On altı ilin savaş hekayəsi

 

Ziqmund Freyd (1856-1939)

 

...Düz on altı il mücadilə etdi. On altı il sərasər o, ağır sürən xəstəliyə sinə gərib,tab gətirdi...

Səbrlə, təmkinlə, addım-addım üstünə yeridi “xərçəngin”. Yorulmadı, bezmədi, geri çəkilən vaxtları da oldu, əlacsız, çarəsiz qalan anları da. Amma ümidini, inamını itirmədi. Arxa çevirib boyun əymədi düşmənə. Göz-gözə, döş-döşə, döyüşə-döyüşə dirəndi,dayandı və durdu. Nə az, nə çox - on altı il...

Artıq vəziyyət dəyişmişdi. Amansız xəstəlik bütün əzalarını sarmışdı. Danışmağa belə taqəti qalmamışdı. Bir yandan da yaşı...Sanki qocalığı,əlbəyaxa olduğu xəstəliklə birləşib,ikinci cəbhə açmışdı ona.

Durumunun fərqindəydi. Amma “ağ bayraq” qaldırıb təslim olmağı ağlına gətirmirdi. Təkcə ağrıkəsici dərmanların qəbulundan savayı,həkiminin tövsiyə etdiyi bütün prosedurları vaxtlı-vaxtında,canla-başla yerinə yetirirdi. Çifayda hər ötən gün,öncəki gündən daha ağır ,daha məşəqqətli keçirdi.

...Onsuz da həyatı ağrı-acılar içindəydi. Hələ xəstələnməmişdən iki il əvvəl çox sevdiyi iki əzizini itirmişdi. Dost və övlad yarası göynədirdi qəlbini. Dostunu dəfn etdiyi gün Hamburqdan gələn teleqramda qızı Sofiyanın ümidsiz durumda xəstəxanaya çatdırılması xəbərini aldı. Sarsılmışdı. Çünki qızının yanına gedib,ona baş çəkə bilməyəcəkdi. Nasistlər tərəfindən təqib olunduğu üçün Almaniyaya gedə bilməzdi. Iki gün nə yedi,nə içdi,nə də yatdı. Qızının bu ağır günündə yanında ola bilməməsi sıxırdı onu...

“Qara xəbər tez çatar”- deyiblər. Üçüncü gün bu “xəbər”i də aldı. Dəfn mərasiminə qatılmaq üçün izn istədi. Amma bu ricası da cavabsız qaldı...

“Basdırılmış” duyğularımızı “ekskumasiya” edən, psixoanaliz nəzəriyyəsinin banisi Ziqmund Freyd 6 may 1856-cı ildə Avstriya imperatorluğunun Freyburq şəhərində ( bu gün Çexiya sərhədləri içində) dünyaya göz açdı.

Yəhudi kökənli bir yun tacirinin tək oğlan uşağı idi-Freyd. Əvvəlcə planladığı kimi hüquq fakultəsinin tələbəsi oldu. Qısa sürə sonra təhsilini yarıda qoyub universiteti tərk etdi.

1873- cü ildə Vyana Universitetinin tibb fakultəsinə qəbul oldu.

1876-da Vyana fiziologiya İnstitutunda işləməyə başladı.

Anatomiya və fiziologiyanın sirlərinə yiyələndi.

Beyin anatomiyası üzərində araşdırmalar apararaq kakainin klinik farmakalogiyasını öyrəndi.

Uşaqlarda beyin iflici ilə əlaqəli araşdırma və tədqiqatlara imza atdı

 Hipnozla təlqin nəzəriyyəsini inkişaf etdirdi.

1896-cı ildə psixoanaliz terminini ortaya çıxardı.

 Psixoanaliz nəzəriyyəsinin banisi oldu.

Nevrologiyanı,psixiatriyanı,psixologiyanı,parapsixologiyanı, psixoterapiyanı inkişaf etdirdi.

 Alfred Adler,Viktor Frankl,Ernest Yones,Karl Yunq,Melenne Klein,Otto Rank,Maud Monnon kimi önəmli isimlərə müəllimlik etdi.

1923 ilin aprel ayı. Doktor Ziqmund Freyd öz otağına çəkilib,qeydlərini edirdi. Bir müddət sonra iş otağının qapısı aramla döyüldü. Xidmətçi idi. Şəxsi həkimi Feliksin gəldiyini bildirdi.

Qələmini yazı dəftərinin üstünə qoyub gündəliyinə nəzər saldı. Proqrama görə görüş və qəbullar nəzərdə tutulmamışdı. Bu təsadüfi bir vizit idi... Freyd işini yarıda qoyub,qonaq otağına keçdi.

Xeyli söz söhbətdən sonra Feliks onun sağlamlıq durumu ilə maraqlandı. Freyd heç bir şikayətinin olmadığını, lakin son vaxtlar ağız boşluğunda əmələ gələn kiçik bir yaranın onu narahat etdiyini dilə gətirdi. Əslində Freyd bu yaranın səssiz-səmirsiz gəldiyi kimi, səssiz-səmirsiz ötəcəyini də güman edirdi. Əlbəttə öz karyerasının zirvəsinə doğru gedərkən sağlamlığının ona əngəl olacağını heç ağlına belə gətirməzdi.

...Feliks müayinə zamanı Freydin ağız boşluğunun sağ yarısında damaq ilə çənənin birləşdiyi yerdə olan bu yaranın çənə xərçəngindən şübhəli olduğu qənaətinə gəldi. Amma bu qənaətdən doğan təlaş və həyəcanını isə gizlədə bilmədi.

Israrli təkidlərdən sonra Feliksin ona həqiqəti deməsindən başqa bir yolu qalmadı. Freyd bu durumu yalnız onunla bölüşməyi tələb etdi. Birlikdə əlavə müayinələrə baş vurdular. Nəticə dəyişmədi. Diaqnoz təsdiqlənmişdi. “Çənənin xərçəngi”.

Təcili əməliyyat təyin olundu. Əməliyyat olunana qədər isə bundan həkimdən savayı heç kimsə,hətta ailəsi belə xəbər tutmamalı idi.

Ilk əməliyyatı elə Freydin şəxsi həkimi doktor Feliks Denta həyata keçirdi. Əməliyyat uğursuz oldu. Qısa müddət sonra şişin təkrar böyüməsi aşkarlandı. Yeni əməliyyata ehtiyac vardı. Bu əməliyyat isə daha geniş və daha böyük sahəni əhatə edəcəkdi...

Lakin ikinci əməliyyat 6 ay sonra gerçəkləşdi. Çünki Freyd qızı Anna ilə çoxdan bəri planlaşdırdığı Roma səfərinə hazırlaşırdı. Səfərdən döndüklərində əməliyyatla bağlı o dövrün məşhur həkimi olan doktor Rixlerə baş vurdular. Dok.Rixler əməliyyatı bir həftə fasilə ilə iki mərhələdə edəcəyini söylədi. I mərhələdə alt çənə tamamilə,damağın isə böyük bir hissəsi (ağız və burun boşluğunu ayıran bölgə) çıxarılmalı idi. Bu zaman Freydin qida qəbulu və danışması mümkünsüz olacaqdı. Bu müddət ərzində o,burnundan qida borusunadək salınan xüsusi zond vasitəsilə qidalanmalı idi. Yaralar sağaldıqdan sonra isə II mərhələ- Freydin qida qəbulu və danışa bilməsi üçün kəsilib götürülmüş əməliyyat sahəsinə süni protezin yerləşdirilməsi gerçəkləşəcəkdi.

Qərar verildi.Əməliyyat ağırlaşma və fəsadsız ötüşdü. Lakin II əməliyyatdan sonra sağ qulağının eşitməsini itirdi, Freyd. Sonralar o, bu protezə “ucube” adını verəcəkdi.

Aylar ötür,illəri qovurdu. Tələsən isə təkcə zaman deyildi.

Freyd də tələsirdi,amansız xəstəliyi də. Qovhaqov, tuthatut başlamışdı. Təslim olmaq olmazdı.

Elmi işlər,araşdırmalar,tədqiqatlar bir yanda, dava dərman stasionar,ambulator müayinə və müalicələr başqa bir yanda. Hamısına vaxt tapırdı... Özünə aid hər işi kontrolda saxlamağa çalışırdı... Və bir gün qızı Annnanı yanına çağırıb: “ Nə qədər mən sağam, ölüm qorxusunun qəlbimə girməyinə əsla izn verməyəcəyəm”- dedi. Bu sözləri deyərkən xəstəliyi üzündən oxunurdu Freydin.

Gözləri çuxura düşmüş,üzünün rəngi solmuşdu... O, Annadan savayı bütün yardımçı və xidmətçilərdən imtina etdi. Anna onu başa düşürdü. Həm də onların arasında bir anlaşma vardı. Bu anlaşmaya görə doktorun xəstəliyi nə qədər dramatik və əzablı keçirsə keçsin, hər ikisi güc və iradə nümayiş etdirərək, soyuqqanlı olacaqdılar. Anlaşmanın yeganə şərti –sağalmaq ümidini itirməmək və bu ümidə rəğmən atanı”aşırı mərhəmətlərdən”uzaqda saxlamaqdan ibarət idi. Əslində bu anlaşmanın özəl tərəfi psixi amillərə daha çox söykənəcəkdi. Çünki Freyd getdikcə ağırlaşan bu xəstəlik nəticəsində başlayan dəhşətli ağrılara hazır olmalı və dözməli idi. Bunun üçün o, ağrıkəsici kimi istifadə olunan narkotiklərdən imtina etdi. Məqsədi narkotik əsiri olmaqdan qorunmaqdı. Həqiqətən də hər ikisi bu anlaşmanı sonadək pozmadılar...

Ömrünün son 16 ilini 30-dan çox əməliyyat keçirən Freyd sözün əsl mənasında GÜCÜN, İRADƏNİN, VƏDİN, SƏBRİN VƏ MÜBARİZƏ ƏZMİNİN nələrə qadir olduğunun bariz nümunəsini göstərdi.

1933 -də iqtidara gələn Hitlerin ona olan mənfi münasibətindən daha çətin və zor duruma düşdü. Bu o dönəm idi ki, Hitlerin əmri ilə onun kitablarını və yazıları dərc olunan dərgiləri meydanlarda yandırıb, məhv edirdilər. 1936-da 80 yaşını qeyd edəndə də,dünyanın hər bir yerindən ona gələn təbrik teleqramlarını və çiçək bağlamalarını alanda da gestapo öz çirkin əməllərindən əl çəkməmişdi,hələ .

1938-də Hitler Avstriyanı ilhaq etdi. Artıq burada qalmaq ona böyük təhlükələr yaşadacaqdı. Tərəddüdlərdən sonra Freyd qatarla Fransaya, oradan da İngiltərəyə gedir. Londonda onu əslzadələr kimi qarşılayırlar. Bir yandan heyranları, həmkarları və bir də dünyanın dörd bir yanından axışıb gələn jurnalistlər ordusu ... digər tərəfdən görüşlər, ziyafətlər, müsahibələr onun sağlıq durumuna problemlər yaradır və get-gedə yormağa başlayır.

Nəhayət,1938-ci ilin sonlarına yaxın əməliyyat sahəsində yeni bir yara açılır. Yenə vizitlər,konsultasiyalar, yeni-yeni təyinatlar və müayinələr...

“Dərman dediyin içində nə olduğunu bilmədiyin,udduqda sağalacağına ümid etdiyin və inandığın bir şey olmalı” Amma onun bu dava –dərmana ümidi qalmamışdı. O üzdən də yazılan həblərin tez-tez dəyişilməsini yeni həblərlə birlikdə ümidlərinin də təzələnməsini istəyirdi.

Çox götür-qoydan sonra yenə bir əməliyyat olunması qərara alındı. Bu onun sayca 33-cü əməliyyatı idi...

İl 1939. Londonun yağışlı günlərindən biri. Dr.Ziqmund Freyd yuxudan erkən oyanıb,pəncərədən bayırı seyr edirdi. Qayğılıydı. Gözlərində ümidlə həsrətin hüznü ,dodaqlarında vədlə duanın pıçıltısından doğan bir kədər vardı... İndi o,sonu başa çatmamış bir savaşın on altı yaşının içində idi. Otuzdan çox savaşın içindəydi Freyd. Bu gün, məhz bu gün 83 yaşında on altı illik savaş köynəyini əyninə geyinib, “ölüm, Mən gəldim deyəcəkdi”. Bu onun son döyüşü, son cəhdi idi.

Əslində o, ölümü ilə deyil, xəstəliyi ilə savaşırdı. Və çox gözəl anlayırdı ki, ölüm onun öz bətnində doğulacaq çağa kimi böyüyə-böyüyə vaxtını, vədəsini gözləyir.

O, Ziqmund Freyd- hər gün yuxularında öz tabutuna uzaqdan baxan adam. O , Dr. Freyd – hər gün gerçəkdən öz cənazəsini çiyninə alıb,həkimlərə daşıyan adam...

O... döyüşdən-döyüşə girən, əzab, ağrı, işgəncələr çəkmiş bir ordunun yorğun sərkərdəsi,div səbrinin üstündə yatan müdrik bir ilan”... O, dəfn etdiyimiz hiss və duyğularımızın” babası ... həyatın nə qədər boş və mənasız olduğunu bilə-bilə ona dəyər verməyə çalışan bir pərvanə!...uzun mücadilədən sonra 83 yaşında ən son məktubunu yazdı və əməliyyat öncəsi ona baş çəkən həkiminə verərək dedi: ” Bu çilə nə qədər sürər bilmirəm. Amma mən sonun yaxınlaşdığını duyuram. Bu məktubu son yolçuluğumda məni yalqız buraxmaq istəməyəcək qızım Annaya verərsiniz. Amma sizdən rica edirəm,tələsməyin, vaxtı çatanda.”

... Təəssüf ki,bu əməliyyat da uğursuzluğa düçar oldu. Çünki xəstəlik qarşısı alınmaz dərəcədə inkişaf etmiş və bütün daxili orqanlara qədər yayılmışdı.

Əməliyyat sonrakı günlərini daha ağır və dözülməz ağrılarla yaşadı. Artıq neçə gün idi ki, bir-iki dəqiqə olsun belə gözünü yumub, yata bilmirdi. Nitqini itirmişdi. Təkcə “gözləri” danışırdı.

Həkimi və qızı Anna bir an olsun belə onun yanından çəkilmirdilər. Hələ ki,qızı ilə bağladığı saziş öz qüvvəsindəydi.

Nə həkimi, nə də qızı Anna bu anlaşmanı pozmaq istəmədilər. Elə Freydin özü də bu anlaşmanı pozacaq bir bəhanə vermədi onlara... Hamı gözləyirdi .Freyd o böyük ayrılıq gününü, qızı Anna atası ilə bağladığı bu sazişin pozulmamasını,həkimi isə Freydin verdiyi məktubun Annaya təqdimatını...

Hər şeyin sonu vardır. Əbədi nə var ki bu dünyada. ..

Freyd gözləri ilə həkimini aradı. Vaxt çatmış, vədə yetişmişdi.

Həkim günlərdir yanında gəzdirdiyi o kağız parçasını Annaya uzatdı. Anna təlaş və həyəcanla məktubu açdı və titrək səslə oxudu:

“O böyük ayrılıq günü gəldi. Qəlbimdə ölüm qorxusu yoxdur. Ölüm nəğməmi söyləyib, bir qəhrəmanın evinə dönüşü kimi gözlərimi yumub, ölümə gedirəm... Əbədi yatmam üçün mənə morfin vurulmasını rica edirəm”.

O günədək narkotik almağa dirənc göstərmiş Freyd az miqdarda morfindən rahatlandı və uzun zamandan bəri həsrət qaldığı yuxusuna daldı. Bu yuxu onun son yuxusu idi və Freyd 23 iyun 1939-da illərdir çəkdiyi acıları geridə buraxaraq əbədiyyətə köç etdi.

P.S. Bu gün Freydin dünyasına və ərsəyə gətirdiklərinə sayğı duyanlar arasında sadəcə psixoloq və psixiatrlar deyil, filosoflar, sənətçilər, din adamları,hətta siyasətçilər də vardır.

Villiam Şekspir(Arden), İsaak Nyuton(Aysough), İohan Sebastian Bax(Lammerhirt), Lyudviq Van Bethoven(Reverich), Albert Enşteyn (Roch) kimi dahilərlə birgə Freyd də anasının soyadını götürənlərdəndir. Dünya şöhrətli elm adamı əgər atasının soyadını qəbul etsəydi, tarixə Ziqmund Nathanson kimi düşəcəkdi.

 

 

Dr.Şahin Musaoğlu

 

525-ci qəzet.- 2009.- 21 noyabr.- S.26.