Beynəlxalq tələbə günü qeydləri
17 noyabr bütün dünyada beynəlxalq tələbə
günü kimi qeyd olunur. Bu günün keçmişinə nəzər
yetirdiyimiz zaman 1939-cu ildə bu tarixdə
Çexoslovakiyanın Faşist Almaniyası tərəfindən
işğalına etiraz əlaməti olaraq küçələrə
çıxan Praqa universiteti tələbələrindən
doqquzunun Almaniya əsgərləri tərəfindən
öldürüldüyünü, 1200 tələbənin sürgünə
göndərildiyini və Praqa universitetinin
bağlandığının şahidi oluruq. Bu hadisəni
ölümsüzləşdirmək məqsədilə1941-ci
ildə Beynəlxalq Tələbə Təşkilatı bu
günün beynəlxalq tələbə günü kimi qeyd
olunması təklifi ilə çıxış etmişdi.
Biz də bugünkü yazımızda tələbə gəncliyin
cəmiyyətin və dövlətin inkişafında rolunu təhlil
edərək, tələbələrin
qarşılaşdığı problemləri nəzərdən
keçirməyə çalışacağıq.
Müasir dünyada universitetlərin ən
başlıca vəzifələrindən biri ixtisaslı
mütəxəssis hazırlamaqla yanaşı, həm də
cəmiyyətə hərtərəfli formalaşmış fərdlər
qazandırmaqdan ibarətdir. Müasir informasiya cəmiyyəti şəraitində
informasiyaya əldə etmə imkanı olan, hadisələr və
proseslər arasında məntiqi əlaqə qura bilən,
analitik düşüncə qabiliyyəti olan fərdlərin əhəmiyyəti
daha da artıb. Bu gün inkişaf etmiş ölkələrin
ortaq xüsusiyyəti inkişafın güc mənbəyini məhz
elm ocaqlarından almasıdır. Müasir universitetlərin ən
dinamik ünsürləri isə tələbələrdir. Bəs,
görəsən sayı 120 minə yaxınlaşan Azərbaycan
tələbələri bu kriteriyalara cavab verə bilirlərmi?
Bəri başdan qeyd edək ki, bu suala birmənalı cavab
vermək çətindir. Bu baxımdan Azərbayacanlı tələbələri
iki kateqoriyaya bölmək olar: bu kriteriyaya cavab verənlər
və verməyənlər. Gəlin ilk növbədə bu
kriteriyalara uyğun gəlməyən tələbələrə
nəzər yetirək. Cəmiyyətdə tələbə gəncliyin
mütaliə və ümumiyyətlə, bilik səviyyəsinin
aşağı olması haqqında tez-tez iradlar səslənir.
Bu baxımdan auditoriyalarda, məişətdə və rəsmi
yerlərdə tez-tez şahidi olduğumuz tələbələrin
bilik səviyyəsinin, nitq qabiliyyətinin zəifliyi
onların bu nöqsanlarının bariz təzahürüdür.
Bütün bu nöqsanlar haqqında danışarkən,
burda gənclər qədər onları əhatə edən
ictimai və təhsil mühitinin də rolunu qeyd etməmək
olmur. Belə ki, qərb universitetlərində
müşahidə etdiyimiz informasiyaya yiyələnməyi,
özünü təkmilləşdirmə mexanizmini əfsuslar
olsun ki, biz hələ də tələbələrimizə
aşılaya bilməmişik. Əzbərçiliyin ön
planda olduğu və qiymətləndirmə sistemi kifayət qədər
inkişaf etməmiş bir təhsil şəraitində
tələbə gənclərdən böyük uğurlar
gözləmək doğru deyil. Hələ mən digər
neqativ halların heç adını çəkmək belə
istəmirəm. Bir məqamı qeyd etmək lazımdır
ki, bu gün dünya universitetlərinin reytinqi müəyyənləşdirilərkən
həm də həmin universitetin tələbələri tərəfindən
həyata keçirilən elmi tədqiqatların və layihələrin
sayı və keyfiyyət göstəriciləri də nəzərə
alınır. Bu baxımdan şübhəsiz ki, bizim hələ
görəcək çox işlərimiz var.
Zaman-zaman
apardığımız tədqiqatlardan bu gənclik qrupuna
daxil olan insanların asudə vaxtlarında az mütaliə
etdikləri, teatr, muzey kimi sənət fəaliyyətlərindən
uzaq olduqları, əksinə qızıl dəyərində
olan vaxtlarının böyük bir bölümünü
çayxanalarda oyun oynayaraq, saatlarla telefon dəstəyindən
asılaraq, intenet klublarda söhbət edərək, televiziya
qarşısında heç bir veriliş ötürmədən
keçirdikləri aydın olur. Bu da heç şübhəsiz ki, gələcəkdə
öz intellektual potensialı ilə ölkəmizi həm
daxildə, həm xaricdə təmsil edəcək gənc dəyərlərin
formalaşması qarşısında duran və həlli vacib
olan ən ciddi problemlərdən biridir. Bəzi
üzdəniraq tələbələrin isə dərs prosesi əsnasında
intizamsız davranışları həm onlara elm öyrətməyə
çalışan müəllimlərin motivasiyasına mənfi
təsir göstərir, həm də həqiqi mənada elm
öyrənməyə çalışan tələbə
yoldaşlarının ən təbii haqları olan dərsi
dinləmələrinə imkan vermir. Hətta, bu cür
davranışı qəhrəmanlıq kimi görənlər
belə var.
Nöqsanlar haqqında danışarkən burda
valideynlərin roluna da xüsus qeyd etmək lazımdır.
Heç kimə sirr deyil ki, əksər
azərbaycanlı valideynlərin həyatdakı ən
böyük arzularından biri övladının ali təhsil
alması, tələbə statusunu qazanmasıdır. Hətta
bu amal uğrunda gecəsini-gündüzünə qatan,
sırf övladı təhsil ala bilsin deyə öz isti
yuvasından minlərcə kilometr uzaqda, çox çətin
şərtlər altında çalışan valideynlərin
sayı kifayət qədərdir. Lakin əfsuslar olsun ki, bu
qayğı əksər halda ali məktəbin ilk pilləsinə
qədəm qoyduqdan etibarən yerini nisbi rahatlığa və
arxayınçılığa verir. Universitetə qəbul
imtahanları əhəmiyyətli, növbəti mərhələ,
yəni universitedəki təhsil prosesi daha çox texniki bir məsələ
kimi görülür. Yəni, ali məktəbə
qəbul olunduqdan sonra valideynin diqqəti daha çox
övladlarının gündəlik ehtiyaclarının həllinə,
əyalətdən olan tələbənin yer məsələsini
buna əlavə etmək lazımdır, ən yaxşı
halda imtahanların verilməsi prosesinə yönəlir.
Halbuki, valideynlərin bu mərhələdə nəzarəti
də əhəmiyyət kəsb edir. Əks təqdirdə nəzarətsizlik
bir çox halda mənfi nəticələrə gətirib
çıxarır.
İndi isə müsbət
nümunələrə nəzər yetirək. Bu
gün daim öz üzərində çalışan,
vaxtının böyük bir bölümünü
kitabxanlarda keçirən, respublikanın ictimai-siyasi həyatında
və tələbə dərnəklərinin fəaliyyətində
aktiv iştirak edən, əlavə xarici dil öyrənmək
üçün kurslara gedən, elmi təfəkkür
və bilik baxımdan qərbdəki həmkarlarından
heç də geri qalmayan tələbələrimizin sayı
az deyil. Onlar dövlətlərinin və valideynlərinin əziyyətini
və qayğısını nəzərə alaraq,
onların etimadını doğrultmaq üçün var
güclərini səfərbər edirlər. Xüsusilə,
xaricdə təhsil alan tələbələrimizin zaman-zaman mətbuat
səhifələrinə də çıxan uğurları,
Azərbaycan diaspor qurumlarındaki aktiv fəaliyyətləri
gənclərimizin elmi-intellektual baxımdan nə dərəcədə
yüksək olduğunu göstəricisidir.
Türkiyədə
oxuduğum müddətdə ən çox diqqətimi
çəkən məqamlardan biri tələbə
yoldaşlarımın özlərini digər həmyaşıdlarından
fərqləndirərək “mən universiteliyim”, yəni mən
universitet tələbəsiyəm ifadəsini tez-tez işlətmələri
idi. Onlar bununla
özünü digər yaşıdlarından üstün
görməkdən daha çox, tələbə
adının məsuliyətini dərk edərək öz
üzərində daim çalışır, mütaliə
edir, xarici dil öyrənir, asudə vaxtlarını elmi
konfranslar və seminarlarda keçirir, sənət fəaliyyətlərində iştirak edərək
dünyagörüşlərini artırmaya
çalışırdılar. Hesab edirəm
ki, bizim də bu mərhələdə vəzifələrimizdən
biri tələbə gənclik arasında məhz belə bir təfəkkürün,
yəni universitetli olmağın məsuliyyətini dərk etmələrinə
nail olmamız lazımdır. Bunun üçün cəmiyyətin
bütün qurumlarının bu işdə aktiv iştirak etməsi
çox vacibdir.
Bu gün tələbə gənclik haqqında
danışarkən onun sosial qayğılarına da toxunmamaq
olmur. Xüsusilə,
əyalətdən gəlmiş tələbələrin
yataqxana ilə təminat məsələsi, maddi cəhətdən
az təminatlı ailələrdən olan tələbələrin
zəruri ehtiyaclarını qarşılaya bilməmək
problemləri zaman-zaman müzakirə mövzusu olur. Heç kimə sirr deyil ki, tələbələrimizin
bir bölümü maddi ehtiyaclarını qarşılamaq məqsədi
ilə dərsdən sonra mağazalarda, kafelərdə,
restoranlarda və şadlıq evləri kimi iaşə obyektlərində
işləmək məcburiyyətində qalırlar. Bəziləri
isə gecə növbəsində qalaraq səhər
audutoriyada yuxulayırlar. Tələbələrin
maddi problemlərin həllində işadamlarının və
biznes strukturlarının öhdəsinə də
böyük məsuliyyət düşür. Çünki bu
məsələnin həllini tamamilə dövlətdən
gözləmək doğru deyil. Əfsuslar olsun ki, müstəqilliyimizi
qazandıqdan sonra aradan keçən
müddət ərzində iqtisadi cəhətdən kifayət
qədər güclü özəl biznes qurumlarının
sayı çoxalsa da, bu qurumların millətin gələcəyi
olan tələbələrin maddi problemlərinin həllində
rolu bu inkişafdan xeyri geridə qalıb. Hər il bu
istiqamətdə “milli burjuaziyanın” təfəkkür tərzində
müsbət yöndə dəyişiklik olacağı
yöndəki gözləntilərimiz isə yavaş-yavaş
yerini pessimizmə verir. Ama bunun müqabilində
bir klipin çəkilməsinə, bir obyektin
açılış mərasiminə və buna bənzər
hadisələrə bir işadamının nə qədər
pul xərclədiyini, dəstək olduğunu eşidəndə
və gözünün qabağına həmin vəsaitlə
neçə tələbənin, vətən
övladının zəruri olan ehtiyaclarını ödənilə
biləcəyini fikirləşəndə heyfslənməyə
bilmirsən. Halbuki, hətta məsələyə
iqtisadi maraqlar müstəvisindən baxanda belə sadə bir
həqiqəti dərk etmək kifayətdir ki, tələbə
gəncliyin elmli və təfəkkürlü olması
ölkənin inkişafına təkan verəcək, bu da
öz növbəsində həmin işadamlarının
gəlirlərinin artmasına də müsbət təsir
göstərəcək. Nə bilmək olar, bəlkə
onların dəstək olduğu gənclər bir gün
dünya elmində cığır açacaq yeni ixtiralara imza
atacaqlar, Azərbaycanın adını dünya elm tarixinə
qızıl hərflərlə yazdıracaqlar?! Təəssüf
ki, bu mərhələdə əlimizdən ancaq tariximizdə
bu istiqamətdə xeyriyyəçilik fəaliyyəti ilə
məşğul olan H.Z. Tağıyev kimi insanları
böyük ehtiram hissi ilə xatırlamaqdan və xarici
ölkələrin təcrübəsindən
danışmaqdan başqa heç nə gəlmir.
Gəlin
hamılıqla fərdi və kollektiv mənada özünəinam
hissi olan, yaradıcılığı həyat tərzi olaraq
mənimsəmiş, iki-üç xarici dil bilən, dövlətçilik
maraqlarını ön planda tutan, ölkənin
inkişafında özünün rolunu düzgün dərk
edən, qloballaşan dünyada özünə layiqli yer tapa
biləcək səviyyədə biliyə və
dünyagörüşünə sahib olan, dialoqa və
işbirliyinə açıq, zəhmətkeş və fədakar
gənclik yetişdirmək üçün güclərimizi
səfərbər edək. Unutmayaq
ki gələcəyimizin təminatı məhz bu gənclikdir.
Əbülfəz SÜLEYMANLI
525-ci qəzet.- 2009.- 17 noyabr.- S.2.