Poeziya

 

- çəhrayı çiçəkli

alma bağlarına

Gurultulu, şimşəkli

Şıdrığı yağış yağır...

Yağır çapa-çapla,

yağır ürəkdən

Dünyanı heyran qoymağa

yağır sanki bilərəkdən

Hər şey,

hər yan duyğuludu,

Ömür bəxtəvərdi..,

tale dup-durudu

Ürək ürəkdən vurur,

insan yüngülləşir sinədolusu

Sözün doğrusu

elə bil əlin dəyir

göyün ən uca tağlarına...

Gurultulu,

şimşəkli

bir yaz yağışı yağır

- çəhrayı çiçəkli

alma bağlarına.

 

Aydınlıq gecədə yenə qar yağır-

Dünya başdan-başa ağ-appaq yuxu-

Elə bil qar deyil,

ay işığıdı

Özünə qayıdır torpağın ruhu...

 

Bənzəyir yay gecəsi

Göbəyi açıq kəsə

İsti bir həyəcanla

Qəlbimdən keçir nəsə.

Mən bu ay işığına

Toxunmaq istəyirəm

Circiramalar kimi

Oxumaq istəyirəm...

Az qala sifətimə

Dəyib keçir yarasa

Ardınca fikirlərim

Qaçaq düşür harasa...

Evə qayıtmağa da

Yoxdur heç bir həvəsim

Qaranlıq pəncərədən

Gəlir öskürək səsi...

...Bənzəyir yay gecəsi

Göbəyi açıq kəsə

Isti bir həyəcanla

Qəlbimdən keçir nəsə...

 

Bir vaxt bu dünyada məhəbbət olub-

Yağıb yağışlarla, açıb güllərlə...

Milyon-milyon ayrılıqlar,həsrətlər-

Yarası könüldə qalıb illərlə...

Nəğmələr oxunub hicran əlindən

qədər qəm-qüssə, qədər kədər...

Sevgiylə ölçülüb bircə baxış da,

Sevgiylə çırpınıb hər gələn xəbər...

Ömür sevgilərlə şirin, mənalı,

İnsan məhəbbətlə bəxtəvər olub.

Hicranlar- vüsallar, min cür göz yaşı...

...Sevgi unudulub ...eh.., unudulub...

Məhəbbət yoxdusa, həsrət yoxdu...

Yoxdu hicran dərdi, yoxdu qüssə-qəm...

...O isti nəğmələr, qızmar misralar

Oxuyarmı könül.., yazarmı qələm..

Bir vaxt bu dünyada məhəbbət olub

Neçə şirin-şirin hicran nəğməsi...

Sevənlər dünyadan keçib getdilər

Öldü sinəsində bülbülün səsi...

Bu bürkü,bu mürgü kiməsə xoşdu...

Heç coşub daşmadı o qan damarda-

O qan qaynamadı,

qıcqırıb daşdı,

Bu necə dünyadı?

Bu hardan gəlib?

Mənə tərs-tərs baxdı-

kimdən soruşdum.

Sevgisiz dünyanı heç isitməz...

Bürkü aman verməz bir nəfəs dərəm.

Bir sadə dünyanın adamıyam mən,

Mən belə dünyada qala bilmərəm.

 

Bu, ömür olmadı, həyat olmadı

Mən dərdli bir tale yaşadım, qızım.

Bu mən deyiləm ki, əlli yaşımda-

Mən o qayalarla yaşıdam, qızım.

Ümid ağaclarım boy atdı getdi,

Arzu ağaclarım onlardan uzun...

Biri gül açmadı bu zalımların

Mən belə taleyi hayana yazım?!

 

Dərsə gedərdik onda

Bağların arasıyla

Çox vaxt hayla- harayla

Bəzən boy sırasıyla.

Hansı fəsil çatardı

O vaxtkı payızlara

Oğurlayıb almanı

Ötürərdik qızlara

Məktəbə çatan kimi

Alardıq əllərindən

Kim vermək istəməsə

Dartardıq tellərindən

Bir gün gördüm gizlədib

Köynəyinin altında

Almaları ver dedim

Dərsin bitən vaxtında

Yol boyu dinmədi heç

( İndi içim göynədi )...

Birdən baxıb gözümə

O alma deyil dedi...

 

Dünya elə uzaq deyil

qıra bilsən bu kilidi...

Ürəyindən bu dunyaya

yol-

bir sevgi mənzilidi...

Açılmamış sirrdi bu yol-

Tilsimə çəkib bir suyu...

Kimi bir baxışla getdi...

Kimi azdı ömrü boyu.

 

 

Gedim dərim budaqlardan payızı-

Alma, heyva, nar şəklində.

Solmuş yarpaqları sıxım köksümə-

Yar şəklində,

balam eyy.., yar şəklində...

Oxuyum bir ağız, oxuyum pəsdən

Bu sükut özü pəsdən oxuyur...

Sarı-narıncıdı hər tərəf, hər yan-

Dünya yanıqlı səslə oxuyur?!.

İlahi, ürəyim payız istəyir...

...Solğun yarpaqların üstündəki nəm...

...Niyə yazıq-yazıq baxırsan,gülüm,

Bu payız deyil ki,

bu elə mənəm!

Ömür keçdi payızların içində,

Payız imiş yaz bildiyim bu yazı...

Mən bilirəm soyuqlara az qalıb-

Gedim yığım budaqlardan payızı.

 

Hər sevgidən o yana bir tənhalıq başlayır

Bir boşluq , çəkisizlik,

çarəsizlik başlayır

Bir tonqallıq

od çıxır

ahıyla sinəsindən...

Günahıyla baş- başa

bu boşalmış dünyanı

dolaşır

bir ruh kimi

İnsanlara görünür

dəmkimi-

vurubkimi...

O daim kədərlidi

yay günü qürub kimi...

O da qüruba gedir

içindən yana-yana

Hər sevgidən o yana

bir tənhalıq başlayır

 

Könlümdən qədər arzular keçir..,

Daha demirsən ki, alın yazın var

Sən ey dərələrdə şırıldayan su

Sənin şəlalə olmaq arzun var...

Uçmaq istəyirdim mən ki bir zaman

Axan ulduzlarla, parlayan ayla...

Sonra da sel olmaq keçdi könlümdən-

Axım bu dünyaya hayla harayla...

Dedim şimşək olum yaz gecəsində...

...Yağışlar dağlara, çəmənlərə yox

Narınlı, leysanlı mənə yağırdı...

Dünya mənim üçün çox darıydı, dar...

Bir payız gecəsi durna çağırdı,

Anladım dünyada ayrılıqlar var...

Çox şeyi anladım sonra, çox şeyi

qədər arzular ölüb getdilər

O axan ulduzlar, çaxan şimşəklər

Mənə rişxənd ilə gülüb getdilər...

Həyatla vuruşda olmuşam demə,

Demə oynamışam hər vaxt qan ilə

Necə sağ qalmışam bu qırğınlarda

Boylandım özümə həyəcan ilə...

Bir ayıldım ki, ey dadi-bidad

Bu mən deyiləm ki, bu mən deyiləm-

Mən olam, dünyaya belə əyiləm?

Bu alın yazımmış- eyləyib bərbad

Mənim taleyimi, arzularımı..

...Axan ulduzlarla, çaxan şımşəklə

Uçmaq istəyirdim mən ki bir zaman...

Ömür yuxuymuş,

vaxtı çatanda

Bir durna səsinə ayılır insan...

 

Mən ordan gəlirəm, lap uzaqlardan-

Sevgilər hamısı qanına qəltan

Saxta səadətlər qədər desən-

Hündürdür göylərin yeddi qatından...

Mən ordan gəlirəm, lap uzaqlardan-

Orda mələkləri qırıb çatıblar,

Sevgilər hamısı qanına qəltan-

İblislər, şeytanlar başa çıxıblar...

Mən ordan gəlirəm, lap uzaqlardan-

Dünənki məzlumlar orda qudurub.

Ölən sevgilərin sümüklərindən

Orda allahsızlar imarət qurub...

Mən ordan gəlməzdim, gələ bilməzdim-

Sərxoş bir iblisin donunda qaçdım.

Can verən mələyin vəsiyyətilə

Gəldim ki, bu sirri sizlərə açım.

 

Mən tayanın üstündə

Ulduzlar göy üzündə

Üz-üzə sərilmişik.

Heyrətlə baxır, mənə

Bir dibsiz göylərə

Divarın üstdən pişik.

Yumruğumun içindən

Boylanıram düz aya...

Çox vaxt belə baxmışam

Mən həyata,

dünyaya...

Özüm anlamıram

Bu mənasız duyğunu

Pişik etinasız

Yelləyir quyruğunu...

 

...O boş qalmış evimizə qayıtdım

istiymiş bu sop-soyuq daş-divar!

Mən həkiməm, deməsə anladım

Evimizin ürəyində ağrı var...

Bu həyətdə solmuş otlar sızıltı,

Pilləkəni, taxtabəndi ağrıyır.

Pəncərələr gözün qırpmır ağrıdan,

O gərəksiz su səhəngi ağrıyır...

Mən bilirəm həsrət nədi dünyada...

Bu həyətin rəngi niyə sarıdı?!..

Kədərə bax, mən qapını açanda

Elə bil ki, bütün həyət zarıdı...

Suvaqların qopub düşən yerindən

Anladım ki, altda daşlar ağrıyır...

Tirlər boyu göbələklər deyil ki,

Ağrılardı, indi qubar bağlayır.

Hər tərəfdən ağrı gəlir üstümə,

İmdaddeyir həyət-baca dil açıb

Mən həkiməm,

bu zamanda bilirəm

Hələ yoxdu bu ağrının əlacı...

 

Payız gecəsində

Payızın aydınlıq gecələrində

Bir az gurlaşanda çayların səsi

Qəlbimin əlçatmaz içərilərində

Antik arzulara dəyir nəfəsim.

Payızın aydınlıq gecələrinin

Insani titrədən xətası da var

Yadıma düşür ki mənim qəlbimdə

Ömrümün bir qara qutusu da var.

Məni ayaq üstə saxlayır hələ

Ötüb keçən ömrüm dönüb dayağa

Hərdən o qutudan həzin səs gəlir-

Günah içindəsən başdan ayağa

Payız gecəsində parıldayır ay

Cadugər əlində qızıl cam kimi

Mənim göz yaşlarım ay işığında-

Köhnə məzar üstdə təzə şam kimi

Mən ayrı bir tale yaşadım, amma,

Ayrı bir taleyi sevdi ürəyim.

Birdən ayıldım ki, ey dadi-bidad

Həyətin ot basmış evdi ürəyim.

Payızın aydınlıq gecələrində

Bir az gurlaşanda çayların səsi

Qəlbimin əl çatmaz içərilərində

Antik arzulara dəyir nəfəsim

 

Qafiyəsiz

şeirlərin

suvaqsız divar kimi çılpaq şeirlərin

Qədim şəhərlərin xarabalıqlarına,

qurd yemiş dananın

ağaran qabırğalarına oxşayan

labirintindən keçib gedincə

şikəst oldum;

bir misra ayağıma ilişdi,

biri balağıma,

gözləmədiyim tindən

bir misra dəydi,

başım şişdi

Bu işdi qardaşım?

söz?

şeir?

Balaxanı zibilliyidi elə bil

Xalis

Xaos.

Ağlımsa deyir:

Sən sus!

 

 

Tofiq NURƏLİ

 

525-ci qəzet.- 2009.- 21 noyabr.- S.30.