Bir dəfə Tofiq Abdinlə
Klassik dillə desəm, mən bu yazını yazmaqdan nəşələnirəm. Yəni, kef edə-edə, dünyanı vecimə almayıb həvəsimdən az qala klaviaturanın kələfini kəsirəm: barmaqlarımı var gücümlə düymələrə döyəcləyirəm ki, qəhrəmanımın özü kimi səs-küylü olsun. Bu o demək deyil ki, yazımın qəhrəmanı Tofiq Abdin olacaq və mən ənənəvi reportajçı vəzifəmi mütləq yerinə yetirməliyəm. Yox, sadəcə, Milli Kitabxananın divarları arasında – hələ tədbirimiz bitməmiş yazıya başlamaq üçün əlimin içi qaşınırdı. Hətta Rəşad Məcidin yüngülvarı “xətrimə dəyməyi” belə məni fikrimdən daşındırmadı və evə çatan kimi bir loxma çörək çeynəyib qollarımı çırmadım. Xətircəm ola bilərsiniz ki, qəhrəmanımın portretini bacardığım qədər orijinala yaxın yaratmağa çalışacam: ürəyim istəyən qədər tərifləyəcəm, istəmədiyi qədər tənqid edəcəm, istehzanın, bostana daş atmağın biri bir qəpikdən olacaq. Tofiq abimizdən də yazmayıb kimdən yazaq e... O bizim üçün sevimli “Əlisamiyə stadionudur”.
Belə yoldaşçılıq olar, abi?!
Noyabrın yeddinci günü M.F.Axundov adına Milli Kitabxanada baş tutan Gənc ədiblər – Tofiq Abdin görüşü özəl cəhətləri ilə yadda qaldı. Qonağımızın dəqiq adam olduğuna əmin ola bilərsiniz. Saat 13: 57-də görüş zalına təşrif buyuran kimi səsi aləmi götürdü. Əvvəlcə özü ilə gətirdiyi kitablarını stolun üstünə tolavazlayıb ( hə, məhz tolavazlayıb ) bir göz qırpımında kitabların dalına dəyən gənc ədiblərə “ay salam əleyküm” deməsi ilə yerinə keçməyi bir oldu. Saat 14:00. Rəşad Məcid hələ gəlməyib. Səbrini basa bilməyən abi özündən təzə qayda çıxarır: “Gəlin biriniz oturun yanımda tədbirə başlayaq. Rəşad Məcid deyəsən gəlməyəcək.” Məni gülmək tutur və “məllim elə şey olar?” deyər-deməz Sevinc Mürvətqızının dəstək səsini eşidirəm. Bizi yola gətirə bilməyəcəyini görən qonağımız özü danışmağa başlayır. Deyir,mən bura əvəzedici kimi gəlmişəm. Onu düz deyir. Bizim görüşümüz Zəlimxan Yaqubla nəzərdə tutulmuşdu. Zəlimxan müəllimin cərrahiyyə əməliyyatı olunmağı Sabir Rüstəmxanlıya sarı üz tutmağımıza səbəb oldu. İkincinin də Türkiyə tədbiri aralığa girməsəydi qanunla Tofiq abi ilə görüşə bilməyəcəkdik. Amma məsələ bunda deyil. Məlumunuz olsun ki, Rəşad Məcid Tofiq Abdini hələ çox-çox əvvəllər bizimlə görüşdürmək istəyib. Hər dəfə bir bəhanə ilə boyun qaçıran abimiz axır ki, yola gəlib. Bunu, bizi bəyənməmək kimi də qəbul etmək olar. Elə belə də soruşmaq istəyirdim ki, özü qabaqladı. Amma qəttəzə sığortalı bəhanə ilə. Təvazökarlığı da öz yerində . “Siz hamınız mənim səviyyəmdə yazarsınız, sizə dərs keçməyin nə mənası var? O vaxtkı ədəbi məclislərdə fəhlələr iştirak edirdi. Mən də fəhlə işləyə-işləyə gəlib şeir oxuyurdum.” Əla bəhanədi abi, inanan daşa dönsün.
Rəşad
Məcid görüş zalına girəndə
iştirakçıların çoxluğunu görüb bir az da ürəkləndi. Bu əlbəttə ki, Tofiq abimizi çox
istəyənlərin sayını göstərirdi. Rəşad
müəllim qonağı təqdim edib onun haqqında xoş
sözlərini deyəndən sonra noyabrın 6-da 96
yaşında dünyasını dəyişən Xalq
yazıçısı Qılman İlkinə allahdan rəhmət
dilədik. Sən demə Tofiq müəllim
yazıçı ilə görüşüb müsahibə
götürmək istəyirmiş. Hələ cavanları da
qınadı ki, 96 altı yaşlı insandan müsahibə
götürməyi ağıllarına gətirməyiblər.
Tofiq müəllim
Türkiyədə yaşayanda “525-ci qəzet”ə dərc
olunmaq üçün nə az nə
çox düz 197 yazı göndərib. 127-si dərc olunub 70-i geri qayıdanda
inciyib. Türkiyədən söz düşmüşkən,qonağımız
deyir ki, qardaş ölkənin “Orta doğu” qəzetində
işləyəndə bir yazısı üzündən qəzeti
bağlayıblar. Səbəb sadədir, yazıda firon
sözü işlənib ki, bu da kiminsə xoşuna gəlməyib.
Sən demə, Türkiyədə firon sözü təhqir
kimi səslənirmiş. Amma qəzetin redaktoru bundan
çıxış yolunu tapıb. Deyib ki, abimiz Azərbaycandan
gəlib və firon onlarda təhqir mənasını ifadə
etmir. Türkiyədəki mətbuat azadlığından
ağız dolusu danışdı. Amma aylarla “Orta doğuya”
yazmasına baxmayaraq qara qəpik də qonarar almayıb.
İş istə, özü də
əlin cibində
Köhnə
vaxtlardan söz saldı.. Ədəbiyyata təzə gəlməyindən,
iş yeri tapmağından, işdən qovulmağından və
s. Ən maraqlısı isə xalq şairi, adını
böyük ehtiramla andığı Rəsul Rza ilə bağlı
xatirəsi oldu. Mən yazım, siz də abimizin canından gələn
sərbəstlik və azadlığın bir nümunəsi
kimi nuş edin. Səhv etmirəmsə 1967-ci il dedi, İsa
İsmayılzadəyə qoşulub gedib Dövlət
Ensiklopediyasına ki, Rəsul müəllimdən iş istəsin.
Görmüşük ki, iş istəyən adam suyu da
üfürə-üfürə içir ki, birdən rəhbərliyin
yox cavabına tuş gələr. Kimə deyirsən, abi əlini belinə qoyub Rəsul
müəllimin qabağında dayanıb ki, iş istəyirəm.
Deyir, Rəsul Rza qapısına gələni boş
qaytarmazmış, ona görə də abimizi işə
götürüb. Amma deyib ki, bala heç olmasa əlini belindən
götür. Bu birinci hal
deyilmiş ki. Cavan vaxtı İsmayıl
Şıxlının da otağında əlini cibinə
salıb danışırmış. ( deyəsən
o vaxtı da iş məsələsiymiş) İsmayıl
müəllim bunu irad tutanda heç halını da
pozmayıb. Elə belə də deyir: mən ürəyim istəyəni
deyən, kefim istəyəni eləyən adamam.
Ensiklopediyanın işçisi kimi bir qədər
çalışdıqdan sonra başına yeni əhvalat gəlib.
Foyedə cavan, yaraşıqlı bir qızla söhbət
edirmiş. Özü etiraf etdi ki, sıradan məsələ
deyildi. Ortada ciddi problemlər
varmış. Söhbətin şirin yerində Rəsul
müəllim cavan aşiqlərin yanından keçir. Tofiq
abimiz halını dəyişmədən sentimental
etiraflarını davam edir. Rəsul Rza geri qayıdanda yenə
oxşar səhnənin şahidi olur. Üzünü cavan
işçisinə tutub deyir ki,... Yox bunu yazmayacam. Tofiq müəllimin
özündən soruşarsınız. Rəsul müəllim
ikinci mərtəbəyə qalxıb şöbə
müdiri Vaqif Səmədoğlunu yerində görməyəndə
deyir ki, belə müdirin belə də işçisi olar.
Öz aramız olmasa da deyim ki, Tofiq müəllimin köhnə xasiyyətlərini qətiyyən tərgitmək fikri yoxdur. Məsələn, bizimlə danışanda da qara plaş gödəkçəsini arxaya verib, əlləri cibində çiyinlərini tərpədə-tərpədə danışırdı. Hərdən kefi istəyəndə qarmon ifaçıları kimi barmaqlarını stolun üstündə oynatmaqdan da qalmırdı. . Rəşad müəllimin tikanlı atmacalarından əsəbiləşəndə “allaha and olsun yox” deyib “canım qardaşım” ifadəsi dilindən düşmürdü.
“Tənqidçilərə
yazığım gəlir”
Yəhya Kamal Bayatlıdan oxuduğu gözəl
şeirə görə Tofiq müəllim gənc ədiblərin
atəşin təşəkkürünü qazandı.
Elə bu şeirin də
üstündən ədəbiyyat söhbətləri
başladı ki, gəl görəsən. Tofiq abimiz ədəbi
baxışlarında da fərqliliyi ilə yadda qaldı. Məsələn
deyir ki, kimdən eşitsəniz ədəbiyyat insanı tərbiyyə
edir,inanmayın. Bunlar da onun dediklərindəndir: “Mən cavan
vaxtı şeirlərimi qızların xoşlarına gəlmək
üçün yazırdım. İndi də ola bilər.
İbrahim Tatlısəsin kinolarına baxanda ağlayıram.
Amma bu o demək deyil ki, tərbiyə olunuram”.
Hələ tənqidçilərə
də ələkdən keçirməyi yaddan
çıxarmadı. Daha doğrusu tənqidi qəbul etmədiyini
deyib nöqtəni belə qoydu: “Mənim tənqidlə məşğul
olanlara yazığım gəlir. Onlar aya-ulduza hürürlər”.
Elə bu yerdə dostumuz Rəbiqənin replikası
eşidildi. “Tənqidçiləri biabır elədi”.
Ümumiyyətlə, Tofiq Abdinlə
görüşdə yaman çox adam iştirak edirdi. Oqtay
Rzanın gəlişi Tofiq müəllimin kefinə kef
qatdı. Qonaqlar arasında Səlim Babullaoğlu, Məlahət
Yusifqızı, Narıngül də var idi. Oqtay müəllim
“gecə birin yarısında” şeirini deyəndən sonra 75
yaşlı şairimizdən alqışları əsirgəmədik.
Əla şeirdir. Tapıb mütləq oxuyun. Hə, balaca bir
nüansı da yazıb Oqtay müəllimin 75 illik yubileyinə
hədiyyə edim. Hələ də adını öyrənə
bilmədiyim bir qız Oqtay Rzanı görən kimi
üzünün məsum ifadəsi ilə gülümsəyib
şirin-şirin dedi: “bu kişidən elə xoşum gəlir”.
Qismətin
Əli Əlioğluna həsr etdiyi zarafatyana elçilik
şeiri ikincini guya utandırsa da, alqış səsindən
ürəklənib cana gəldi. Dostumuzun da ortada elçilik
problemi var. Ümid qalıb Zəlimxan Yaqub- Aqil Abbas-Rəşad
Məcid üçlüyünə. Görək də nə
olur... Bilmirəm nədənsə, gənc ədiblər bu dəfə
zəif iştirak etdilər. Həmişə növbəyə
duran dostlardan indi səs-səmir çıxmırdı.
Qınayan olmasa, bunu da yazaram Tofiq abimizin ayağına... Amma
hansı mənada? Əlbəttə, onun çox maraqlı həmsöhbət
olmasından başqa heç nəyə nəzərdə
tutmuram.
Elə bilirsiniz Tofiq müəllimin qəribəliyi onun təkcə ədəbiyyata, sənətə münasibətindədir? Tələsməyin. Deyir, indiyə qədər razı olmamışam ki, evdə mənim qabağıma bir stəkan çay qoysunlar. Hər səhər özüm paltarlarımı ütüləyirəm,çay dəmləyib səhər yeməyi yeyib evdən çıxıram. Yaxşı sup bişirməyi də var. Subay adamlar reseptini öyrənmək üçün müraciət edə bilərlər. Yeməyini bilmək marağınız varsa onu da yazım: nə vaxtsa yarpaq dolmasının üstünə yumurta çalıb yeyən adam görsəniz qətiyyən təəccüblənməyin. Tofiq abini yada salın. Hələ mən pivədə qızardılmış kartofu demirəm. Xalis delikates. Zarafatsız-filansız oxuyun: bu adamın analoqu yoxdur.
Tofiq müəllim
bizimlə danışanda deyəsən özünü
dövlət universitetlərində hiss edirdi. “Kimin işi varsa durub gedə bilər”
cümləsini bir neçə dəfə təkrar edəndə
onun narahatçılığını görmək çətin
deyildi. Mən yüz faiz arxayınam ki, bu onun özünə
arxayınçılığının və daxili
azadlığının bir nümunəsidir. Amma yəqin onu
da bilir ki, Gənc ədiblər məktəbində heç
kimin iştirakı məcburi deyil. Təəccüblənməyin,
siz də dostumuz Zərdüşt kimi bir ucdan gələn
qonaqları yerbəyer edib stul daşısaydınız, Tofiq
müəllimin ünvanına məndən beşbetər
gileylənərdiniz.
Cavid Zeynallı
525-ci qəzet.- 2009.- 14 noyabr.- S.20.