Xeyirxah və işıqlı insan
(Zakir Kərimovun portret cizgiləri)
Qəribə
bir əsrarəngizliyə bürünmüş, sirli-sehrli bu
qoca dünyada hərəmiz Tanrının lütf etdiyi bir
ömrün sahibiyik. Bizə
əta edilən həmin ömrün bir gün harada, hansı
gün sona yetəcəyini, bitəcəyini bir kimsə indiyədək
bilmədi və bilməyəcək də. Bəlkə də
elə-belə yaxşıdı, çünki bəşər
övladı bu faniliyin içində nə qədər
qalacağını bilmiş olsaydı özündən
başqa heç nəyi eyninə almazdı, heç kimin aqibətini
düşünməzdi...
Niyə gəldik bu dünyaya? Elə-belə
yaşamaq üçünmü? Dünyaya “beş
günlük dünyadır” – deyib də hər cür, hər
növ var olması, görünəni, duyğulanı
unudaraq, hər nə yolla olur-olsun dünyanın dadını
çıxarmağamı? Dünya-zaman-insan arasında təzahür
edən dağıdıcı inkarın, təzadların
üstündə çırpınan, nizamı pozulan
hormoniyanın içində boğulan səsimizlə səhərlərin,
axşamların qulağına dediyimiz gileylərin içində
necə görünürük bu gün? Vaxtı yetəndə,
tarix qarşısında hansı statusda, hansı qiyafədə
çıxış edəcəyik, hansı əməllərimizi
dayaq nöqtəsinə çevirib az da olsa qınaqlardan yaxa
qurtara biləcəyik?...
Böyük
insanlıq deyilən məfhumun önünə
çıxası, özünə veriləsi bu tip suallar
yüzlərlədir və bu sualları əməliylə,
işiylə, münasibətiylə hər insan
ayrı-ayrılıqda cavablandırır ömrü boyunca...
Yaxşı
insanlar bütövlükdə insanlıq deyilən nəsnənin
bir növ güzgüsüdür, onların
yaşadıqları ömrün hər günü, hər əməlləri
bizim üçün, bizdən sonra gələnlər
üçün də bir növ nümunədir.
Yaxşı
insanların həyatı hamının oxuya biləcəyi ən
yaxşı, ən mükəmməl, ən kamil kitabdır –
özü də canlı kitab...
Yaxşı
insanların əməlləri hər bir insan
üçün qeyrət dərsidir, nümunədir, yol
göstəricisi funksiyalı bir işıqdır...
Yaxşı
insanların əməlləri ürəkdən-ürəyə
salınan mehr, istək körpüsüdür, Vətənlə-vətəndaş
arasında umacaqsız şəkildə təzahür edən
kamil münasibətdir...
Yaxşı
insanların əməlləri insanlığın kişilik
vəsiqəsidir, gələcəyin suallarına verilən ən
dəqiq cavab misalıdır...
Bu gün
tanıdığım, ünsiyyət qurduğum,
oturub-durduğum insanlar arasında baxtımın gətirdiyinə
görəmi, ya nədəndirsə, pis adamlara demək olar
ki, rast gəlmədim, Tanrı yolumu onlara sarı ürcah eləmədi.
İndiyədək tanıdığım adamların hər
biri öz xarakteri, dünyaya baxışı, münasibətiylə
mənə doğmalaşan, ürəyimi əlimdən alan
insanlar oldular.
İndi
onların adlarını bir-bir çəksəm uzun bir
siyahı alınacaq və üstəlik adlarını çəkəndən
sonra da ürəyimdən gələn xoş sözləri
deməsəm, alınmayacaq. Bəlkə elə “axtaran tapar” – ifadəsindəki həqiqət
insanın istəyinə uyğun şəkildə Tanrı tərəfindən
həmin istəyə doğru insanı yönəltmişdi?
Bəlkə elə mənə qarşı Tanrının ən
böyük səxavəti odur ki, əlimi nadan, cahil
adamların əlinə uzatmağa bu günə qədər
qıymayıb...
Ürəyimdə,
gözümdə, sözümdə, ruhumda yaşayan
yaxşı əməl, kəramət sahibi olan
çiyindaşlarımı biri-birindən ayıra bilmirəm,
onlar bütövlükdə mənim yaddaşımın
insanlıq səhifəsinə imzalarını atmış
şəxslərdir. Həmin
şəxslərdən biri Zakir Qəzənfər oğlu Kərimovdur.
Bəri başdan deyim ki, Zakir
müəllim təkcə mənim üçün deyil, onu
tanıyan hər bir insan üçün doğma ünvana
çevrilə bilən bir şəxsiyyətdir. Onunla
qısa zaman kəsiyində ünsiyyət qurmaq kifayət edir
ki, sonra onu heç cürə yaddan çıxara bilməyəsən.
Onun ünsiyyəti o qədər incə, o qədər lətif,
o qədər ürəyəyatımlı şəkildədəir
ki, onunla təzəcə tanış olan adam onu sanki
çoxdan, illər öncə tanıdığı şəxs
kimi qəbul edir.
Qədim Göyçə mahalının ağırtaxtlı kişilərinin götür-qoyunu, sambalını, nüfuzunu əməliylə yaşadan kişilərdəndir Zakir müəllim.
Uşaq
ürəyi qədər təmiz, sakit, bir ürək sahibi
olan Zakir müəllimin şəxsiyyətinin
ucalığı, böyüklüyü məncə
ondadır ki, o, insanları fərq qoymadan,
ayrı-seçkilik salmadan sevə bilir. Hamıya qarşı qayğıyla, mərhəmliklə,
nəvazişlə dolu eyni cür münasibət göstərə
bilir. Onun üçün insanların doğması –yadı
yoxdu, insanlıq deyilən məvhum var və məvhumun
içində sən də, mən də o da var. Yəni
bütövlükdə hamımız varıq – o taylı, bu
taylı Azərbaycan xalqı!
Ürəkli, çörəkli kişilərdəndir, Zakir müəllim. Qapısı umanların, ehtiyacı olanların üzünə daim açıq olan bu ər kişinin sonuncu tikəsini də ağız açandan, uman kəsdən əsrgəmədiyinin dəfələrlə şahidi olmuşam. Bəlkə elə buna görədir ki, ruzisi heç vaxt kəm olmayıb Zakir müəllimin, Tanrı yox yerdən var edib onun qismətini.
Zakir müəllim nə olur-olsun
haqqı nahaqqın ayağına verməyən, əməli
sözüylə üst-üstə düşən kişilərdəndir.
Haqq bildiyi işdən dönməyən, hər şeyi
öz adıyla, olduğu kimi çağıran Zakir müəllim
mənim nəzərimdə bir ləyaqət təcəssümüdür.
Hazırda ARDNŞ-nin “Neft Kəmərləri” İdarəsində
şöbə rəisi işləyən Zakir müəllim
30 ildən artıq Daxili İşlər Nazirliyində,
müxtəlif rayonlarda polis rəisi işləyib, ehtiyatda
olan polis polkovnikidir.
Azərbaycan kəlməsi yetərlidir ki, Zakir müəllim özünü, duyğularını, iç dünyasını, torpaq, yurd sevdasını varaq-varaq, sətir-sətir, kəlmə-kəlmə dilə gətirsin.
Araz çayının
adının çəkilməsi bəs edir ki, onun
ayrılığın odunda indi də od tutub yanan ürəyindəki
kədərinin, pərişanlığını səsini
eşidəsən.
Zakir müəllim
üçün sərhədsiz bir Azərbaycan məvhumu var
və o məvhumun içində yaşayan Təbriz, İrəvan,
Göyçə mahalı, Dərbənd, Qarabağ,
Borçalı elləri eyni ağrıyla onun ömür
yaddaşında yaşamaqdadır. Hamının güvənc
yerinə çevrilən hər birimizin yurddaş,
cığırdaş, sirdaş ola bilən bir ümid
qapısıdır Zakir müəllimin adı, ünvanı.
Zakir müəllimin
ruhunda incə bir lirizm yaşayır, sözə
vurğunluğunu gizlətməyən şair ruhlu Zakir müəllimin
poeziyaya vurğunluğunu izah etmək çətin deyil. Qədim Göyçənin
böyüyündən-balacasına qədər hamı
Aşıq Alının Dədə Ələsgərli
söz çeşməsindən dadmadılarmı? Sözə
aşiqlik onların ruhunda doğulan gündən özlərinə
yer tutmadımı? Bax, həmin ovqatdan, həsbi-haldan
qaynaqlanır Zakir müəllimin poeziyaya vurğunluğu. Bu
qeyri-adi vurğunluq içində adları, sözləri,
misraları Zakir müəllimin dilindən əskik olmayan
şairlər, yazıçılar sırasında Xəlil
Rzanın, Hüseyn Arifin, Musa Yaqubun, Bəhmən Vətənoğlunun,
Zəlimxan Yaqubun, Dədə Ələsgərin nəvəsi
İsmixan Məmmədovun, Alqayıtın, Qənbər Şəmşiroğlunun,
İsmayıl Şıxlının, Aqil Abbasın və digər
tanınmış yaradıcı şəxslərin
adlarına rast gəlmək mümkündür. Amma Zakir
müəllimin məxsusi bir vurğunluqla adını çəkdiyi,
sözünə heyranlığını gizlətmədiyi
şair rəhmətlik Məmməd Arazdır.
Məmməd
Araz poeziyasının Zakir müəllim tərəfindən ən
kamil poetik toplu kimi qəbul edildiyinin dəfələrlə
canlı şahidi olmuşam. Hətta bir dəfə böyük şairimizə həsr
etdiyim:
Uzaqdan dolandı, yan aldı haqq
da,
Şöhrət istəmədi,
göz yumdu taxta.
Dəni sünbüldədi,
kökü torpaqda,
Əkinçi xışında
Məmməd Araz var.
Adi bir deyimi hikmətdən keçir,
Qədim yurd yerindən, bir kənddən keçir,
Üfüqdən boylanıb sərhəddən keçir,
Türkün savaşında Məmməd Araz var.
– bəndiylə başlanan şeirimi ona oxudum. Diqqət kəsilib maraqla dinlədi və sonra- “Eldar Həsənli, Məmməd Araz elə Araz çayını özünə təxəllüs götürməklə həm özünün şair tənhalığını, həm də Araz çayının sularındakı ayrılığın ahəngini bir yerə cəm edib, vəhdət halında təqdim edə bilib. Bu adları bir-birindən ayırsan böyük bir şəxsin təkliyi, eləcə də Araz çayının izahedilməz tənhalığıyla üz-üzə gələcəksən. Bu vəhdəti poetik söz süzgəcindən keçirəndə belə onların böyüklüyünü qoruyacaq oxucuya çatdırmaq vacibdir. Gəl sənə dediyimi ehtiva edən bir mövzu verim, ürəyinə yatsa, yaz” – dedi. Bax, elə Zakir müəllimin dediyi misralardan yarandı mənim:
Eşit deyim sübut, dəlil,
Cavid, Müşfiq neçə Xəlil.
Rəsul Rza, Mirzə Cəlil,
Mirzə Sabir tarazı var.
Bu dünyanın bircə dənə,
Məmmədi var, Arazı var.
Belə nəğmə, belə bəstə,
Ola bilməz hər nəfəsdə.
Onu düşün, onu səslə,
Bir ilahi avazı var.
Bu dünyanın bircə dənə,
Məmmədi var, Arazı var.
– başlıqlı şeirim.
Deməyim odur ki, Zakir müəllim sözün əsl mənasında söz-sov adamdır və ruhu şair olan adamın ruhu kimi ürəyi də kövrək, həlim olur, elə Zakir müəllim qədər. Zakir müəllimin Hüseyn Arifin, el şairi Əli Qurban Dastançının kiatblarının işıq üzü görməsindəki xeyirah əməli də unudulmamalı, qiymətləndirilməlidir.
Zakir müəllim elmə, biliyə üsünlük verən bir ziyalıdır və hər vaxt onun gəncləri savad almağa səslədiyinin canlı şahidi olmuşam.
Dünya malında gözü olmayan kişilərdəndir, Zakir müəllim və indiyədək qazandığı ən böyük var-dövlət onun adının hamı tərəfindən ehtiramla çəkilməsidir, hamı tərəfindən böyük bir insan, ağsaqqal kimi qəbul edilməsidir.
60 yaş nə yaşdır ki? Əsası neçə il yaşamaq deyil, necə yaşamaq, xalq tərəfindən adının necə qəbul edilməsidir. Bu mənada elə hesab edirəm ki, Zakir müəllim yaşadığı bu 60 ili əsl insan, vətəndaş kimi yaşayıb və buna rəğmən sevilib, hörmət-izzət sahibi olub, elin-obanın ümidgahına, sözü keçərli ağsaqqalına çevrilə bilib.
Sonda noyabın 23-də 60
yaşı tamam olan, 4 gözəl-göyçək nəvənin
babası, doğma qardaş, mənə yaxın olan Zakir Qəzənfər
oğlu Kərimova Tanrı kölgəsi üstündə
olsun, deyirəm. Amin!
Eldar Həsənli,
şair-publisist
525-ci qəzet.- 2009.- 19 noyabr.- S.6.