“Odlar Yurdu”nda şeir şöləni
Ötən şənbə
günü gənclər
yenə də sözün işığına
toplaşmışdılar. Bu dəfə görüş yeri Odlar Yurdu Universiteti
idi. Lazım olan məkana 30 dəqiqə tez çatmışdım. Tədbir
bu təhsil ocağının akt zalında baş tutacaqdı. Amma orda başqa bir iclas keçirilirdi.
Düşündüm, yəqin
ki, bu tədbir
də ən azı deyilən vaxtdan yarım saat gec başlayacaq.
Lakin sonra əmin oldum ki, gənclər alman dəqiqliyini sevirmişlər. Nə isə...
Tələbələr zala daxil oldu, qapılar
arxadan bağlandı.
Tədbiri universitetin
tələbələri Sitarə
və Anar açdı. Onlar qonaqları salamlayıb şeirin-sözün qüdrətindən
danışdıqdan sonra
poeziya gecəsini aparacaq gənc ədibləri – Odlar Yurdu Universitetinin müəllimi Qismət Rüstəmovu və hər kəlməsindən
Azərbaycan ab-havası
duyulan, gənclərin
daha çox “gənc Zəlimxan Yaqub” adlandırdıqları,
sözdən söz çəkən Anar Amini təqdim etdilər. Aparıcılar
səhnədə onlar
üçün ayrılmış
kürsülərdə yer
aldıqdan sonra tədbir başladı. Təbii ki, hər bir yığıncaqda
ilk sözü ev yiyəsi deyir. Müəllim olması ilə fəxr etdiyini deyən Universitetin rektoru, millət vəkili,
professor Əhməd Vəliyev
“Təhsili olmayan xalq ölümə məhkumdu,” – fikrini sitat gətirərək, universitetdə tələbələr
üçün yaradılmş
şəraitdən danışdı.
Rektor həmçinin
prezident təqaüdü
alan gənc ədiblərdən Qismət
və Nahidin onun rəhbərlik etdiyi universitetin yetirməsi olduğundan qürur duyduğunu da bildirdi.
İlk söz ”Dünya ədəbiyyatı”
dərgisinin baş redaktoru, şair Səlim Babullaoğluna verildi. Səmimi salamdan sonra oxuduğu “Həmidə xanıma” və “Atama” şeirləri gənclər tərəfindən
alqışla qarşılandı.
Sonra söz Güney Azərbaycandan gəlmiş şair Ləvaiyə verildi. O da ”Oğluma məktub” və “Sevgilimə məktub” adlı iki şeirini
oxudu.
Çıxış edən
gənc ədib Qılman İmanlı bu cür tədbirlərin
hesabat xarakteri daşıdığını bildirəndən sonra bir neçə şeirini söylədi. Görüşün yeganə
xanım iştirakçısı
Elnaz Eyvazlıya söz verildi. Özünün “Yaxşı
ki yaza bilirəm...”
kitabından bir neçə şeir oxuyan gənc şair, bu universitetdə
tələbələr üçün
yaradılan yüksək
şəraitdən də
danışdı. “Başqa
vaxt əlimə mikrofon keçmir,” – deyərək, bir neçə şeiri, əzbərdən bilmədiyi,
eyni zamanda da yanında kağız gəzdirməyi
sevmədiyi üçün
mobil telefondan oxuyan gənc yazar Əli Əlioğlu sanki texnikanın hər bir zaman insanın
köməyinə çatdığını
göstərmək istədi.
(Amma hərdən texnika insanın illərlə çəkdiyi
zəhməti bircə
anda məhv edir. Necə? Bax, bunu bir
azdan biləcəksiniz.)
Gənc ədib Tapdıq Türksoy avtomobil qəzasında dünyasını dəyişmiş
şair Fərhad Metedən danışdı
və tədbir iştirakçılarından onun
əziz xatirəsini bir dəqiqəlik sükutla anmağı xahiş etdi.
“Əziz gənclər, bu gün çempionlar
liqasının seçmə
qrup mərhələsində
Qismət öz stadionunda bizləri qonaq edir,” – deyib çıxışına
başlayan BDU-nun nəzdində
fəaliyyət göstərən
“Metafora” ədəbi dərnəyinin rəhbəri
Kəramət Böyükçöl
özünün təzəcə
işıq üzü
görmüş “Çatlamış
fincan” kitabından iki şeir oxudu.
Yadınızdadırsa, bayaq
texnikanın insan zəhmətini məhv etməsindən danışdım.
Bax, həmin insan məhz gənc şair Kəramət Böyükçöldü.
Tədbir başlamamışdan
öncə Elnaz Eyvazlıya öz kitabını təqdim edərkən “Sən şeirləri birbaşa kompüterə, yoxsa dəftərə yazırsan?
Bilirsən, gələcəkdə
şairlər bir-birinə
kitab bağışlayanda
üstünə mənim
sevimli qələm yoldaşım yox, mənim sevimli klaviatura yoldaşım yazacaqlar,” – deyən Kəramətin texnika haqqında olan bu yüksək fikirlərini tədbirin ortasında gələn bir zəng alt-üst etdi. Məlum oldu ki, noutbookunun yanması nəticəsində
illər uzunu yazdıqları bircə anda məhv olub. Neynək, ay Kəramət, qələmin
sağ olsun. Gördünmü, ay qardaş,
kağız-qələm hər
şeydən etibarlıdır.
Vallah, inan ki, illər keçsə də, kompüter heç vaxt nə kitabın,
nə də kağız-qələmin yerini
tuta bilməyəcək.
Vallah, inan ki, illər keçsə də, kompüter heç vaxt nə kitabın,
nə də kağız-qələmin yerini
tuta bilməyəcək.
Bax haaa, Eldar Ələkbərovun mikrafon əlində gözlərini yumub ürəklə oxuduğu
zaman qəfil fanaqramanın kəsilməsini
texnikanın qüsuru
kimi qiymətləndirmirəm
, əziz oxucu!
Tədbirdə Nahid, Elvin Bakiroğlu, Fərid Hüseyn, İlham Çərkəzoğlu və
Vüsal Nurunun söylədiyi şeirlər
də maraqla qarşılandı.
Tədbir boyu universitetin tələbələri
Aysel, Möminə, Vasif və Leylanın,
eyni zamanda müğənni Eldar Ələkbərovun ifasında
milli və estrada mahnıları da səsləndi. Eyni zamanda, Aysel
Yusifovanın ifasında
təqdim olunan “Sarı gəlin” rəqsi gecəyə gələnlərə xüsusi
zövq verdi.
Hər həftə bir neçə bu kimi tədbirdə
iştirak edirəm. Bunların hər birinin özünəməxsus
çatışmazlıqları olur, çox təəssüf ki, bu, Azərbaycan reallığıdır. Müasir
günümüzdə bu
kimi tədbirlərin keçirilməsi çox
vacibdi. Ən azından belə görüşlərdə insan
mənən dincəlir,
ruhən saflaşır.
Amma hələ də müasir Azərbaycan gəncliyinin çatışmayan cəhətləri
çoxdu. Hələ
də bir çox Azərbaycan dinləyicisində dinləmək
mədəniyyətinin, tədbirdə
sona qədər oturmaq səbrinin olmadığını görürəm.
Hələ də Azərbaycan dinləyicisi şeirdən, poeziyadan çox şouya əhəmiyyət verir.Bunu
gənclərin tədbir
boyu ifa olunan mahnılara reaksiyasından görmək
heç də çətin deyildi. Gəncliyimiz sevgi şeirlərinə şeir
olduğu üçün
deyil, məhz sevgiyə həsr olunduğu üçün
önəm verir. Hələ də Azərbaycan gəncliyinin müəyyən hissəsi
akt zalı ilə küçədə
özünü aparmaq
cəhətdən müəyyən
fərqlərin olduğunu
anlamır. Hələ
də Azərbaycan gəncliyi nəyə gülüb, nəyə ağlamaq lazım olduğunu bilmir. Gəlin ümid edək ki, tez-tez
keçirilən bu kimi tədbirlər, yazmaq, gündəmdə olmaq xətrinə deyil, məhz cəmiyyətimizi bu kimi xəstəliklərdən
xilas etmək üçündür.
Ülkər İLQARQIZI
525-ci qəzet.- 2009.- 17 noyabr.- S.7.