“Əsər mənəvi ehtiyacdan yaranır”

 

Görkəmli yazıçı Əli İldırımoğlunun az ya çox dərəcədə avtobioqrafik fraqmentlər əsasında yazılan “Zorən jurnalist”, “Mənim rəncbər atam”, “Həmin adam”, “Közərən sətirlər”,“Qarlı gecələr”, “Aqibət” əsərlərini oxuduqca özünü, şəxsiyyətini daha yaxından tanımışam. Qəzetimizin redaktoru, yazıçı Yaşarla Əli İldırımoğlundan müsahibə götürməyə gedəndə məni ömrünün 82-ci payızını yaşayan yazıçının ömrünün ahıl çağında, müdriklik dönəmində hansı ovqatla, əhval-ruhiyyə ilə yaşadığı maraqlandırırdı. Yolboyu yazıçı Yaşar mənim Əli İldırımoğlu haqqında olan təsəvvürlərimin, xəyalımda cızdığım yazıçı-jurnalist portretinin tamamlanmasına yardımçı oldu: “Onun yaradıcılığına hərtərəfli bələdəm. Əli müəllimin yaradıcılığının əsas qayəsi budur ki, onda həyatla ədəbiyyat arasındakı sərhəd itir. Hərdən adam çaşır ki, görəsən, bunun hansı ədəbiyyatdır, hansı həyatdır. Onun bütün yazdıqları, müşahidələri tərcümeyi-halıdır. Əli İldırımoğlu itirilmiş zamana can verməyi bacarır. Baxmayaraq ki, onun romanlarındakı qəhrəmanlarının çoxu bu gün artıq həyatda yoxdur”. Həmkarım həmçinin Əli İldırımoğlunun bu gün barmaqla sayılacaq qədər az qalan köhnə, ağır kişilərdən olduğunu söhbətində vurğuladı. Əli İldırımoğlunun şəxsiyyətinin sanbalı haqqında məndə yaranan təəssürat yazıçının evində daha da möhkəmləndi. 

Qapının zəngindən sonra bizi ilk olaraq Soltan Hacıbəyovun “Gülşən” baletinin sədaları, daha sonra yazıçının özü qarşıladı. Yaşından xeyli gümrah görünən Əli İldırımoğlunun “Gülşən” baletinə qulaq asmağının səbəbi barədə sual verməyə ehtiyac olmadı: “Mənim üçün hər bir musiqi, hər bir melodiya, hətta nə zamansa qoxladığım çiçəyin ətri keçmişimə qayıtmaq üçün bir vasitədir. Ömrümün hansı çağındasa dinlədiyim musiqiyə hər dəfə qulaq asanda həyatımın həmin dövrünü xatırlayıram. Yaxud hansı yaşımdasa qoxladığım çiçək məni xatirələr dünyasına aparır. Bir misal deyim: Nərgiz gülü əsasən Bakıda bitən ətirli bir çiçəkdir. O gözəllikdə çiçəkdən həmişə qaçıram. Səbəbi də odur ki, 30 il bundan əvvəl böhranlı günlərim idi. Səhhətim çox pisləşmişdi. Həmin vaxt Mərdəkandakı sanatoriyalardan birində ağxalatlı həkimlər, tibb bacıları ilə əhatə olunmuşdum. O zaman nərgiz gülünü qoxlamışam. Ona görə də sonralar hər dəfə nərgiz görəndə, onun qoxusu burnuma gələndə həmin böhranlı dövrüm, iynə-dərman, həkimlər yadıma düşür.

“Gülşən” baletinə belə bağlılığımın da öz səbəbi var. 1950-ci ilin payızı, elə noyabr ayı idi. Mənim evlənmək söhbətim vardı. On-on beş günə toyum olmalıydı. Maarif şöbəsinin inspektoru olduğum üçün Müəllimlər Evində mənə kiçik bir mənzil vermişdilər. Oturub toyum barəsində fikirləşirdim. Elə bu fikirlər içərisində məni yuxu aparıb, oyananda gördüm ki, yağış yağır, evin şiferinin kənarlarından damcılar düşür. Mənzilim də Qubadlı kənarında, səssiz-səmirsiz bir yerdə idi. Divardan da radio asılmışdı. Radioda bir musiqi çalınırdı. Mən bu musiqinin sədaları altında evlənməyim haqqında fikirləşirdim. Toy karvanının çaydan keçməsi gözlərim önündə canlanırdı. Çaydan keçmək üçün gəlin gərək ata minsin. Bizdə iki cür çalğıçılar olurdu. Bir qrup musiqiçi gündüzlər çalıb oynayır, o biri qrup aşıqlar isə gecələr məclis düzəldirdilər. Onda pul yığmaq söhbəti-zad yox idi. Ev sahibi aşıqla danışırdı ki, ya pul verək, ya da şabaşa dursunlar. Özümüz də kasıb idik. Onda gəlinin toy boxçasına indiki kimi qızıl, brilyant qoymaq da dəbdə deyildi. Əvvəla imkan yox idi, ikincisi də belə qayda yox idi. Atam dedi ki, ay oğul, gəlinin boxçasına heç olmasa ağ saçaqlı krepişin yaylıq, bir dəst də ipək paltar qoymaq lazımdır. Həmin vaxt radioda çalınan və mənim fikirlərimi müşayiət edən bu musiqinin hansı əsər olduğunu bilmirdim. Sonralar öyrəndim ki, bu, Soltan Hacıbəyovun “Gülşən” baletidir. Sonralar televiziyadan bir yoldaşa dedim, onun lent yazısını köçürüb mənə verdi. Hər dəfə “Gülşən” baleti çalınanda mən toyumu, xoşbəxt anlarımı xatırlayırdım. Həmin vaxtdan 60 il keçib. Mənim o illərdə sevgimi verdiyim qadın, 60 illik ömür dostum indi 40 gündür ki, koma vəziyyətindədir, ölümlə çarpışır. İndi “Gülşən” baletinə nə qədər qulaq assam da əvvəlki kimi o şən anlarımı, toy günlərimi mənə qaytara bilmir. İndi bu musiqi mənə yalnız qüssə gətirir”.

Yazıçıyla müsahibəmiz boyu biz bu kədəri onun qəm hopmuş söhbətində, hərdən bir xatirə buludları gəlib keçən zaman işıqlı baxışlarının dumanlanmasında, qəhərdən titrəyən səsində, dolmuş gözlərində də hiss etdik. Məni xüsusilə təsirləndirən nə az, nə çox 60 illik bir sevginin, Adəm babamızla yaşıd məhəbbət hissinin bu qədər illər keçməsinə rəğmən təzəliyi və müqəddəsliyi oldu. Bu söhbətlər zamanı mən anladım ki, yazıçı Yaşar düz deyirmiş. Əli İldırımoğlu barmaqla sayılacaq ağır kişilərdəndi ki, hər cəhətdən gənclərə örnək ola biləsi ömür yaşayıb. Əli İldırımoğlu təkcə sözün məsuliyyətini dərk edən sanballı SÖZ ADAMI deyil, o həm də sevən və bu sevgini qarşılıqlı olaraq 60 il qorumağı bacaran bir kişi, gözü-könlü tox, xoşbəxtliyini yalnız beş nümunəvi övlad tərbiyə eləməkdə görən qadınına yüksək dəyər verməyi bacaran ailə başçısı və atadır. Bunlardan daha artıq isə üstündən uzun-uzun illər keçməsinə baxmayaraq atasının şəkillərini evində başının üstündən, xatirəsini, tərbiyəsini, öyüdünü, nəsihətini, böyüklüyünü ürəyinin başından asmış bir övladdır: “ “Mənim rəncbər atam” kitabını ona həsr etmişəm. Yalnız atam olduğu üçün yox, mötəbər kişi, halal adam, xalis insan olduğuna görə. Bu əsərimlə ona mənəvi abidə ucaltmışam. Bunu bir övlad borcu bilərək eləmişəm. Bu hərəkətimlə bir növ rəncbər atamın ruhu qarşısında rahatlıq tapmışam. Kitabı mən yazmamışam, onun insaniyyəti mənə bunu təlqin edib. Belə bir mötəbər kişinin övladı olmağım da bir ilahi xoşbəxtlikdir”.

Əsərlərinə az-çox bələd bir oxucu kimi yaradıcılığında xeyirlə şərin əbədi mübarizəsini təsvir elədiyini bilirəm. Şər nə qədər güclü görünsə də, nə qədər irəli getsə də sonda Xeyirə yenilib. Bu- onun yaradılığının əsas qayələrindən biridir. Əli İldırımoğlu dini rituallara riayət eləmir, amma həmişə, bütün ömrü boyu Allahı başının üstündə görüb: “Mən nə Həccə getmişəm, nə də Kərbəlaya. Oruc tutmuram, namaz da qılmıram. Amma heç vaxt Allahımı yadımdan çıxarmıram. Mən vicdanımı, qəlbimi həmişə Tanrının hökmüylə idarə etmişəm. İslamın hökmlərinə riayət etməmişəm, amma İslamı qanıyla, canıyla yaşadan valideynlərdən tərbiyə almışam. Həyatda nə əldə eləmişəmsə, buna görə Allahın qanunları ilə yaşayan valideynlərimə borcluyam. Onların verdiyi tərbiyəyə görə, mənim üçün həmişə birinci yerdə vicdanımın qanunları olub”.

Bütün bu sadalananları həyatnın kredosu bildiyindən sözə də bu cür məsuliyyətlə, diqqətlə yanaşıb. Onun fikrincə, şəxsiyyəti olmayan yazıçıdan yaxşı əsərlər gözləməyə dəyməz: “Əgər yazıçı özü yaxşı insan deyilsə, vicdanı ilə hərəkət etmirsə, o hansı üzlə əsərində hansısa tərbiyəvi motivdən yaza bilər? Söz demək üçün yazıçıda şəxsiyyət olmalıdır. Şeir barədə danışanda “yaxşı şeir”, “pis şeir” ifadələrini işlədirlər. Mən bununla razı deyiləm. Əsər, şeir oxuyanda insana təsir eləməlidir. Hansı üslubda, hansı vəzndə yazılır yazılsın, əsər oxunanda insanı alıb aparırsa, qəlbini ehtizaza gətirirsə, onu təsirləndirirsə, deməli yazıçı istəyinə nail olub”.

Əli İldırımoğlunun yaradıcılığa öz yanaşma tərzi var: “Mən bir yazıçı kimi bədii yaddaşa deyil, həmişə canlı müşahidələrimə üstünlük vermişəm, görüb-eşitdiklərimi, marağıma səbəb olan hadisələri yazmışam. Yazdıqlarımın 30 faizi yaşadıqlarım, 70 faizi təxəyyülümün məhsuludur. Çox vaxt Fikrət Əmirovun “Kürd ovşarı” musiqisinin sədaları altında yazıram. Bu musiqi məni duruldur, fikirlərimi cilalayır, əsrarəngiz İsa bulağına, Turşsuya, təmiz havalı o bakirə yerlərə aparır. Bu musiqi məni qayğılardan, dərdlərdən xilas edir, yazmağa həvəsləndirir. Tənhalıqda yazmağa üstünlük verirəm. Əsər ilk növbədə mənəvi ehtiyacdan yaranır. Yazmaq da iştah kimidir. Gərək gələ ki yazasan. Səhər saatlarında ovxarlı oluram. Ona görə də səhərlər və gecələr çox yazıram. Bəzən 4-5 saat yazıram, başımı qaldırıb saata baxanda təəccüblənirəm. Çünki mənim üçün bu saatlar an kimi ötüşür, heç xəbərim də olmur. Günortalar artıq o əhvalım məni tərk edir, ləms oluram. Mən bəzi iddialı yazıçılar kimi özümü dahi yazıçı hesab eləmirəm. Zənnimcə, yazıçının yazmaq üçün haqqı olmalıdır. Müəyyən mənada özümə bu haqqı vermişəm, çünki mənim öz yolum, öz cığırım, öz mövqeyim var. Yazıçının vəzifəsi yazmaqdır. Yazmaq məsuliyyətli işdir. Bu işə girişən adam gərək sözünə və özünə hörmət qoymağı bacarsın. Yazıçı yazandan sonra əsərinin taleyini fikirləşməməlidir. Əgər yazı sanballıdırsa, nə vaxtsa, müəllifi bu dünyada olmayanda da özü-özünü yaşadacaq. Odur ki, yazanda gərək yazılarının taleyini fikirləşəsən ki, bunlar öz başını sənsiz də saxlaya biləcək, ya yox? “.

Ovxarlı sözə malik Əli İldırımoğlu özbaşınalıqların bütün səbəbini yerində olmayanlarda, pulu həyatın mənasına çevirənlərdə görür: “Kimin pulu ağlından artıqdırsa, orada mütləq bədbəxtlik törəyir. Ömrüm boyu var-dövlətin qulu olmamışam. Həyat yoldaşım da mənim kimi həmişə gözütox olub. Deyirdi ki, övladlarımıza yaxşı təhsil, tərbiyə verə bilsək, bu, ən böyük var-dövlətdir. Təəssüf ki, bu gün bəzi valideynlər belə fikirləşmir. Övladla gərək ağlı kəsənə kimi düşmən, böyüyəndən sonra dost kimi davranasan. O zaman övlad vətəninə, millətinə bağlı bir şəxsiyyət olacaq. Uşaqlara ana dilini, vətəni sevdirmək lazımdır”.

Son dövrlərQədim xalçavə “Bayquşların nəğməsi” əsərləri üzərində işləyən yazıçı bu əsərlərdə ən çox işğal altında olan torpaqlarımızın taleyinin, ermənilər tərəfindən xalqımızın başına gətirilən müsibətlərin yer alacağını bildirir.

Əli İldırımoğlunun sözlə keçən, sözdən keçən uzun və mənalı ömrünün səhifələrini yalnız zamanımızın və məkanımızın imkan verdiyi qədərində vərəqləyə bildik. Gənclərə örnək olası bu mənalı ömür yolunun enişini, yoxuşunu, sevincini, kədərini yazmaq üçün gərək ən azından Əli İldırımoğlu qələminə malik olasan. Bu qələm isə özünün əlində olduğundan hər birimizə nümunə misalı olan ömür yolunu onun özündən yaxşı yazan tapılmaz. Bunu daha yaxşı bilmək üçün əsərlərini oxumaq kifayətdir. Çünki, ingilis filosofu Barrou demişkən, yazılan yaxşı kitabları bu gün oxumaq lazımdır, sabah vaxtımız olmaya da bilər.

 

 

Sevinc MÜRVƏTQIZI

 

525-ci qəzet.- 2009.- 17 noyabr.- S.7.