Bakı Slavyan
Universitetində Milli Kitab Mükafatının təsisçi və münsiflər heyəti ilə görüş olub
Ötən gün Bakı Slavyan Universitetində Milli Kitab Mükafatının
(MKM) təsisçisi və
münsiflər heyəti
ilə görüş
keçirilib. Tədbiri giriş
sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin
(AYB) katibi, mükafatın
münsiflər heyətinin
üzvü Rəşad
Məcid Milli Kitab Mükafatının təsisinin əhəmiyyətli
addım olduğunu vurğulayıb və cəmiyyətdə əks-səda doğurduğunu qeyd edib. R.Məcid həmçinin universitetin
yaradıcılıq fakültəsinin
tələbələrinin müsabiqəyə
əsərlər təqdim
edəcəyinə inandığını
bildirib. AYB katibi kitaba marağın azaldığı, gənclərin
az mütaliə etdiyi bir zamanda
kitab mağazası açmağın, Milli Kitab Mükafatı təsis etməyin cəsarətli və hörmətə layiq addım olduğunu çıxışında önə
çəkib.
MKM-in təsisçisi, “Əli və Nino” Nəşriyyat
Evinin sahibi Nigar Köçərli layihənin keçirilməsində
əsas məqsədin
ictimaiyyətin diqqətini
Azərbaycan ədəbiyyatına
cəlb etmək, müasir ədəbiyyatımızın
sosial önəmini artırmaq və ədəbiyyatımızı zəngilləşdirəcək
əsərləri dərc
etmək olduğunu bildirib: “Biz çox ümid edirik ki, bu layihənin
həyata keçirilməsi
sayəsində milli ədəbiyyatımız üçün
inci hesab edilən ədəbi əsərlər yarada biləcək müasir müəlliflərin oxucular
üçün “kəşf
edilməsi” və stimullaşdırılmasına nail olacağıq. Tarixən Nizamilər, Füzulilər, Ordubadilər,
Axundovların vətəni
olan ölkəmizin yeni ədəbi dahilərə ehtiyacı var”. N. Köçərli müsabiqəyə hekayələr, povestlər,
romanlar və digər ədəbi üslublarda yazılmış
nəsr əsərlərinin
qəbul olunacağını,
müsabiqəyə müəllifin
vətəndaşlığından asılı olmayaraq Azərbaycan dilində yazılmış bütün
əsərlərin və
əsərin dilindən
asılı olmayaraq
Azərbaycan vətəndaşı
tərəfindən yazılmış
əsərlərin təqdim
oluna biləcəyini vurğulayıb: “Namizəd
əsərlər minimum
40 min çap işarəsi həcmində
olmalıdır. Eyni zamanda Milli Kitab
Mükafatının təqdimat
günündən 10 il
əvvəlki müddət
ərzində yazılmış
əsərlər Münsiflər
Heyəti tərəfindən
nəzərdən keçiriləcək.
Namizəd əsərlərin müəlliflərinə yaş,
cins, yaşama yeri və əsərin
nəşr olunma yeri üzrə heç bir məhdudiyyət tətbiq
olunmayacaq. Əsərləri
yalnız müəlliflər
təqdim etməlidir və bura həm
dərc olunmuş, həm də dərc olunmamış əsərlər daxildir”.
Müsabiqənin şərtlərini
ətraflı izah edən təsisçi namizəd əsərlərin
bu il dekabrın
31-dək qəbul ediləcəyini, mayın
1-də isə 3 qalibin adının elan olunacağını söyləyib.
Xalq şairi, münsiflər heyətinin
üzvü Vaqif Səmədoğlu mükafatın
təsisçisinə belə
əhəmiyyətli bir
iş üçün
minnətdarlığını bildirib. V.Səmədoğlu
Azərbaycan xalqının
istedadlı olması ilə bağlı fikirlərini bölüşüb:
“Bütün Azərbaycan
xalqı yazır. Bəziləri mənim kimi yazır, bəziləri də qəhrəmanım Moşu
kimi. Belə mükafatların təsisi
yaxşı yazanlar üçün bir stimuldur”.
V.Səmədoğlu çıxışında həmçinin münsiflər heyətinin üzvü kimi əsərlərə obyektiv yanaşacaqlarını vurğulayıb.
SARA
525-ci qəzet.- 2009.- 14 noyabr.- S.23.