Bəşəriyyət əleyhinə törədilən ağır cinayət

 

Dağlıq Qarabağ: yaddaşlarda qalan izlər

 

“XX əsrdə ermənilər tərəfindən Azərbaycan xalqına qarşı dəfələrlə təcavüz edilib, soryqırımı törədilibdir. Onlardan ən dəhşətlisi Xocalıda baş vermişdir. Bu faciə bütün Azərbaycan xalqını sarsıtmış, xocalılara ağır mənəvi zərbə olmuşdur. Ancaq xocalılar hətta genosid günündə belə özünü əsl qəhrəman kimi aparmış, son damla qanlarına qədər qeyri-bərabər döyüşdə igidliklə vuruşmuş və bu şəhərin ölməzlik tarixini yaratmışlar...”

 

Heydər Əliyev

 

Yeni və ən yeni tariximizin yaxın dövrünə nəzər salsaq görərik ki, ermənilər öz havadarlarının dəstəyi ilə xalqımıza qarşı dəfələrlə qanlı cinayətlər törətmişlər. Bu cinayətlərin sırasına 1905-1907-ci illərin qanlı hadisələrini, 1918-ci ilin mart soyqırımını, 1937-ci ilin repressiyalarını, 1948-1953-cü və 1988-ci illərin deportasiyalarını aid etmək olar. Müxtəlif zamanlarda törədilən bu hadisələr zamanı dinindən, dilindən, irqindən və milliyyətindən asılı olmayaraq, on minlərlə azərbaycanlı günahsız yerə qətlə yetirilmişdir. 1 milyondan artıq adam isə öz el-obasından, yurd-yuvasından didərgin salınmışdır. “Dənizdən-dənizə Böyük Ermənistan” yaratmaq xülyasına qapılan mənfur qonşularımızın törətdikləri qatı cinayətlərdən biri də Xocalı soyqırımıdır. 1992-ci il fevralın 25-dən 26-a keçən gecə onlar Xankəndi (Stepanakert) şəhərindəki keçmiş sovet ordusunun 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum edərək, bu yaşayış məntəqəsinin əhalisinə amansız divan tutmuşlar.

Hadisələrin gedişatını bir qədər aydın izləsək görərik ki, Xocalının işğalı xüsusi plan əsasında həyata keçirilmişdir. Belə ki, 1991-ci ilin oktyabr ayından bu şəhər ermənilər tərəfindən blokadada saxlanılırdı. Həmin ayın 30-dan Azərbaycanla avtomobil əlaqəsi kəsilən Xocalının yeganə nəqliyyat əlaqəsi də hava xətti ilə mümkün olurdu. Şuşa şəhərinin səmasında mülki vertolyotun vurulması və nəticədə 40 nəfərin həlak olması hadisəsindən sonra bu əlaqə də kəsilmişdir. Beləliklə, 1992-ci il yanvarın 28-də sonuncu vertolyotu qəbul edən Xocalı tam mühasirə şəraitində yaşamışdır. Bundan istifadə edən erməni silahlı dəstələri isə fevral ayının ikinci yarısından başlayaraq şəhəri toplardan, ağır zirehli texnikalardan atəşə tuturdular. Lakin milis və milli ordumuzun döyüşçülərindən, əli silah tuta bilən şəhər sakinlərindən təşkil olunmuş yerli özünümüdafiə dəstəsi son ana qədər düşmənə müqavimət göstərmişdir.

Ermənilərin Xocalıya hücum etməsinin başlıca səbəbi şəhərin strateji mövqeyi olmuşdur. 7 mindən artıq əhalisi olan bu yaşayış məntəqəsi Xankəndindən 10 kilometr Cənub-Şərqdə, Qarabağ dağının silsiləsində və Ağdam-Şuşa, Əsgəran-Xankəndi yollarının üstündə yerləşməklə böyük əhəmiyyət kəsb edirdi. Əgər Qarabağdakı yeganə aeroportun da burada yerləşdiyini nəzərə alsaq, Xocalını ələ keçirmək üçün ermənilərin o dövrdə necə canfəşanlıq etdiklərini aydın təsəvvür etmək olar. Sonralar ermənilər özləri də etiraf etmişlər ki, şəhərə hücum zamanı başlıca məqsəd Xocalı platsdarmının məhv edilməsi, həmçinin bu məntəqədən keçən Əsgəran-Xankəndi yolunun boşaldılması və azərbaycanlıların nəzarətində olan aeroportun ələ keçirilməsi olmuşdur.

Xocalıya hücum fevralın 25-də, axşam saat 23:00-da 366-cı alayın hərbi texnikasının döyüş mövqelərinə çıxarılması ilə başlanmışdır. Əvvəlcə şəhər toplardan, tanklardan, “Alazan” tipli raketlərdən iki saat ərzində aramsız atəşə tutulmuşdur. Xocalıda yanğınlar baş vermiş və fevralın 26-sı səhər saat 5 radələrində şəhər tam alova bürünmüşdür. Hücum üç istiqamətdə aparıldığından şəhərdəki 2500-ə yaxın əhali Əsgəran istiqamətində qaçmağa məcbur olmuşdur. Tezliklə müəyyən edilmişdir ki, bu da ermənilərin növbəti düşünülmüş hiyləsidir. Çünki Naxçevanik kəndi yaxınlığında çaşqın, əliyalın, dinc əhalinin qarşısı erməni silahlı dəstələri tərəfindən kəsilərək gülləbaran edilmişdir. Qarlı aşırımlarda və meşələrdə zəifləmiş, taqətdən düşmüş insanların çox hissəsi də məhz Əsgəran-Naxçivanik arasındakı ərazidə erməni qəsbkarları tərəfindən xüsusi qəddarlıqla məhv edilmişdir.

Həmin günlərdə Azərbaycan hərbçiləri Xocalı sakinlərinin köməyinə çata bilməmişdir və hətta sonradan cəsədlərin götürülməsi də mümkün olmamışdır. Bu müddətdə isə ermənilərin ağ geyimli xüsusi qrupları meşələrdə gizlənmiş sağ qalan insanların axtarışını apararq onları əsir götürmüş və çoxsaylı işgəncələrə məruz qoymuşlar. Yalnız fevralın 28-də, tərkibində yerli jurnalistlərin də iştirak etdiyi qrup iki vertolyotla Xocalı sakinlərinin qətlə yetirildikləri əraziyə gedə bilmişlər. İkinci vertolyotun havadan mühafizəsinə baxmayaraq, həmin gün ermənilərin güclü atəşi altında yalnız 4 cəsədi götürmək mümkün olmuşdur.

Qocalara, uşaqlara, qadınlara belə rəhm edilməyən bu qanlı faciənin törədilməsində ermənilərlə bərabər, 366-cı motoatıcı alayın şəxsi heyəti də yaxından iştirak etmişdir. Həmçinin alayın komandanlığının cinayət sövdələşməsi və məsuliyyətsizliyi nəticəsində hərbi texnikanın bir hissəsi, o cümlədən zirehli texnika ermənilərə təhvil verilmişdir ki, bu da erməni qaniçənləri tərəfindən azərbaycanlılara qarşı növbəti cinayətlərin törədilməsinə və separatçılıq hərəkatlarının davam etdirilməsinə rəvac vermişdir.

XX əsrin ən qanlı faciəsinin törədilməsində Azərbaycanın o dövrdəki rəhbərliyinin məsuliyyətsizliyi də önəmli rol oynamışdır. Belə ki, ölkənin o zamankı rəhbərliyi respublikanın ərazi bütövlüyünün, vətəndaşların təhlükəsizliyinin təminatçısı kimi Qarabağda, o cümlədən də Xocalıda baş verən hadisələrin qarşısının alınması üçün zəruri tədbirlər görməmişdir. Ən acınacaqlı hal isə ondan ibarət olmuşdur ki, qanlı faciə baş verəndən sonra rəsmi orqanlar xalqın qəzəbindən qorxaraq erməni vandallarının törətdiyi qətliamı, vəhşiliyi gizlətməyə çalışmışlar. Xocalı faciəsinin soyqırımı faktı kimi açıqlanmaması və bununla bağlı dünya ictimaiyyətinə heç bir məlumatın verilməməsi də ağır nəticələrə gətirib çıxarmışdır.

Həqiqətdə isə vəziyyət doğrudan da acınacaqlı idi; dinc əhaliyə qarşı həyata keçirilən qətliam nəticəsində ümumilikdə 613 nəfər həlak olmuşdu ki, onlardan da 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri qoca və ahıl sakinlər idi. 487 nəfər yaralıdan isə 76 nəfərini uşaqlar təşkil edirdi. Həmçinin, faciə zamanı 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərdən birini itirmişdi. Əhalinin 1275 nəfəri ermənilər tərəfindən əsir götürülmüşdü. 150 nəfər Xocalı sakinindən isə bu günə kimi xəbər tutmaq mümkün deyil.

Təəssüflər olsun ki, dünya ictimaiyyətinin gözü qarşısında baş vermiş bu qanlı faciəyə həmin dövrdə heç bir hüquqi-siyasi qiymət verilməmiş, onun icraçıları heç bir məsuliyyətə cəlb olunmamışlar. Halbuki yalnız 366-cı motoatıcı alayın əsgəri Viktoriya İvlevanın, hərbi təyyarəçi, mayor Leonid Kravtsevin şahid kimi söylədikləri, eləcə də Xocalı faciəsinin iştirakçısı, erməni yazıçısı Daud Xeyriyanın kitabındakı qeydlər faciənin səbəbkarlarının cəzalandırılması üçün tutarlı faktlardır. Ümumiyyətlə isə “Xocalının işğalına dair istintaq materiallarından” aydın olmuşdur ki, hücumda mayor Ohanyan Seyran Muşeqoviçin komandanlığı altında 366-cı alayın 2-ci batalyonu, Yevgeni Nabokixinin komandası altında 3-cü batalyon, 1 saylı batalyonun qərargah rəisi Çitçyan Valeriy İsayeviç və alayda xidmət edən 50-dən artıq erməni zabit və praporşik iştirak etmişdir.

Erməni qaniçənlərinin Azərbaycan xalqının məhv edilməsinə yönəldilmiş soyqırım və işğalçılıq siyasətinin davamı olan Xocalı faciəsinə siyasi qiymət vermək mərhum Prezident Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra mümkün olmuşdur. İlk növbədə Xocalı faciəsi ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı aktı kimi təsbit olunmuş, bu faciənin dünyaya tanıdılması istiqamətində xeyli işlər görülmüşdür. H.Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi 1994-cü il fevralın 24-də “Xocalı soyqırımı günü haqqında” xüsusi qərar qəbul etmiş, sənəddə hadisənin baş vermə səbəbləri, günahkarlar təfsilatı ilə açıqlanmışdır. Eyni zamanda, Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, erməni qəsbkarlarının beynəlxalq müstəvidə ifşası mühüm vəzifələr kimi önə çəkilmişdir.

1996-cı il fevralın 24-də xocalılarla görüşən Prezident Heydər Əliyev Xocalı faciəsinin xalqımızın qəhrəmanlıq tarixində xüsusi yeri olduğunu vurğulayaraq demişdir: “Bir tərəfdən bu, hər bir Xocalı sakininin öz torpağına, millətinə, Vətəninə sədaqətinin nümunəsidir, ikinci tərəfdən də Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımıdır, vəhşiliyin görünməmiş bir təzahürüdür. Əgər Xocalı faciəsi bir tərəfdən erməni işğalçılarının vəhşiliyinin nəticəsi olubsa, ikinci tərəfdən bizim dövlət orqanlarının, o vaxt respublikaya rəhbərlik edən səlahiyyətli şəxslərin cinayətkarlığı, hətta deyərdim, xəyanətkarlığı nəticəsində olubdur. Ona görə də biz bu soyqırımını pisləməliyik, ermənilərin bu vəhşiliyini dünyaya göstərməliyik, onları bir vəhşi kimi ifşa etməklə yanaşı, eyni zamanda, özümüzə etdiyimiz cinayəti, xəyanəti də aşkar etməliyik”.

Mərhum Prezident Heydər Əliyevin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” 25 fevral 1997-ci il tarixli sərəncamı ilə hər il fevral ayının 26-sı saat 17.00-da Azərbaycan Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilir. Xalqımızın 1990-cı ilin yanvarından sonra bir daha öz milli kimliyini, düşmənə qarşı mübarizə əzmini, qətiyyətini, döyüş ruhunu nümayiş etdirdiyi həmin məqam bu gün dövlət başçısı İlham Əliyev tərəfindən də ehtiramla anılır. Bəşəriyyətə qarşı ən dəhşətli cinayətlərdən olan Xocalı soyqırımının, eləcə də xalqımızın üzləşdiyi digər faciələrin dünya ictimaiyyətinə çatdırılması istiqamətində dövlət səviyyəsində mühüm tədbirlər həyata keçirilir.

Dünya bilməlidir ki, bu cinayət təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün sivilizasiyalı dünyaya, bəşəriyyətə qarşı yönəlmişdir. Hazırda Ermənistanda mühüm dövlət postları tutanlar, o cümlədən müdafiə naziri Seyran Ohanyan, eks-prezident Robert Köçəryan və hazırkı prezident Serj Sarkisyan, eləcə də digərləri baş vermiş soyqırımın günahkarları kimi beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər. Bir sözlə, cinayət cəzasız qalmamalıdır. Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistan Respublikasının Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə – Xocalı soyqırımına, əsl soyqırım hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər.

 

 

Rufik İSMAYILOV

 

525-ci qəzet.- 2009.- 18 noyabr.- S.4.