“...və başqaları”nin içindəkiylə görüş
Məlumdur ki, noyabrın 7-də Gənc Ədiblər
Məktəbinin qonağı Tofiq Abdin idi. Mənim kimi, uşaqların əksəriyyəti
onun yalnız şəklini və imzasını
tanıyırdı. O da “525-ci qəzet”dən. Amma
görüşdə Tofiq müəllimi daha yaxından
tanıya bildik.
Gənc Ədiblər Məktəbinə qonaq olan şairlər və nasirlər müxtəlif rakurslarına görə gənc ədiblər üçün maraqlı olur. Biz bunu daha çox görüşdən sonrakı çay dəstgahında müzakirə edirik. Görüş haqqında təəssüratlarımızı bölüşürük. Mənə elə gəlir ki, bu çay dəstgahında olan söhbətlər qonaq üçün də maraqlı olar, qonaqdan görüşünün necə keçdiyini soruşanlar üçün də. Qonaq gənclərdə hansı hissləri oyatdığını, onların düşüncələrində öz obrazını necə yaratdığını və görüşdən sonrakı baxışları bilmək istəyər. Bu baxımdan istədim ki, maraqlananlar görüşdən sonra baş verənlərdən xəbər tutsunlar. Onu da qeyd edim ki, qonaq həmişə bizim əzizimizdi. Onun şəxsiyyətinə, fikirlərinə hörmətlə yanaşırıq. Burada təqdim etdiyim söhbət noyabrın 7-də, saat 17 radələrində Şirzadın kafesində olub.
– Mənə
elə gəldi ki, Rəşad müəllim bu görüşə
şair-publisist yox, şadlıq evindən administrator çağırmışdı.
Səlim müəllim, siz də
tədbirdə iştirak elədiniz. Gördünüz
qonağı da, “ədəbi” diskussiyaları da. Bu
görüş sizdə necə təəssürat oyatdı?
Səlim BABULLAOĞLU: – Bu görüşdə ədəbiyyat az idi. Və səbəbi
də təkcə Tofiq Abdinlə bağlı deyildi, kəsəsi,
hər bir görüş qarşılıqlı təmasdan
doğur. Tofiq müəllim mənə görüşdə
iştirakıma görə təşəkkür elədi.
Sağ olsun. Mən də insan kimi ona sayğıyla
yanaşıram. Amma mən orada təsadüfən iştirak
edirdim. Allah köməyi olsun Tofiq Abdinin. Ümumiyyətlə,
çox maraqlı adamdı: ekstrovert, impulsiv, inadkar. Geyimindən
tutmuş yazılarına qədər. Sənət adamları
müxtəlif cür geyinir və bu onların xarakterini
bildirir. Cavidin xatirələrində Səməd Vurğunla
Müşfiqin geyimi haqqında, xarakterləri barədə
maraqlı fikirlər var. Yaxud Qara Qarayevin musiqidən
danışmağı ilə adi söhbətlərinin fərqliliyi,
geyimi barədə o qədər əfsanələr
dolaşır ki... Düzdü, Tofiq Abdin nə
Müşfiqdi, nə Qarayev. Amma onun geyim tərzi çox fərqlidi,
tutalım, cins şalvar, dama-dama köynək geyə, üstəgəl
qalstuk vurub gödəkçə də geyinə bilər. Belə
deyək də, mozaikdi, bu cür geyim tərzinə
yarımidman, yarımyüngül üslub deyirlər.
Maraqlı budu ki, bədii təfəkkürü də
mozaikdi, fraqmentardı Tofiq Abdinin. Məsələn, Tofiq Abdin
görüşdə deyirdi ki, ədəbiyyat adamı tərbiyə
eləmir. Bu məsələ o yaşda və ədəbi təcrübədə
adam üçün həll olunmuş məsələ
olmalıdır. Mənə elə gəldi ki, Tofiq Abdin o məsələni
özü üçün həll eləməyib. Əlbəttə,
heç kim uşaq baxçası üçün yazmır.
Amma hamı normal yaşayırsa, onun yaşadığı təcrübə
hökmən normal bir insanın yaşamasına,
düşünməsinə və deməli, tərbiyəsinə
də xidmət eləyəcək.
– Tofiq müəllim görüşdə qeyd elədi ki, o, heç vaxt sətiraltı mənaları qəbul eləmir. Hətta onun nə olduğunu bilmir. Buna münasibətiniz necədi?
Səlim BABULLAOĞLU: – Bu məsələdə onunla razılaşıram. Amma bir Ezop dili var. Özü də antik dövrdən bu yana. Ancaq bu janr daxilində qəbul olunanda, baxılanda doğrudur. Yaxşı poeziyanın sətiraltı mənası olmur. Orda məna sətrin altında da, üstündə də bəllidir. Ortabab poeziya özünə bəraət üçün sətiraltı məna deyilən nəsnənin arxasında gizlənə bilər. Yenə deyirəm, söhbət metafiziki obrazlardan getmir, simvollar nəzərdə tutulmur. Məsələn, təmsil. Borxesin yaxşı bir sözü var. Deyir: “İnsanlar günah eləyir, sonra da günahları yıxırlar heyvanların üstünə.” Ona görə də mən alleqoriyanı qəbul eləmirəm. Amma aydınlıq deyiləndə də publisistika, statistika da düşünülməməlidir. Mən fikirləşirəm ki, ədəbiyyatı oxuyanda nədən danışıldığı hamıya aydın olmalıdır. Oturub düstur yazmağın nə mənası?
– Tofiq Abdin görüşdə dedi ki, ədəbi tənqidçilər “ulduza hürən itlər”di. Onlara ümumiyyətlə ehtiyac yoxdur.
Səlim BABULLAOĞLU: – Kobud dedi. Amma ya Hessedi, ya Hötedi, unutmuşam, deyirdi ki, tənqidçilər yazıçıların süfrəsindəki artıqla dolanırlar. Amma Tofiq Abdin daha kəskin dedi.
– Deyəsən Tofiq müəllimin tənqidçilərlə ciddi problemləri var, bəlkə də həmişə hədəfdə olan adamdır. Amma görünür Tofiq müəllim artıq tənqidçilərin əlindən bezib. Ona görə də xüsusi canfəşanlıqla vurğuladı ki, ədəbiyyata tənqidçi lazım deyil. Ümumiyyətlə ədəbi tənqidi qəbul etmədiyini bildirdi.
Səlim BABULLAOĞLU: – Ədəbiyyatda tədqiqatçı olmalıdır. Amma məncə tənqidçi sözünü ləğv eləmək lazımdır. Tənqid birbaşa pisləmək deməkdir. Tənqidçi yox, tədqiqatçı lazımdı. Bir peşənin ki adında qabaqcadan bəyənməmək və qərəz var, ondan yaxşı şey gözləmək olmaz. Ədəbiyyatçı araşdırmalıdı, təhlil eləməlidir. Ədəbiyyat tarixi boyunca da, bir neçə tənqidçini çıxmaq şərti ilə, ən yaxşı araşdırmaları yenə yazıçı və şairlərin özləri yaradıb. Yəni biz yemək haqqında hamımız qidalandığımız üçün fikir deyə bilərik. Amma ən yaxşısını yenə aşbaz bilir. Həm qidalanan insan olaraq, həm də onu hazırlayan kimi. Məsələn, Qulu Ağsəs Qəşəm Nəcəfzadənin yubileyi ilə bağlı xüsusi buraxılışda yazır: “Onun şeirləri nə tərcüməyə yatır...” Yazıçı sözüdür. Həm qeyd var ki, poetikası vərdiş olunan deyil, və həm də tərcüməyə asan gəlir. Ehtiyatla deyilib, insan qəlbini sındırmır.
– Gənc ədiblərin bu günə kimi bir neçə görüşü olub. Məncə, heç bu qədər maraqsızı olmamışdı. Səlim müəllim, iştirak elədiyiniz görüşlərin hansı daha maraqlı idi?
Səlim BABULLAOĞLU: – Mən çox görüşdə olmamışam. Öz görüşüm olub, Qəşəmin, bir də Tofiq Abdinin görüşlərində olmuşam. Ən xoşuma gəlməyəni Tofiq Abdinlə keçirilən görüş oldu. Qəşəmlə olan görüş maraqlı keçmişdi.
– Nahid, bu görüş haqqında sən nə düşünürsən?
NAHİD: – Bu görüş deyildi ha. Mən uşaqları görməyə gəlmişdim.
II QİSMƏT: – Bu görüş deyildi. Ədəbiyyata dəxli olmayan bir şey idi. Öz bioqrafiyasından danışdı, yemək reseptləri verdi.
RƏBİQƏ: – Mən onu öyrəndim ki, kartofu pivədə bişirmək olar. Tənək dolmasına yumurta vururlar...
– Görüşdə Tofiq Abdin onu da qeyd etdi ki, şeir oxumaqdan yoruluram. Amma bizimlə görüşə şair kimi gəlmişdi. Biz də onun şeirlərini dinləmək istəyirdik. Əgər bir şair görüşdə öz şeirlərini oxumaqdan yorulacaqsa, niyə gəlir? Tofiq Abdin nəyə gəlmişdi? Bizə öz mətbəxindən danışmağamı?
II QİSMƏT: – Orda ən maraqlı şeir Tofiq müəllimin Yəhya Kamaldan oxuduğu idi. Onun da birinci bəndini izah edə bilmədi.
RƏBİQƏ: – O, sadəcə özünü biabır elədi.
– Tofiq Abdin dedi ki, yazılardan durğu işarələrini yığışdırmaq lazımdır. Görən, bu barədə dərindən düşünüb?
Səlim BABULLAOĞLU: – Türklər bunu Orxan Vəlidən başlayaraq indiyə qədər eləyirlər. İndi türklərin əsas şeir kitablarına baxın, nöqtə-vergül yoxdur. Amma bir rus cümləsi var: “Öldürmək olmaz buraxmaq” (ubivat nelzya otpuskat). Burada vergülü “öldürmək”dən sonra qoysaq, bir adam öləcək, “öldürmək olmaz”dan sonra qoysaq, bir insan xilas olacaq.
– Tofiq müəllim onu da qeyd etdi ki, yazıçılıq, teatrşünaslıq çox ağır sənətdir. O, bir də bu dünyaya gəlsəydi, yazıçı olmazdı. Mən bilmirəm, bu şablon sözü niyə hamı yerli-yersiz işlədir. Hər gün kefdə-damaqda olan, hamıdan yaxşı yaşayan bəzi müğənnilər ağızlarını açan kimi sənətlərinin çətinliyindən danışırlar, rəis öz peşəsinin ağırlığından misal gətirir, nazir nazirliyin çətinliyindən... İndi də Tofiq Abdin deyir bunu. Əgər onun üçün belə çətindirsə, niyə gedib yüngül iş tapıb məşğul olmur? Əgər Tofiq müəllimə ağır görünən teatrşünaslığı, rəsssamlığı, ümumiyyətlə incəsənəti, yazıçılığı, yaradıcılığı birdəfəlik atsaq, gedib “Vasmoy bazarı”nda kartof satsaq, sonra nə olacaq? Dünya mədəniyyəti, incəsənəti sərgilənəndə biz də kartof növlərini sərgiyə çıxardacağıq?
II QİSMƏT: – İdmançı desin ki ştanq qaldırmaq ağırdır, bu idman növünü ləğv eləsinlər. Fəhlə desin, ev tikmək ağırdı, bu iş də ləğv olunsun. Onda nə oldu bu? Ramiz Rövşənin bir şeiri var:
“Yük altından öz çiynini
qaçırdanda böyüklər,
Balaların çiyninə yük düşərmiş
sən demə”.
RƏBİQƏ: – Kimə ağırdı, eləməsin. Tofiq Abdini buna məcbur eləyən var? Bu, müzakirə predmeti deyil. O, gərək bunu heç ağlından keçirməyəydi. məncə, Tofiq Abdinin birinci mərhələdə yazdığı yazılar yaxşı idi. Amma indi cümlələri çox uzun və qarışıqdır. Ona görə də yorucu və maraqsızdır. Bir də bu “nöqtə-vergül söhbəti” mənasızdır.
II QİSMƏT: – Nöqtə, vergül yazıda vacibdir. Tofiq müəllim povestində nöqtə-vergülü yığışdıraydı də. Görəydi nə baş verir. Elə bil yollardan svetoforları, işarələri götürmüsən, bütün maşınlar, piyadalar bir-birinə girib...
– Tofiq müəllim dedi ki, ədəbiyyat təsir qüvvəsinə malik deyil. Şair, yazıçı heç bir kütləyə təsr edə bilməz. Amma Heminqueyin, Jül Vernin, başqa bu kimi yazıçıların əsərləri cəmiyyətin, elmin, texnikanın inkişafı üçün yeni ideyalar vermişdi. Elə özümüzdən götürək. Meydan hərəkatında Sabir Rüstəmxanlı, Xəlil Rza Ulutürk, Rüstəm Behrudi cəmiyyətin düşüncəsinə təsir edirdilər. Onları arxalarınca meydana gətirməyi bacarırdılar. Lap elə dünya müharibəsində. Vətənpərvər şeirlər əsgərləri daha da ürəkləndirirdi. Onlara vətən yolunda ölməzliyin ucalığını aşılayırdı. Amma Tofiq müəllim şairlərin, yazıçıların kütlə qarşısında dura bilmələrini birmənalı olaraq təkzib edir.
II QİSMƏT: – Ola bilər ki şair və yazıçı öz dövründə kütləni arxasınca para bilməsin. Amma Boudler kimi müəyyən vaxtdan sonra onun təsiri ilə çox maraqlı şeylər yazarlar və olarlar onun davamçıları. Vacib deyil ki, onun olduğu zamanda çıxıb kimlərisə arxasınca aparsın. Bunların hamısı göstərir ki, ədəbiyyatın cəmiyyətə təsiri var. Özü də çox güclü təsirə malikdir. Bilirsən, yazıçı bunu yazanda fikirləşmir ki, mən bunu yazım Məmmədə, Həsənə təsir eləsin. Amma yazır, sevinci, iztirabı adama təsir edir. Ədəbiyyat hamıya təsir edə bilər və edir də.
NAHİD: – Yazıçılığı, şairliyi bir kənara qoyaq. Özümdən adi bir misal gətirim. Mən həmişə birinci qrupa hazırlaşırdım. Birinci qrupun bütün fənlərin lazımınca öyrənirdim. Düzü, əvvəllər daha çox vətənpərvər idim. İndi də vətənpərvərəm, buna söz yox. Güclü olmaq istəyirdim. Fikirləşdim ki, güclü olub, vətəni xilas edəcəyəm. Bir dəfə şəhərdən qayıdanda qəsəbənin girişində Heydər Əliyevin bir sözünü oxudum: “İqtisadiyyatı güclü olan bir ölkə hər şeyə qadirdir”. Mən o sözə görə gedib ixtisasımı dəyişdim. Və fikirləşdim ki, mən güclü iqtisadçı olub vətəni xilas edəcəyəm. Bax, mənə təsir edən o bir cümlə olmuşdu.
II QİSMƏT: – Ədəbiyyatın adamlara təsiri çox güclüdür. Hötenin məşhur bir əsəri var: “Gənc Verterin kitabları”. O yazıldığı vaxt nə qədər adamlar oxuyub intihar edirdi. Pis təsirdir. Amma ədəbiyyatın təsiridir. Deməli, ədəbiyyatın təsiri var.
Səlim BABULLAOĞLU: – Bəli, ədəbiyyat pis və yaxşı təsirə malikdir. Bizə bir adam söyür, təsirlənirik, kompliment deyir, xoşumuza gəlir. Ədəbiyyat da söz sənətidir. Söz isə insan üçündür.
– Tofiq Abdin onu da dedi ki, ədəbiyyat tərbiyələndirmir və tərbiyəsizləşdirmir...
Səlim BABULLAOĞLU: – Tərbiyəsizi heç nə tərbiyələndirmir. Sədi Şirazinin bir yaxşı sözü var:
Doğrudur ki, daşdan çıxar cəvahir,
Lakin hər daşda bil, cəvahir olmaz.
Hər yerdən görünər Süheyl ulduzu.
Lakin hər məkanda təsir bir olmaz”.
II QİSMƏT: – Bir adam hansısa kitabı oxuyub ondan təsirlənirsə, ondan nəsə götürürsə, müəllifin ikinci kitabını da oxuyacaq, üçüncü kitabını da. Əgər onlar da əvvəlki gücə malikdirlərsə. Heç nə oxumayan adama heç nə təsir eləmir. Əslində bunlar çoxdan həll olunmuş məsələlərdir.
– Çox maraqlı idi ki, Tofiq Abdin görüş başlayan kimi özünün Azərbaycan ədəbiyyatındakı yerindən danışdı: “Mən həmişə “...və sairə”lərin içində olmuşam. Bir də görürsən, mənim də iştirak elədiyim bir yerdəkilərin adlarını sadalayırlar: “Əli, Vəli, filankəs, filankəs...”, mənə çatan kimi olur “...və başqaları”. Bu görüş mənə həm də ona görə maraqlı gəldi ki, qonağımız öz yerini bilirdi.
Vüsal NURU
525-ci qəzet.- 2009.- 14 noyabr.- S.20-22.