YUNESKO-da Azərbaycan Günü çərçivəsində silsilə tədbirlər keçirilib
YUNESKO-da Azərbaycan Günü çərçivəsində
“Azərbaycan qadını:
dünən, bu gün və sabah” elmi
konfransı, görkəmli
alim Musa Əliyevin həyat və yaradıcılığına həsr
olunmuş simpozium və dahi rəssam
Səttar Bəhlulzadənin
100 illik yubileyilə bağlı təşkil edilib. Mədəniyyət və
Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyeva APA-ya bildirib ki, mərasimdə iştirak etmək üçün Parisdə
olan Azərbaycanın
baş nazirinin müavini, xalq yazıçısı Elçin
Əfəndiyevin rəhbərliyilə
nümayəndə heyətinin
tərkibinə mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev, xarici işlər nazirinin
müavini, Azərbaycan
Diplomatik Akademiyasının
rektoru Hafiz Paşayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Milli Elmlər Akademiyasının vitse-prezidenti
Akif Əlizadə, tanınmış elm və mədəniyyət
xadimləri daxil idi. Tədbirlər Azərbaycan diplomatiyasının
90 illiyinə həsr olunmuş “Azərbaycan qadını: dünən,
bu gün və sabah” adlı konfransla başlayıb. Konfransı
Azərbaycanın YUNESKO yanındakı
daimi nümayəndəsi,
səfir Eleonora Hüseynova açaraq, Azərbaycan Günü ilə bağlı tədbirlərdən danışıb,
belə bir günün YUNESKO-da keçirilməsinin mühüm
hadisə olduğunu vurğulayıb.
Nümayəndə heyətinin rəhbəri, baş nazirin müavini Elçin Əfəndiyev isə YUNESKO-da Azərbaycan Gününün keçirilməsini ölkəmiz üçün tarixi bir hadisə olduğunu qeyd edib. Diplomatik Akademiyanın rektoru Hafiz Paşayev milli diplomatiyanın yaranma tarixinin 1918-ci ildə Şərqdə ilk demokratik hakimiyyət qurmuş Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı vaxta təsadüf etdiyini, bu dövlətin cəmi 23 ay yaşadığını, qısa bir vaxtda fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan diplomatiyasının yaranmasında xüsusi rola malik olduğunu bildirib.
YUNESKO baş direktorunun müavini Hans Orvill bu tədbirlərin onun təmsil etdiyi qurumla Azərbaycan arasında sıx əlaqələrin olmasından xəbər verdiyini diqqətə çatdırıb. Fransa Strateji və Diplomatik Araşdırmalar Mərkəzinin fəxri sədri, beynəlxalq məsləhətçi Jan-İv Şevalye, “Yol” jurnalının redaktoru, sənətşünas alim Lalə Kazımova, arxeologiya elmləri doktoru xanım Berti Lionnet, filologiya elmləri doktoru, Beynəlxalq Diplomatiya Akademiyasının müəllimi Şirin Melikof və AMEA-nın müxbir üzvü, kimyaçı alim Elmira Ramazanova Azərbaycan qadınının ədəbiyyat və diplomatiya, incəsənət və elm sahələrindəki fəaliyyətlərindən, Şərqdə və Avropada ilk dəfə olaraq 1918-ci ildə azərbaycanlı qadınlara seçmək və seçilmək hüququnun verilməsindən söz açıblar.
Azərbaycan Günü çərçivəsində dünya şöhrətli
alim, ölkəmizdə
geologiya elminin inkişafında xüsusi
xidmətləri olmuş,
Azərbaycan Milli Elmlər Akademiyasının
ilk prezidentlərindən biri
Musa Əliyevin 100 illiyilə
bağlı simpozium da keçirilib. Baş nazirin müavini Elçin Əfəndiyev simpoziumda çıxış edərək
Musa Əliyev kimi görkəmli alimin 100 illiyinin YUNESKO-da qeyd edilməsinin ölkəmiz
üçün böyük
əhəmiyyət daşıdığını
söyləyib. YUNESKO-nun
baş direktorunun təbii və dəqiq elmlər üzrə müavini M.Erdelen belə bir tədbirdə iştirakın onun üçün şərəf
olduğunu qeyd edib. Fransanın “Total” şirkətinin
təmsilçisi Katrin
Qrasse neft sənayesinin inkişafında
xüsusi xidmətləri
olmuş Musa Əliyevin elmi fəaliyyət ənənələrinin
bu gün də yaşadığını
söyləyib və
“Total” şirkətinin
Azərbaycandakı işi
barədə məlumat
verib. Akademik Musa Əliyevin nəvəsi Cəmilə
Paşayeva babaları
– Mir Cəlal Paşayevin və Musa Əliyevin yubileylərinin YUNESKO-da qeyd edilməsindən məmnunluq hissi keçirdiyini söyləyib.
Azərbaycan Günü çərçivəsində
YUNESKO-nun “Segük” sərgi
salonunda dahi Azərbaycan rəssamı
Səttar Bəhlulzadənin
100 illiyinə həsr
olunmuş sərgi isə bütün toplaşanlar tərəfindən
həmin günkü tədbirlərin məntiqi
sonluğu kimi dəyərləndirilib. Sərginin açılışında
baş nazirin müavini Elçin Əfəndiyev, mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev dünya boyakarlıq sənətində
Səttar Bəhlulzadənin
xüsusi yeri olduğunu bildiriblər. Onlar ölkəmizin müxtəlif
bölgələrini qarış-qarış gəzmiş rəssamın təbiət
mənzərələrini ölməz
əsərlərində əks
etdirdiyini, yaratdığı
tablolarda tamaşaçıya
Vətənə məhəbbət
hissi aşıladığını,
sadə həyat tərzi keçirmiş bu insanın dünya şöhrətli
əsərlər yaratdığını,
mərhum dövlət
başçısı Heydər
Əliyevin Səttar Bəhlulzadə yaradıcılığına
xüsusi önəm verdiyini deyiblər. Dünyanın müxtəlif
ölkələrindən gəlmiş
tədbir iştirakçıları
arasında alimlər,
diaspor nümayəndələri
ilə yanaşı Azərbaycanın böyük
dostu, görkəmli yazıçı Oljas Süleymenov da olub. Tamaşaçılar
Səttar Bəhlulzadənin
bir neçə orijinal əsəri və 80-ə yaxın fotoreproduksiyanı
böyük maraqla seyr ediblər. Ekspozisiyada sərgilənən
əsərlərin kiçik
formatda hazırlanmış
fotoreproduksiyaları qonaqlara
hədiyyə olunub.
525-ci qəzet.- 2009.- 21 noyabr.- S.23.