Hüseynbala Mirələmov: “Milli mənəvi dəyərlərimizi
televiziyaların inhisarına vermək olmaz”
Qloballaşan
dünyanın qlobal vəzifələrindən biri də yeni
tip cəmiyyət quruculuğudur ki, bu da
öz-özlüyündə bütövlükdə kütləvi
informasiya vasitələri və artıq özünü
kütləvi informasiya institutu kimi tanıdan televiziya
qarşısında əvvəllər
araşdırılmamış yeni prinsipial tələblər
qoyur. Televiziyanın zəngin
imkanları müasir dünyada ondan müəyyən funksional
məsələlərin həllini, məsələn təkcə
ayrı-ayrı fərdlərin yox, bütün cəmiyyətin
informasiya tələbatının yerinə yetrilməsini tələb
edir.
Lakin bütün bunlara baxmayaraq,
XX əsrin sonu və XXI əsrin əvvəllərindən
başlayaraq televiziyaların fəaliyyət istiqamətlərində
kommersiya maraqlarından irəli gələn müəyyən
sapınmalar başladı və qısa bir zaman içində
cəmiyyətin daxilində haqlı narazılıqlar
başladı. Əgər bütün televiziya auditoriyası
cəmiyyətin ayrılmaz tərkib hissəsidirsə,
onların baxdıqları proqramlar ümumi dəyərlər
sistemini inkişaf etdirməli və istənilən destruktiv
tendensiyalara qarşı çıxmalı idi. Bəs nə
baş verdi? Bu proses Azərbaycanın efir məkanında
hansı neqativ halların meydana çıxması ilə səciyyələndi?
Azərbaycan ictimaiyyətini narahat edən bu və bir çox
digər suallar Azərbaycan Respublikası Prezident Administrasiyasının
rəhbəri, akademik Ramiz Mehdiyevin oktyabrın 2-də “Azərbaycan”
qəzetində dərc edilmiş “Azərbaycanın efir məkanı,
problemlər və vəzifələr” məqaləsində ətraflı
və dolğun cavabını tapmışdır.
Müsahibimiz Milli Məclisin deputatı, yazıçı dramaturq Hüseynbala Mirələmovla söhbətimiz məqalədə qaldırılan problemlərə münasibət bildirmək və kütləvi mədəni kommunikasiya vasitəsi olan televiziyanın inkişaf perspektləri haqqında fikir mübadiləsi aparmaq məqsədi daşıyır.
– Hüseynbala müəllim, akademik Ramiz Mehdiyevin məqaləsində açıqlanan fikirlərin cəmiyyətdə böyük əks-səda doğurmasını təbii qəbul edirsinizmi? Sizcə, bu, dövlətin cəmiyyətin mənəvi
və mədəni həyatına biganə
olmadığını göstərən faktdır, yoxsa
filosof alimin xalqın mənəvi taleyi üçün
keçirdiyi narahatlıq?
– Etiraf etmək lazımdır ki,
Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri
akademik Ramiz Mehdiyev “Azərbaycanın efir məkanı: problemlər
və vəzifələr” məqaləsi ilə biz
ziyalıların, ədəbiyyat və sənət adamlarının
çoxdan deməyə borclu olduğu problemləri kompleks
şəkildə təhlil edib ictimaiyyətin müzakirəsinə
çıxartdı. İctimaiyyətin reaksiyası isə, təbii
ki, başqa cür ola bilməzdi və ictimaiyyət, onu narahat
edən, mən deyərdim hətta qəzəbləndirən
televerilişlərə dövlət səviyyəsində tənqidi
yanaşma görəndə, sözsüz, bunu
alqışlamalı idi.
Amma gəlin razılaşaq ki, məqalə ilə yaxından tanışlıq zamanı televiziya və cəmiyyət münasibətlərinə daha çox fəlsəfi baxışın və yanaşmanın şahidi olursan. Aydın məsələdir ki, real olaraq televiziya nümayiş etdirdiyi proqramlarla ilk nöbədə insanların estetik zövqünü tərbiyə etməyə, etik əxlaqi normaları təlqin etməyə, təkcə ayrıca bir cəmiyyətin deyil, bütün bəşəriyyətin mədəni-mənəvi dəyərlərini tanıtmağa borcludur. Filosof alim bu gün bir çox Azərbaycan televiziya kanallarının nəinki buna xidmət etmədiyini, əksinə onların bir çox verilişlərinin heç bir “ictimai əhəmiyyət kəsb etməyən mövzulara həsr” olunduğunu müəyyən mənada cəmiyyətdə neqativ tendensiyaların yayınmasına istiqamət verdiyini, gənclərin və yeniyetmələrin zövqünü, dünyagörüşünü korladığını, təlim-tərbiyəsinə mənfi təsir etdiyini” konkret faktlar və arqumentlərlə göstərir. Mənə elə gəlir ki, Azərbaycanın mövcud telekanallarının mənəvi mühitimizdə yaratdığı diskomfort artıq çoxdan belə ciddi və sosial fəlsəfi araşdırmaya ehtiyac duyurdu. Bu bir də onu göstərdi ki, dövlət xalqın milli-mənəvi dəyərlərinin qorunması, onun gələcəyi olan gənc nəslin mənən sağlam vətəndaş kimi böyüməsi işini heç zaman diqqətdən kənarda qoymur.
– Sırf telekanalların fəaliyyətinə keçməzdən əvvəl, çox istərdim belə bir paralelə münasibətinizi bildirəsiniz – ədəbiyyat və cəmiyyət, televiziya və cəmiyyət. Üstün və fərqli cəhətlər hansılardır, onların cəmiyyətin inkişafındakı rolunu necə dəyərləndirərdiniz?
– Ədəbiyyat
uzun əsrlər yaşı olan tarixi keçmişin sosial, mədəni,
mənəvi informasiyasını bu günümüzə
daşıyan bir mədəniyyət növü kimi, cəmiyyətin
qərinələr boyu baxıb düzləndiyi, tərbiyə
aldığı, formalaşdığı, əxlaq, zövq
öyrəndiyi, kamilləşdiyi bir varlıqdır. İstər şifahi xalq ədəbiyyatının
xəzinəsi, istər klassik ədəbiyyat, istərsə də
müasir ədəbiyyat həmişə cəmiyyətin mənəvi
dünyasının zənginləşməsinə xidmət
edib. Lakin bununla belə onun özü də daim ictimai nəzarət
altında olub. Yəni ədəbiyyatda baş verən proseslərə
cəmiyyət biganə qalmayıb.
Ona görə də ədəbiyyat yaranar-yaranmaz ədəbi tənqid meydana gəlib və bu ədəbi tənqid ədəbiyyatın, ədəbi mühitin cəmiyyətə, xalqa, tərəqqiyə xidmət etməsi istiqamətində formalaşmasına yardım edib. Şübhəsiz,
ədəbiyyatın, elə incəsənətin
özünün də dəyəri təkcə ədibin, sənətkarın
istedadı ilə deyil, eyni zamanda əsərin ictimai məzmunu
ilə şərtlənib və şərtlənir.
Televiziyaya
gəldikdə, bir faktı qabaqcadan etiraf etməliyik ki,
sözün həqiqi mənasında televiziyaların fəaliyyəti
əslində heç zaman araşdırma, qiymətləndirmə
və tənqid mövzusu olmayıb. Ən azından Azərbaycanda ara-sıra yazılı mətbuatda
çap olunan bəzi yazıları istisna etməklə mən
buna rast gəlməmişəm. Hər halda mənə elə
gəlir ki, akademik Ramiz Mehdiyevin “Azərbaycanın efir məkanı:
problemlər və vəzifələr” məqaləsi bu səpkidə
olan ilk mükəmməl yazıdır. Burada dərin təhlil,
fəlsəfi yanaşma və həm də ciddi, obyektiv tənqid
var.
Sizə qəribə gəlmirmi ki, bütün yaradıcılıq sahələrinin tənqidçiləri olduğu halda, yarandığı bir əsrə yaxın bir dövrdə televiziya tənqidçiləri olmayıb. Axı ədəbiyyatdan fərqli olaraq televiziyanın yerinə yetirilməli olduğu funksiyalar daha geniş, üzərinə düşən vəzifələr daha ciddidir. Ölkədə və dünyada baş verən hadisələr haqqında əhalini məlumatlandırmaq – informasiya çatdırmaq funksiyası, əhalinin maariflənməsi, biliklərin populyarlaşması və mədəniyyətin yayılması – mədəni maarifləndirmə funksiyası, xidmətin təşkili və istirahətin təmin olunması, emosional gərginliyi aradan qaldırmaq, əyləndirmək – xidmət, əyləndirmə funksiyası; əhalinin əqidə və baxışlarının təbliği – tərbiyələndirici, nəhayət dövlət tapşırıqlarının həlli naminə cəmiyyətin həmrəyliyinin və səfərbərliyinin təşkili – sosial inteqrasiya və siyasi səfərbərlik funksiyası. Bu kifayət qədər mühüm iyerarxiyadır.
Ona görə də mənə elə gəlir, televiziyanın əsas problemlərindən biri ondan ibarətdir ki, ədəbiyyatşünaslıqdan, teatrşünaslıqdan, kinoşünaslıqdan fərqli olaraq, o televiziya tənqidini, televiziya nəzəriyyəsini yaratmadı. Yəni, bəşəriyyətin varlığının ən mühüm sahələrindən biri intellektual baxımdan, nəzarətdən kənarda qaldı – bu çox qorxuludur.
Bəlkə
elə bu səbəbdəndir ki, bu gün bizim tamam başqa
televiziyalarımız var, başqa nəsil böyüyüb. Amma yaxın xarici ölkələrdə
aparılan tədqiqatlar göstərir ki, əhalinin
televiziyaların, cəmiyyətdəki funksiyaları və vəzifələri
barədə fikirləri dəyişməyib. Yenə
insanların şüurunda televiziyanın əsas
funksiyaları əvvəlki kimi qalır. Amma çox təəssüflər
olsun ki, bir-iki telekanal istisna olmaqla, insanın mənəvi aləminə
çox güclü təsir imkanları olan Azərbaycan
telekanallarının əksəriyyəti öz üzərlərinə
düşən funksiya və vəzifələrin az bir hissəsini
belə yerinə yetirmirlər.
Akademik Ramiz Mehdiyev çox haqlı olaraq yazır: “Azərbaycan televiziya və radio kanallarının monitorinqi göstərir ki, maarifləndirici, məlumatlandırıcı və əyləncə funksiyaları arasında ciddi disbalans yaranmışdır, peşəkarlıq, yaradıcılıq, yeniliklərin tətbiqi, milli-mənəvi dəyərlərin qorunması kimi məsələlər teleradio rəhbərlərini o qədər də maraqlandırmır”. Təbii ki, bütün bunlar televiziyaların sosial cavabdehliyi problemini ortaya qoyur.
– Müşahidələriniz zamanı bir tamaşaçı, bir siyasi xadim və ədəbiyyat adamı kimi televiziya verilişlərində sizi daha çox razı salmayan nədir?
– Əslində cəmiyyət nəyi qəbul etmirsə, mən də onu qəbul etmirəm, nədən narazıdırsa, mən də ondan narazıyam, onu narahat edən nədirsə, məni də narahat edən odur. Başqa cür ola bilməz, çünki mən də cəmiyyətin bir üzvüyəm. Qaldı intellektual yanaşmaya, əlbəttə, daha çox müşahidə olunan televiziya verilişlərinin insanların sosial davranışlarının modelləşdirilməsinə yönələn tendensiyası ciddi narahatlıq doğurur.
Bu gün televiziyaların başlıca məqsədi-reallığı virtuallıqla əvəz etmək, hadisələri, gerçəklikləri, şəxsiyyətləri öz istəklərinə uyğun təqdim etməkdir. Onlar insanları öz yaratdıqları gözəgörünməz ruhlar dünyasına aparır, insanlar ruhların yaşadıqları həyatı və hadisələri yaşamağa başlayırlar. Axı televiziya nə qədər yaxşı, müsbət obrazları, həm də real obrazları ekrana gətirirsə, bir o qədər fərdi və sosial rifahın zənginləşməsinə xidmət edir. Nə qədər bayağı, stereotip obrazları ekranlara gətirirsə, bir o qədər mədəni və sosial deqradasiyaya xidmət və yardım edir. Məsələn, ATV-nin, ANS-in ekranlarında canfəşanlıq edən, ədəbi dili bir kənara qoyub jarqonlardan yeri gəldi-gəlmədi istifadə edən, əslində normal insan düşüncəsində təlxəklikdən uzağa gedə bilməyən əyləncəli proqramların aparıcıları, gerçəkdə yetkin şüuru olmayan tamaşaçılar üçün zövqün, davranışın və ədəb qaydalarının az qala müəlliminə çevrilirlər. Nəzərdən qaçırmaq olmaz ki, ali təhsili olmayan gənclər, xüsusilə gənc qızlar televiziyaya daha çox bağlıdırlar. Bu da ondan irəli gəlir ki, teleekran onlar üçün dünyaya əsas və yeganə pəncərədir. Televiziyasız onlar çox şey itirərlər, ancaq haqqında danışdığımız televiziyalardan onların qazandığı da bir şey deyil.
Ona görə də televiziya özünün institusional gücünü, məsuliyyətini dərk etməli, elə forma və məzmun tapmalıdır ki, özünün yüksək təyinatına uyğun gəlsin. Özünün ruhuna uyğun, televiziyada doğma mühit tapan yüngül əyləncədən imtina etmək o demək deyil ki, əyləncənin bütün növlərindən imtina etmək lazımdır. Məxsusi olaraq yalnız yaxşı zövqün naminə, bu günlər çox tez-tez əyləncə adı altında ekrana çıxarılan zəhlətökən vulqar verilişlərdən xilas olmaq lazımdır. Kim nə deyir desin – bu həqiqi tamaşaçının istədiyi bir şey deyil. Bunun özü yüksək mədəniyyət və əxlaq üçün təhlükə mənbəyinə çevrilir.
– Hüseynbala müəllim, ictimaiyyət, cəmiyyət arasında daha çox narazılıq doğuran da, məhz bu televiziyaların hazırladıqları əyləncəli şou proqramlar, onların aparıcıları, bura dəvət olunan adamlar və təbii ki, onların ekran davranışları, intellektual səviyyələri ilə bağlıdır. Sizcə, heç bir ictimai əhəmiyyət daşımayan, mən deyərdim, əslində cəmiyyətin mənəvi aləminin, zövqünün, əxlaqının korlanmasına xidmət edən belə primitiv, əksər hallarda vulqar səciyyə daşıya şou-verilişlərin Azərbaycanın bir çox telekanallarının ekranlarını zəbt etməsi nədən irəli gəlir?
– Akademik Ramiz Mehdiyevin məqaləsində bu suala çox dolğun və sərrast cavab verilmişdir: “Göründüyü kimi özəl teleradio qurumları bir qayda olaraq biznes fəaliyyəti göstərir və daha çox gəlir əldə etmək məqsədi güdürlər... Təbii ki, burada yalnız biznes maraqları üstünlük təşkil edir, SMS və digər vasitələrlə gəlir əldə etməkdən söhbət gedə bilər... Bu, aktyor və müğənnilər, şou-biznes nümayəndələrinin də maraqlarına uyğundur, onların imiclərini yüksəltməyə, daha çox reklam olunmağa ehtiyacları var”.
Bütün dövrlərdə kölgədə olan “yalançı incəsənət”in bu şəkildə geniş və kütləvi təqdimatının arxasında şübhəsiz, milli maraqlar yox, televiziya sahibkarlarının şəxsi, maddi maraqları dura bilər. Özəl televiziya rəhbərləri – yəni biznes adamları əslində əyləncəyə bu prizmadan yanaşırlar: – tamaşaçı istəyir, tamaşaçıya istədiyini vermək lazımdır. Bu, milli düşüncə tərzinə uyğun gəlməyən, heç bir cavabdehlik, məsuliyyət daşımadan ortaya qoyulan mövqeydir. Onların əyləncə funksiyası konsepsiyası tamaşaçını manipulyasiya etməyə yer qoymur.
Unutmaq olmaz ki, əyləncə özü də mənəvi, estetik, psixoloji və sosial mahiyyət daşıyır. Əyləncə, şou adı altında bu gün yüngül, vulqar mədəniyyətin hər addımda ekranları zəpt etməsi yüksək mədəniyyət və incəsənət üçün də böyük təhlükə yaradır. Əslində hazırkı durumu, televiziya kanallarının əyləncə xarakterli verilişlərinin həqiqi əyləncəyə, mənəvi estetik, psixoloji və sosial mahiyyət daşıyan incəsənətə vulqar yürüş kimi dəyərləndirmək lazımdır. Vaxtında qarşısı alınmayan bu bəla müəyyən bir mərhələdən sonra elitar mədəni əyləncə səviyyəsinə qalxacaq. Hər halda bu günün özündə belə bəzi üzdəniraq şoumenlər bunu belə də təqdim edirlər. Ən qorxulusu isə ondan ibarətdir ki, hazırda bu vulqar əyləncələr gənc nəslin mədəniyyətə, incəsənətə zövqünü formalaşdırır. Xalqımız və ali mədəni irsimiz üçün bundan böyük təhlükə ola bilməz.
Kim nə deyir desin, vulqarlıq – bu, heç də tamaşaçının istədiyi bir şey deyil. Ən azından ona görə ki, orta statistik tamaşaçı mövcud deyil, əksinə müxtəlif zövqlü, müxtəlif inkişaf səviyyəsi olan çoxlu tamaşaçı var. Bununla yanaşı, onların hamısının ümumi müsbət bir xarakterik cizgisi var – yaxşını qəbul etmək bacarığı. Xüsusən də pis bir şey təklif etməyəndə.
Məsələnin digər qorxulu bir tərəfi də bu vulqar əyləncəli verilişlərin, şouların nümayiş olunan əxlaqsız səhnələrlə dolu filmlərin gənc nəsildə insanlığın xüsusi göstəricilərindən olan xəcalət, həya-abır hisslərini, əxlaqi dəyərləri məhv etməsidir. Ekrana, bütün sərhədləri pozan belə verilişlərin yol tapması o anlama gətirib çıxarır ki, telekanal sahibləri tamaşaçılar haqqında Berhauz Skipperdən elə də fərqli düşünmürlər. Çünki B.Skipper özünün “Azadlığın və ləyaqətin o tayında” əsərində açıqcasına “şəxsiyyət azadlığı” və ləyaqət haqqında “köhnəlmiş miflərlə” xudahafizləşməyə çağırır, belə şeylərin ümumiyyətlə mövcud olmadığını deyir, yalnız “bioloji orqanizm”in varlığını iddia edirdi. Nə qədər sərt səslənsə də, bu qənaət özəl telekanalların təqdim etdiyi bir çox verilişlərin məzmunundan doğur. Çünki bu verilişlər sözün həqiqi mənasında millətimizin, xalqımızın mənəvi və əxlaqi dəyərlərinin devalivasiyasını “təmin edən” vasitəyə çevriliblər.
Məsələyə dövlət rəhbərliyi tərəfindən ciddi tənqidi yanaşma da bir daha onu göstərir ki, artıq bütün çərçivələr dağıdılmış, bütün sədlər keçilmişdir.
Yeri gəlmişkən bir faktı da qeyd edim ki, dünyanın əksər ölkələrində, yer üzündə milyardlarla insanın ağlını və düşüncəsini əlindən alan bədheybət bir əjdahaya çevrilmiş televiziyaların fəaliyyəti çox ciddi müzakirələrə yol açıb. Çünki yaşlı nəsil, gənclər bir yana, hələ formalaşmamış uşaq psixikasına və orqanizminə televiziyanın təsiri daha qorxulu hal almışdır. Rusiyanın məşhur psixoloqlarından biri Sergey Obraztsov hələ neçə illər əvvəl belə bir müdrik fikri daim təlqin edirdi ki, yeddi yaşına qədər uşaqlara zorakılıq, qəddarlıq, amansızlıq, heyvanlar və xüsusilə insanlarla qaba rəftarı əks etdirən səhnələr göstərmək olmaz. Görkəmli psixoloq yaxşı bilirdi ki, uşaq qəlbi, uşaq beyni maqnit kimidir, ətrafda baş verənləri, ekranda, səhnədə gördüklərini dərhal özünə çəkir. Yaddaşlara yazılan bu eybəcərliklərin, zorakılıq, amansızlıqların bir gün işə düşüb əks təsir göstərməyəcəyinə heç kim zəmanət verə bilməz.
Mənə elə gəlir ki, xalqın gələcəyi olan gənclərin, yeniyetmələrin və xüsusilə uşaqların mənəvi və əxlaqi tərbiyəsini, milli mənəvi dəyərləri bu televiziyaların inhisarına vermək olmaz, çünki bu çox pis nəticələr verəcək və sonradan bunu düzəltmək asan olmayacaq.
– Bu gün tamaşaçıların əsas müzakirə mövzularından biri də bu televiziyaların proqram siyasəti və yorucu, bezdirici reklam nümayişi üslubudur. Mən belə düşünürəm ki, hər bir televiziya kanalı özünün proqram siyasətini formalaşdırmalı, efir boşluğunu doldurmaq üçün bezdirici, yorucu təkrarçılıqdan əl çəkməlidir. Əslində bu primitivlik o anlama gətirib çıxarır ki, televiziyaların bütün proqram siyasəti yalnız reklam nümayişindən qazanc əldə etmək məramına xidmət edir...
– Etiraf edim ki, televiziya mətbəxinin incəliklərinə o qədər də dərindən bələd deyiləm. Ancaq, özəl telekanallarımızın hansı proqram siyasəti ilə işlədiklərinə bələd olmaq üçün elə böyük mütəxəssis olmağa da ehtiyac yoxdur. Siz bəlkə də problemi öz ifadənizlə bir az yüngülləşdirdiniz. Mən belə qənaətdəyəm ki, telekanallarımızın ümumiyyətlə heç bir proqram siyasəti yoxdur. Yeganə siyasət kommersiya maraqlıdır və hər şey bunun üstündə qurulur.
Bir faktı qeyd edim, bəzən 3-4 kanalda, eyni vaxtda eyni bir müğənninin şou-biznes nümayəndəsinin və ya hər hansı sahədə bir ekspertin ekrana çıxması artıq onu göstərir ki, dediyimiz o proqram siyasəti yoxdur və yox kimidir.
Reklama gəldikdə isə deməliyəm ki, istehlakçı reklamları şübhəsiz olmalıdır. Əslində özəl telekanalların əsas maliyyə mənbəyi reklamdadır. Reklam çarxının hər saniyəsi telekanala gəlir gətirdiyi kimi istehlakçıya da məhsul satışından gəlir gətirir. Amma unutmaq olmaz ki, şəxsi tələbatları “mühüm sosial” amilə çevirən istehlak reklamı şəxsiyyətin əsarətə alınmasına və mənən yoxsullaşmasına xidmət edir. Ona görə də reklamların teleproqramlarda yeniləşdirilməsi də xüsusi peşəkarlıq və diqqət tələb edir. Tamaşaçıları hövsələdən çıxaran reklamların bolluğudur. Təsəvvür edin, bəzən maraq kəsb edən bir filmin və ya proqramın nümayişi zamanı 5, 8, hətta bəzən 10 dəqiqədən artıq reklam fasiləsi olur. Bax, onda televiziya kanallarının proqram siyasətinin əsas mahiyyəti üzə çıxır.
– Hüseynbala müəllim telekanallarımızda hansı verilişlərə daha çox yer ayrılmasını arzulayırsınız? Bu gün ekranlardan qeybə çəkilən mövzular, reallıqlar hansılardır?
– Gəlin səmimi etiraf edək ki, real həyatımızda baş verən hadisələrin, cəmiyyətdə, sosial həyatda olan problemlərin varlığına kütləvi informasiya vasitələri və xüsusilə bu sahənin lideri olan televiziya hüquq verir. İnformasiya varsa hadisə var, informasiya yoxdursa demək hadisə də yoxdur. Siz bunu daha yaxşı bilirsiniz.
Torpaqlarının 20 faizi işğal altında qalan, 1 milyona yaxın qaçqını olan ölkənin televiziyalarında nə vaxt qaçqın probleminin ağrı-acısını, mənəvi, psixoloji sarsıntılarını, işğal faktının insanların vətəndaşlıq, vətənpərvərlik heysiyyətinə vurduğu ağır zərbənin dərin təhlilini verən verilişləri gördünüz!
Min bir zəhmətlə salınan qaçqın və köçkün şəhərciklərində yaşayanların sevincini və bu sevincin içindəki həsrəti və nisgili nə vaxt qaçqınlıq ömrünün ağrı-acısını bilməyən həmvətənlərimizə nümayiş etdirən verilişlərə baxdınız? Yəqin bilirəm ki, xatırlaya bilməyəcəksiniz.
Bəs cəmiyyət və mühit, əxlaq və mənəviyyat, estetik dəyər və zövq, keçmiş və bu gün, şəxsiyyət və zaman haqqında bəşəri düşüncə sahibi olan ziyalılarımızı, elm adamlarımızı, siyasi xadimlərimizi, parlaq və nüfuzlu şəxsiyyətləri necə, ekranlarınızda tez-tezmi görürsünüz? Yenə cavabınız, uzun düşüncələrdən sonra yox olacaq.
Bu millətin, haqqında salnamə filmlər çəkiləsi qəhrəmanları, hər an ölümlə üzləşən və cəsarət mücəssiməsi olan zabiti, əsgəri, bu ölkənin iqtisadi potensialını zənginləşdirən əmək qəhrəmanı, sahibkarı yoxdurmu? Onları necə, ekranlarda, tez-tezmi görürük? Təbii ki, yenə yox, yox.
Bəs nə görürük? “Yağ kimi” də, “10lar” da “ATV maqazin”də, “Performans”da, “Maşın şou”da, “Kim, harda, necə”də, “Dostum”da, “Ulduzlu xəzər”də, “Ay Zaur”da, “Günəbaxan”da, “Toylar kraliçası”nda, “Bazar”da və daha nələrdə eyni üzlər, eyni çək-çevirlər, dava-dalaşlar, qeybətlər, hətta təhqirlər və daha hansı eybəcərliklər.
Məhz buna görə, tam məsuliyyətlə demək olar ki, televiziyalar cəmiyyətimizə dərin “mədəni avitaminoz” bir mərhələ yaşadırlar. Hörmətli akademikimiz Ramiz Mehdiyev haqqında danışdığımız məqalədə haqlı olaraq qeyd edir: “Bu gün Azərbaycanın aparıcı kanallarının maraqsız, bayağı, mənasız verilişləri nəinki ölkənin daxilində, həmçinin peyk vasitəsilə dünyanın ayrı-ayrı bölgələrinə yayımlanır. Xaricdə Azərbaycan kanallarına baxan soydaşlarımızda, xaricilərdə ölkəmiz haqqında hansı təsəvvür yaradırıq? Biz onlara ölkəmizdə gedən ictimai-siyasi, sosial iqtisadi, mədəni proseslər haqqında hansı məlumatı veririk? Teleradio qurumlarının rəhbərləri unutmalı deyillər ki, televiziya və radio təkcə daxili ictmai rəyi formalaşdırmır, həm də ölkənin simasını nümayiş etdirir, onun haqqında təsəvvür yaradır” .
Amma təəssüflər olsun ki, unudurlar. Təsəvvür edin, 1993-2000-ci illər ərzində ümummilli lider Heydər Əliyev, yeni müstəqillik qazanmış, lakin az qala dünyadan təcrid edilmiş, tam informasiya blokadası şəraitində yaşayan Azərbaycanı bu vəziyyətdən çıxarmaq üçün nə qədər böyük səy və əmək sərf etdi. Xarici ölkələrə səfərləri zamanı xalqımızın düşdüyü vəziyyəti, onun potensialını, milli –mənəvi dəyərlərini tanıtmaq üçün bu böyük dahiyə bəzən saatlarla danışmaq, arqumentlər, faktlar göstərmək, inandırmaq lazım gəlirdi. Ancaq o yorulmur, usanmır, əksinə öz simasında xalqını, millətini bütün dünyaya tanıdırdı.
Bu siyasət ondan sonra, bu fenomen şəxsiyyətin ləyaqətli davamçısı, respublika prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilir. Son beş ildə Azərbaycanın milli-mədəni xəzinəsini, xalqımızın zövqünün və ruhunun göstəricisi olan incəsənətini, folklorunu, musiqisini, yorulmadan və çox böyük uğurla bəşəriyyətə təqdim edən, bununla da dünyanı qarış-qarış fəth edən Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın fəaliyyətindən, milli təəssübkeşliyindən, əsl vətəndaş qürurundan, xalqına millətinə sevgisindən niyə nümunə götürməsinlər bizim teleradio rəhbərləri?
Axı milləti, xalqı belə nümunələrə yönəltmək lazımdır ki, Azərbaycan sürətlə qloballaşan dünyada özünün milli mənəvi simasını, özünəməxsusluğunu qoruyub saxlaya bilsin.
– Sizin fikirlərinizlə razılaşmamaq olmur. Ancaq televiziyaların bu vəziyyətdən çıxması, onların öz gerçək vəzifə və funksiyalarına xidmət etməsi üçün nə təklif edərdiniz? Cəmiyyətdə ən müxtəlif fikirlər, hətta, senzura tətbiq etmək kimi sərt təkliflər irəli sürülür.
– Ciddi, intellektual tamaşaçı narahatlığından doğan bu fikirləri təbii qəbul edirəm. Ancaq senzuranın tətbiqi geriyə atılan bir addım olar və mən bununla razı deyiləm. Akademik Ramiz Mehdiyevin qeyd etdiyi kimi, “Azərbaycanda azad kütləvi informasiya vasitələrinin yaranması hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun əsas şərtlərindən biri kimi qəbul olunmuşdur və daim dövlətin diqqət mərkəzindədir”.
Bu müstəqilliyin verdiyi ən dəyərli töhfələrdən biridir və ümummilli liderimiz Heydər Əliyev də söz azadlığını, mətbuat azadlığını cəmiyyətin demokratik inkişafının təmin olunmasında mühüm element kimi dəyərləndirirdi. Lakin azadlığın, müstəqilliyin hüdudları var, o sərhədsiz deyil və mövcud hüquqla tənzimlənir. Digər tərəfdən, cəmiyyətin özünün mənəvi, əxlaqi dəyərlərinin cızdığı bir çərçivə var.
İndiki şəraitdə, respublika kütləvi informasiya vasitələrinin, o cümlədən televiziyanın fəaliyyətindən bu nəticəyə gəlmək olar ki, mətbuat azadlığı artıq abstraksiyaya çevrilməkdədir. Əslində, başlıca maraq pul qazanmaqdır. Ona görə də kütləvi informasiya vasitələrinin çap məhsullarından fərqli olaraq, televiziyalar yaradıcılıq axtarışlarından daha çox, yorulmadan məhz qazanc axtarışındadırlar.
Müdriklər müəllimi Konfutsi deyirdi ki, “düzəlməsi mümkün olan şey səhv deyil. O şey səhvdir ki, onu düzəltmək mümkün deyil”. Mənə elə gəlir ki, bugünkü informasiya cəmiyyətində televiziyanı ictimai həyatın həqiqi universal institutuna çevirmək üçün instutisional dəyişiklər aparılmasına ehtiyac var. Hörmətli akademikimiz Ramiz Mehdiyev məqaləsində bu məsələyə münasibətini bildirib və təkliflərini göstərib. Zənnimcə, televiziyaların ümumi bir İctimai Şurasının yaradılması və ona müəyyən imtiyazlar verilməsi də pis olmazdı. Şuranın məqsədi heç də teleproqramların senzurası yox, efirə gedəndən sonra, onların müzakirəsi və qiymət verilməsi olsun.
Belə bir layihə Rusiyada da geniş müzakirə olunur. Əlbəttə əsas məsələ bu Şuraya kimlərin daxil olmasıdır. Əgər Şura obyektivlik göstərərsə, ictimai rəyə təsir imkanları olacaq və televiziya kanalları öz proqram siyasətlərini göstərilən tələblərə uyğun qurmağa, ictimai rəyi nəzərə almağa məcbur olacaqlar. Beləcə televiziyaların sosial məsuliyyətsizliyini tamaşaçı qarşısında məsuliyyət əvəz edəcək.
Bir mühüm məqam da telekanallarda çalışan yaradıcı kadrların, aparıcıların peşəkarlıq səviyyəsinin artırılmasıdır. Akademik Ramiz Mehdiyev bu sahədə bir sıra xarici ölkələrdə Televiziya Akademiyalarının fəaliyyət göstərdiyini qeyd edir. Düşünürəm, bizim də bu təcrübədən yararlanmağımız ancaq ümumi işin xeyrinə olardı.
Söhbətimizin yekununda bildirmək istəyirəm ki, ictimaiyyətdə milli mənəvi dəyərlərimiz üçün təhlükə yaradan televiziya verilişlərinin müzakirəyə çıxarılması cəmiyyətin özünüqoruma instinktinin hələ də güclü olduğunu göstərən amildir. Mən əminəm ki, cəmiyyət bunun sayəsində problemi yoluna qoyacaq.
İlqar RÜSTƏMOV
525-ci qəzet.- 2009.- 17 noyabr.- S.4.