Üzeyir Hacıbəylinin
Bakıdakı Ev-Muzeyində
Ziyarətiniz qəbul olsun
Günümüzün gəncliyi gündəlik
qayğılarla yüklənən,
gerçək və bəzən də uydurma problemlərin məngənəsində sıxılan
cəmiyyətin bir hissəsidir. Görünür, elə
bu səbəbdən də hazırkı gəncliyin milli-mədəni dəyərlərin,
maddi mədəniyyət
nümunələrimizin önəmli
bir qisminin toplandığı muzeylərə
münasibəti də
bütövlükdə cəmiyyətin
yanaşmasından çox
da fərqlənmir. Bəlkə
biganəlik, inkarçılıq
baxımından bu münasibət daha da xoşagəlməz və arzuolunmazdır. Gənclərin çoxunda
mədəni sərvətlərimizin
cəmləndiyi muzeylərə
qarşı laqeydlik hiss olunur. Xüsusən
görkəmli şəxsiyyətlərin
ev-muzeylərinin ziyarətçiləri sırasında
gənclər nadir hallarda gözə dəyirlər. Oxucularımızı muzeylərə qiyabi
ziyarətə aparacaq
reportaj-ekskursiya silsiləsi
hazırlamaqla ilk növbədə gənclərdə
maraq oyatmaq, onların diqqətini cəlb etmək niyyətindəyik. Ümidvarıq
ki, indi ilk nümunəsini təqdim etdiyimiz bu yazılar silsiləsi gənclərimizin
bir çoxunda Azərbaycan muzeylərilə
əyani tanış
olmaq, maddi-mədəniyyət abidələrimizin,
dəyərli şəxsiyyətlərimizlə
bağlı xatirə
əşyalarının qorunduğu
və sərgiləndiyi
məkanlarımıza baş
çəkmək istəyi
yaradacaq.
REPORTAJ-EKSKURSİYA
...Şuşa şəhəri. Çox yaraşıqlı bir ev. Bu evdə 1885-1899-cu illərdə dahi bəstəkar Üzeyir Hacıbəyli yaşayıb. İçində balaca bir taxt, mütəkkə, yerdə kiçik qədim xalça olan vin ətrafı meyvə ağacları ilə əhatə olunub. Həyətdə çarhovuz, su quyusu, arx, səhəng var... Nəfis şəkildə tərtib olunmuş bu maket dahi Üzeyir Hacıbəylinin Şuşadakı ata ocağını əks etdirir. Amma çox təəssüf ki, bütün bu gözəllikləri Şuşada yox, hələlik yalnız dahi bəstəkarın Bakıdakı Ev-Muzeyində seyr etməli oluruq. Muzey Şamil Əzizbəyov küçəsi, ev 67 ünvanında yerləşir. Hazırda muzeyin direktoru bəstəkar Sərdar Fərəcovdur.
Ekspozisiya və kütləvi işlər şöbəsinin müdiri Gülnarə Ələsgərovanın bələdçiliyilə ziyarət etdiyimiz muzeyin rəsmi açılışı 1975-ci il noyabrın 20-də olub.
Ziyarətə RƏSMLƏRİN TOPLANDIĞI OTAQdan başlayırıq.
Bu otaqda görkəmli rəssamlar Mikayıl Abdullayev, Nəcəfqulunun, Ənvər Əliyevin və digərlərinin Üzeyir bəyin həyatının fərqli dövrlərini əks etdirən əsərləri yer alıb.
Yolumuz bəstəkarın İŞ OTAĞInadır. Əvvəldə haqqında söz açdığımız maket – Hacıbəylilərin Şuşadakı evinin kiçik modeli də elə bu otaqdadır. Həmin ev 1959-1992-ci illərdə Ü.Hacıbəylinin ev-muzeyi kimi fəaliyyət göstərib. Şuşanın işğalından bir ay əvvəl mədəniyyət naziri Polad Bülbüloğlunun köməkliyi ilə oradakı eksponatlar Bakıdakı ev-muzeyinə gətirilib. Gətirilənlər içərisində şəxsi əşyalar – Üzeyir bəyin qaragül dərili papağı, geyimləri, eynəyi, paltosu, Qoridə təhsil alarkən çaldığı skripkası, yazı ləvazimatları, şəxsi albomu, anasının gəlinlik paltarı, muzeyə yadigar verilən kitablar və ən əsası, həyətlərindəki armud ağacının dibindən götürülmüş bir ovuc Şuşa torpağı var. Otaqdakı radioqəbuledici (bəstəkarın 60 illik yubileyi münasibətilə Radio Komitəsinin əməkdaşları hədiyyə ediblər), mebellər, yazı masası, kəfkirli divar saatı (özü bu saatı “mənim ağıllı saatım” adlandırırmış), alman istehsalı olan “Bekker” royalı (“Koroğlu” operası, “Sənsiz” və “Sevgili canan” romanslarını bu royalda bəstələyib), royalın üstündə skripka (“Leyli və Məcnun” operasının ilk tamaşasında bu skripkada ifa edib), güldan (Azərbaycan–Kanada Federasiyasının sədri doktor Səid Kazımi hədiyyə edib, üzərindəÜzeyir bəyin əksi və xoş sözlər həkk olunub), bürünc “Kinovatson” mükafatı (2008-ci ildə Moskvada keçirilən “Kinovatson” müsabiqəsində “Ən gözəl musiqi əsəri” nominasiyası üzrə Ü.Hacıbəylinin ölməz irsinə görə təqdim edilib) dərhal diqqəti çəkir. Yazı masasının üstündə alma ağacından hazırlanmış qədim ingilis tənbəki çubuğu, “Koroğlu” siqaret qutusu, gümüş qapaqlı iki mürəkkəbqabı, mərmər prespopye (mürəkkəblə yazandan sonra mətni qurutmaq üçün), P.İ.Çaykovskinin kiçik büstü (Üzeyir bəyin bu dahi rus həmkarına dərin rəğbəti olub), qol saatı, telefon aparatı, eynək, qələmqabı, gümüşlə işlənmiş qovluq var. Sona çatdırmağa macal tapmadığı “Azərbaycan” simfonik poeması və “Firuzə” operasının səhifələri masanın üzərində qalıb. Kitab dolabında azərbaycancadan əlavə, ərəb, fars, rus, gürcü dillərində də nəşrlər var və onlar fəlsəfi, ictimai-siyasi mövzulardadır (Üzeyir bəy bu əcnəbi dillərin hər birində danışmağı və yazmağı bacarıb). Həmin kitabların səhifələrində Üzeyir bəyin qeydləri durur. İş otağında Elmlər Akademiyası əməkdaşlarının ona 60 illik yubileyilə əlaqədar hədiyyə etdikləri xalça asılıb. 24 sutkaya hazır olan xalçanın qeyri-adiliyi ondadır ki, bir çox bölgənin ornamentlərini özündə əks etdirir. Xalçanın mərkəzində bəstəkarın portreti, “Leyli və Məcnun”, “Koroğlu” operalarından səhnələr var. Yuxarı tərəfdəki tank şəkli Üzeyir bəyin II Dünya Müharibəsi illərində cəbhədəki döyüşçülərimizə göstərdiyi yardımın simvoludur. Aşağı hissədə Şərq və Qərb musiqi alətləri bir yerdə təsvir olunub. Azərbaycan musiqi tarixində bu alətlərin vəhdətini ilk dəfə, özünün “Leyli və Məcnun” operasında məhz Ü.Hacıbəyli yaradıb. Otaqda rəssam Mikayıl Abdullayevin naturadan çəkdiyi portret (1943) də var.
YATAQ OTAĞInda taxt,
geyim dolabı, konsertlərdə dirijorluq
edərkən geyindiyi
frak, şkaflar, lampa, həyat yoldaşı Məleykə
xanımın büstü,
ailə üzvlərinin
rəsmləri yer alıb. Küncdəki kiçik dolabın üstündə
ağ çini külqabı, fil fiquru, ağ kətan dəsmal və elektrik alışqanı yer alıb. Otağın aşağı hissəsindəki
komodun üstündə
Almaniyanın “EHRİCH and
QRAET” firmasında istehsal
edilmiş lampa, təraş dəsti, bəstəkarın eynəyi
və stolüstü güzgü qoyulub.
Daxil olduğumuz ÜMUMİ OTAQda Üzeyir bəy haqqında deyilən fikirlər, yubiley və ya yeni əsər münasibətilə verilən hədiyyələr, rəsmlər sıralanıb. Musiqi nəzəriyyəsi kafedrasının professorluq attestatı, deputat mandatı və nişanı, Lenin ordeni, Qırmızı Əmək Bayrağı ordeni, “Müharibə illərində fədakar əməyə” görə medalı və medalın vəsiqəsi, ordunun tank qoşunlarına maddi köməyilə bağlı dövlət başçısı İ.Stalindən aldığı təşəkkür teleqramı da buradadır.
YEMƏK OTAĞInda stol, stullar, soyuducu (Amerikanın “Leonardo” şirkətinin
istehsalıdır), radioqəbuledici,
patefon və digər əşyalar var.
Otağın mərkəzində
yerləşən stola
ağ süfrə salınıb, üstünə
iki nəfərlik yemək dəsti, XVII-
XVIII əsr Çin sənətkarlarının əl
işi olan böyük plov buludu qoyulub. Bu qab vaxtilə
Üzeyir bəyin ana babası Kərbəlayi Ələkbərin
süd bacısı Xan qızı Xurşidbanu Natəvana məxsus olub. Onu muzeyə Natəvanın nəticəsi Leyla xanım Usmiyeva verib. Şüşəbənd
otaqdakı divarboyu vitrinlərdə bəstəkarın
əsərlərinin partituraları,
klavirləri, “Üzeyir
Hacıbəyov Ensiklopediyası”
(Qulam Məmmədli hazırlayıb), həyat
və yaradıcılığı
haqqında yazılan elmi işlər, monoqrafiyalar toplanıb.
Müasir avadanlıqlarla təchiz olunmuş KİÇİK KİNOZALda ziyarətçilər Üzeyir bəyin əsərləri əsasında çəkilmiş bədii filmlərə, onun həyat və yaradıcılığından bəhs edən sənədli ekran işlərinə baxa bilirlər. Dünyanın müxtəlif ölkələrindən gəlmiş qonaqlar bu dəyərli məkanı ziyarət edərək, muzeyin “Xatirə” kitabına hərarətli ürək sözlərini yazıblar.
Hüsniyyə İSMƏTQIZI
525-ci qəzet.- 2009.- 19 noyabr.- S.7.