Türkiyə Azərbaycan Cümhuriyyətinə nə üçün səfir göndərməmişdi?

 

Doğrudan da nə üçün?

 

1918-1920-ci illərin mürəkkəb şəraitində Azərbaycana Osmanlı imperiyası qədər yaxın olan ikinci dost ölkə təsəvvürə gətirmək mümkün deyil. Özü dövlət kimi siyasi süqutun bir addımlığında dayansa da, Babi-Ali müstəqilliyini elan etmiş Azərbaycan türklərinə bütün mümkün vasitələrlə yardım göstərmişdi.

Müstəqilliyin üçüncü günü ilk xarici işlər nazirimiz Məmməd Həsən Hacınski türk həmkarı Əhməd Nəsimi bəyə teleqram göndərərək obyektiv səbəblər üzündən hələlik öz diplomatik missiyalarını yarada bilməyən Azərbaycan dövlətinin Avropada türk diplomatları vasitəsi ilə təmsil olunması təşəbbüsünü qaldırmışdı. İstiqlal Bəyannaməsinin elanından bir həftə sonra – 1918-ci il iyunun 4-də iki ölkə arasında imzalanan dostluq müqaviləsi Azərbaycan Cümhuriyyətinin beynəlxalq təhlükəsizliyinə ilk və etibarlı zəmanətlərdən biri idi.

Yalnız Anadolu türklərinin qardaşcasına, fədakar hərbi yardımı və qanı bahasına müstəqilliyimizin artıq dördüncü ayında paytaxt Bakını bolşevik-daşnak qüvvələrinin işğalından xilas etmək mümkün olmuşdu. Osmanlı dövləti Azərbaycana təmənnasız maliyyə yardımı göstərmişdi. İlk milli tədiyə vasitəsimiz sayılan bon da İstanbulda çap edilmişdi. Türklər özləri çətin vəziyyətdə olsalar da, yeni qurulan ordumuz üçün təlimatçı zabitlər, məktəblərimiz üçün müəllim və dərsliklər göndərmişdilər.

Həm M.Ə.Rəsulzadənin, həm də Ə.M.Topçubaşovun rəhbərlik etdiyi heyətlər aylarla İstanbulda türk hökumətinin qonağı qismində yaşamış, onların əsas xərcləri Osmanlı dövləti tərəfindən qarşılanmışdı.

Azərbaycanın dövlət müstəqilliyi qazanması türk ictimaiyyəti və ali rəhbərlik də daxil olmaqla ölkənin ictimai-siyasi, habelə rəsmi dairələri arasında böyük sevinc və coşqunluq doğurmuşdu. Səməd Ağaoğlunun yazdığı kimi “Azərbaycanın müstəqillik qazanması türklük dünyasını bürümüş qaranlıqlar içərisində birdən-birə parlayan işığa bənzəyirdi. İstanbulun ziyalı türkləri matəmlərinin təsəllilərindən birini yeni türk dövlətinin bayrağında və onu burada təmsil edən insanın şəxsiyyətində (Yusif Vəzir Çəmənzəminli nəzərdə tutulur-V.Q.) tapırdılar”.

Lakin bütün bunlara baxmayaraq Osmanlı imperiyası Azərbaycanı de-yure tanımamış, ölkəmizə öz diplomatik nümayəndəsini göndərməmişdi. Bu mənada münasibətlərdəki müəyyən ziddiyyətlərə baxmayaraq Azərbaycanı de-yure tanıyan İran qardaş Türkiyəni qabaqlamışdı. 1918-1920-ci illərdə Bakıda müxtəlif dövlətlərin diplomatik nümayəndəlikləri, konsulluqları və konsul agentləri fəaliyyət göstərsələr də, onların sırasında Osmanlı dövləti təmsil olunmamışdı.

“Düşmən çəkmələrinin tapdağı altında qalan İstanbul” Azərbaycanın M.Ə.Rəsulzadə, Ə.Topçubaşov, Y.V.Çəmənzəminli kimi görkəmli şəxsiyyətlərini Türkiyədə diplomatik nümayəndə-səfir “kimi bağrına bassa da” (Səməd Ağaoğlu), beş yüz illik xarici siyasət ənənələrinə malik Osmanlı imperiyası Bakıya göndərməyə bir diplomat “tapa bilməmişdi”.

Bu hələ hamısı deyil. Azərbaycanla rəsmi diplomatik münasibətlər qurmağa o qədər də tələsməyən İstanbul artıq 1918-ci ilin avqustunda, müstəqillik elanından üç ay sonra digər iki Cənubi Qafqaz ölkəsinə – Gürcüstana və Ermənistana yalnız hərbi deyil, diplomatik nümayəndələrini də təyin etmişdi.

Azərbaycan Cümhuriyyəti Nazirlər Şurasının müvəqqəti paytaxt Gəncədə qəbul olunmuş 20 avqust 1918-ci il tarixli qərarı ilə Fövqəladə və Səlahiyyətli nazir kimi Osmanlı paytaxtına yola düşən Ə.Topçubaşov bu münasibətlə sentyabrın 5-də Batumidən Baş nazir Fətəli xan Xoyskiyə yazırdı:

“Dünən Gürcüstan hökuməti yanında Türkiyə nümayəndəsi Əbdül Kərim Paşa və Ermənistan hökuməti yanındakı nümayəndə Mehmet Əli Paşa Batuma gəlmişdilər. Mən Əbdül Kərim Paşa ilə görüşdüm və bir saatlıq söhbətimiz ərzində ən mühüm məsələlərlə bağlı fikir mübadiləsi apardıq. Çox yaxşı təsir bağışlayır. Döyüş generalı olsa da, hadisələrə sağlam siyasi münasibəti ilə seçilir”.

Ermənistana göndərilən Türkiyə təmsilçisi ilə bağlı isə Ə.Topçubaşov aşağıdakıları qeyd edirid: “Təəssüf ki, Mehmet Əli Paşa ilə görüşə bilmədim. Dünən gecə İrəvana yola düşmüşdü. Onun yüksək savadından, Qafqazla yaxşı tanışlığından (rus dilini də bilir) çox danışırlar. Bütün bunlar bizim Ermənistan təmsilçisinin də yüksək səviyyədə olmasını tələb edir. Çünki bu ölkə ilə baş ağrılarımız hələ çox olacaq. Təmsilçimiz təkcə Ermənistanı yaxşı tanımaqla kifayətlənməməli, həm də döyüşkən keyfiyyətləri ilə seçilməlidir”

Göründüyü kimi, təcrübəli siyasətçi olan Əlimərdan bəy hələ müstəqilliyin ilk günlərindən erməniləri, necə deyərlər, “dişinə vurmuşdu” və onların təbiətlərini yaxşı bildiyindən heç bir illüziyaya qapılmırdı.

Ə.Topçubaşov dövlətçilik həyatının bütün sahələrinin, ilk növbədə isə diplomatik xidmət sferasının tam ciddiyyətlə qurulmasının, burada ierarxik prinsiplərin ardıcıllıqla bərqərar olmasının və onlara dönmədən əməl edilməsinin ardıcıl tərəfdarı kimi tanınmışdı. Həm Azərbaycana gələn, həm də Azərbaycandan xaricə göndərilən hər bir dövlət məmurunun, hər bir nümayəndə heyətinin öz yerini və vəzifə səlahiyyətlərini dəqiqliklə bilməsi onun əsas tələblərindən idi.

Bu mənada İstanbulda üzləşdiyi mənzərə Ə.Topçubaşovu kədərləndirmişdi. O, daha əvvəl Osmanlı paytaxtına gələn dövlət rəsmilərinin fəaliyyətinə toxunaraq 22 oktyabr 1918-ci il tarixli məktubunda F.Xoyskiyə yazırdı: “Onlar hamısı özlərinə Azərbaycanın tam səlahiyyətli nümayəndələri kimi baxır, siyasi fəaliyyət də daxil olmaqla bütün rollarda çıxış etməyə çalışırlar. Bu isə həm yerli hakimiyyəti çətin vəziyyətdə qoyur, həm də Azərbaycan nümayəndəliyinə yöndəmsiz, başı-ayağı bilinməyən bir şəkil verməklə acınacaqlı vəziyyət yaradır. Özlərini təmsilçi kimi aparan şəxslərin çoxluğu, fikir və mövqelərin müxtəlifliyi nəticəsində nümayəndəliyimiz dağınıq, gözəgörünməz, kaleydoskopik təsir bağışlayır. Vahid mərkəzin və rəhbərin olmaması hərəkətlərdə fərqlilik yaradır. Bu isə aydın məsələdir ki, ölkənin nüfuzunun yüksəlməsinə xidmət etmir.”

“Ölkənin nüfuzunu yüksəltmək baxımından” Ə.Topçubaşov yalnız Türkiyədə peşəkar səviyyəli, öz işini bilən azərbaycanlı diplomatların deyil, müstəqillik yolunda ilk addımlarını atan Azərbaycanda da eyni meyarlara cavab verən türk diplomatlarının olmasını zəruri sayırdı.

Əlimərdan bəy iki ay çəkən ağır və çətin yolçuluqdan sonra İstanbula 1918-ci il sentyabrın 22-də gəlib çatmışdı. Osmanlı imperiyasının çox ağır günlər yaşamasına baxmayaraq qısa müddətdə sədr-əzəm Tələt Paşa, xarici işlər naziri Əhməd Nəsimi bəy, hərbi nazir Ənvər Paşa, Azərbaycan, Ermənistan və Gürcüstan arasında sərhəd məsələlərinin tənzimlənməsi ilə məşğul olan Komissiyanın sədri, ədliyyə naziri Xəlil bəy və başqa yüksək vəzifəli dövlət rəsmiləri tərəfindən qəbul edilmişdi. İlkin təəssürat Türkiyənin beynəlxalq vəziyyətinin gündən-günə ağırlaşdığını, qeyri-stabilliyin ölkə həyatının bütün sahələrinə nüfuz etdiyini göstərirdi.

Türkiyənin güc mərkəzi kimi sıradan çıxması ilə bağlı ehtimallar tezliklə özünü doğrultmuşdu. Azərbaycan səfirinin İstanbula   gəlməsindən bir ay sonra burada vəziyyət əsaslı şəkildə, həm də pisə doğru dəyişmişdi. Birinci Dünya müharibəsindən məğlub durumda çıxan Osmanlı imperiyası 1918-ci il oktyabrın 30-da Müttəfiq Dövlətlərlə Mudros barış anlaşmasını imzalamaq məcburiyyəti qarşısında qalmışdı. Həmin ərəfədə yeni sədr-əzəm İzzət Paşa və xarici işlər naziri Nəbi bəylə görüşən Ə.Topçubaşov vəziyyətin çıxılmazlığı haqqında ən etibarlı qaynaqlardan məlumat ala bilmişdi. O, hətta belə şəraitdə İstanbulda qalmağın əhəmiyyətsiz olduğunu düşünərək ya Bakıya qayıtmaq, ya da Qərbi Avropa ölkələrinə yollanmaqla bağlı tərəddüdlər də keçirmiş, bu barədə həm Azərbaycan hökumətini, həm də Osmanlı rəsmilərini xəbərdar etmişdi. Noyabrın 1-də Vətənə dönən X.Xasməmmədovla eyni mövzuda uzun və ağır söhbətləri də olmuşdu.

Mudros anlaşması sadəcə müstəqil dövlət kimi Osmanlının hüquqlarını məhdudlaşdırmırdı. Həm də onun gənc Azərbaycan Respublikasına hər hansı hərbi, siyasi, hüquqi yardımının qarşısını alır, təkcə Türkiyənin deyil, Azərbaycanın da taleyin ümidinə buraxılmasına imkan yaradırdı. İmzalanmadan dərhal sonra türk hərbi birlikləri Azərbaycandan çıxarılmış, hətta mülki şəxs kimi Bakıda qalmaq istəyən Nuru Paşanın istəyinə əməl olunmamışdı.

Anlaşmanın 11 və 15-ci bəndlərinə əsasən, Türkiyə Bakının və Transqafqaz dəmiryolunun Azərbaycan hissəsinin Müttəfiqlər tərəfindən işğal olunmasına maneçilik törətməməli idi. Çıxılmaz vəziyyətdə qalan Sultan hökuməti öz üzərinə belə təəhhüd götürməli olmuşdu. Nəticədə Azərbaycan səfiri qardaş ölkədə ilk fəaliyyətini etiraz notaları təqdim etməkdən başlamışdı. O, noyabrın 3-də Mudros anlaşmasına imza atan bəhriyyə (dənizçilik-V.Q.) naziri Rauf Orbayla görüşmüşdü. Ertəsi gün isə hazırladığı etiraz notasını danışıqların iştirakçısı olmuş xarici işlər nazirinin müavini Rəşad Hikmət bəyə təqdim etmişdi.

Oktyabrın sonu və noyabrın ilk günlərində Türkiyədə yaşanan gərginlikdən az sonra hökumətə göndərdiyi geniş hesabatda Əlimərdan bəy Mudros anlaşmasının Azərbaycanla bağlı maddələrinə toxunaraq yazırdı: “Türkiyənin düşdüyü ağır vəziyyət aydın göstərirdi ki, onun nümayəndələri bütün təklifləri, daha dəqiq desəm, diqtə olunan tələbləri yerinə yetirməli olacaqlar. Şəraitin hökmü ilə haqqında Zaqafqaziyanın Türkiyəyə birləşdirilmiş hissəsi kimi danışılan və guya Türkiyənin təşəbbüsü ilə yaradıldığı iddia olunan Azərbaycan dövlətinin müstəqilliyi məsələsini hər vasitə ilə qabartmaq lazım idi. Təqdim etdiyimiz etiraz notasından sonra qəzetlər Azərbaycan haqqında müstəqil respublika kimi danışmağa başladılar”.

Situasiyanı aydınlaşdırmaq, iki ölkə arasında siyasi məsləhətləşmələr aparmaq məqsədi ilə noyabr ayı ərzində Ə.Topçubaşov sədr-əzəm Tevfik Paşa (bu yeni baş nazir, İstanbulda olduğu iki ay ərzində, onun görüşdüyü üçüncü hökumət başçısı idi), xarici işlər naziri Mustafa Rəşid Paşa ilə bir araya gəlmişdi. Bu görüşlər zamanı siyasi müzakirələrin gündəliyində dayanan iki əsas məsələdən biri, hətta bəlkə birincisi – Bakıya mümkün qədər təxirəsalınmaz şəkildə Osmanlı dövlətinin diplomatik nümayədəsinin təyin olunması ilə bağlı idi.

Xüsusən müstəqilliyin ilk aylarında münasibətlərdə yaşanan qeyri-müəyyənlik bunu tələb edirdi. Yeni milli dövlətə Osmanlının tərkib hissəsi kimi baxmaq meyli Azərbaycan cəmiyyətinin vətənpərvər kəsimində ciddi narahatlıq doğururdu. Bakıya həlledici yürüş ərəfəsində Gəncədə həmin məsələ ərtafında cidddi mübahisələr yaranmışdı. İlk baş nazir Fətəli xan Xoyskinin 1918-ci ilin iyul-avqust aylarında İstanbula, Azərbaycan heyətinin rəhbəri M.Ə.Rəsulzadəyə göndərdiyi məktublarda qarşılıqlı münasibətlərin bu həssas məqamına aydınlıq gətirilməsi təkidlə irəli sürülürdü. Türk heyətinin yalnız hərbi məsələlərlə məşğul olması, daxili idarəçilik işlərinin və xarici siyasətin isə tam şəkildə Azərbaycan hökumətinin ixtiyarına buraxılması tələb olunurdu.

Təbii, belə şəraitdə Bakıya Türkiyə diplomatik nümayəndəsinin göndərilməsi bir çox mübahisəli məqamları aradan qaldırar, yeni müstəqil dövlət kimi Azərbaycanın imicinə müsbət təsir göstərə bilərdi. Bu həm də azərbaycanlıların Rusiyadan ayrılmaq istəməməsi, milli dövlətçilik tələbinin isə daha çox Osmanlı təsiri altındakı bir qrup ziyalı tərəfindən ortaya atılması haqqındakı bolşevik-daşnak təbliğatlarına tutarlı cavab ola bilərdi. Nəhayət, şəraitin təsiri altında Azərbaycana Osmanlı imperiyasının əyalətlərindən biri kimi yanaşan bəzi məhdud düşüncəli məmurlara strateji dövlət siyasətini başa salmış olardı. Bu mənada Babi-Alinin diplomatik təmsilçisi Azərbaycan üçün çox önəmli sima idi.

Osmanlı dövlətinin Xarici İşlər Nazirliyinə təqdim etdiyi 4 noyabr 1918-ci il tarixli notada Ə.Topçubaşov artıq altı aydan bəri müstəqil dövlət kimi mövcudluğunu sürdürən Azərbaycana diplomatik nümayəndə göndərilməsinin zəruriliyi məsələsini bütün kəskinliyi ilə irəli sürmüşdü. Bundan bir həftə əvvəl, oktyabrın 27-də isə yeni xarici işlər naziri Nəbi bəylə görüşdə məsələ şifahi şəkildə onun diqqətinə çatdırılmış və hərtərəfli müzakirə olunmuşdu. Həmin günlərdə hələ Mudros anlaşması imzalanmadığından Türkiyə tərəfinin cavabı ümumən ümidli təsir bağışlamışdı. Nazir problemin çözüləcəyini bildirərək gələcək fəaliyyəti ilə bağlı tərəddüd hissləri keçirən Əlimərdan bəyə mütləq İstanbulda qalmağı, hər iki tərəfin mənafeyinə uyğun səylərini davam etdirməyi məsləhət görmüşdü.

Noyabrın 4-də təqdim olunan notada isə Ə.Topçubaşov Türkiyə paytaxtını tərk etməməsinin əsas şərtlərindən birinin iki ölkə arasındakı münasibətlərin daha əməli və dinamik müstəviyə keçməsi ilə bağlı üzərinə düşən vəzifələrin hələ də sona qədər yerinə yetirilməməsi ilə əlaqələndirirdi: “Hökumətimin böyük istəyi Osmanlının Azərbaycana rəsmi nümayədəsinin təxirə salınmadan təyin edilməsi və həmin nümayəndənin vaxt itirmədən Bakıya gəlməsidir. O (nümayəndə-V.Q.) Respublikanın mərkəzi hakimiyyəti ilə təmas qura bilər və Azərbaycanla Osmanlı imperiyası arasında get-gedə daha da möhkəmlənməkdə olan siyasi əlaqələri düzgün məcraya yönəldərdi”.

Təmsil etdiyi dövlətin bu niyyətinin Azərbaycan və Türkiyə arasındakı münasibətlərin, eləcə də qarşılıqlı maraqların birgə səylərlə qorunmasına müsbət təsir göstərəcəyini bildirən Ə.Topçubaşov məsələnin müsbət həllinin hökuməti tərəfindən qarşısına qoyulan əsas vəzifələrdən biri olduğunu dəfələrlə diqqətə çatdırmışdı. Bütün dövlət rəsmiləri, ilk növbədə isə xarici işlər nazirliyinin rəsmiləri ilə görüşlərdə Bakıya diplomatik nümayəndənin təyinatı məsələsi əsas mövzu kimi müzakirələrin mərkəzində dayanmışdı.

Şübhəsiz, təcrübəli hüquqşünas və siyasi xadim olan Əlimərdan bəy Osmanlı imperiyasının çətin duruma düşdüyünü anlayırdı.. Eyni zamanda fəaliyyətsizlik və ifrat güzəştlərlə bu vəziyyətdən çıxmağın mümkünsüzlüyünü də yaxşı başa düşürdü. Bakının işğaldan azad edilməsi istisna olunarsa, münasibətlərin əksər sahələrdə söz və vəd səviyyəsindən irəli getməməsi onu narahat edirdi. 1918-ci ilin dekabrında növbəti sədr-əzəm Tevfik Paşaya göndərdiyi məktubda bu baxımdan özünün iki aylıq fəaliyyətinin səmərəsizliyi haqqında məlumat verən Ə.Topçubaşov “Paşa həzrətləri də daxil olmaqla indiyə qədər görüşdüyüm hər kəsdən qan, dil və din baxımından doğma olan xalqa – Azərbaycan türklərinə məhəbbət və səmimi dostluq hissləri ifadə edildiyini” bildirsə də, nəticə etibarı ilə bu təmtəraqlı sözlərin aradan keçən müddət ərzində, xüsusən Mudros anlaşmasından sonra heç bir əməli işlə müşayiət olunmadığını diqqətə çatdırırdı.

Həmin əməli işlər sırasına isə ilk növbədə Azərbaycana Türkiyə diplomatik nümayəndəsinin göndərilməsi, Müttəfiqlərlə aparılan danışıqlar haqqında Azərbaycan tərəfinin mütəmadi məlumatlandırılması, 4 iyun 1918-ci il müqaviləsinin Osmanlı Məclisində ratifikasiyası, Azərbaycan məktəblərinin müəllim və dərsliklərə təmin olunması, müvəqqəti milli valyutanın hazırlanması və dövlətçilik baxımından əhəmiyyətli olan digər məsələlər daxil idi.

“Çox təəssüf ki, barışıqla bağlı sonradan baş verən hadisələr Azərbaycan üçün çox qiymətli olan bu hisslərin reallığına çevrilməsinə, Cənubi Qafqazda güclü və həyati qabiliyyətə malik Azərbaycan dövlətinin qurulub möhkəmləndirilməsi işinin uğurla başa çatdırılmasına imkan vermədi” – deyə sədr-əzəmə müraciət edən Əlimərdan bəy obyektiv çətinliklərin fərqində olduğunu göstərirdi. O, gələcəkdə arzularında olduğu Azərbaycan dövlətinin mütləq qurulacağına əminliyini bildirərək Türkiyə tərəfinə bəzi tənqidi iradlarını da çatdırırdı. Bu iradlar ilk növbədə siyasi konyukturanın hər şeyi üstələməsi, verilən vədlərin və götürülən təhəddüdlərin yerinə yetirilməməsi, sözlə iş arasında yaranan uçurum və s. ilə əlaqədar idi.

Aradan xeyli vaxt keçməsinə baxmayaraq etimadnaməsini Sultana təqdim edə bilməməsi, qarşılıqlı diplomatik əlaqələr məsələsində heç bir irəliləyişə nail olmaması, ətrafında danışıqlar aparılan siyasi, iqtisadi, humanitar problemlərin heç birinin həllini tapmaması və digər amillər Ə.Topçubaşovda bundan sonra da İstanbulda qalmasının məqsədəuyğunluğu ilə bağlı müəyyən şübhə yaratmışdı. Buna görə də diplomatik demarşa əl atmış, Osmanlı rəsmi dairələrinə missiyası uğur gətirmədiyindən Vətənə qayıtmaq qərarına gəldiyini bildirmişdi. “Mənim dəfələrlə şifahi və yazılı müraciətlərimə, habelə bu il noyabrın 4-də xarici işlər nazirinə və onun müavininə şəxsən təqdim etdiyim notaya baxmayaraq indiyə qədər Azərbaycana Türkiyə tərəfdən rəsmi diplomatik nümayəndə təyin olunmamışdır” – deyə Ə.Topçubaşov ölkədən getməsinin əsas səbəblərindən biri kimi diplomatik münasibətlərdəki qeyri-bərabərliyə işarə vurmuşdu.

Doğrudur, bu məktubdan az sonra, 1919-cu il yanvarın 10-da sultan Vəhdətəddin, Yıldız sarayında Azərbaycanın Fövqəladə və Səlahiyyətli nazirinin etimad məktubunu qəbul etmişdi. 15 dəqiqəlik auidensiya zamanı gənc respublikanın ünvanına bir sıra xoş sözlər deyən hökmdar Azərbaycan türklərini “özünün sevimli övladları” adlandırmış, Osmanlının “böyük qardaş” kimi həmişə bu ölkəyə və onun xalqına diqqətlə yanaşacağını vəd etmişdi. Lakin əsas məsələlərə münasibət baxımından yenə də heç bir şey dəyişməmiş və səfir təyinatı havadan asılı qalmışdı.

Həmin dövrdə Azərbaycan Məclisi-Məbusanının – Parlamentin 28 dekabr 1918-ci il tarixli qərarı ilə Parisə, Sülh konfransına yola düşən Nümayəndə heyətinin başçısı təyin edilmiş Ə.Topçubaşov artıq tamamilə başqa qayğılarla yaşayırdı. Yalnız Azərbaycan Nümayəndə heyəti üzvləri ilə 1919-cu il fevralın 24-də keçirdiyi görüşdə xarici işlər naziri Mustafa Rəşid Paşa o vaxta qədərki “mus-mus”ların üzərindən sirr örtüyünü götürmüş, Osmanlı imperiyasının Müttəfiq Dövlətlərin razılığı olmadan Azərbaycana diplomatik nümayəndə göndərə bilməyəcəyini açıqlamışdı. Müttəfiqlərin isə belə bir razılığı yalnız Azərbaycanın dövlət müstəqilliyinin rəsmən tanınmasından sonra verə biləcəklərini diqqətə çatdırmışdı. Əslində bundan sonra hər hansı bir razılığa da ehtiyac yox idi. Beləcə, dairə qapanmışdı.

Xarici işlər naziri Fətəli xan Xoyskiyə göndərdiyi 5 mart 1919-cu il tarixli məktubda Ə.Topçubaşov Türkiyə tərəfinin bu izahatının həm faktiki, həm də hüquqi cəhətdən həqiqəti əks etdirdiyini bildirirdi. Həqiqətən də öz taleyi tükdən asılı vəziyyətdə qalan Sultan Türkiyəsi Azərbaycanı tanımaqla özünə əlavə problemlər yarada bilərdi. Lakin həm 4 iyun 1918-ci il Osmanlı-Azərbaycan dostluq və əməkdaşlıq müqaviləsinin Parlamentdə ratifikasiya edilməməsindən, həm də Azərbaycana diplomatik nümayəndə təyinatının həyata keçirilməməsindən böyük təəssüf hissi ilə söz açırdı.

Mustafa Rəşid Paşa isə məlum açıqlamanı verdiyi günün səhəri Tevfik Paşa hökumətinin tərkibində baş verən dəyişikliklərlə əlaqədar xarici işlər naziri vəzifəsindən uzaqlaşdırılmışdı. Onun yerini milliyyətcə druz olan Yusif Firəngi Paşa tutmuşdu. Ümid etmək olar ki, Mustafa Rəşid Paşa məhz Osmanlı-Azərbaycan münasibətlərinin inkişafı yolundakı həqiqi maneələri gördüyünə və açıqladığına görə istefaya göndərilməmişdi.

Beləliklə, Əlimərdan bəyin 1918-ci ilin sentyabrından 1919-cu ilin martına qədər davam edən səylərinə baxmayaraq diplomatik nümayəndə məsələsi açıq qalmışdı. Lakin onun Fövqəladə və Səlahiyyətli nazir kimi İstanbuldakı fəaliyyəti yeni dövlətin beynəlxalq miqyasda tanıdılması baxımından son dərəcə mühüm və səmərəli olmuşdu. Bu müddət ərzində Ə.Topçubaşov Osmanlı paytaxtında akkreditasiya olunan əksər ölkələrin diplomatik heyət başçıları ilə təmaslara girmiş, Böyük Britaniya, Fransa və İtaliya hərbi komandanlıqları ilə əlaqə yaratmış, Türkiyə rəsmiləri ilə mütəmadi danışıqlar aparmışdı. O, eyni zamanda Rusiya asılılığından xilas olmuş yeni milli dövlətlərin siyasi blok halında birləşməsi ideyasının həyata keçirilməsinə də ilk dəfə İstanbulda başlamışdı. Sonralar bu ideya azərbaycanlı liderin siyasi fəaliyyətinin əsas istiqamətlərindən birinə çevrilmişdi.

Nəhayət, İstanbulda olduğu dövrdə Ə.Topçubaşov öz müstəqilliyini yeni elan etmiş Azərbaycan Respublikasını tanıtmaq məqsədi güdən “Memorandum” (“Azərbaycan Cümhuriyyətinin təşəkkülü”) hazırlamışdı. Birinci Respublikanın ilk pasportu adlandırıla biləcək həmin sənəddə Azərbaycan türklərinin tarixi, dili, mədəniyyəti, milli özünəməxsusluqları, mənəvi-əxlaqi keyfiyyətləri, habelə ölkənin zəngin təbii sərvətləri və müstəqillik mübarizəsində üzləşdiyi çətinliklərlə bağlı yığcam, lakin inandırıcı və dolğun məlumat verilmişdi. Ayrı-ayrı diplomatik missiya başçılarından daxil olan məktublar müəllifin qarşısına qoyduğu məqsədə çatdığını, xarici dövlətlərin nümayəndələrini öz ölkəsinin iqtisadi və intellektual potensial baxımından müstəqil yaşamaq imkanına inandırdığını göstərməkdədir.

Bütün bu işləri Ə.Topçubaşov, demək olar ki, təkbaşına həyaya keçirmişdi. Ən böyük çətinlik isə gənc dövlətin xarici siyasət xəttini həyata keçirmək üçün mərkəzdən heç bir təlimat, göstəriş almaması, ümumiyyətlə, Vətənində baş verən proseslərdən tamamilə bixəbər olması idi. Bir neçə aylıq diplomatik fəaliyyətinin nəticəsi olan sənədləri, söhbət yazılarını, siyasi-iqtisadi xarakterli məlumatları Bakıya, Xarici İşlər Nazirliyinə göndərən Əlimərdan bəy nazir Fətəli xan Xoyskiyə 5 mart 1919-cu il tarixli məktubunda yazırdı: “Bu sənədlər Azərbaycanda hansı hadisələr baş verdiyindən xəbərsiz hazırlanmış, atdığım bütün addımlar da eyni səciyyə daşımışdır. Siyasi həyat şərtlərinin dəyişməsi nəticəsində vəziyyətin hansı istiqamətdə inkişaf etməsi, Müttəfiqlərə, Türkiyəyə, qonşularımız Ermənistan, Gürcüstan və Şimali Qafqaza münasibətin hansı xarakter alması mənə bəlli deyildi. Mən hökumətin tərkibindən, hətta ümumiyyətlə onun mövcud olub-olmadığından xəbərsiz idim. Çünki bir ara hökumətin süquta uğradığı, hətta hakimiyyətdən uzaqlaşdırıldığı barəsində şayiələr yayılmışdı”.

Türkiyənin Azərbaycana diplomatik nümayəndə göndərməsi, habelə gənc dövlətin beynəlxalq miqyasda tanınması uğrunda mübarizə aparan Ə.Topçubaşov bütün bu mürəkkəb işləri yalnız intuisiya ilə həyata keçirirdi. “Mən başdan-başa bir tənhalıq, hamıdan və hər şeydən uzaqlıq, tam məlumatsızlıq içərisində idim”, – deyə xarici işlər naziri Fətəli xana yazırdı.- “Ona görə də müraciət və çıxışlarımı Azərbaycandakı faktiki vəziyyət, hökumətin fəaliyyətinin istiqaməti, digər dövlətlərlə qarşılıqlı münasibət və müqavilələrlə əlaqəli şəkildə qura bilmir, tələb olunan zəruri qətiyyət və cürətlə hərəkət edə bilmirdim. Şəraitin təsiri altında hər şeyin – əldə olunmuş anlaşmaların, qurulmuş əlaqələrin, mövcud münasibətlərin istiqamətinin az qala hər gün dəyişdiyini gözlərimlə görürdüm”.

Ə.Topçubaşovdan sonra Azərbaycanı Osmanlı paytaxtında təmsil edən Səfvət bəy Məlikovun (Həsən bəy Zərdabinin oğlu-V.Q.) və Yusif Vəzirin bütün səylərinə baxmayaraq, səfir təyinatı məsələsində müsbət irəliləyiş əldə olunmadı. Bakının düşməndən azad edilməsi günü kimi tarixə düşən 15 sentyabrdan sonra siyasi münasibətlərdə əvvəlki fəallıq və canlılıq nəzərə çarpmırdı. Cümhuriyyətin süqutundan əvvəl çap olunmuş sonuncu soraq kitabçasında Bakıda fəaliyyət göstərən 16 xarici missiyanın adları və ünvanları göstərilmişdi. Təəssüf ki, onların arasında Osmanlı diplomatik nümayəndəsinin adı yox idi.

Doğrudur, eyni sözləri iki ölkənin xalqları haqqında demək düzgün olmazdı. Azərbaycan Cümhuriyyəti Versal Sülh konfransında de-fakto tanınandan az sonra “Türk ocaqları” bu diqqətəlayiq hadisəni İstanbul Universitetində bayram etmişdi. Lakin Azərbaycan səfiri Yusif Vəzir təntənələrə qatılmamış, buna görə də “hədsiz ehtiyatlılığına görə” M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” (İstanbul, 1923) kitabında, adı çəkilmədən, qınaq hədəfinə çevrilmişdi. Diplomatik etiket baxımından isə Yusif Vəzirin bu hərəkəti o zamana qədər Azərbaycana Osmanlı elçisinin təyin olunmamasına etiraz kimi də dəyərləndirilə bilərdi.

Sultan Türkiyəsinin özünün bütün addımlarını Müttəfiq Dövlətlərlə razılaşdırması, taleyini qaliblərin mərhəmətinə bağlaması nəticə etibarı ilə onun xilasına yol açmadı. Türk xalqını və qədim tarixə malik türk dövlətçiliyini faciə girdabından Mustafa Kamal Paşanın rəhbərliyi ilə başlanan Qurtuluş Savaşı xilas etdi. Azərbaycana ilk diplomatik nümayəndəni də Ankara hökuməti göndərdi. O nümayəndə – fəaliyyəti haqqında “Bakıda ilk türk diplomatı” adlı daha əvvəlki yazımda söz açdığım Məmduh Şövkət Esendal idi.

Beləliklə, müstəqil Azərbaycan Cümhuriyyətinin yolunu iki ilə yaxın gözlədiyi türk elçisi Bakıya... Azərbaycan Sovet Sosialist Respublikasının mövcudluğunun dördüncü ayında gəldi.

 

 

Vilayət Quliyev

 

525-ci qəzet.-2009.- 21 noyabr.- S.24-25.