovun, Sona Bağırovanın, Mailə Muradxanovanın, Tofiq Məhərrəmoğlunun, Aqil Abbasın, Mirşahinin, Qulu Məhərrəmlinin,Rafiq Səməndərin, Yaşarın, Zamin Hacının, Samir Sarının, Xaliq Bahadırın bir jurnalist kimi Azərbaycan mətbuatına və efir məkanına gəitirdikləri yeniliklər, onların fərdi üslubları, faktlara, hadisələrə özlərinə xas olan yanaşma tərzləri barədə media mütəxəssislərimizin bir sanballı tədqiqat işinə rast gəlinməyib. Belə cəhdlər olubsa da sistemli və professional xarakter daşımayıb. Bəlkə də bizdə sayı minlələ ölçülən qəzetlərdə baş alıb gedən hərc-mərcliyin bir səbəbi də elə budur. Necə deyərlər, yiyəsiz evə oğrular daraşar. Halbuki məsələyə bu aspektdən yanaşılsa jurnalist dairələrində gözgörəsi təbəddülat yaranar, yazarlar məsuliyyət duyar, öz yaradıcılıqları barədə, onları digər qələmdaşlarına bənzə dən və ayıran xüsusiyyətlər barədə daha dərindən düşünərlər. Hamıdan, hər şeydən yazmağa səlahiyyətli olan, yayan, təbliğ edən, məşhurlaşdıran, bir quruca informasiyası ilə kimlərinsə başını ucaldan, kimlərisə cəmiyyət içində rüsvay etməyə qadir olan jurnalist də insandır, onun da təbliğ olunmağa, yazıb yaratdıqlarının digər yaradıcılıqlar kimi sərfnəzər olunmasına, irdələnib araşdırılmasına ehtiyacı, bəlkə də haqqı vardır. Belə jurnalistlərsə zaman–zaman tariximizdə olub, bu gün var, sabah da olacaq. Çünki bu azman nəhrin mənbəyində “Əkinçi”miz, “Molla Nəsrəddin”imiz dayanır.   

 

 

31 oktyabr 2009

 

İntiqam MEHDİZADƏ

 

525-ci qəzet.- 2009.- 14 noyabr.- S.26.