Xəyanətin əbədilik anatomiyası haqqında dastan

 

YAZIÇI-DRAMATURQ HÜSEYNBALA MİRƏLƏMOV HƏYATIMIZIN QAÇINILMAZ FACİƏLƏRİNİN SİRRİNİ AÇIB!

 

Çoxdandı ki, içimi tərpədən əsər əlimə keçməmişdi, hərçənd məşhur filmdə deyildiyi kimi, “sovet istehsalı olan hər nəyi” oxusam da – postmodernistlərdən klassiklərə, onlardan sufilərə və övliyalara, ta müqəddəs kitablara qədər. Fantastik özündənrazılıqla yedizdirilən əndrabadi sicilləmələr, İlahi müdrikliyə bələnmiş tövsiyə-məsləhət instruktajları, qloballaşan dünyayla ayaqlaşmaq üçün nişan verilən dibsiz quyular... Əlqərəz, elə bil, özümüzün, yaşamımızın “bir qəpiklik dəyəri” yoxmuş. Ki... ədiblər – nasirlər, şairlər, dramaturqlar bizi yada salıb əsər halına gətirsinlər. Hamı nobeliantlıq iddiasında, ortada isə mahiyyəti vaxt qatilliyi missiyasından başqa bir şey olmayan “möhtəşəm”lər.

Axır vaxtlar, daha doğrusu, son illər üstünə yaba-dəryaz-kərəntidən başlamış top-tüfənglə, imkan düşəndə isə lap “perşinq” raketlərinəcən silahlanılıb cumulan Azərbaycan Yazıçılar Birliyinin aylıq ədəbi-bədii orqanı olan “Azərbaycan” jurnalına nəzər yetirdim.

“Ədəbiyyat söhbətləri” layihəsi çərçivəsində apardığım müsahibələrin birinin iştirakçısı kimi, yazıçı-dramaturq Hüseynbala Mirələmovun “Qumru yumurtaları” povestinin də 9-cu sayda yer aldığını gördüm. Ötəri baxmaq istəsəm də... alınmadı. Bəri başdan bildirim ki, Hüseynbala Mirələmovun obrazlarının özünəməxsusluğuyla seçilən adlar qalereyası var. Özünə sadiq olan yazıçı bu dəfə də elə öz stilindən yararlanmışdı.

Özünə xanımlığa “Züleyxa”nı götürən ərin adı “Nəsib” olsa da, olmasa da, oynaşının Yusif olacağına “NƏSİBliyə” mistik bir inam olmalıdı. Etiraf edim ki, mənim üçün “Qumru yumurtaları” povestinin cazibədarlığı elə obrazların adlarının seçimiylə başladı. Gözləmədiyim ləzzəti dadmasaydım da, pərişan olmayacaqdım – öyrəncəli olmuşuq “vaxt(ımızın) qatilləri”nə. Amma və lakin... yox!

Heyrətamiz dərəcədə şokdaydımistənilən əsəri oxuyanda qələm əlimdə olur ki, ilk oxunuşda qeydlərimi edim: haçansatəəssürat havası”nın temperamentinin keçəriliyini yoxlamaq məqsədiylə.

Sözarası deyim ki, Çexovun “Çinovnikin ölümü”nü, Drayzerin “Dahi”sini təkrar-təkrar oxumuşam. Müqayisəsiz və mübaliğəsiz deyirəm: “Qumru yumurtaları” povesti son bir ayda təkrarən oxumağa ehtiyac duyduğum əsər oldu: əsərdəki həyətlərdən neçəsini görmüşdüm həyatımda!!! Təkrar-təkrar da oxuduqca bütün dünənimizi, başdan-ayağa bugünümüzü, bizi gözləyən “məlum olan naməlum sabahımız”ı gördüm.

Üşəndim!

Düşündürücülüyündən yaranan dəhşət və tükürpədiciliylə bahəm faciələrimizin anatomiyasına laqeydliyimiz şok halına gətirirdi!

Sadə və heç bir fantaziyaya istinad edilmədən, “ədəbilik” pərdəsiylə bürələnən əndrabadilik, “fəlsəfilik” görüntüsüylə nümayiş etdirilən makiavellizm yox idi!

Azərbaycan(lı) həyatının Azərbaycan(lı)nın həyətində baş verən hadisələrin fonunda bu qədər rahatlıqla və dəqiqliklə ifadə olunması, doğrudan da, çox böyük ədəbi uğurdur. Nadir hallarda “resenziya” variantında ədəbi əsərlərə reaksiya vermək istəyim olur: mənə xoş olan ayrısına xoş olmaya bilər, ən pis yazılmış əsərdə belə bir isti cümlə varsa, ondan faydalanmaq olarsa, dodaq büzmək lazım deyil! Yararlanmaqdan qaçmaq lazım deyil ki, Allah da cəhənnəmi xoş niyyətlə belə yaradıb. Heç kim istəməz nəyisə pis, şikəst, eybəcər olsun – alınmağından asılıdır. Bu mənada, təbliği yazar borcuna, təqdiri ziyalı missiyasına sövq edən əsərlər haqqında düşündüklərimi qələmə almaqdan qaçmıram – məzmun və yaxud formaca resenziyamı, məqaləmi olacağı artıq önəm daşımır.

“Bir kərə yaşayırıq gəldi-gedər dünyada...” – povestin ilk səhifəsindəcə verilmiş şeirdəki bu bir misranın həyəcan yükü bəlkə də ilk baxışda adama çöçünlük gətirər, ancaq laqeydliyə laqeyd insanlar üçün həmən də “yazıçı nə demək istəyir” qıcığı yaradar. Yaradar və... bu gün yaşadığımız faciələrin özlüyünə cavab alar yazıçı-dramaturq Hüseynbala Mirələmovdan. Onu da xüsusi vurğulayım ki, bu povestdəki yazılanları xırdalamaq, həzm etmək, faciələrin mövcudluğunu inkar etməyib də razılaşmaq üçün, ilk növbədə, ya gərək böyük kişinin övladı olasan, ya da özün böyük kişi olasan!

Kişilər tükü tükdən seçiblər, göydə uçan quşların tükünü birbəbir sayıblar və ÖLƏNƏCƏN də, ÖLƏNDƏN SONRA DA onları yüksəldikləri zirvədən bir kimsə aşağı-yuxarı etməyib, edə bilməyib.

“Qumru yumurtaları” zamanın indiki dönəmində YALNIZCA ÖZÜNDƏN ASILI OLANI QORUMAQ baxımından, sözün məcazi və müstəqim mənasında, unikal bir reseptdir. Uduzduğumuz dünyada – hələ ki, dünyaya qalib gələn olmayıb – udmalı olduqlarımızı da bada verməyimizə baxmayaraq, yenə də qaliblik haqqı əlimizdə olan toxunulmaz dəyərimiz var: ailə, ailə namusu, ailə şərəfi!

“Qumru yumurtaları” povestini mənə təkrarən bir də oxutduran məqamlardan biri də məhz bu nüansdır: Azərbaycanda hər yüz nikaha səksən boşanma düşür!

İlkin səbəblərdən birinin cavabı var “Qumru yumurtaları”nda: “Züleyxa kimi gözəl bir qadınla rəftar etməyi bilmirsən...”

Doğrudan da, düşünməyə dəyər: hətta peyğəmbər saflığı olan Yusif də Züleyxa kimi gözəl qadınla necə rəftar etməyi bilməyib: “Bəlkə Züleyxa kimi bir qadınla yaxınlığı elə Yusifi taxt-taca aparacaqdı?” – bu günün “gözəl züleyxaları” yoxdumu, onlar belə fikirləşmirlərmi?

Düşünək və etiraf edək: bizim əvəzimizə bunu yazıçı Hüseynbala Mirələmov düşünüb və... ən başlıcası da, qələmə alıb!

Kişilər sözü deyərlər, ad-ünvan nişan verməzlər. Qeyrəti-namusu olan narahat olar!

Təbii ki, peyğəmbər saflığı olmayan “yusif”lərin düşüncəsində “züleyxa” kimi gözəl qadınlarla rəftarın (daha dəqiqi: rəftarı bilməməyin) bir ayrı ölçüsü var: “əgər günah deyilən bir şey insana padşahların belə fərmanla verə bilmədiyini verirsə, xoşbəxt olmağın qarantıdırsa, bəs onda necə?”

Daha bir məqam: “Qısqanc kişinin arvadı gec-tez zəncirini qırmış quduz itə dönür, fürsət düşən kimi, birinci öz sahibinin, sonra da onun doğmalarının qəlbini didib-parçalayır. Bəlkə ərlərinin həyatını sonradan cəhənnəmə döndərən bütün qadınlar onlardan itib yoxa çıxmış gəncliklərinin intiqamını alırlar?”

Etirazı ola bilənlərin varlığına şübhə edirəm: “Balzak qadınları”nı azmı görmüşük şəxsi təcrübəmizdə?

Hüseynbala Mirələmov doğru, dəqiq və dürüst ifadə edib: sıralarımızda “həyat səhnəsində baş rejissordan sarsaq rol almış aktyor kimi taleyinə boyun əyib qıpqırmızı pörtmüş” o qədərimiz var ki!!!

Ailədə ər-arvad münasibətlərində çat yaradan ən incə nüanslardan biri də yatanda “solo konsert”lərdir. Səhv etmirəmsə, Tolstoyun sözüdür: “Bütün müharibələr faciədir, ancaq ən dəhşətlisi yataqdakı “müharibə”dir”.

Qadına evə-uşağa bağlanmaq üçün ən əlverişli vəziyyət yuxu rahatlığıdırsa, evin kişisi – ər-ata bunu bilmirsə, özündən xəbərsizdirsə, “gözəl züleyxalar”ı peyğəmbər olmayan “yusiflər”in qucağında görmək qaçınılmazdır! Bunu faciə sayanlar üçün xəyanətin anatomiyası elə bu! Bundan artıq da deyil!

Xəyanətin anatomiyasını açan daha bir məqam: bir ölkədə ki “Gəl, gəl, gəl, ay qonşunun qızı” mahnısı hit ola, anasının da aynabənd siləndə aşağıdan bunun aşağısına-əndamına baxıb bəyənməsi car çəkilə, orada mütləq Yusiflə Züleyxanın qohumdan irəli sayılan qonşuluğu “eropornobirliyə” çevriləcək.

Day adama nə təhər deyərlər ki, ayə, “zalım oğlu, Şöklü Məlik dəstəsiylə qapıdadı”...

Ədəbi tənqidin sovet dövründən qalma bir “əsərin tərbiyəvi əhəmiyyəti” sualı var.

“Xəyanəti təbiətin pozulmaz qanunu” sayan “gözəl züleyxalar” həmişə ona görə var ki:

– “Çərənçi və gözəl arvad ərinə qəm-qüssə gətirər”;

– “Yer üzündə ən etibarlı qadın belə öz qısqanc ərindən bu təhqirin intiqamını almaq üçün fürsət gözləyir”;

– “Dünya içində çirkablar daşıyan böyük gəmidir, biz də onun sərnişinləri...”

Və bir də... “bütün təzə günahlar keçmiş günahlardan qidalanır”.

Anaları hamamlanıb buxarlanandan sonra, güzgü qabağında duranda sinələrini mərmər bilib, yad kişidən alacaqları üçcə dəqiqəlik həzzə arı-namusu qurban verəndə balaları cəmiyyətdə... tanınmalıdır!

Təcrid olunmalıdır!

Daşıdıqları genlərinə görə!

Xislətlərindən törənəcək ağır fəsadlara görə!

Biz bilməliyik ki, millətin adından pafosla danışan “xalq qəhrəmanı”nın anası on dörd uşaqdan doqquzunu həyətindəki tayalıqda “qonşu yusiflər”dən dünyaya gətirib, ona dəstək olmamalıyıq, şərəf verməməliyik.

Biz biləndə ki, adımızdan, xalqımızdan danışan “tribun”un atası arvadının ləkələnmiş namusuna kompensasiya kimi, qızını oynaşının oğluna ərə verib, başa düşməliyik ki, ağır dərdlərimizdən beləsi danışanda, heç nə alınmayacaq!

“Qumru yumurtaları”ndakı dramatizm faciənin əndazəsini çatdırır! İnsan nəinki öz anatomiyasını, faciələrinin də anatomiyasını bilməlidir! Fərqinə varmadan ki: “insan çox vaxt öz mərhəmətinə görə əzab çəkir, bədxahlığına görə isə mükafatlandırılır”

Hüseynbala Mirələmovun “həqiqətlə yalan arasında fərq olmayan zamanda” içimizdəki vicdana hesablanmış mesajıdı bu fikir: “Züleyxanın qarnında mənim günahım böyüyür, o uşağa görə isə dostum Allaha şükür edir”.

Bütün bu nüanslardan baş çıxarmaq üçün gərək insanın nəinki özünün, qəlbinin də çılpaqlığını görəsən!!! Ən azından, buna cəhd edəsən!

“Bu zəmanədə namuslu olmaq adama bədbəxtlik və yoxsulluqdan savayı heç nə vermir” – zamanın kütləni sürüklədiyi, xoşbəxtliyə çıxışı namussuzluqda saxladığı dönəmdə SÖZÜN BUNDAN ARTIQ GÜCÜ OLA BİLMƏZ. Ki... deyəsən: “Bir kərə yaşayırıq gəldi-gedər dünyada...”

Bu qədər sadə, bu qədər bəsit! Amma xəyanətin anatomiyasını açmağa bəs edəcək qədər möhtəşəm!

Qaçınılmaz faciələrdən xilas olmaqcan yetərli!

Bir kərə yaşadığımız dünyada özümüz xəyanət etməsək, xəyanət də görmərik!

Bizə nə lazımdır ki?

Bizə həm də o lazımdır ki, ayağı sürüşkən, əxlaqı naqis insanlar aramızda olmasın. Onların həbsxanalıq, qəbiristanlıq olmaqlarını bilsək də, çox vaxt cəmiyyət onları qoynunda bəsləyir. Povest haqqında ən xoş sözləri təkcə buna görə də demək olar: bağırsağında narkotik keçirən, özükimisindən qurtulmaq üçün rəfiqəsini ələ verən Toppuş Əntiqə həbsxanada, Göyçək arvadın oynaşı çoxdan qəbirdə çürüyür, oğlu gözünün qabağında can verir, özü namusuna ləkə yaxdığı ərin əlində ölür!

Yazıçı Hüseynbala Mirələmova bu cür tiplərə düşüncəsində-əsərində azadlıq və həyat haqqı (ölməlisini öldürüb, tutulmasını tutdurub) tanımadığı üçün xüsusi minnətdarlıq etməyə dəyər – Vısotski demişkən, “vor doljen sidet v tyurme”.

SON SÖZ ƏVƏZİ: “Qumru yumurtaları”ndan ibrətamiz və təqdirəlayiq bir məqamla yazını başa çatdırmaq istəyirəm. Əsərin qəhrəmanı Yusif ölümqabağı anır ki, bibisigildə olanda qumru yumurtalarını sındırıbmış! Özünün də qumrunun qarğışına tuş gəldiyini söyləyir.

Dünyada bundan böyük İlahi ədalətə inam bəsləməyə yetərli heç nə ola bilməz!

Qumru yumurtalarını sındırmaq belə aqibətə ürcah olursa, insan ailələrini sındırmağı(mızı)n dəhşətlərinə tamaşaya hazır olmalıyıq!

Qaçınılmaz faciə özümüz üçün həm də bunu hesab eləməliyik. Güc deyil ki, qonşularımız-dostlarımız “Yusif” olsun, özümüz ki, qonşuluqda-dostluqda “Yusif” olmamışıqmı?

Elə bu ştrixinə görə də “Azərbaycan”da çap olunan “Qumru yumurtaları”nı BÜTÜN AZƏRBAYCAN oxumalıdı!

Nəticə çıxarmaq üçün! Çünki... Öləndə kimliyini bilmək gec olur – nə olsun ki, Yusif də başqa kişidən olduğunu bildi, ölmədi ki???

 

 

Aydın CANIYEV

 

525-ci qəzet.- 2009.- 21 noyabr.- S.28.