“Darıxan adamlar”

 

AZƏRBAYCAN DİLLƏR UNİVERSİTETİNDƏ MƏSUD ƏLİOĞLUNUN KİTABININ TƏQDİMATI KEÇİRİLİB

 

Noyabrın 6-da Azərbaycan Dillər Universitetində (ADU) tanınmış mərhum tənqidçi Məsud Əlioğlunun “Darıxan adamlar” kitabının təqdimat mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin rektoru Səməd Seyidov çıxışında cəmi 44 il ömür sürən lakin bu qısa yaradıcı ömürdə sanballı elmi - ədəbi irs qoyub gedən Məsud Əlioğluna həsr olunmuş təqdimat mərasiminin Azərbaycan dilinə və ədəbiyyatına göstərilən ehtiramın ifadəsi kimi dəyərləndirib.

Universitetin Azərbaycan ədəbiyyatı kafedrasının müdiri Fəridə Səfiyeva ADU-nun qabaqcıl təhsil ocağı kimi həmişə tələbələrinə, tədrisinə faydalı olanları seçib yararlandıqlarını çıxışında önə çəkib. O, çıxışında Məsud Əlioğlu irsinin təkcə ədəbiyyatşünaslığımızı öyrənmək baxımından deyil, şəxsiyyət yetişdirmək, formalaşdırmaq baxımından da çox əhəmiyyətli olduğunu vurğulayıb: “Azərbaycan ədəbiyyatına yeni estetik mövqedən yanaşan M. Əlioğlu Sovet hakimiyyətinin ən qatı vaxtında böyük axına qarşı tək gedərək, insanları çərçivəyə salan, eyniləşdirən, standartlaşdıran zamanında heç bir qəliblərə, çərçivələrə sığmayıb, şəxsiyyətinə xəyanət etməyib, sifarişlə bir kəlmə də yazmayıb. Əsərlərində ancaq ruhuna yaxın mövzulara, şəxsiyyətlərə müraciət edib”. F.Səfiyeva M.Əlioğlunun mənsub olduğu tənqidçilər nəslinin önündə getdiyini qeyd edərək onun mübahisələrdə, polemikalarda prinsipial mövqe nümayiş etdirdiyini və inandırmağı bacardığını bildirib: “M.Əlioğlu geniş diapazonu olan ədəbiyyatşünas idi. Ədəbiyyatda qadın azadlığı barədə də ilk tutarlı təhlilin müəllifi məhz M.Əlioğlu olub. Onun “Sevildən Saçlıya” əsəri ədəbi ictimaiyyətin diqqətini cəlb edib. İki cildlik “Azərbaycan sovet ədəbiyyatı tarixi” dərsliyinin nəsr bölməsini də bütövlükdə M.Əlioğlu yazıb”. F.Səfiyeva qloballaşan dünyada, milli sərvətlərimizi qoruyan, mühafizə edən, vətən təəssübü çəkən gənclərə ehtiyacımız olan bir zamanda Məsud Əlioğlu irsinin tədrisinin böyük faydası olacağına əminliyini bildirib.

Xalq şairi Nəriman Həsənzadə Məsud Əlioğlunu yaxından tanıdığını, diqqətə çatdıraraq onun yalnız zahirən Məsud Əlioğlu olduğunu, lakin daxilən Cavid, Hadi kimi darıxan adamlardan biri olduğunu vurğulayıb: “Məsudun Nizami haqqında məqaləsi belə bir cümləylə başlayır: “Nizami möcüzə idi” O, möcüzəni açır. “Füzulinin lirikası kədərdir”. Füzulinin kədərindən qəhrəmanlıq törəndiyini yazır. Aşıq poeziyasından, Koroğludan yazanda onu “mütəfəkkir, filosof” adlandırıb”. Xalq şairi M.Əlioğlunun yazdığı məqalələrində öz portretini göstərdiyini, fərqləndirici xüsusiyyətinin məqalələrində təsvirçiliyin yox, poetikanın olması ilə izah edir. N.Həsənzadə M.Əlioğlunun yazılarının bu gün də çox müasir olduğunu deyib: “Mənim fikrimcə, tənqidçinin məqaləsində poetika olmalıdır, təsvirçilik yox. Tənqidçi yazıçının, şairin dediyi sözləri yenidən misal gətirib onunla həsb-hal olmamalıdır. M.Əlioğlu da öz sözü olan tənqidçidir. Onun yazılarını oxuyanda görürsən ki, darıxan adamın biri Məsud Əlioğlunun özüdür. Onun özü gələcəkdə sanballı əsərlərin yazılması üçün çox yaxşı bir mövzudur”. Xalq şairi çıxışında həmçinin mərhum tənqidçi dostu ilə bağlı xatirələrini də mərasim iştirakçıları ilə bölüşüb.

“Məsud müəllim romantika ilə məşğul olurdu. Aramızda böyük yaş fərqinin olmasına baxmayaraq ünsiyyətimiz vardı. H.Cavidə bəraət veriləndə dalbadal Məsud Əlioğlunun onun barəsində yazdığı kitablar ortalığa çıxdı. Aydın oldu ki, o, neçə illərdir Hüseyn Cavid romantikası ilə yaşayırmış. O illərdə sovet realizminin olduğu bir vaxtda romantika ilə yaşamaq, ayağını yerdən üzmək, sovet rejiminə zidd getmək idi. Əliağa Vahid əruz vəznini bildiyi, qəzəllər yazdığı üçün yasaq altında yaşayırdı. Həmin illərdə Məsud Əlioğlu çox böyük cəsarət nümayiş etdirib romantikanı ədəbiyyatımıza aşılamağa çalışırdı”. Bu fikirləri tədbirdə türkoloq alim, professor Tofiq Hacıyev səsləndirib. Professor çıxışında həmçinin M. Əlioğlunun çox zəngin biliyə, mükəmməl elmi üsluba malik olduğunu, Belinski, Köçərli üslubunda yazdığını qeyd edib.

Xeyrulla Əliyev M.Əlioğlunun həm klassik, həm də müasir ədəbiyyatın bilicisi olduğunu bildirib: “Onun məqalələri həmişə müzakirələrə, diskussiyalara səbəb olurdu. O vaxt İlyas Əfəndiyevin “Körpüsalanlar” romanı işıq üzü görəndə Məsud Əlioğlu “Səriyyə haqlıdırmı?” adlı çox gözəl məqalə yazdı. Hamı bu tənqidə qoşuldu. Yadımdadır ki, “Azərbaycan qadını” jurnalında polemika yaranmışdı. Müdafiə edənlər də vardı, əleyhinə çıxanlar da. Həmin vaxt sözügedən yazı ilə bağlı “Azərbaycan qadını” jurnalının redaksiyasına 30-dan artıq məqalə gəlmişdi”.

Dövlət Pedaqoji Universitetinin ədəbiyyat kafedrasının müdiri professor Himalay Qasımov Məsud Əlioğlunu konyukturadan uzaq adam kimi səciyyələndirib. O, Hüseyn Cavid romantizmini dünya romantizmi konseptində ilk dəfə məhz Məsud Əlioğlunun təqdim etdiyini diqqətə çatdırıb və M.Əlioğlunun əsərlərinin oxunaqlı olmasını yazılarında poetikanın, bədiiyyatın olması ilə əlaqələndirib: “Məsud Əlioğlunun əsərləri zamanın fövqündə dayanır. Ona görə də o, bu gün də müasirimizdir, gələcəkdə də müasirimiz olacaq”.  

Millət vəkili Cəmil Həsənli M.Əlioğlunu yalnız əsərlərindən tanıdığını bildirərək gənclik illərində “Azərbaycan” jurnalında, “Ədəbiyyat və incəsənət” qəzetində çox maraqlı məqalələrini oxuduğunu nəzərə çatdırıb: “Şahidəm ki, bu məqalələr ədəbi aləmdə diskussiyalara səbəb olurdu. Bütün bunlara səbəb o idi ki, Məsud Əlioğlunun əsərlərində yeni fikir, yeni söz vardı. Bu məqalələr canlı idi, yüz dəfə yazılanın yüz birinci dəfə təkrarı deyildi. Bu əsərlərdə ideya vardı”. C.Həsənli sovet dövründə romantizmə münasibətin elə də ürəkaçan olmadığını deyərək həmin vaxtlarda hətta Əziz Mirəhmədovun “XX əsrin əvvələrində romantizm” mövzusunda yazdığı doktorluq dissertasiyasını ləğv olunduğunu qeyd edib. Millət vəkili M.Əlioğlunun məhz belə çətin vaxtlarda mübahisəli mövzulara müraciətini qəhrəmanlıq kimi dəyərləndirib. C.Həsənli həmçinin belə böyük ədəbiyyatçı ocağında yetişən yazıçı Afaq Məsudu Məsud Əlioğlunun ən böyük əsəri adlandırıb.

Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı M.Əlioğlunu uşaqlıqdan tanıdığını önə çəkərək onunla bağlı xatirələrini danışıb: “Mən Məsud əminin qucağında böyümüşəm. Məsud Əlioğlu mənim üçün Məsud əmi olduğuna görə onun haqqında danışmağa haqqım var”. Afaq Məsudu bu böyük ədəbiyyatçı nəslin layiqli davamçısı adlandıran E.Şıxlı onun Vəliyevlər ədəbi sülaləsinin yetirməsi olduğunu diqqətə çatdırıb.

Professor Qurban Bayramov M.Əlioğlunun böyük mütəfəkkir kimi ədəbiyyatımıza yiyə çıxan şəxsiyyətlərdən biri olduğunu deyib: “Özümü xoşbəxt hiss edirəm ki, mərhum Məsud Əlioğlu ilə 2-3 il müddətində eyni institutda çalışmışıq. Xoşbəxtəm ki, böyük yazıçı Əli Vəliyev bizim evimizdə olub, süfrəmizin başında əyləşib. Məsud Əlioğlu təkcə tənqidçi və ədəbiyyatşünas deyildi, həm də böyük romantik şair, şəxsiyyət və insan idi”.

Q.Bayramov, Əli Vəliyev, Məsud Əlioğlu və Afaq Məsudu ədəbiyyatımızın “möcüzəli Bermud üçbucağı” adlandıraraq bu günkü ədəbi tənqidimizin zəifliyindən, M.Əlioğlu səviyəsində tənqidçilərə ciddi ehtiyac duyulduğundan bəhs edib. “Bu gün ədəbi tənqid ya kor-koranə təriflər yağdırır, ya da yazıçının az qala bütün nəslini təhqir edir. M.Əlioğlunun tənqidi isə təriflərdən, təhqirlərdən uzaq, konstruktiv və səmimi tənqid idi.

Tanınmış yazıçı Seyran Səxavət M. Əlioğlunun şəxsiyyət və müəllim kimi yüksək keyfiyyətlərindən söz açıb: “Məsud müəllimin ən böyük cəhətlərindən biri bu idi ki, onu hər yerdə arzulayırdılar. Böyüklüyü onda idi ki, kiçiklə kiçik ola bilirdi. Böyüklüyün yolu kiçik olmaqdan keçir ki, Məsud Əlioğlu bunu istiqanlı bir şəkildə bacarırdı”.

Tənqidçinin qızı, tanınmış yazıçı Afaq Məsud atasının mənalı ömür yolunun boşa getmədiyini onun əsərlərini bu gün də yazıldığı andakı təravətini və təsirini saxladığını bildirib: “Məsud Əlioğlunun düz 35 illik fasilədən sonra kitabının çap olunması və məhz Dillər Universitetində təqdim olunması təsadüf deyil. Yəqin ki, başqa hansı yerdə keçirilsə, belə məhrəm, isti alınmayacaqdı. Mən bu gün bir daha əmin oldum ki, atamın bütün əziyyətləri, keşməkeşli həyatı, ədəbiyyat uğrunda fəda elədiyi ömrü boşa keçməyib. Mənim atam faciəli şəkildə dünyasını dəyişsə də xoşbəxt insandır. Çünki 35 il əvvəl dünyasını dəyişməsinə baxmayaraq onu tanıyan, oxuyan insanlar tərəfindən yanımızdaymış kimi qəbul olunur. O, qısa ömür sürsə də, əminəm ki, ruhunun ömrü çox uzun olacaq”. A.Məsud həmçinin kitabın nəşrinə göstərdiyi dəstəyə görə Mədəniyyət və Turizm Nazirliyinə, eləcə də ADU-nun kollektivinə təşəkkür edib.

 

 

Sevinc MÜRVƏTQIZI

 

525-ci qəzet.- 2009.- 14 noyabr.- S.25.