Kədər rəngli təəssürat...

 

Gənc ədiblərin görüşündə iştirak edəcəyim barədə Fəridə yaydan bəri elə hey söz versəm , nədənsə elə bil hər görüş günü ayağıma daş bağlanardı. Ya tənbəlliyin, ya evə gələn qonaqların, ya da işlərimin ucbatından hər ayın ilk 6- gününü qaçırmalı olurdum. Əvvəllər buna görə azca da olsa təəssüf hissi keçirməsəm , ötən həftə əcəbsə, şeytanın qıçını sındırıb Gənc Ədiblər məktəbinin növbəti görüşündə iştirak edəndən sonra bu vaxta qədər həmin görüşlərə getmədiyimə peşman oldum. İlk təəssürat həmişə fərqli olur, elə bəlkə ona görədir ki, bu haqda yazmağı qərara aldım.

Əvvəla, ədəbiyyatın təbliğinə böyük təkan olacaq belə maraqlı mədəni tədbir üçün Məktəbin rəhbəri Rəşad Məcidə xüsusi təşəkkürümü bildirirəm. Digər təşəkkürüm isə insanda xoş təəssüratlar buraxan istedadlı gənc ədiblərin payına düşür. Tədbir haqda öncədən məlumat almağa başladım. Tədbirin bütün ənənəsindən danışan dostum sonda yeni iştirak edənlərin özünü Rəşad Məcidə təqdim edib tədbirdəkilərə tanıtmasını xüsusilə vurğulayıb məni bir az həyəcanlandırdı. Düşünə bilərsiniz ki, burada həyəcanlanmalı var? Xarakterimdə özümdən asılı olmayaraq ifrat utancaqlıq olduğundan artıq bu qədər adamın içində ayağa qalxıb özümü təqdim etməyi dərd eləmişdim. Ürəyimdə Allaha dua edib: “Kaş yeni gələnlərlə tanışlıq olmazdı” – deyirdim ki, tədbirin qonağı Tofiq Abdin tanışlığın bir o qədər vacib olmadığını dedi. Bəlkə Tofiq müəllim bu kəlməsiylə mənə necə yaxşılıq etdiyini heç özü bilməyib. Tofiq Abdinin yaradıcılığı ilə o qədər yaxından tanış olmasam da “525”dən onu izləyirdim, ədəbiyyat coğrafiyamda o qədər yad bir isim deyildi. Tofiq müəllimin ədəbiyyatdan tutmuş pivəli kartof qızartması, yumurtalı yarpaq dolması, kulinariya reseptlərinə kimi bütün söhbətlərinə diqqətlə qulaq kəsilmişdim. Ədiblərinməclis qızışdıranmaraqlı sualları, Qismətin növbəti satirik şeiri, bir sözlə, söylənilən hər bir kəlmə, hər bir ədəbi fikir mənə böyük zövq verirdi. Belə bir mühitə çoxdan ehtiyacım olduğunu dərk etməyə başlamışdım. Ədəbiyyat yenə uşaqlıq illərimdə olduğu kimi məni cəzb etməkdəydi. Həmin gün bu sehrli ədəbi mühit ədəbiyyatdan çox uzaq düşdüyümü hiss etdirdi. Həmin gün içimdəki şeirə olan ehtiyacın necə dərinləşdiyini duydum. Tədbir öz xoş poetik ritmiylə davam etməkdə idi. Hər söylənilən şeir yeni bir aura gətirirdi... Amma nədənsə Tofiq Abdinin türk şairi Yəhya Kamal Bayatlıdan dediyi şeiri daha çox sevmişdim...

 

Artık demir almak günü gelmişse zamandan

Mechule giden bir gemi kalkar bu limandan

Hiç yolcusu yokmuş gibi sessizce alır yol

Sallanmaz o kalkışta ne mendil, ne de bir kol...

 

İçəridəki poeziya əhvalı bütün ruhumu sarıb məni ona təslim etmişdi. Şeir qədər gözəldir, qədər incədir. Bəlkə əslində bu əvəzolunmaz Tanrı hədiyyəsinə görə dünyanın ən xoşbəxt insanlarıdır şairlər...

Bəlkə insanlar arasında fərqli duyğuların, dərdi anlamaq hissinin ən ifratına sahibi olduğu üçün dünyanın ən bədbəxt insanlarıdırlar.

Tədbir bitdikdən sonra bu kədər qonmuş lirikadan xilas olmaq üçün bir az Bakımızı dolaşmaq istədim. Payız necə yaraşırdı küçələrə, saralmış yarpaqlarla bəzənən səkilərə, bozumtul yağış həsrətli göylərə. Mən necə vurulmuşdum payıza... Asta-asta, öz addımlarımın, dabanlarımın ritmi altında Xəzərə üz tutmuşdum. Sahil yenə kədərli idi. Qayğısız sevənlər, bəlkə sevgini analiz etməyə gələnlər, sarmaş-dolaş, bu dünyadan xəbərsiz, dünyanın ən xoş adamlarına çevrilmişdilər. Sahil isə bu xoşbəxtliyi qısqanırdımı, ya idisə, qaşqabaqlı idi. Balıqçılar balıq həsrətiylə, tənhalarkaş sevgilim yanımda olaydısevdasıyla, “sevənləröpüş vüsalıyla, mən isə yağış diləyiylə dənizlə ünsiyyətdəydik.

 

Rıhtımda kalanlar bu seyahetden elemli

Günlerce siyah ufka bakar, gözleri nemli

Biçare gönüller, ne giden son gemidir bu

Hicranlı hayatın ne de  son matemidir bu.

 

Dənizin rəngi göylərə düşmüşdü. Bu bozumtul rəngi bütün rənglərdən çox sevirəm. Onda dənizin buxarlanan kədəri, göylərdən ağlayan yağışın rəngi iz salıb... Bu rəngdə səssiz bir hüzn, sükutun qulaqbatırıcı səsinin sirri gizlənib... Bu rəng çox gözəldir, çox. Qağayılar dalğalara qonub yem axtarırdı. Səssizcə gözümü uzaqlara dikib sonsuzluğu, göylərlə dənizin birləşdiyi nöqtəni seyr edirdim. Bir anda könlümdən o nöqtənin xoşbəxtliyində olmaq keçdi. Ətrafda bir cütlük əyləşmişdi. Oğlan sanki asılqandan asılırmış kimi, qolunu qızın çiynindən asmışdı. Kənardan necə qeyri-səmimi təəssürat bəxş edirdilər. O an oğlan qızın arasında gedən dialoqun maksimum nədən ibarət olduğu mənə bəlli idi. Oğlanın öpüş cəhdləri üzərində qurulan kəlmələr qızınsəmiminaz satması.

 

Bir çok gidenin her biri memnun ki, yerinden

Bir çok seneler geçti dönen yok seferinden...

 

O biçarə qız hələ bir gün bu dənizə, elə indi əyləşib naz etdiyi yerə tək gələcəyindən, gözüyolda uzaqlara baxıb bu günlərini xatırlayacağından xəbərsiz idi... yazıq ki, bizlərdə sevgi təfəkkürü formalaşmayıb... yazıq ki, hisslər səmimiyyətdən kənar qurulur... Tədbirdə eşitdiyim şeirin sonuncu misraları da beləcə, son akkordlarını ürəyimdə vurdu...

 

 

Yeganə CANSAİL

 

525-ci qəzet.- 2009.- 14 noyabr.- S.21.